- Müsahibə
- 17 Oktyabr 21:18
- 11 417
"Repetitorluq məktəb təhsilini tamamilə məhv edib" - Sabiq deputat
6-cı çağırış Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru, elm və təhsil bilicisi Etibar Əliyevin “AzPolitika.info”-ya müsahibə verib. Söhbəti təqdim edirik:
- Etibar müəllim, Azərbaycanda orta təhsilin səviyyəsi ilbəil aşağı düşür. Səbəb nədir?
- Orta təhsilin müddəti təhsilin bütün digər pillələrindən çox davam edir. Bu baxımdan təhsilin bu pilləsində ciddi tədqiqatlar aparılır. Orta məktəb şagirdləri PİRLS, PİSA kimi beynəlxalq bilik qiymətləndirilməsində, yerli və beynəlxalq olimpiadalarda iştirak edir. Qəbul imtahanları verirlər. Bu baxımdan sistem var gücü ilə çalışmalıdır.
Bizim orta təhsilimizdə sistemsizlik hökm sürür. Bizim orta məktəblərin inkişaf etmiş ölkələrin orta məktəblərindən fərqli problemləri mövcuddur. Müəllim hazırlığı çox aşağı səviyyədə həyata keçirilir. Mən müəllim hazırlayan ali məktəblərdə təhsilin keyfiyyətinə yaxşı bələd olan bir şəxs kimi bunu tam əminliklə söyləyirəm.
Repetitorluq məktəb təhsilini tamamilə məhv edib. “Kölgə təhsil” adlandırılan bu kabus uşaqları məktəbdən didərgin salıb. Nəticədə, uşaqlar fənn proqramlarını normal mənimsəmir, tərbiyə və fiziki hazırlıq kimi vacib dəyərlərdən məhrum olurlar. Zəif dərsliklər yazılır. Məktəblilər dərsliklərdən səhvlər tapırlar...
İngilis təhsil mütəxəssislərindən biri haqlı olaraq tədris proqramını “sehirli bağçaya” bənzədib. Bağçaya qayğı göstərməlisən. Ona baxmasan, kol-kos bağçanı basar. Müəllimlərin fərdi proqramlarının olmaması da xüsusi qeyd edilməlidir. Fənn proqramları köhnələ bilər, lakin müəllim öz proqramı və metodikası ilə fənnini canlandırmalıdır.
Dünyada “Təhsil mədəniyyəti” deyilən bir anlayış var. Təhsilin fəlsəfəsini ehtiva edir. Məktəblərdə pul yığımı, dərs yükünün satılması, bıçaqlanma, dava halları, direktor özbaşınalığı və valideynlərin uşaqlar vasitəsilə repetitorlara pul göndərməsi klassik təhsil mədəniyyətinə zərbə vuran hərəkətlərdir. Akademik Sergey Kapitsa təhsili meyvə ağacına bənzədir: “Bir var budağı kəsib meyvəni yığasan, bir də var budaqdan meyvəni dərəsən”. Biz birincini seçmişik.
Onu da qeyd etməliyəm ki, 2013-2018-ci illərdə Azərbaycan təhsilində çox ciddi islahatlar başlamışdı. Təəssüf ki, sonradan yenə də durğunluq və hətta geriləmə başladı...
- Sizcə, orta təhsilin başlıca vəzifəsi nə olmalıdır?
- Orta məktəblərin əsas vəzifəsi uşaqlarda yatan istedad nişanələrini oyatmaq olmalıdır. Bizim məktəb bunu bacara bilmir. Diqqət edin: 30 ildən çoxdur ki, Azərbaycan məktəbliləri riyaziyyat və informatika üzrə beynəlxalq olimpiadalardan qızıl medal qazana bilmirlər. Elə bilirsiniz ki, uşaqlar zəifdir? Yox! Uşaqların bu sahədə olan istedadlarını duyub, aça bilmirik. PİRLS və PİSA göstəricilərimiz də çox aşağıdır.
Bizdə mövcud orta təhsil sistemi birölçülüdür. Biz standart testlərin şagirdin qabiliyyətini ölçə biləcək yeganə ölçü olduğuna inanmağa başlamışıq və əgər şagird testdən az bal yigirsa, onu pis şagird kimi qəbul etməyə başlayır və repetitorları məzəmmət edirik. Vəssalam! Bu cür testlər şagirdin intellektini, nailiyyətlərini və ya öyrənmək qabiliyyətini tam ölçmür. Bu baxımdan neçə illərdir ki, istedadlı riyaziyyatçılar, fiziklər, kimyaçılar yetişmir.
