"Dünyamıza təhlükə yarada bilən 30-dan çox qlobal mənbə var" "Dünyamıza təhlükə yarada bilən 30-dan çox qlobal mənbə var"

"Bu mənim ilk qrip karantinim deyil" - Sahib Məmmədov ilə müsahibə

"Dünyamıza təhlükə yarada bilən 30-dan çox qlobal mənbə var"

TANINMIŞ HÜQUQŞÜNAS VƏ İCTİMAİ XADİM, VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARINI MÜDAFİƏ LİQASI İCRAİYYƏ KOMİTƏSİNİN SƏDRİ SAHİB MƏMMƏDOV ÇOX MARAQLI HƏYAT YOLU KEÇİB.

- Sahib müəllim, daha yaxından tanımaq istəyənlər üçün bioqrafiyanızı, həyat yolunuzun ən vacib məqamlarını özünüzdən eşidib oxuculara çatdırmaq istərdik.

- Atam 1898-ci ildə Göyçay qəzasının Müsüslü kəndində, anam isə Göyçay qəzasının Çaxırlı kəndində doğulublar. Atam mənim 4 yaşım olanda vəfat edib. Evin sonbeşiyi olmuşam. Atam məşhur dəmiryolçu olub. Dəmiryol idarəsinin Bakı bölməsində (Biləcəri və Ələt) işləyib. Bu baxımdan bizim əsas evimiz də Ələt qəsəbəsində olub. Ona görə də biz uşaqlar yarımız Ələtdə, yarımız Müsüslüdə yaşayıb orta təhsil almışıq. Yay tətilində bir-birimizə qonaq gedirdik. Arada 170 km məsafə olmasına baxmayaraq, ildə bir dəfə görüşə bilirdik bəzən. Mən və iki bacım əsasən Müsüslüdəki evdə böyümüşük. Məktəb illərim də Müsüslüdə keçib. Orta məktəbdə pis oxumamışam. Tarix və coğrafiya fənləri üzrə isə xüsusən fərqlənmişəm. Amma nadinc olmasam da, həmişə etirazçı olmuşam deyə yekun qiymətlərimi bir qədər aşağı salırdılar. O zaman məktəbləri kənd təsərrüfatı işlərinə cəlb edirdilər. Bizdə də pambıq əkilirdi. Əkindən sonra seyrəltmə, sonra becərmə və daha sonra yığım işlərinə cəlb olunurduq. Düzü, pambığı birəlli yığırdım, amma sürətlə. Bir dəfə bir günə 160 kilo pambıq yığmışdım. Bu, 16 manat pul demək idi. Amma pambıqdan qaçıb evimizdən bir neçə kilometr aralıda magistral yolun kənarında heyva və nar satıb məktəb üçün pul toplayırdıq. İlboyu məktəb xərclərini ödəyəcək qədər pulum olurdu.

Birinci sinifə getməyimin bu il 50 illiyi tamam olur. 50 il əvvəl baş verənlərdən ən çox yadımda qalan 1970-ci ildə birinci sinifə getməyim və Bakı-Tibilisi dəmiryol xəttinin tikintisidir. Evimizin yaxınlığından keçən dəmiryolunun ikinci xəttini Sovet Ordusunun dəmiryol hərbi birləşmələrinin əsgərləri tikirdi. Əsgərlərə yemək aparırdıq. Onlar da bizə döş nişanı verirdilər. Əsgərlər bəzən həyətlərə gəlirdilər. Hansı həyətə gəlirdilərsə, qonşular yığışıb yemək tədarük edirdilər. O zaman əsgərə münasibət çox həssas idi. Çox ailədən hərbi xidmətdə olanlar var idi deyə, analar əsgərlərə öz övladı kimi baxırdı.

Bir övladım var. Şotlandiyada, məşhur Qlazqo Universitetində magistr təhsili alıb. İndi xarici ölkələrə o gedib-gəlir. Bəzən xarici ölkələrin səfirliklərində məni tanımayanda deyirəm ki, Toğrulun atasıyam.

