Azər Badamov: “2018-ci ildə ölkəmizin gələcək inkişafı üçün yeni üfüqlər açılıb”. Azər Badamov: “2018-ci ildə ölkəmizin gələcək inkişafı üçün yeni üfüqlər açılıb”.

“Bəzi sahələrdə cərimələrin sərtləşdirilməsinin tərəfdarıyam” - Millət vəkili

Azər Badamov: “2018-ci ildə ölkəmizin gələcək inkişafı üçün yeni üfüqlər açılıb”.

Millət vəkili Azər Badamov AzNews.az saytına müsahibə verib. O, müsahibəsində Milli Məclisin payız sessiyasında görüləcək işlərdən, bələdiyyə institutunun fəaliyyətində həyat keçirilməsi zərurətə çevrilən məsələlərdən danışıb.

- Azər müəllim, Milli Məclisin payız sessiyası artıq öz işinə başlayıb. Bir sıra qanunların qəbulu gözlənilir. Ancaq nədənsə bəzi hallarda cəza tədbirləri, cəzaların sərtləşdirilməsi ilə bağlı təkliflər səslənir. Sizcə, indiki halda cərimələrin artırılması bu və ya başqa sahələrdə olan problemlərin həllində nə kimi rol oynaya bilər?

- Düzgün qeyd edirsiniz ki, Milli Məclisin payız sesiyasının iş planı çoxlu qanunlarda dəyişiklərlə və yeni qanunların müzakirələri ilə zəngin olacaq. Ölkəmiz inkişafın yeni mərhələsindədir. Cənab Prezidentin rəhbərliyi ilə ölkədə aparılan iqtisadiyyatın diversifikasiya siyasəti Azərbaycan iqtisadiyyatında yeni, çoxlu sahələrin inkişafına təkan verib. Həm də sosial sahədə aparılan islahatlar, beynəlxalq münasibətlərin yüksək səviyyədə inkişafı, yeni qanunların meydana gəlməsinə və mövcud qanunlarda təkmilləşmələrin aparılmasına tələb yaradır. Bəzi hallarda cəzaların sərtləşdirilməsinə də ehtiyac var və bəzi qanunlardakı dəyişikliklər zamanın tələbi ilə həyata keçirilir. Məsələn, avtonəqliyyat vasitələrində təhlükəsizlik kəmərinin bağlanmamasına görə cərimə aşağı olanda heç kim kəmər taxmırdı. Cərimənin məbləği 40 manata qaldırılandan sonra hamı təhlükəsizlik kəməri bağlayır. Qısa olaraq demək istəyirəm ki, cərimə və cəzaların sərtləşdirilməsi birbaşa vətəndaşların təhlükəsiz və rahat yaşamasının təminatına xidmət edir. Cəzasızlıq xaos yaradır. Ona görə də bəzi sahələrdə cərimələrin sərtləşdirilməsinin tərəfdarıyam. Onu da qeyd etmək istəyirəm ki, birbaşa bütün istiqamətlərdə cərimələr sərtləşməməlidir. Ancaq insanların təhlükəsiz yaşamasına, iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edən sahələrdə sərtləşmə olmalıdır.

- Azərbaycanın qonşu dövlətlərlə əlaqələri daha da genişlənir. 2018-ci ildə isə Rusiya, İran və Türkiyə ilə qarşılıqlı sənədlər imzalandı. Bütün bunların fonunda Azərbaycanın region üçün əhəmiyyəti barəsində nə deyə bilərsiniz?

- Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, 2018-ci ildə ölkəmizin gələcək inkişafı üçün yeni üfüqlər açılıb. Ölkəmizin təşkilatçılığı ilə bir sıra beynəlxalq və regional layihələrə imzalar atılıb, qonşu dövlətlərlə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra anlaşmalar əldə olunub. Məsələn, avqustun 12-də Astanada Xəzəryanı ölkələrin rəhbərlərinin imzaladığı Xəzərin hüquqi statusu haqqında Konvensiya, Xəzərdə bu günə qədər mübahisə doğuran bir çox problemləri aradan qaldırıb. Sentyabrın 1-də cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə imzalanan mühüm sənədlər və 27 sentyabrda Rusiya prezidentinin iştirakı ilə keçirilən IX Azərbaycan-Rusiya regionlararası Forum Azərbaycan-Rusiya münasibətlərinin əməkdaşlığında yeni mərhələ açıb. Cənub Qaz Dəhlizinin, BTQ-nın, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin və Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi Azərbaycanın region üçün əhəmiyyətini daha da artırıb. Bu gün Azərbaycan Cənubi Qafqazın döyünən ürəyinə çevrilib.

- Azər müəllim, bələdiyyə üzvlərinin sayının azaldılması təklif olunur. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

- Bələdiyyə institutu Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Bu illər ərzində bələdiyyələrin fəaliyyətini təşkil edilməsi üçün çoxlu qanunlar qəbul olunub və bu sahədə təkmilləşmələr aparılıb. Məsələn, təzə yaradılanda Azərbaycanda 2700-dən çox bələdiyyə var idi. Sonra məlum oldu ki, maliyyə imkanları olmayan kiçik bələdiyyələr səmərə verə bilmir və ona görə də bir çox bələdiyyələr birləşdirilərək bələdiyyələrin sayı 1607-ə endirildi. Düşünürəm ki, 10 milyona yaxın əhalisi olan Azərbaycan üçün 1607 bələdiyyə də çoxdur. Əslində bir neçə yaşayış məntəqəsi bir bələdiyyədə birləşsə, daha çox səmərə verə bilər. Belə olarsa, bələdiyyənin maliyyə imkanları daha da böyüyər və hər hansı bir böyük layihənin həyata keçrilməsinə imkanları yaranmış olar. Həm də bu gün bələdiyyələrin şəffaf fəaliyyəti və maliyyə imkanlarının genişləndirilməsi üçün kifayət qədər qanunlarda dəyişikliklər edilib. Sadəcə bələdiyyələr vətəndaşlarla sıx təmasda işləməli və hörmətli quruma çevirməlidirlər.

- Gənclərlə bağlı müəyyən qanun layihələrinin qəbul olunmasına baxmayaraq, bugünkü gənclikdə istər iş, istərsə də digər sahələrdə sanki pessimistlik var. Sizcə bu, nədən qaynaqlanır?

- Mən heç də deməzdim ki, gənclərimizdə pessimistlik var. Əksinə, bu gün Azərbaycan gəncliyi dövlət qayğısı ilə əhatə olunmuşdur və öz inkişaf dövrünü yaşayır. Dövlət başçımız ölkəmizin gələcəyini sağlam düşüncəli gənclikdə görür. Ona görə də ölkəmizdə Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları həyata keçirilmiş, Gənclər Fondu yaradılmış, Gənclər günü təsis olunmuş və müasir gənc nəslin yetişməsi üçün bütün imkanlardan istifadə olunur. Gənclərimiz ölkəmizin qanunvericilik və icra hakimiyyəti strukturlarında təmsil olunurlar. İdmanımızın inkişafı üçün böyük dövlət qayğısı mövcuddur. Xaricdə təhsil dövlət proqramı çərçivəsində minlərlə gəncimiz dünyanın nüfuzlu universitetlərində təhsil almışlar və bu gün Azərbaycanın inkişafında yaxından iştirak edirlər. İqtisadiyyatın qeyri-neft sektorunda çalışanların əksər hissəsi gənclərdir. Sadəcə, gənclərimiz yaxşı təhsil almalı, savadlı mütəxəsisis kimi yetişməlidir. Çünki indi texnologiyalar əsridir. Savadlı mütəxəsislərə hər zaman ehtiyac var və düşünürəm ki, savadlı, sağlam düşüncəli gənclər üçün heç bir problem yoxdur.

Ədil Ədilzadə

AzNews.az