«Dünya çempionu titulunu təsdiq edəcəyəm» - İDDİA

"Vəziyyətim yaxşıdır: məşq edirəm, yeni yarışlara hazırlaşıram. Yanvarda ölkə çempionatı keçiriləcək. Həmin yarışda mübarizə aparacağam". Bu açıqlamanı AzNews.az–a London olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov verib. MOK-un 20 illik yubileyi münasibəti ilə dünən Dənizkənarı Milli Parkda təşkil olunmuş bayram tədbirinə qatılan təcrübəli idmançı deyib ki, başlıca məqsədi ötən mövsüm ən ağır çəkidə (+91 kq) qazandığı dünya çempionu titulunu gələn il qorumaqdır:

"Mənim çəkimdə 2-3 iddialı boksçu var. Bilirəm, yenə çətin olacaq. Amma niyyətim dünya çempionu titulunu təsdiq etməkdir. İnşallah, bunun öhdəsindən gələcəyəm. Digər hədəfim, indidən Rio olimpiadasına hazırlaşmaqdır.

Düzü, Londonda özümü sübut etdim. Sadəcə, hakimlərin qeyri-obyektivliyi üzündən finala çıxa bilmədim və yekunda bürünc medal qazandım. İstəlinən halda, qarşıdakı olimpiya oyunlarında özümü doğruldacağam. Buna əminəm".

Kamran Hacı
Foto: Mahir Hüseynbəyli
AzNews.az