- Hərbi xidmət dövrünüz necə keçib? Bildiyimizə görə, Sakit Okean Donanmasının tərkibində Vyetnamda da olmusunuz və təltifləriniz də var...

- Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmədim. İlim itməsin deyə Bakıdakı peşə məktəblərinin birində qaynaqçı ixtisası üzrə peşə təhsili aldım. Düzü, günümü keçirirdim. Dərsə Ələtdəki evimizdən gedib gələrdim. Ələtdən Bakıya dəmiryolu ilə məsafə 83 kilometrdir. Peşə məktəbini bitirən kimi məni və daha bir neçə nəfəri Bakı Tunel Tikinti İdarəsinə göndərdilər. Onlar da məni o zaman Şimali Qafqazda, Elbrus zirvəsinin altında tikilməkdə olan observatoriyaya işləməyə yolladılar. SSRİ-nin vacib tikintilərindən idi. Tikinti 1961-ci ildən davam edirdi və 1991-ci ildə yarımçıq qaldı. Əmək fəaliyyətinə Şimali Qafqazda yüksək dağlıq yerdə başlamışam. Qısa müddət işlədikdən sonra əsgər getmək üçün çağırış gəldi və mən Bakıya qayıtdım. Təxminən bir aya yaxın da Bakıdakı teleqüllənin tunel hissəsinin tikintisində işlədim və hərbi xidmətə getdim. Sovet İttifaqının Sakit Okean Hərbi Donanmasında xidmət keçmişəm. Əvvəl Vladivostok yaxınlığındakı Rus adasında 6 aylıq kurs, daha sonra Kamçatka flotiliyasında 6 ay xidmət keçdikdən sonra məni Sakit Okean Donanmasının 17-ci Operativ Eskadrasının təkibində Cənubi Vyetnama döyüş xidmətinə göndərdilər. O zaman bazamız Kam-Ran yarımadasında idi. Çətin günlərimiz az olmayıb. Bir tərəfdən ifrat rütubətli-isti və zəhərli hava (ABŞ-Vyetnam müharibəsi zamanı həmin ərazilərə minlərlə ton kimyəvi bombalar atılmışdı), digər tərəfdən xidmətin ağırlığı... O zaman əsas müharibə bitmişdi, amma sayı bir milyon olan Sayqon ordusu buraxılmışdı deyə onların bir hissəsi cəngəlliklərə çəkilmişdi və müharibəni davam etdirirdi. Tam informasiyasızlıq şəraitində idik. Nə televiziya, nə radio, nə qəzet vardı. Evdən məktub almaq da çətin idi. Ayda bir dəfə Sayqondan (Xo-Şi-Min), yaxud Hanoydan helikopterlə poçt və siqaret gətirilirdi. Amma helikopterlərin uçuşuna təhlükə olanda gəlmirdi və biz məktubsuz, siqaretsiz qalırdıq. Hər ikisinə dözmək dəhşətli idi.

SSRİ Hərbi Kəşfiyyatının ciddi nəzarəti altında olsaq belə bizə bəzən antisovet təbliğat materialları çatdırılırdı. ABŞ-ın 7-ci Operativ Donanmasının kəşfiyyat təyyarələri vərəqələr yayırdı. Bizə Sinqapurdan meyvələr gətirilirdi. Hər meyvə ayrı kağıza bükülü olurdu. Bəzən açanda kağızda antisovet təbliğatı olurdu. Hər halda mən Vyetnamda anladım ki, bizimkilər Əfqanıstanda heç də beynəlmiləl borc yerinə yetirmirlər. Mən artıq əsgər gedənədək bir qədər məlumatlı idim deyə bu təbliğat mənə təsir edirdi. Amma bütüvlükdə sovet hərbi dənizçisi olaraq vətənə sadiqlik hissim güclü idi. Gəmidə az qala bütün ictimai vəzifələri öhdəmə almışdım. Komsomoldan tutmuş, divar qəzetinə qədər.

