“Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələri birləşdirən bir arteriya olacaq” - Azər Badamov

"Cənab prezidentin Aşqabada səfəri İƏT-ə üzv ölkələrlə siyasi və iqtisadi münasibətlərimizin daha möhkəmlənməsi baxımından çox vacib və səmərəli oldu”

Milli Məclisin deputatı Azər Badamov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı ilə bağlı AzNews.az analitik-informasiya portalına müsahibə verib.

- Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxış edib. Ölkə başçısının çıxışı necə şərh edərdiniz?

- İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında cənab prezidentin çıxışı təşkilata üzv ölkələr tərəfindən böyük maraqlı qarşılanmışdır. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, ölkə başçımız bütün beynəlxalq tədbirlərə qalib prezident kimi qatılır. Prezidentimizin çıxışlarındakı hər bir cümlə böyük məna daşıyır.

Ölkə başçımız Aşqabadda İƏT-in XV Zirvə Toplantısında çıxışı zamanı ilk növbədə ölkəmizin iqtisadi inkişafı ilə bağlı müəyyən məlumatları auditoriyanın diqqətinə çatdırdı.

Bildirdi ki, Azərbaycan İƏT-in fəal üzvüdür. Azərbaycanın İƏT-ə üzv ölkələrlə münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır.

Biz bilirik ki, qlobal pandemiya bir çox ölkələri imtahana çəkmiş, böyük iqtisadi tənəzüllərlə qarşılaşdırmışdır.

Ölkəmiz isə həm ölkə daxilində pandemiyaya qarşı effektiv mübarizə aparır, həm dünya ictimaiyyətini bu mübarizədə həmrəyliyə dəvət edir.

Həmçinin də Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımlar göndərib. Pandemiyanın dünya iqtisadiyyatında müəyyən fəsadlar buraxmasına baxmayaraq Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir. Ölkə başçımız öz çıxışında qeyd etdiyi kimi həm “Doing Bussines” hesabatında, həm də Davos Beynəlxalq İqtisadi Forumunun hesabatlarında Azərbaycan yüksək yerlərdə qərarlaşır.

Bu da ölkəmizin iqtisadiyyatının cəlbediciliyini artırır.

Azərbaycanın yeni investisiyaların yatırılması baxımından əlverişli mühiti olan ölkə olduğunu göstərir.

- İlham Əliyev Azərbaycanın 44 günlük vətən müharibəsində Ermənistanı məğlub edərək öz ərazi bütövlüyünü bərpa etdiyindən danışdı. Zəngəzur dəhlizi məsələləsinə də toxunaraq bunun artıq reallığa çevrildiyini açıqladı. Burada prezidentin verdiyi mühüm mesajlar nələrdən ibarət idi?

- Bəli, ölkə başçısı işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər o cümlədən mədəni dini-irsi abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilməsindən danışdı.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə özünü maliyyə resursuna arxalanaraq sıfırdan yeni şəhər və kəndlər saldığını qeyd etdi.

Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə də investisya yatırılması üçün geniş potensial var. Cənab prezidentin çıxışında həm də təşkilatın üzvü dövlətlərə Azərbaycana investisiyaların yatırılması üçün bir çağırış da var idi.

Eyni zamanda ölkə başçısı vurğuladı ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Cənab Prezident öz çıxışında xüsusi olaraq bu məsələni qeyd etdi.

- Ölkə başçısı bildirdi ki, əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Zəngəzur dəhlizin açılmasının İƏT-ə üzv ölkələr üçün əhəmiyyəti nədir?

- İƏT-in XV Zirvə Toplantısının mövzusu “Birlikdə gələcəyə” idi. Zəngəzur dəhlizi də birlikdə gələcəyin qurulması üçün təşkilata üzvü ölkələri birləşdirəcək bir arteriya olacaqdır. Çünki, ölkələr daşınmaların həyata keçirilməsi üçün daha qısa və rentabelli marşurutlar axtarışındadır. Zəngəzur dəhlizi isə Şərq-Qərb və Cənub-Şimal dəhlizlərinin fəaliyyətini aktivləşdirəcək bir marşurutdur. Çünki, Asiyadan Avropaya qədər olan uzun bir məsafədə quru yolla daşınmaların həyata keçirilməsi üçün Zəngəzur dəhlizi qədər rentabelli olacaq ikinci bir marşurut yoxdur. Ona görə də Soçi görüşündə də prezident Putin öz nitqində dəhliz ifadəsini dəfələrlə xatırladı. Aşqabadda keçirilən samitdədə Zəngəzur dəhlizinə xüsusi önəm verildi. Əgər biz İƏT-na üzvü ölkələrin ÜDM-i arasındakı 1.1 trilyon dollardan çox olduğuna nəzər yetirsək, ölkələrarası daşınmaların daha da artırması və təşkilatın qarşısındakı hədəflərə nail olunması üçün Zəngəzur dəhlizinin əhəmiyyətinin nə qədər böyük olacağı haqqında təsəvvür etmək mümkündür.

- Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında görüş keçirilib. İran Prezidenti Seyid İbrahim Rəisi bildirib ki, biz imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. Bunu Azərbaycan-İran münasibətlərində yeni mərhələ hesab etmək olarmı?

- Səfər çərçivəsində cənab prezident bir sıra görüşlər keçirdi. İran Prezidenti ilə baş tutmuş görüşü xüsusilə qeyd etmək istəyirəm. Çünki, bu görüş prezidentlərimizin ilk görüşü idi. İran prezidenti ilə dövlət başçımızın görüşü bir çox məsələlərə aydınlıq gətirmiş oldu. Çünki Ermənistan çalışırdı ki, İranla Azərbaycan arasındakı münasibətlərə kölgə salsın və ondan öz məqsədləri üçün istifadə etsin. Amma bu görüşdə ölkələrimiz arası münasibətlərin ancaq qonşuluq münasibətləri ilə kifayətlənmədiyini, həm də tarixi köklərə əsaslanmış mədəni, dini və qardaşlıq bağlılığının olduğunu prezidentlər xüsusilə qeyd etdilər. Təbii ki, bu görüşü Ermənistanda daha maraqla izləyirdilər. Bu ermənilərin İranla bağlı arzularının heç olması deməkdir.

- Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. Bu yolla İranın 5 əyalətinin təbii qaza olan ehtiyacı ödəniləcək. Bu sənəd hansı önəmə malikdir?

- Türkmənistan qazının İran üzərindən Azərbaycana tranzit nəql edilməsi ilə bağlı razılıq sənədini imzaladılar. Çox əhəmiyyətli sənəddir. Türmənistan qazı CQD-in əhəmiyyətini və aktuallığını artırır. Ona görə ki, Cənub Qaz Dəhlizi vasitəsilə qazın Avropaya nəql olunması həm Türkmənistan üçün, həm də Avropa üçün yeni mənbə və bazar deməkdir.

Ümumumiyyətlə, qeyd etmək istəyirəm ki, cənab prezidentin Aşqabada səfəri İƏT-ə üzv ölkələr ilə siyasi və iqtisadi münasibətlərimizin daha möhkəmlənməsi baxımından çox vacib və səmərəli oldu.

Şəbnəm Zahir