“Əgər Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistanla bizim aramızda..." “Əgər Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistanla bizim aramızda..."

Musa Quliyev: “Ermənilər üçün ayrıca konstitusiya yazmaq fikrimiz yoxdur”

“Əgər Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistanla bizim aramızda..."

Milli Məclisin komitə sədri Musa Quliyev bu günlərdə Zəngəzur mövzusunda çox maraqlı araşdırma materialları ilə çıxış etdi, tarixi torpaqlarımızla bağlı silsilə yazılar sosial mediada və mətbuatda maraqla qarşılandı. Əslən Zəngəzurdan olan millət vəkili, yazıçı-publisistin xüsusi əmək sərf etdiyi materialları məhz indiki dönəmdə, Qərbi Zəngəzur, Göyçə, İrəvan müzakirələrinin aparıldığı məqamda ortaya qoyması, şübhəsiz ki, təsadüfi deyildi, həm də zərurətdən doğurdu. Musa müəllimlə budəfəki söhbətimiz isə Azərbaycanın növbəti zəfərlərə doğru atdığı inamlı addımlardan bəhs edir. Öncə M.Quliyevin dedikləri:

- Azərbaycan gündən-günə, addım-addım Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz hökumətini, öz hakimiyyətini möhkəmlətmək üzrə fəaliyyətini aparır. İki ilə qədər olan müddətdə artıq yenidənqurma, dağıntıların aradan qaldırılması, yeni məskunlaşma, şəhərlərin və kəndlərin layihələrinin hazırlanması və icrası böyük infrastruktur layihələrinə başlanılması, xüsusilə, yol, elektrik enerjisi, qaz, su və digər xətlərin çəkilişi sahəsində kifayət qədər işlər görülübdür. İndi Azərbaycan vacib məsələlərdən biri olan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında irəli sürülən müddəaların həyata keçirilməsi ilə bağlı çox ciddi addımlar atmaqdadır. Üçtərəfli bəyanatdakı əsas müddəalardan biri qısa müddət ərzində Azərbaycan ərazisindən qeyri-qanuni erməni silahlılarının çıxarılması və Azərbaycanın tam hakimiyyətinin bərpa olunması məsələsi idi. Digər bir məsələ sərhədlərin delimitasiya və demarkasiyası, eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi idi. 2 ilə yaxındır ki, bu məsələ üzərində müxtəlif platformalarda danışıqların getməsinə baxmayaraq, ermənilər müxtəlif bəhanələrlə öhdəsinə düşən bu vəzifələrin icrasından yayınırlar.

- Sizcə, rəsmi İrəvanın geridönüşünü stimullaşdıran faktorlar hansılardır və ümumiyyətlə, kapitulyasiya sənədini imzalayan ölkənin revanş cəhdi sərgiləməsində məqsəd nədir?

- Burada da məqsəd aydındır: bir tərəfdən Paşinyan hakimiyyətinin Ermənistanda güclü dayaqları, siyasi nüfuzu və iradəsi o səviyyədə deyil ki, öhdəsinə götürdüyü vəzifələri yerinə yetirsin. Digər tərəfdən Paşinyan hakimiyyətinin özü də bu münasibətlərdə səmimi deyil. Eyni zamanda Ermənistandakı revanşist qüvvələr və müxtəlif ölkələrdəki erməni diasporu və ermənipərəst qüvvələr bölgədə daimi sülhün və sabitliyin olmasının əleyhinədirlər və istənilən bəhanələrlə bu üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsinə qarşıdırlar. Amma Azərbaycan özü müstəqil qaydada təkbaşına bəyanatda irəli gələn müddəaların icrası ilə məşğuldur. Necə ki, BMT-nin 4 qətnaməsinin 30 ilə yaxın müddətdə icra olunmadığını görən Azərbaycan 2020-ci ilin sentyabrında 44 günlük müharibəyə başladı və BMT-nin də öhdəliyini yerinə yetirmiş oldu və qətnamələrdəki irəli sürülən məsələləri özü həll etdi. İndi də görünür Azərbaycan ordusu, siyasəti, xalqı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsi ilə özü və təkbaşına şəkildə məşğul olacaqdır.

“Birgəyaşayışdan söhbət gedirsə, Ermənistan 1988-1989-cu illərdə deportasiya olunmuş və etnik təmizliyə məruz qalmış 300 minə yaxın soydaşımızın oraya qayıtmalarını göz önünə gətirməlidir”

- Amma erməniçiliyin iflasa uğradığı göz qabağındadır və biz, bəlkə də, bir neçə saat, yaxud gün sonra Laçının azadlığını rəsmən qeyd edəcəyik. Qarşıda isə digər hədəflərimiz var...

