Məhkəmə zalında sevincimdən müvəkkilimlə birgə ağladım - Sima Yaqubova

Vəkillik hüququn sahələri içində elə bir sahədir ki, onu hüquq sahəsinin canavarı da adlandıra bilərik

"Mən 2005-ci ildən Vəkillər Kollegiyasının, 2017-ci ilin dekabrından isə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüyəm. Özümü şanslı şəxs hesab edirəm. Çünki ən çox sevdiyim bir işlə məşğulam. Aşiq olduğum bir peşənin sahibiyəm. Ona görə də vəkil Sima Yaqubova olaraq çox xoşbəxtəm".

Sima Yaqubova bakalavr təhsilini Bakı Dövlət Universitetinin hüquq fakültəsində, magistr təhsilini isə Moskvada, Rusiya Prezidenti yanında Dövlət İdarəçilik akademiyasında alıb.

AzNews.az onun müsahibəsini sizə təqdim edir:

- Adətən Azərbaycanda oğlanlar vəkil olmağa meyl edir. Sizdə necə, bu, ailənin istəyindənmi yarandı, yoxsa özünüz vəkil olmaq fikrinə düşmüşdünüz?

- Bunun çox maraqlı bir tarixçəsi var. Bu tarixçə mənim atamla bağlıdır. Uşaqlıq illərimizin bir filmi vardı, “Sprut”. Bu filmə baxanda mən 2 və ya 3-cü sinifdə oxuyardım. Həmin vaxt rus dilini o qədər də yaxşı bilmirdim. Elə yaxşı bilmədiyim üçün hər sözü atamdan soruşurdum. Filmdə Silvia Konti adlı bir obraz var idi. Mən seriala baxdıqca atamdan soruşurdum ki, o kimdir, hansı işlə məşğuldur. Atam mənə Silvia Kontinin vəkil yox, məhz “advokat” olduğunu demişdi. O da xəyalımda qalmışdı ki, mən də böyüyüb vəkil yox, məhz advokat olacam. Çünki atam bunu mənə rus dilində izah etmişdi. Advokatın mahiyyətinin nə olduğunu da o zaman bilmirdim. Mən də uşaq təxəyyülümdə həmin vaxtdan vəkil olmağı arzuladım. Universitetə ciddi hazırlaşırdım və həmişə hazırlaşdığımız müəllimlər mənə ixtisas sıralamasını yazdıranda dedilər ki, ilk yerlərə hüququ yaz, növbəti yerlərə digərlərini, yəni 3-cü qrupa aid ixtisasları yazarsan. Amma mən müəllimlərimin sözlərinin əksinə vəkil olacağımı dedim: "Hüquq fakültəsindən başqasına qəbul olsam, oxumayacam, mənim konkret sahib olmaq istədiyim bir peşə var". Elə universitetə sənəd verərkən ancaq hüququ yazdım və ilk yazdığım yerə, hüquq fakültəsinə qəbul oldum. Universitetdə oxuyarkən paralel olaraq Nizami rayon məhkəməsində işləməyə başladım. Bu, mənə çox böyük təcrübə verdi. Məhkəmə təcrübəmə mənim vəkillik fəaliyyətimin təsiri oldu. O ki, qaldı oğlanların və ya qızların vəkil olmasına, burada gender məsələsi, cins məsələsi, ümumiyyətlə, rol oynamır. Vəkillik hüququn sahələri içində elə bir sahədir ki, onu hüquq sahəsinin canavarı da adlandıra bilərik. Sırf bu sahədə fəaliyyət göstərmək üçün peşəni sevmək kifayətdir. Vəkillik çox spesifik bir sahədir. Burada həm hüquqla, həm də vətəndaşla işləyirsən. Vətəndaşla işləmək elə də asan deyil. Hərə bir xarakterə sahibdir, hərənin bir anlama qaydası, müxtəlif cür savadı var. Bu peşədə iradə baxımından, mənəvi psixoloji baxımdan tab gətirə bilmək üçün bu peşəni sevmək lazımdır.