Bir müddət sonra biz uzaq səfərə çıxdıq. Əvvəl bütün Hind Okeanını keçməklə Ərəbistan dənizindəki Yəmənə məxsus Sakotra adasına gəldik. Bir müddət Efiopiyanın Nukra və Daxlaq adalarında qaldıq. Vyetnamda evə yazdığım məktuba cavabı 11 ay sonra Polşada aldım. Boğazları, kanalları keçərkən və kapitalist ölkələrin ərazi sularına daxil olarkən gəminin yuxarı göyərtəsində zabit və miçmanlar əli silahlı keşik çəkirdi. Kimsə qaçmağa cəhd edərdisə güllələmək əmri verilmişdi. Bir dəfə eşitdik ki, Baltik dənizində qonşu gəmilərin birindən bir nəfər İsveçə qaçmağa cəhd edib. Onun bəxti gətirmişdi, polyak sərhədçilər tutub təhvil vermişdilər.

Polşaya təmirə gedərkən bilirdik hara gedirik. "Solidarnost"un tüğyan etdiyi 3 tərsanədən birində təmirdə olmalı idik bir il ərzində. Səfər ərəfəsində geniş partiya-komsomol iclasında rəyasət heyətində oturmuşdum. Çıxış edib gəmidəki Lenin portretlərini yığışdırmaq barədə təklif verdim. Təklif iclasda bomba kimi partladı. İzah etdim ki, Lenin portretləri üzərində uyğun olmayan təbliğat yazıları verilə bilər. Komandirin siyasi məsələlər üzrə müavini qəti etiraz etdi və bildirdi ki, ekipaj dahi rəhbərin portretini qoruya bilməyəcək qədər zəif deyil. Təmir başlayandan bir həftə sonra Leninin bütün portretlərinin üzərində ox işarəsi çəkilmişdi, sinəsinə isə "Salidarnost yaşayır" sözləri yazılmışdı. Portretləri təcili yığışdırdılar, amma məni xatırlayan olmadı.

Ümumilikdə xidmətim dövründə gəmidə Dünya Okeanında 66 min kilometrdən çox yol qət etmişəm. Ona görə də "Uzaq səfərlərə görə" medalı ilə təltif olunmuşam.

- Universitet illərinizdən söz açardınız. Bildiyimə görə, Polşada İnsan Hüquqları üzrə Beynəlxalq Ali Məktəbi bitirmisiniz.

- İlk ali təhsilimi Bakı Dövlət Universitetində almışam. Mən daxil olanda Kirov adına Azərbaycan Dövlət Universiteti idi, bitirəndə Rəsulzadə adına Bakı Dövlət Universiteti. Mən təhsil alanda 5 rektor dəyişmişdi. Universitetdəki son illərim xalq hərəkatı və milli azadlıq hərəkatı ilə üst-üstə düşdü. Hərəkatda iştiraka görə təqiblərlə üzləşsəm də (xüsusən QKÇP dövründə), Universiteti uğurla bitirdim. Sonradan daha bir neçə təhsil aldım. Polşada isə insan hüquqları üzrə Beynəlxalq Ali Məktəb təsis olunmuşdu. Layihəni Soros və Ford fondları maliyyələşdirirdi. Ümumilikdə 2 milyon yarım dollara yaxın büdcə ayrılmışdı və 13 ölkədən 50 nəfərə qədər insan hüquqları müdafiəçiləri cəlb olunmuşdu. Maraqlı idi. Hər sessiya bir ölkədə olurdu. Varşavada, İsveçrənin Cenevrə şəhərində, Fransanın Starsburq, Niderlandın Haaqa və Amsterdam, Ukraynanın Vinnitsa, Rusiyanın Tuapse şəhərlərində sessiyalarımız olub. BMT-nin Cenevrə bölməsində, Starsburqda Avropa İnsan Hüquqları Məhkəməsində, Haaqada Beynəlxalq Ədalət Məhkəməsində, Keçmiş Yuqoslaviya üzrə hərbi Tribunalda, yeni yaranmış Beynəlxalq Cinayət Məhkəmələrində maraqlı praktikalarımız olub. Ümumiyyətlə ABŞ, Avropa İttifaqı və xüsusi fondların dəstəyilə çox sayda qısamüddətli təhsil və mübadilə proqramlarında iştirak etmişəm.