- Əlbəttə, ermənilər artıq Şərqi Zəngəzuru tamamilə tərk etmək üzrədirlər. Yəqin ki, bu həftə artıq Şərqi Zəngəzurun ermənilərdən qeyri-qanuni məskunlaşmış bu toplumdan tamamilə təmizlənməsi həftəsi kimi tariximizə düşəcəkdir. Laçın, Sus və Zabux kəndləri məlumdur ki, Suriyadan və Livandan gələn ermənilər tərəfindən məskunlaşması nəticəsində 2-ci dəfə işğala məruz qalıb və cənab Prezidentin bu günlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində verdiyi müsahibədə də söylədiyi kimi, bu bir hərbi cinayətdir və beynəlxalq konvensiyalara, o cümlədən, Helsinki Protokollarına ziddir ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma aparmaq hərbi cinayət sayılır. Şübhəsiz ki, oradakı məskunlaşan insanlar oranı tərk edib getməlidirlər və əks təqdirdə Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında da cavab verəcəklər və bizdə olan başqa məlumatlara görə də artıq Sus, Laçın, Zabux yaşayış məntəqələrində ermənilər yığışıb getməkdədirlər. Hal-hazırda Laçının, Zabuxun və Susun boşalması ilə əlaqədar olaraq əvvəllər “Laçın koridoru” deyilən yol tamamilə Azərbaycanın nəzarəti altına keçəcəkdir. Yeni yolda isə artıq yəqin ki, yeni qaydalar tətbiq olunmağa başlayacaqdır. Mən hesab edirəm ki, bu qaydalar Zəngəzur dəhlizinin açılması və Laçın dəhlizi ilə eyni statusda qaydalar müəyyən edilməlidir.

- Əks halda necə davranmalıyıq? Yəni Zəngəzur dəhlizinin açılmasına qarşı olan Ermənistana öz ərazimizdən yol verməliyikmi? Üstəlik də ermənilər yenə də onlara vaxt verilməsinin qarşılığında vandal hərəkətlər törətməkdə davam edirlər...

- Əgər Zəngəzur dəhlizi olmayacaqsa, düşünürəm ki, Ermənistanla bizim aramızda hər hansı bir yolun olmasına da zərurət qalmayacaq. Əgər Zəngəzur koridorunda hər hansı bir gömrük nəzarət buraxılış məntəqələri qurulacaqsa, Ermənistanla Azərbaycan arasındakı yeni yolda da həmin şərait, həmin rejim tətbiq olunacaq. Digər tərəfdən, Azərbaycanın gücünün və iradəsinin göstəricisi artıq Fövqəladə Hallar Nazirliyinin bölmələrinin Laçında fəaliyyətə başlaması ilə bağlıdır. Mən bu xəbəri eşitdim və çox sevindim. Bu da Azərbaycanın gücünün və iradəsinin ifadəsidir. 2020-ci ilin danışıqlarına görə ermənilər Kəlbəcərdən və Laçından çıxmaq üçün onlara vaxt verilərkən onlar meşələri, evləri yandırdılar, tar-mar edib getdilər, minaladılar və hesab edirəm ki, artıq acı təcrübədən biz lazımi nəticə çıxardarıq, ermənilərin də oradan köçüb getməsini də öz nəzarətimiz altında həyata keçirməliyik və yəqin ki, belə də olacaqdır. Cənab Prezidentin son müsahibəsində çox ciddi məqamlardan biri də Qarabağdakı ermənilərin hər hansı bir statusa iddia etmələrinin mənasız olduğunu göstərməsi idi. Cənab Prezident onu təkcə erməni ictimaiyyətinə və erməni hökumətinə demədi. Bütün beynəlxalq ictimaiyyətə bir daha bəyan etdi ki, ermənilərə hər hansı bir özünüidarəetmə forması, hər hansı mədəni muxtariyyət, hər hansı bir idarəetmə muxtariyyəti verilməyəcək. Əgər Azərbaycan Konstitusiyasını və qanunlarını qəbul edən keçmiş Azərbaycan vətəndaşı olan ermənilər Qarabağ ərazisində qalıb yaşamağa davam edəcəklərsə, digər Azərbaycan vətəndaşları kimi onlar da hüquq və imtiyazlara malik olacaqlar. Odur ki, artıq onlar heç nəyə ümid etməsinlər. Əslində də belə olmalıdır, bütün Azərbaycan vətəndaşlarının hüquq bərabərliyi bizim konstitusiyamızla təmin olunur və ermənilər üçün ayrıca konstitusiya yazmaq fikrimiz də yoxdur. Digər bir məsələ radikal müxalifətin xüsusilə xaricdə olan bloggerlərin bu məsələyə münasibətilə bağlıdır. Mən üzümü onlara tutub söyləmək istəyirəm ki, hələ onlarda 1 damcı da olsa azərbaycanlı, türk, müsəlman qanı varsa, heç olmasa bu ərəfələrdə Azərbaycan əleyhinə uydurma təbliğatlarını, böhtanlarını, şərlərini dayandırsınlar. Əgər onların çörəyi təkcə ermənilərdən gəlmirsə, onlar da bu məsələdə heç olmasa sussunlar. Demirəm ki, Azərbaycanın təbliğində bir iş görsünlər və biz onlardan bunu gözləmirik. Amma heç olmasa, burada da yenə də erməni dəyirmanına su tökməyi dayandırsınlar və ən azı Azərbaycana bu haqq işini qısa müddət ərzində yerinə yetirməyə mane olmasınlar. Digər bir məsələ, şübhəsiz ki, ermənilərin Qarabağda ondan sonrakı həyatı ilə bağlıdır. Artıq onlar öz talelərini özləri müəyyən etdilər və dəfələrlə də “Biz azərbaycanlılarla birgə yaşaya bilmərik” dedilər. Amma biz heç də bu fikirdə və antihumanist mövqedə dayanmırıq ki, biz hər hansı bir toplumla, irqlə, millətlə bir yerdə yaşaya bilmərik. Azərbaycan öz tarixi və ənənələrinə sadiq qalan tolerant həyat tərzinə üstünlük verən bir dövlətdir. Azərbaycanda müxtəlif dövlətlərin nümayəndələri yaşayır və bundan sonra da biz hamımız bir vətənin övladları olaraq yaşamağa da davam edəcəyik. Amma onlara hesab edirəm ki, xüsusi münasibət göstərməkdə xalqımız haqlıdır. Çünki 30 il ərzində onlar bütün körpüləri yandırmış oldular, Xocalı soyqırımını, digər qətliamları törətdilər və hətta 44 günlük müharibədə də Bərdəni, Tərtəri, Gəncəni raketlə vuraraq, dinc sakinləri qətlə yetirərək, bir daha bizimlə birlikdə yaşamağa haqlarının olmadıqlarını ortaya qoydular. Amma ermənilər bir toplum, bir dövlət olaraq da dərk etməlidirlər ki, onların Qafqazda mövcudluğu Türkiyə və Azərbaycanla inteqrasiyadan keçir. Başqa cür onların mövcudluğu mümkün deyil. Bir tərəfdən onlar onsuz da köçüb gedirlər, Ermənistan boşalır, onların heç bir nə faydalı qazıntıları, nə təbii sərvətləri, nə digər resursları yoxdur ki, bundan sonra bir dövlət kimi öz fəaliyyətlətini davam etdirsinlər. Əgər onlar bundan sonra da Cənubi Qafqazda qalıb yaşamaq istəyirlərsə, azad bölgənin titul xalqları olan türk xalqları ilə inteqrasiyaya getməlidirlər. Bəlkə də, onların xilas yolu yalnız bundan ibarət olacaq.