- Sima xanım, sizə adətən hansı məsələlərlə bağlı daha çox müraciət olunur?

- 2005-ci ildən kollegiyanın üzvüyəm. 2010-cu ilə qədər hər kəsin işini götürürdüm. Bura mülki, iqtisadi, inzibati, cinayət işləri də daxil idi. Amma sonra özümə bir kriteriya seçdim. Götürdüyüm işlər daha çox iqtisadi, vergi, mülki, inzibati işlər və ailə münasibətləridir. Cinayət işlərini isə nadir hallarda götürürəm.

- Vəkillikdə ixtisaslaşma varmı?

- Hazırda Azərbaycan vəkilliyində rəsmi olaraq ixtisaslaşma yoxdur. Məsələn, biz Türkiyə təcrübəsinə nəzər yetirsək, onlarda bu sahədə ixtisaslaşma var. Azərbaycanda isə ailə məsələlərinə baxan vəkilin cinayət işlərini və ya digərini götürməsi üçün qadağa yoxdur. Yəni, konkret ixtisaslaşma edilməyib. Amma real təcrübədə vəkillər götürəcəkləri işləri hər hansı bir kriteriyaya uyğun seçirlər. Zənnimcə, vəkil eyni zamanda "hərşeyşünas" ola bilməz. Mülki, iqtisadi və cinayət münasibətlərinin hər biri geniş hüquq sahələrdir. Bunları tənzim edən qanunlarla yanaşı, həm də sahənin bir normativ aktları mövcuddur. Eyni zamanda fiziki olaraq bunların hər gün həmin qanunvericiliklə bağlı prosesləri, dəyişiklikləri izləmələri mümkün olmur. Təbii ki, bu, işin kvalivikasiyasına təsir edir. Mən bunun tərəfdarıyam ki, bu işi keyfiyyətlə ortaya qoymaq lazımdır. Çünki, konstitusiyamıza görə də keyfiyyətli hüquqi yardım almaq vətəndaşın haqqı, hüququdur.

- Cinayət işlərini nadir hallarda götürdüyünüzü deyirsiniz. Görəsən, bunun qadın olmaqla bir əlaqəsi yoxdur ki?

- Qətiyyən. Cinayət işlərini gec-gec götürməyimin qadın olmağımla heç bir əlaqəsi yoxdur. Bunun tamam başqa bir səbəbi var. Bayaq dediyim kimi mən özümü kriteriya olaraq vergi, iqtisadi işlərdə və.s çatdıra bilirəm. Cinayət işlərindən bir az vaxt, sərfiyyat baxımından uzağam. Cinayət işi götürəndə də onun hüquqi perspektivi tam varsa, həmin işi götürürəm.

Amma onu da qeyd edim ki, bizim o qədər xanım vəkillərimiz var ki, qat-qat ağır cinayət işlərini öz öhdələrinə götürüblər.

- Udmadığınız məhkəmələrdə işini apardığınız şəxsin sizə qarşı reaksiyası və sizin ona cavabınız nə olur?

- Çox maraqlı sualdır. Mən sizə bir məsələ deyim. Heç bir vəkil sinəsinə döyüb deyə bilməz ki, mən bütün işləri, bütün instansiyalarda udmuşam. Yəni, ən təcrübəli, ən güclü vəkilin belə hansısa bir məhkəməsi uğursuz ola bilər və bu, çox normaldır, təbii bir göstəricidir. Əksinə, hansısa bir vəkil desə ki, mən fəaliyyətim boyu apardığım bütün işləri udmuşam, bəli, bax bu, çox qeyri-təbii görünə bilər.