- Hakimiyyət orqanlarında da təmsil olunmusunuz, 90-cı illərin əvvəllərində Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra hakimiyyətinin başçısı və Prezident Aparatının şöbə müdiri vəzifələrində işləmisiniz. O illər barədə ilk növbədə nələri qeyd edərdiniz?

- Xalq hərəkatının fəallarından olmuşam. Məndə anti-sovet əhval-ruhiyyə hələ məktəb illərində yaranmışdı. Daha sonra Vyetnam və Polşada sovet rejiminə qarşı münasibətim tam formalaşdı. 1988-ci ildə ermənilərin Qarabağı Ermənistan SSR-ə birləşdirmək üçün başladıqları "miatsum" deyilən hərəkata Bakıda ilk etiraz olanda mən həm də Bakı Tunel Tikintisi idarəsində işləyirdim. Həmfikirlərlə birgə "Azad həmkarlar birliyi" adlı yarıgizli təşkilat yaratıq. 1989-cu ilin avqustunda təşkilatımız Azərbaycan Xalq Cəbhəsinə qoşuldu və Oktyabr rayonu (indiki Yasamal) üzrə Xalq Cəbhəsi rayon şöbəsinin dayaq dəstəsinə çevrildi.

O dövrdə Bakıda siyasi tətillərin təşkilində ən öndə gedən təşkilatlardan idik. Mən həm də tətil komitəsinin sədri idim. 20 yanvar ərəfəsində 50 nəfərdən ibarət dəstə formalaşdırıb cəbhəyə yola düşmək qərarına gəldik. Amma 20 yanvar hadisələri imkan vermədi. Bakıda qalıb burdakı proseslərdə iştirak etdik.

Yasamal rayon icra hakimiyyətində 21 gün humanitar məsələlər üzrə birinci müavin oldum. İlk işim iki nəfər şəhidin dəfninin təşkili olub. Sonra bir ilə yaxın icra başçısı işlədim. Amma az qala hər gün şəhid dəfnində iştirak edirdim. Həmyaşıdlarımın dəfnində iştirak mənə mənəvi əzab idi. Çox ağır vaxtlardı. Yasamal da ən mürəkkəb rayonlardan biri idi o zaman. 300 minə qədər əhali, üstəgəl Şuşa və Laçın rayonundan olan minlərlə məcburi köçkün. Mən təyin olunanda rayon əhalisi son 3 ayın ərzaq talonlarını almamışdı. Bir ay ərzində bu məsələni həll etdik. Yasamal elm, təhsil və səhiyyə mərkəzi idi. Bununla belə 37 zavod və fabrik də var idi. Ölkənin ən iri çörəkbişirən kombinatları Yasamalda idi. 5 nömrəli çörək zavodu sutkaya 250 ton çörək bişirirdi. Bəzən gecələr çörək bişənə qədər kombinatda olurduq. Enerji fasiləsi yarananda xəmir xarab olurdu. Yasamalda Hüseyn Cavidin monumentinin tikintisi də mənim vaxtımda olub. Ümumiyyətlə rayonda başçı işləyəndə mənim şablona sığmayan addımlarım olub. Rayonun az qala üçdə biri gecəqondular idi. Mənzil problemi 60-cı illərdən yığılıb qalmışdı. Mənzil bölgüsündə Yasamala həmişə az pay düşüb. Səbəbini soruşanda deyirdilər ki, burada ermənilərin digər rayonlara nisbətən daha az yaşaması ilə bağlıdır. Mənzil bölüşdürənlər içərisində ermənilər çox olub deyə, məsələn, Nəsimi rayonuna daha çox mənzil ayrılıb, nəinki Yasamal rayonuna. Rayona rəhbərliyə gələndə məlum oldu ki, gecəqondular qəsəbələrində, xüsusən Alatavada sanitar vəziyyət çox acınacaqlıdır. Heç kəs kommunal xərcləri ödəmir. Evlər rəsmi deyil deyə sakinlərdən ödəniş almaq mümkün deyil. Sərəncam imzalayıb komissiya yaratdım. Tezliklər bütün gecəqonduları pasportlaşdırdıq. Texniki pasport verdik və onlar da sonradan bu mənzilləri və həyətyanı sahələri özəlləşdirdilər. Eyni zamanda bizə də imkan yarandı ki, kommunal xərcləri toplaya bilək.

