"Bu pisliklərin ayaq səsləri Qarabağdan, Ortadoğudan, Liviyadan gəlməkdədir" - Müsahibə

"Xalq və dövlət bütünləşməsinə zəmin yaranacaq"

Turan Partiyası Başkanı Cahandar Bayoğlu gündəmdə olan mövzularla bağlı AzNews.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Rusiyanın Suriyada Əsəd rejimi tərəfində vuruşan muzdlu əsgərləri Liviyaya göndərməsini necə qiymətləndirirsiniz?

- Rusiya qiyamçı Haftar rejimini hər zaman dəstəkləyib, muzdlu əsgərləri və hərbi mütəxəssisləri qiyamçı Haftarın yanındadır. Türkiyə Liviyaya qanuni hökümət tərəfindən dəvət edilib. Türk ordusu dövlətlərarası anlaşmaya görə oradadır. Məqsəd sivil insanların ölmələrinin qarşısını almaq, qiyamçıları tərksilah etmək və ölkəyə barış gətirməkdir. Rusiya hər yerdə olduğu kimi Liviyadada terrorizmin yanındadı və tək deyil. Ortağı Tehran - Fars rejimi ilə birlikdədir.

- Türkiyənin Liviya məsələsində prinsipial olduğu məlumdur. Fikrinizcə, Türkiyənin bu istiqamətdə mövqeyi nədən ibarət olacaq?

- Türkiyə beynəlxalq qanunlara və dövlətlərarası anlaşmaya görə bölgədə terrorçu qruplaşmanı Liviya hökümətinə dəstək olmaqla məğlub edəcək. Dünyamız daha bir pislikdən təmizlənəcək.

- Son günlərdə bəzi məmurlara qarşı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən xüsusi əməliyyatlar həyata keçirilir. Bu addımlara münasibətiniz necədir?

- DTX dövlət başçısının konustitusion borcunun yerinə yetirilməsində etibarlı qurum kimi dövlətin imicini qorumaqdadır. Prezident İlham Əliyevin də dediyi kimi, rüşvətlə hakimiyyət zirvələrinə dırmanan 5-ci kolonun dayaqları olan bu qüvvələr zərərsizləşəcək, xalq və dövlət bütünləşməsinə zəmin yaranacaq. Ölkədə milli həmrəylik, vətəndaş sülhünün yaranmasına yaxınlaşmış olacağıq.

- Bu gün həm də Faşizm üzərində qələbənin 75-ci ildönümüdür. Bu qələbə bəşəriyyətə nə verdi?

- Faşizm üzərində başqa bir faşizmi qələbə çaldığı üçün bəşəriyyət bu pisliklərdən hələ də qurtarmayıb. Bu pisliklərin ayaq səsləri, Qarabağdan, Ortadoğudan, Liviyadan gəlməkdədir. Bütün faşizmlər diz çökməlidir ki, insanoğlu rahat yaşaya bilsin.

Ləman Hüseynzadə