“Asılılıqdan qurtulanlar var” – Psixoloq narkomaniyadan danışdı – Müsahibə

"Həyatda o qədər ləzzət alınası, zövq alınası şeylər var ki, onun üçün ayıq, sağlam baş lazımdır..."

Aznews.az psixoloq Elnur Rüstəmovla son vaxtlar Azərbaycanda yayılan narkomaniya bəlası haqqında müsahibəni təqdim edir.

- Sizcə, xalq arasında "patı", şüşə deyilən maddələrə meyl etmənin əsas səbəbi nədir?

- Ümumiyyətlə, psixoaktiv maddələrin istifadəsi daha çox XX əsrdə inkişaf tapdı, ancaq geniş şəkildə ötən əsrin sonlarında yayılmağa başladı. XX əsrin əvvəllərində bu psixoaktiv maddələr daha çox konkret bəzi sahələrdə işləyən adamlara verilirdi. Misal üçün, İkinci Dünya Müharibəsində faşist Almaniyasının əsgərlərinin daha yaxşı döyüşməsi üçün, qorxunu dəf etmək və daha enerjili olmaq üçün belə psixoaktiv maddələrdən istifadə edirdilər. Bəzi digər fəaliyyət sahələrində də istifadə olunurdu, ancaq elə geniş yox. 90-cı illərə qədər daha çox narkotik vasitələr geniş yayılmışdısa, 90-cı illərdən sonra, 2000-ci illərin əvvəllərində psixoaktiv maddələr də artıq cəmiyyətdə yayılmağa başladı. Əvvəl Qərb ölkələrində yayıldı, daha sonra digər ölkələrdə, həmçinin Azərbaycanda da bundan asılı insanların sayı artmağa başladı. Fikir verirsinizsə, əvvəllər bizdə kişilərdə bəlli bir yaşdan sonra narkotik maddələrə həvəs yaranırdı. Ancaq bu gün görürük ki, təkcə kişilər yox, həm də qadınlarda, həmçinin müxtəlif yaş qruplarına aid insanlarda narkotik maddələrdən asılılıq yaranır. Qloballaşan dünyada komfortlu, rahat həyat yaşamaq istəyən insanlarda bu istəyin fonunda yaranan ümidsizlik, gərginlik bu cür maddələrə, zərərli vərdişlərə meylin yaranmasına səbəb olur. İkinci ən ciddi məqam ondan ibarətdir ki, bunlar insanlar üçün əlçatandır. Bu maddələrin əlçatan olması daha çox insanın bu bəlaya düşməsinə səbəb olur. İlkin mərhələdə bu yola meyl edən adamların həmin narkotik maddələri, psixoaktiv vasitələri almağa maddi imkanı çatır, ancaq asılılıq artdıqca, şəxsiyyət parçalandıqca, həmin adamlar əllərində olan hər şeyi buna xərcləyir, ailə üçün problem yaratmağa başlayırlar, cəmiyyət üçün problem yaratmağa başlayırlar.