- Həmkarlar sektorunda fəaliyyətiniz nə vaxt və necə bir şəraitdə başlandı?

- 1989-cu ildə "Svoboda" ("Azadlıq" qəzetinin rus dilindəki versiyası) qəzetində bəyanat getmişdi. Bəyanatı "Azərbaycanda Azad Həmkarlar İttifaqlarının yaradılması üzrə təşəbbüs qrupu" vermişdi. Mən də təşəbbüs qrupuna daxil oldum. Ölkədə mövcud sovet həmkarlar ittifaqlarına alternativ həmkarlar ittifaqı yaratmağa başladıq. Tez-tez iclaslarımız olurdu. İclaslarımıza təşəbbüs qrupunun üzvü olmayan həmkarlar ittifaqları fəalları da qoşulurdu. İndi hamının yaxşı tanıdığı, o zaman isə neft sənayesinin ən iri birləşmiş həmkarlar ittifaqlarından birinə rəhbərlik edən Mirvari Qəhrəmanlı da iclaslarımıza qatılırdı və fəallığı ilə seçilirdi.

Sonradan Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqında da təşəbbüs qrupuna daxil oldum. Beləliklə tərkibi 70 min nəfərə çatan bir azad həmkarlar ittifaqı yarandı. Sonradan mən dövlət işinə getdim və prosesdən nisbətən uzaqlaşdım.

Yasamal rayonunda icra başçısı olarkən Səttar Mehbalıyevlə tanışlığım başladı. Həmin vaxt o Avtomobil Nəqliyyatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri idi. Sonra ölkənin həmkarlar ittifaqına rəhbər seçildi.

1993-1997-ci illərdə Azərbaycan Neft-qaz sənayesi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişəm. Dəfələrlə bizim təşkilatı bağlamağa cəhd etsələr də, prosesi udduq. Ancaq BP şirkətinin təkidlərindən sonra bizi ləğv edə bilməsələr də, strukturlarımızı başqa həmkarlar ittifaqlarına keçirdilər və biz havada qaldıq. Bütün aparat işçiləri yeni quruma keçsə də, mən sədrin yanında qaldım, axıra qədər onunla oldum. Mübarizə apardım və işsiz qaldım. Tezliklə okeanın o tayından bizimlə maraqlanmağa başladılar. NED təşkilatının Beynəlxalq Əmək Həmrəyliyi (international labor solidarity) nümayəndələri bizimlə görüşdü. Qrupa məşhur Katerina Kosman rəhbərlik edirdi. Hazırda Kosman ABŞ Dini Azadlıqlar üzrə Komissiyada işləyir. Bundan əvvəl Suriyada dini qarşıdurma yaratmaq istiqamətində xeyli işlər aparıb. Hazırda Azərbaycanla bağlı həyata keçirilən layihələri kurasiya edir. Məni yaxşı tanıyır. Mən də onu yaxşı tanıyıram. Ona görə beynəlxalq tədbirlərdə məni görəndə yayınmağa çalışır.

- 2000-ci ildə yaratdığınız Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası hansı zərurətdən meydana gəldi?

