Şamaxının yeni icra başçısı belə xarakterizə olundu- SORĞU Şamaxının yeni icra başçısı belə xarakterizə olundu- SORĞU

"Bu təyinat yeni icra başçısı obrazı formalaşdıracaq" – Tahir Məmmədovun təyinatı ümidlə qarşılandı

Şamaxının yeni icra başçısı belə xarakterizə olundu- SORĞU

Dünən Prezident İlham Əliyev müvafiq sərəncamla Tahir Nadir oğlu Məmmədovu Şamaxı rayonuna icra başçısı təyin etdi.

Bu təyinat dərhal sosial şəbəkələrdə müzakirələrə səbəb oldu və müsbət qarşılandı. Tahir Məmmədovu əyani və ya qiyabi tanıyan hər kəs status yazaraq Prezident İlham Əliyevin bu qərarını yüksək qiymətləndirdi. Eyni zamanda, Tahir Məmmədovun savadlı, intellektual və insanlarla işləmək bacarığına malik kadr olması vurğulandı. Sosial şəbəkədə aparılan müzakirənin ana xətti isə bu təyinatın yeni icra başçısı obrazı yaradacağı gümanı idi. Bir sözlə, Tahir Məmmədovun icra başçısı vəzifəsinə təyinat alması ictimai fəallarda yeni gözləntilər yaradıb.

Vaxtilə Tahir Məmmədovla İctimai Televiziyada iş yoldaşı olmuş, hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı AzNews.az-a açıqlamasında bu təyinatı müsbət qarşıladığını vurğuladı:

“İctimai Televiziyada Tahir Məmmədovla uzun müddət bir yerdə işləmişik. O, həm internet şöbəsinə baxırdı, həm də İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri idi. Yəqin ki, bizim tamaşaçılar onu “Eurovision” komandasından tanıyırlar. Tahiri bəlkə də dünyanın ən yaxşı sözləri ilə xarakterizə eləmək olar. Xarakter etibarı ilə onun gözümüzdə çox müsbət cəhərləri var. Tahir çox intellektual bir Azərbaycan ziyalısıdır, özünəməxsus, yetkin bir obrazı var. Geniş təcrübəsi və insani keyfiyyətlər baxımından mükəmməl bir obraza malikdir. Mən deyərdim ki, Azərbaycanda məmur obrazının yenilənməsinə Tahir Məmmədovun da təyinatı təkan verəcək. Bu gün ümumi olaraq vəzifə bölgüsündə sürətlə cavanlaşma prosesi gedir. Bu cür cavanlar dəyərləndiriləndə şəxsən mən çox şad oluram. Həm onun vaxtilə iş yoldaşım olmasına, həm də bu cür insanların layiqli posta gətirilməsinə görə çox sevinirəm. Bu cür təyinatlar cəmiyyətimiz üçün də yaxşı haldır. Eyni zamanda, şamaxılıların da adına sevinmək olar ki, cəmiyyətlə işləməyi yüksək səviyyədə bacaran bir adam onların icra başçısıdır”.

Tahir Məmmədovun tələbə yoldaşı Sahib KərimliAzNews.az-a açıqlamasında sözügedən təyinatın çox uğurlu olduğunu vurğuladı:

“Tahir Məmmədov mənim tələbə yoldaşım olub. O, kifayət qədər mədəni, savadlı, intellektual bir insandır. Hesab edirəm ki, bu təyinat cəmiyətdə icra başçısının yeni obrazının formalaşması sahəsində atılmış çox ciddi addımdır. Tahir Məmmədovla siyasi baxışlarımız uzlaşmasa da, onu kifayət qədər bacarıqlı, qabiliyyətli bir insan kimi tanıyıram. Bu yöndə məndə belə bir rəy yarandı ki, cəmiyyətlə işləyə bilən, kirlənməyən, haqqında neqativ fikirlər səslənməyən şəxslərin icra başçısı təyin edilməsi ümumi prosesin və cəmiyyətin sağlamlaşması baxımından faydalıdır. Bu mənada, Tahir Məmmədovun təyinatına böyük ümidlə baxıram”.

S.Kərimli əlavə etdi ki, tələbə vaxtı onunla KVN-də də bir komanda olublar. Tahir Məmmədov hələ gənc yaşlarında ictimai işlərdə çox fəal iştirak edib. Tələbə-gənclərin problemləri, onların yataqxana şəraitinin yaxşılaşdırılması ilə bağlı əlindən gələn dəstəyi əsirgəməyib. Sonradan onun İctimai televiziyadakı uğurlu fəaliyyəti də kifayət qədər diqqət çəkib. Bunlarla yanaşı, Tahir bəy çox səmimi, gülərüz, ünsiyyətcil, mehriban, müzakirələrə açıq və ən əsası da savadlı bir şəxsdir.

Qeyd edək ki, Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb.

O, eyni zamanda, Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub. Həmçinin, İctimai Televiziyada departament direktoru olub və “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib.

Elgün Mənsimov
AzNews.az