O ki, qaldı perspektivi yaxşı olmayan, sizin təbirinizcə desək, udulmayan işlərdə vətəndaşın mənə qarşı heç vaxt neqativ reaksiyası olmayıb. Bunu tam səmimiyyətimlə deyirəm. Əvvəla ona görə ki, hüquq perspektivi olmayan heç bir işi götürmürəm və yanıma gələn vətəndaşa da bunu saatlarla enerji sərf edərək izah edirəm ki, hüquqi perspektivi olmayan işin arxasınca getmək lazım deyil. Bundan imtina edirəm. Gedib başqa bir vəkilin də vaxtını alıb yormayın. Çünki o, vaxt almaq, maliyyə itkisi nəticə etibarı ilə vətəndaşın özünə ziyandır.

- Ən çox hansı udduğunuz işdə sevinc göz yaşları tökmüsünüz?

- 2005-ci ildən bu yana, bütün işləri udanda təbii ki, çox böyük bir zövq, sevinc hissi keçirirəm. Hər bir işə başlayanda biz həmin o işə (buna “vəkil dosyası” deyirik) balamız, övladımız kimi yanaşırıq. Çünki işin yekun nəticəsi var, gördüyümüz əziyyətin bəhrəsi olanda biz onun zövqünü yaşayırıq. Mən, ümumiyyətlə, rasional bir insanam. Mənim emosiyalarımı oyatmaq elə də asan olmur. Əslində, bəlkə də emosional görünürəm…

22 yaşından mən bu peşəyə yiyələnmişəm. 22 yaşdan bu yana şəxsiyyət olaraq formalaşmağımda, düşüncə tərzimdə bu peşənin mühüm rolu var. Mənə daha çox rasional, soyuqqanlı olmağı öyrədib. Amma belə bir iş olub ki, mən məhkəmə zalında belə sevincimdən göz yaşlarımı saxlaya bilməyib, elə müvəkkilimlə birgə ağlamışam.

Ad çəkmək istəmirəm. Bir məcburi köçkün, gənc bir xanım var idi. Bu xanım Zəngilan rayonundan məcburi köçkün düşüb, atası qazi olub, Qarabağ qazisi. Sumqayıta yaxın bir yerdə çox aşağı maddi vəziyyətdə yaşayıb, böyüyüb və ali təhsil alıb müəllim peşəsinə yiyələnib. O xanım da mənim kimi öz peşəsini çox sevən bir xanımdır. Çox da savadlı bir xanımdır. Mən səbəblərini açıqlamayacam. Onu haqsız olaraq həm işdən azad etmişdilər, həm də barəsində cinayət işi açmışdırlar. Hər iki işini apardım. Xanım mənim yanıma gələndə hər iki iş üzrə artıq onun ziyanına Apelyasiya məhkəməsi qərar və hökm çıxarmışdı. Mülki işin də qətnaməsi qəbul olunmuşdu. Şükürlər olsun ki, o iş çox müsbət nəticələndi. Ali məhkəmənin hakimləri də çox sağ olsunlar, olduqca ətraflı, geniş araşdırma apardılar. Hökm ləğv olundu və yeni apelyasiya baxışına göndərildi. Apelyasiyada bəraət hökmü verildi. İşəbərpa işində isə xanım öz işinə bərpa olundu. Həmin işəbərpa işi mart ayında qüvvəsini alıb. Bax bu işi mən 2017-ci ilin dekabrından aparırdım. 1 il 4 aydır mən o işə o qədər emosiyalarımı ortaya qoymuşdum ki, göz yaşı tökdüyüm bəlkə də yeganə iş olub. Bundan öncə elə bir iş xatırlamıram.

- Apardığınız işə görə ödəniş almadığınız proses olub?

- Bəli, olub. Ödənişsiz hüquqi yardım etmək vəkilin dövlətə olan bir töhvəsi, həm də vəzifə borcudur, bir insanlıq borcudur.

Mənim də məhkəmə işlərim olub ki, mən onlardan simvolik bir məbləğ qəbul etmişəm. Halal xoşları olsun. Mən əminəm ki, bizim kollegiyanın üzvləri olan bütün vəkillərin təcrübəsində bu var.

Səidə Vahid

AzNews.az

image description image description