- Təşkilatı yaratmaqda məqsədimiz əmək hüquqlarının müdafiəsi və təşviq etməkdir. Artıq 23 ildir ki, fəaliyyət göstəririk. 1998-ci ildə ABŞ səfirliyinin təşəbbüsü ilə, səfirliyin və Soros fondunun maliyyə yardımı ilə "İnsan hüquqları üzrə Resurs Mərkəzi"ni təsis etdik. İnsan hüquqlarını müdafiə edən 7 təşkilat təsisçi oldu. Əsas fəaliyyətimiz də resurs mərkəzində başladı. Bizim təşkilatı qeydə almırdılar. Amma o zaman Avropa Şurasına üzvlük məsələsi var idi. Azərbaycan üzrə məruzəçiyə bu barədə məlumat göndərdim. 2000-ci ilin mart ayında Ədliyyə Nazirliyinin kollegiyasında bizi qeydə aldılar. Amma o dövrə qədər bizim təşkilat artıq məşhurlaşmışdı. Təşkilat təmsilçisi kimi bir sıra ölkələrdə beynəlxalq tədbirlərdə iştirak etmişdim artıq. ABŞ-da mübadilə proqramında olmuşdum.

- Ədliyyə sahəsilə bağlı fəaliyyətiniz hansı zəmində quruldu?

- Ədliyyə sisteminin QHT-lərlə ilk əməkdaşlığı nazir Fikrət Məmmədovun gəlişi ilə başladı. Onun təşəbbüsü ilə 2006-cı ildə penitensiar müəssisələrə ictimai nəzarəti həyata keçirən ictimai komitə yaradıldı. İctimai Komitənin fəaliyyəti xüsusi normativ-hüquqi aktla tənzimlənir. Komitə üzvlərinin heç bir xəbərdarlıq etmədən, istənilən cəzaçəkmə müəssisəsinə daxil olmaq, məhkumlarla konfedensial söhbət etmək, zərurət olduqda məhkumların işgəncəyə məruz qalıb-qalmamasını araşdırıb müayinə etmək, personala və məhkumlara yönələn maarifləndirici tədbirlər həyata keçirmək, məhkumları azadlığa hazırlamaq üçün müvafiq tədbirlər keçirmək kimi hüquqları var. Mən komitənin koordinatoru olduğum dövrdə təşkilatımız beynəlxalq aləmdə məşhurlaşmışdı. BMT-nin müvafiq komitələri də Nazirliyin bu təşəbbüsünü təqdir etmişdi. Hazırda da Komitəyə üzvlüyüm davam edir. 2014-cü ildən "İctimai İştirakçılıq" haqqında qanun qüvvədədir. Həmçinin, bir çox dövlət orqanlarında belə şuralar fəaliyyət göstərir.

2007-ci ildə yaranan Hüquqşünaslar Konfederasiyasının da idarə heyətinin üzvü seçilmişəm. O zaman idarə heyətində çox məşhur şəxslər var idi. İndi iqtisadiyyat naziri olan Mikayıl Cabbarov, məhkəmə sədrləri, hüquq elmləri doktorları var idi. Konfederasiyanın sədri hazırda Milli Məclis sədrinin birinci müavini olan Əli Hüseynli idi. Konfederasiya uzun illər ölkədə hüquqi maariflədirmə istiqamətində ciddi layihələr həyata keçirdi. Təəssüf ki, sonralar Konfederasiya və onun rəhbərliyinə qarşı ciddi hücumlar başladı və bunların arxasında o zaman hakimiyyətdə yüksək postlar tutan şəxslər, bəzi dairələrə bağlı olan "hüquq müdafiəçiləri" də var idi.

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv təyin edilməyiniz, yəqin ki, ictimai sektorla bağlı fəaliyyətinizdə yeni bir mərhələ oldu...

- 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına seçkilər keçiriləndə mənim namizədliyimi Azərbaycan Hüquqşünaslar Konfederasiyası irəli sürüb. Qeyd edim ki, 2012 və 2016-cı illərdəki seçkilərdə də iştirak edərək şuraya üzv seçilmişəm. Hər 3 seçkidə hamıdan daha çox səs toplamışam və Prezident İlham Əliyevin Sərəncamı ilə Şura üzvü təyin olunmuşam. 2009-cu ildən Şuranın Apellyasiya Komissiyasının sədriyəm. 2018-ci ildən həm də Şuranın dövlət orqanlarının verdiyi qrantların bu qurumla razılaşdırılması üzrə komissiyanın sədriyəm.

