Ata Abdullayevin Milan sərgüzəşti isə çoxlu açıq sualları olan bir mövzudur Ata Abdullayevin Milan sərgüzəşti isə çoxlu açıq sualları olan bir mövzudur

“Bəxtiyar Hacıyevin sualları Paşinyana absurd fikirlərini geniş ifadə etmək şansı yaratdı”

Ata Abdullayevin Milan sərgüzəşti isə çoxlu açıq sualları olan bir mövzudur

Son zamanlar Azərbaycan hökumətinin Dağlıq Qarabağ siyasətini sabotaj etmək istəyənlərlə bağlı beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyevanın Redaktor.az-a müsahibəsini təqdim edirik:

– Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan siyasətdə Tural Gəncəliyev, Fərid Şəfiyev kimi intellektual, savadlı, gənc və yeni kadrların aparıcı rol aldığı bir dövrdə onları sabotaj edənlər kimlərdir?

– Ümumiyyətlə Azərbaycan höküməti son zamanlar Dağlıq Qarbağla bağlı xaricdə sistemli şəkildə Azərbaycanın və dost lobbi qruplarının potensialının istifadəsi ilə uğurlu kampaniyalar həyata keçirilir.

Məsələn, Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyəti, Tural Gəncəliyev, Ceyhun Ələkbərov, Dürdanə Ağayeva və s. son zamanlar həyata keçirdikləri xarici səfərlər, Dürdanə Ağayevanın ABŞ və İsrail mediasındakı çıxışları və s. göstərə bilərik. Ancaq bu kampaniyalar paralel olaraq Azərbaycanın apardığı, hökumətyönümlü, müstəqil media, günümüzün informasiya ruporları rolunu oynayan bloggerlər, sosial media hesabları və s. kimi internet resursların iştirakı ilə uğurlu informasiya müharibəsi ilə müşayiət olunur.

Bu informasiya müharibəsi haqqında ən doğru təsbit Ermənistanın keçmiş xüsusi xidmət zabiti, informasiya təhlükəsizliyi məsələləri üzrə eksperti Samvel Martirosyan fikirləri olardı: Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir və biz Azərbaycana uduzuruq.

– Bəs bu kampaniyaları sabotaj edənlərin məqsədi nədir?

– Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan siyasətdə Tural Gəncəliyev və icmanın diğər üzvləri, Fərid Şəfiyev kimi intellektual, savadlı və yeni kadrların aparıcı rol aldığı bir prosesə parallel olaraq bu siyasətin sabotaj cəhdlərinin şahidi olur. Sırf suala cavab verməzdən öncə onu qeyd edim ki, son iki il beynəlxalq siyasətdə səriştəsiz baş nazir Paşınyanın beynəlxalq hüquqa və konfliktin nizamlanması prosesinə zidd, çox zaman bir birini təkzib edən fikirləri erməni baş nazirin yetkin bir siyasətçi kimi imicini sual altına almış və o istər xaricdə, istərsə də öz ölkəsində nüfuzdan düşüb. Paşinyanın bu istiqamətdə səriştəsiz fəaliyyəti ümümilikdə Ermənistanın regional və beynəlxalq platformalarda qısnanması ilə nəticələndi. Azərbaycan Prezidentinin Soçi, Aşqabad kimi görüşlərindəki açıq mesajlarından sonra Paşınyan ölkəsində ciddi təpkilərə məruz qaldı.

Beynəlxalq platformalarda Azərbaycandan olan səriştəsiz ictimai siyasi fərdlərin Paşinyana ünvanladıqları qeyri-professional suallara cavablarla ona öz ölkəsində zədələnmiş nüfuzunu reabilitasiya etmək imkanları yaratdı.

– Konkret Paşinyan bundan necə istifadə etdi?

– Sırf Bəxtiyar Hacıyevin Paşinyanla polemikası haqqında onu söyləyim ki, Azərbaycanda daxili mediada göstərilməyə çalışıldığı kimi işğalçı ordunun baş komandanı Paşinyan heç də torpaqları işğal altında olduğu halda əsgərlikdən yayınan Bəxtiyar Hacıyevin sualları önündə çətinlik çəkmədi. Əksinə, bu polemika Paşinyana absurd fikirlərini daha geniş ifadə etmək şansı yaratdı və ən əsası isə Paşinyan öz ölkəsində bu fraqmentləri Ermənistan Baş Nazirinin Paris Sülh Forumunda əsas çıxışı kimi qələmə verməklə öz zədələnmiş nüfuzunu reabilitasiya cəhdlərində istifadə etdi. Xarici siyasətdən və ən əsası ölkəsinin işğal tarixindən xəbərsiz Bəxtiyar Hacıyev isə Paşinyanın Ermənistandan azərbaycanlıların qovulması faktını təhrif etməsi, guya ermənilərin azərbaycanlıları gül-çiçəklə yola salması haqqında fikirlərinə cavab vermək iqtidarında belə olmadı.

Ata Abdullayevin Milan sərgüzəşti isə ümumiyyətlə, çoxlu açıq sualları olan bir mövzudur. Məsələn, Azərbaycandan olan fəalın Ermənistan Baş Nazirinin Milanda yerli erməni icması ilə kilsədə görüşü haqqında məlumatlığı, görüşdə iştirakı və s. kimi açıq suallar var.

Bu məsələdə ən təhlükəli sual isə “son aylar erməni lobbisinin Paşinyan hakimiyyətinin ümumerməni milli maraqlarına hədə olması haqqında açıq mətnlə fikir formalaşdırılan bir zamanda, azərbaycanlı özfəaliyyət həvəskarının iştirak etdiyi görüşdə baş verə biləcək, erməni xüsusi xidmətinin özünün hazırladığı istənilən insidentin ölkəmizə qarşı necə istifadə oluna biləcəyi haqqındadır. Bu mövzuda xüsusi qeyd etmək istədiyim məqam isə Ata Abdullayevdən daxili siyasətdə kimlərəsə qarşı istifadə etmək qədər iyrənc hərəkət haqqındadır. Xüsusən də biliriksə ki, Abdullayevin nə keçmiş əməkdaşlıq ünvanları, nə iddia olunan biznesi, nə də iddia olunan xüsusi pasportla təchizatı və ya yönləndirilməsinin həmin şəxslərlə bağlı olması sadəcə mümkün deyil.

– Müxalif medianın son cəhdlərini necə dəyərləndirirsiniz?

- Burda onu da qeyd edim ki, Ata Abdullayevin erməni mediasına müxtəlif fotolarının sızması bizim müxalif medianın xidməti nəticəsində baş verdi və biz artıq neçənci dəfədir ki, daxili və ya kənarda olan müxalif medianın kooperativ – qrup maraqlarının qabartması fonunda dövlət maraqları zədələməsinin şahidi oluruq. Müxalif medianın kooperativ-qrup maraqları ilə dövləti maraqların arasında fərqi itirməsi isə uzunmüddətli hesabda ümüumilikdə Azərbaycan dövlətinin, xalqının və cəmiyyətinin əleyhinə işləyən məqamlardır.

– Ümumilikdə, müxtəlif beynəlxalq platformalarda Ermənistanın baş naziri ilə aparılan bu “müzakirə”lər Qarabağ probleminin həllinə hansısa töhfələr verə bilərmi?

– Birmənalı olaraq onu qeyd edim ki, xarici siyasət sferasının bu tip həvəskarların özfəaliyyətindən təmizləmək lazımdır. Bir yanlışdan deyil, bütün yanlışlardan imtina etmək lazımdır.

AzNews.az