- Bəs, Qarabağda birgəyaşayış mümkün olacaqmı? Sizin də bu günlərdə müraciət etdiyiniz Qərbi Zəngəzur faktoru və Ermənistanın yaradıldığı digər tarixi Azərbaycan əraziləri var ki, oradan yüz minlərlə insanımız qovulub. Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaması halında ermənilərin Qarabağda birtəfəli qaydada rahat yaşaması nə dərəcədə ədalətli ola bilər?

- Bölgədə, xüsusən, Qarabağdakı müəyyən yaşayış məntəqələrində qalan ermənilərin inteqrasiyası müəyyən zaman kəsb edəcək. Çünki qərarlar hələ təzədir, şəhidlərimiz və qazilərimizin ruhları, onların xatirələri hələlik bizə bu imkanı verməyəcək ki, ermənilərlə qısa müddət ərzində inteqrasiyada olaq. Amma bunların hamısı zamana bağlı məsələlərdir. Böyük siyasətlərdən müəyyən güzəştlər də olur. Bütövlükdə götürəndə isə bölgədəki bütün proseslər Azərbaycanın nəzarəti altındadır, Azərbaycanın diktəsi altında həyata keçirilir və artıq bölgənin bütün siyasətini Azərbaycan müəyyən edir. Hesab edirəm ki, cənab Prezident özünün söylədiyi kimi nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilir. Başqa bir məsələ şübhəsiz ki, əgər ermənilərin azərbaycanlılarla birlikdə inteqrasiyasından, birgəyaşayışından söhbət gedirsə, bizim Zəngəzur və Göyçə bölgələrində də eyni şəraitin yaradılması və oradan zamanında 1988-1989-cu illərdə deportasiya olunmuş və etnik təmizliyə məruz qalmış 300 minə yaxın soydaşımızın ora qayıtmalarını və orada eyni şəraitdə yaşamalarını təmin etməyi də Ermənistan göz önünə gətirməlidir. Şübhəsiz ki, digər vacib məsələ təzminat məsələsi olmalıdır və təzminat məsələsi də böyük sülh danışığının əsas predmetlərindən biri olmalıdır. Yəni 30 il ərzində Azərbaycana yüz milyard dollardan çox zərər vurmuş bir dövlətlə bizim inteqrasiyamız şübhəsiz ki, bizə vurulan zərər ödəndikdən sonra gündəmə gələ bilər. Dünya praktikasında təzminatın müxtəlif formaları var, o cümlədən də ərazi ilə təzminat formaları da var, düşünürəm ki, Ermənistanda da bu məsələləri kifayət qədər bilirlər.

Elşad PAŞASOY,
“Yeni Müsavat”