- Xaricə səfərlərinizin nə kimi yaddaqalan məqamları olub? Getdiyiniz ölkələrin, həmçinin, vətənimizin görməli yerləri barədə nələr deyərdiniz?

- Bir neçə ölkəyə sadəcə dostlarla gəzməyə getmişəm. Qalan bütün səfərlərim işgüzar xarakterli olub. Düşünürəm ki, mənim də taleyimə dünyanı gəzmək yazılıbmış. Sakit Okean Donanmasında xidmət edəndə dünya okeanını başdan-başa dolaşmışam. 24 ölkənin ya əsas ərazisində, ya da sahillərində və adalarında olmuşam. O dövrdə xarici ölkələrdə olan adamlara fərqli yanaşırdılar. Kimsə, məsələn, Bolqarıstanda olmuşdusa, bütün məclisdə əsas söz sahibi sayılırdı. Sonradan da belə alındı ki, mən tez-tez səfərlərə gedəsi oldum. Son iki ildə, demək olar, getməmişəm. Bu müddətdə ancaq Varşavada ATƏT-in tədbirinə getmişəm, vəssalam. Ən çox getdiklərim beynəlxalq təşkilatların yerləşdiyi ölkələrdir. İsveçrə, Avstriya, Belçika, Polşa, Fransa, Niderland və digərləri. Elə ölkə var ki, 20 dəfə səfərə getmişəm. Bir neçə ölkədə mübadilə proqramlarında olmuşam. Ən yaddaqalanı ABŞ Dövlət Departamentinin Beynəlxalq Qonaq Proqramı çərçivəsində o ölkədə keçdiyim mübadilə proqramıdır. "Qeyri-kommersiya təşkilatlarında liderliyin inkişafı" proqramı çox zəngin bir proqram idi. Bizə Harvard universitetinin professorları da təlim keçib. Müxtəlif ştatlarda maraqlı görüşlərimiz olub.

Qeyd edim ki, mən eyni zamanda tədqiqatçıyam. Hazırladığım əsas nəşrlər də tədqiqat məzmunludur. Amma maarifləndirici nəşrlər də hazırlamışam. Onlardan bəziləri beynəlxalq təşkilatların veb səhifələrindədir.

Gedib gördüyüm hər ölkənin öz unikal cəhətləri var. Ən çox təəssürat yaradan şəhərlər San-Fransisko, Melbrun, Vyana olub. Bir də İsveçrənin bütün şəhərləri. Axırıncı dəfə olduğum ən uzaq ölkə Perudur. Gedib-gəlmək üçün 8 təyyarə dəyişmişdim.

Öz ölkəmizə gəldikdə isə, Azərbaycanın işğal olunmuş ərazilərini çıxsaq, əksər bölgələrdə olmuşam. Xörəklərlə bağlı isə deyim ki, mən qurman deyiləm. Bir az da dietik yeməklər yeməyə məcburam. Hər zonanın öz dadlı xörəkləri var. Bizim zonanınkı yerli düyüdən bişirilən döşəməli aş idi. Döşəməli aş bişirilməsi ayrıca bir ritual idi. Axşamçağı həlimiçmə mərasimi olurdu və qaranlıq düşəndə də aş yeyilirdi. Aşın ətri çox uzağa gedirdi deyə bütün qonşulara pay verilməli idi.

- Bu koronavirus pandemiyası ilə bağlı karantin dövründə əsasən nə ilə məşğulsunuz, bu günləri necə keçirirsiniz?