Bu yaxınlarda maraqlı bir tədqiqata rast gəlidm. Finlandiya məktəbi ilə Amerika məktəbinin müqayisəsi aparılmışdı. Amerikanlar deyirlər ki, anadangəlmə istedada malik olan uşaqlar potensiallarını erkən yaşlarında biruzə verirlər. Yəni mühit buna imkan verir. Finlər isə deyirlər ki, hər bir uşağın potensialı var, bunu mütləq açmaq lazımdır. Biz bunların heç birini edə bilmirik. Hər 3 ildən bir keçirilən 15 yaşlı uşaqların nailiyyətlərinin qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram (PİSA) çərçivəsində uşaqların riyaziyyat, oxu və təbiət elmləri sahəsində bacarıqları qiymətləndirilir. Finlandiya şagirdləri bir neçə il bu qiymətləndirmədə 1-ci yeri tutanda dünya təəccüblənmədi. Çünki finlər qarşıya qoyulan məqsədə çatmaq üçün yüksək biliklərə malik olan müəllim ordusu yetişdirə biliblər. Və varislik prinsipi işləyir. 2018-ci ildə keçirilən PİSA testləşməsində Amerika şagirdləri 25-ci yeri tutdu. Göründüyü kimi, bir cümlədə ifadə olunan məqsəd praktikada özünü təsdiqləyir.
- Etibar müəllim, ali məktəblərimizdə təhsilin keyfiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan ali təhsilində də sistemsizlik tüğyan edir. Bu sahədə ən ciddi problem müəllim hazırlığıdır. Əlbəttə ki, ali məkətəblərdə alimlər dərs deməlidir. Biz alimlik dərəcələrinin verilməsindəki ciddi qüsurlardan xəbərdarıq. Yaxşı alim - yaxşı pedaqoqdur. Yaxşı pedaqoq isə tələbələrinə ən mükəmməl biliyin yerini göstərir və onlarda tədqiqata həvəs oyadır. Yəni müəllim o qədər mütaliəli olmalıdır ki, tələbələr ondan oxumaq və anlamağı öyrənə bilməlidirlər.
Tələbələrdə elmə qarşı fobiya formalaşdırılıb. Bunu edən savadsız müəllimlərdir. Fizika üzrə Nobel mükafatı laureatı Frenk Vilçekin təbirindcə desəm, müəllimin hər mühazirəsi və seminarından tələbə nəsə kəşf etməlidir. Siz bir neçə ali məktəbdə tələbələrin dərsdən çıxan zaman davranışlarına diqqət edin, çanta bir yana, heç əllərində dəftər də görməzsiniz. Bunu onlardan tələb edən də yoxdur. Dünya universitetlərində intizam təhsillə qoşa qanad təşkil edir. İlk növbədə müəllim hazırlığı həyata keçirən ali məktəblərdə ciddi islahatlar aparılmalıdır. Bu ali məktəblərə yüksək intellektə malik olan, kitabı bilən, dialoqdan yayınmayan, innovasiyalardan xəbərdar olan şəxslər rəhbərlik etməlidir.
Yeni yaradılmış universitetlər köhnələri üstələyir. Bu gün fənlərarası tədqiqat çox mühümdür. Düçüncə və idrak elmi olan fəlsəfənin saatlarının kəskin ixtisara salınması bağışlanmaz haldır. Elmin populyarlaşdırılması işi ilə ali məktəblər məşğul olmalıdır. Biz bu vacib işin işartısına belə rast gəlmirik. Ali məktəblərdə, təəssüflər olsin ki, bir çox elmlər elə öyrədilir ki, insanlara elə gəlir onlar artıq hər şeyi bilirlər. Bu, heç də belə deyil. Adi bir misal çəkim: Kvant fizikasından 100-lərlə kitab yazılıb, yenə də yazırlar. Bu fənlərarası istiqamət üzrə Azərbaycan dilində bir müasir dərslik varmı? Molekulyar biologiya, riyaziyyat, süni intellekt istiqamətlərində də eyni vəziyyətdir. Elm və Təhsil Nazirliyi müasir peşələrin atlasını tərtib edə bilmir. Bunun üçün xüsusi tədqiqatlara və dinləmələrə ehtiyac var. Əgər nazirlikdə mütəxəssislər yoxdursa, belə məsələlərdən söhbət açmağa dəyməz.
“Mürgüləyən” universitetlərdə normal mütəxəssis hazırlığı mümkün deyil. Və insan kapitalı uzun illər dəyişməz qalacaq.
AzNews.az