- Bu mənim gördüyüm ilk qrip karantini deyil. Hələ 6 yaşım olanda "Honqkonq qripi" yayıldığına görə karantinlə üzləşmişəm. Təbii ki, o qripin adını sonradan öyrəndim. Onda hətta içməli suyu açıq mənbələrdən, arxdan götürüb istifadə etmək qadağan olunmuşdu. Yadımdadır, kənddən 3 kilometrdən də uzaq bir məsafəyə dəmiryolla hər gün su gətirilirdi və kənd camaatı qablarla su daşıyırdı. O vaxt əhali daha intizamlı idi. Görünür, Stalin dövrünün xofu hələ camaatın canından çıxmamışdı. 70-ci ildə də hansısa xəstəlik yayılmışdı. Hətta o vaxt tibb məntəqəsinin işçiləri hər gün camaata, xüsusən məktəbdə şagirdlərə dərman verirdilər. Hamı onların gözü önündə dərmanları qəbul etməli idi. Bu vəziyyət bir ay davam etdi.

Kəndin tibb məntəqəsinin (xəstəxana qəsəbədə idi) tibb bacları olan Şura xala və Məkan xala hər gün məktəbə gəlib şagirdlərə sarı rəngdə dərman verirdi. Boyüklərə isə ağ tabletkalar idi.

Bu dəfə Çinin Uhan şəhərində yeni tip virusun əmələ gəlməsini eşidəndə narahat olmağa başladım. Mənə gülürdülər, ciddi yanaşmağıma təəccüblənirdilər. Amma mən prosesin gedişindən narahat idim. Ancaq düzü, mən də bu səviyyəyə gəlib çatacağını düşünmürdüm. 2009-cu ildə "donuz qripi" pandemiyası dövründə az qala hər ay xarici ölkələrdə olurdum. 4 dəfə Cenevrə, Berlin, Zaqreb, Bişkek, Tbilisi və başqa şəhərlərə səfərlərim olmuşdu. O zaman adi maska götürürdüm özümlə. Bu dəfə vəziyyət daha acınacaqlıdır. Hələ bilinmir ki, bu virus daha çox insan öldürəcək, yoxsa pandemiyanın nəticələri. Qısası, mən sosial izolyasiya tədbirlərinə daha tez başlamışam. Bir az səhhətimdə problem var deyə daha həssasam. Hazırda evdəyəm. Ənənəvi iş rejimim tamam pozulub. Düzü, əvvəlki vaxtlara nisbətən daha az və qeyri-intensiv işləyirəm. Televiziyalara getmirəm. Hərdən evdən canlı yayıma qoşuluram. Tədqiqat işləri aparıram və bunun üçün kifayət qədər vaxt var. Eyni zamanda sosial şəbəkədə ənənəvi missiyamı yerinə yetirirəm. Bədii kitab oxumuram. Hazırda İbrahim Məmmədovun "Üç əsrin alqoritmləri və ya tarix necə təkrarlanır (1700-2019)" tədqiqat kitabını oxuyuram. Yeri gəlmişkən, kitabda elə bu dövrdə regionda ciddi "fəlakət ssenarisi" olacağı proqnozlaşdırılıb. Hərdən onu vərəqləyirəm. Həmçinin, evdən online dərslər keçirəm. Bu günlərdə vəkilliyə namizədlər üçün Ədliyyə Akademiyasında təşkil olunan kurslarda "BMT-nin insan hüquqları üzrə mexanizmləri" mövzusunda dərsim də oldu.

Mənim qənaətimə görə, dünyamıza təhlükə yarada bilən 30-dan çox qlobal mənbə var. Onlardan bir qismi ekzogen, yəni səma mənşəlidir, bir qismi isə endogen, yəni yer mənşəlidir. Bunlara səma cisimləri ilə planetin toqquşması, ozon dəliyinin genişlənməsi və ya yox olması, qlobal istiləşmənin yarada biləcəyi qlobal fəlakət, nəhəng vulkanların oyanması, əlacsız xəstəliklərin yayılması və digərlərini aid etmək olar.

Çətin dövrə qədəm qoymuşuq. Elə güman etmək olar ki, yeni eraya daxil oluruq. Əvvəlki dövr başa çatıb və hazırda bu, koronavirus dövrüdür. Ümid edirəm, bu, qısa sürər və ardınca yaxşı mənada fərqli bir dövr gələr.

525.az