Atatürk haqqında sislislə əsərlərin müəllifi maraqlı faktlar açıqlayıb Atatürk haqqında sislislə əsərlərin müəllifi maraqlı faktlar açıqlayıb

Atatürk haqqındakı edam hökmü niyə icra olunmadı?

Atatürk haqqında sislislə əsərlərin müəllifi maraqlı faktlar açıqlayıb

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, böyük Mustafa Kamal Atatürkün vəfat olduğu günüdür. AzNews.az Atatürk haqqında sislislə əsərlər yazmış Akif Abbasovla müsahibəni təqdim edir:

- Akif müəllim, Atatürklə bağlı ümumilikdə 370-dən çox bədii əsər yazılıb. Siz də bu mövzuya müraciət etmisiniz. Yəqin ki, bu, böyük məsuliyyət tələb edir.

- Mən Atatürklə bağlı hekayələr, pyes, roman yazmışam. Onun həyat və yaradıcılğı ilə tanış olandan sonra gördüm ki, Türkiyə üçün böyük işlər görüb. Və bu da məni vadar elədi ki, Atatürklə bağlı əsərlər yazım. Atatürk o vaxtı tarix səhnəsinə çıxmasaydı, Türkiyə adlı respublika olmazdı. Niyə görə? Əvvəla Birinci Dünya Müharibəsində Türkiyə Almaniyanın yanında yer alırdı. Atatürk də hərbçi idi. O, Osmanlı hakimiyyətinə müraciət eləmişdi ki, bu müharibədə iştirak etməsin. Çünki Almaniya məğlub olacaq və nəticədə Osmanlıya böyük ziyan dəyə bilər.

- Atatürkün Birinci Dünya Müharibəsi zamanı vəzifəsi nə idi?

- Əvvəla Atatürk çox qüvvətli sərkərdə olub. O zaman Osmanlı ordusunda çoxlu alman zabiti də xidmət göstərirdi. Atatürk buna qarşı da çıxırdı ki, bizim kadrlarımız yoxdur? Niyə almanlar bizim ordulara başçılıq etməlidirlər? Nəticədə Atatürkün dediyi oldu, Osmanlı İmperiyası Almaniya ilə müttəfiqliyinə görə Birinci Dünya Müharibəsində məğlub oldu. Böyük torpaqlar itirdi. Müttəfiqlər VI Vəhdətddinlə alçaldıcı müqavilə bağladılar: ordu ləğv olunur, yalnız qvardiya qalırdı, donanma yerinə də yalnız kater saxlaya bilərdi. Müttəfiqlərin planı Türkiyəni yer üzündən silmək idi. Məsələn, İzmir yunanların əlinə keçmişdi. İstanbul ingilislərə verilirdi. Daxilində parçalanma gedirdi. Şərq tərəfdən də Misir, İraq, Suriya torpaqları Osmanlının əlindən çıxırdı. Hətta padşah qol da çəkmişdi. Atatürk deyir, bir ovuc Anadolu torpağı qalıb, indi də onun axırına çıxmaq istəyirlər. Belə bir şəriatdə, may ayının 16-da Atatürk İstanbuldan gəmi ilə Samsuna yola düşdü. 19 mayda Samsuna çatdı və gördü ki, ölkə fəlakət içindədi. Tərəfdarların ətrafına yığıb Ankarada Böyük Millət Məclisini və Milli Höküməti yaratdı.

- O vaxta kimi Atatürkdə Osmanlı İmperiyasını ləğv edib modern respublika yaratmaq fikri var idi?

- Ümumiyyətlə, o dövrdə respublika tipli düşüncələr hakim idi, amma belə kəskin qoyulmamışdı.

- Atatürk Böyük Millət Məclisini yaratdıqdan sonra nə baş verdi?

- Ölkədə faktiki ikihakimiyyətlilik yarandı. Padşah bundan qorxuya düşərək Atatürkün bütün titullarını əlindən aldı. Özünün edamı ilə bağlı da fərman imzaladı. Atatürkə qarşı neçə dəfə suiqəsd hazırlansa da, baş tutmadı. Atatürkə dəfələrlə suiqəsd cəhdi olub, Osmanlı dövründə də, Cümhuriyyət dövründə də. Hətta Çanaqqala döyüşlərinin birində bir snayper onun sinəsini nişan alır. Mən bunu romanımda da təsvir eləmişəm. Snayper atəş açır, Atatürk yıxılır və bir neçə dəqiqədən sonra yenidən ayağa qalxır. Sən demə Atatürkün döş cibində saat var imiş və güllə də saata dəyibmiş.

Padşahın edam fərmanına baxmayaraq, Atatürk milli azadlıq hərəkatına davam edir və Milli Hökümətin yarandığını bütün dünyaya bəyan edib göstərir ki, Milli Hökümət Sevr müqaviləsinin şərtlərini tanımır. Bu hərəkat 1923-cü ildə uğurla başa çatır, sonuncu döyüş “Ağ dənizə hücum” və ya “Baş komandanın meydan müharibəsi” adlanır. Atatürk həm də baş komandan idi. O, döyüşdə 200 min zabit və əsgər mühasirəyə alınır, iki general Atatürkə əsir düşür. Bundan sonra Lozanna sülh müqaviləsi bağlanır və Türkiyənin müstəqilliyi təmin olunur.

- Bu hadisələrə qədər Atatürkün sarayda nüfuzu necə idi?

- Onun bir neçə dəfə Vəhdətdinlə görüşü olub. Hətta bir yerdə Almaniyaya da səfər ediblər. O görüşdə Almaniya kansleri Atatürkü tanıyıb və orda Çanaqqala döyüşlərini yada salıb. Atatürk Çanaqqalada az qüvvə ilə müttəfiqlərin İstanbula daxil olmağının qarşısını almışdı.

- Atatürk sultanın qızı ilə evlənəcəkmiş, bu izdivac nədənsə baş tutmayıb...

- Vəhdətdinin bir qızı varmış. O, öz əmisi oğlunu sevirdi. Amma sultanın həyat yoldaşı Atatürkdəki yüksək sərkərdəlik qabiliyyətini, bacarığını görürdü. Buna görə də qızının Atatürklə ailə qurmasını istəyirdi. Bu səbəblə Atatürkə bir neçə dəfə xəbər göndərilir ki, şahzadə ilə münasibət qursun. Atatürk isə xəbər verir ki, qız istəyirsə, onunla görüşsün. Beləliklə, bu izdivac baş tutmur.

- Atatürkün evliliyi barədə də danışardınız. Boşanma səbəbi nə olub?

- Lətifə Uşaqlıgillə evlənib. Onların evlilik tarixi qısa olub. Əvvəla Atatürk son dərəcə müstəqil idi. Bir faktı deyim. Atatürkün anası ilə bacısı Makedoniya işğal olunandan sonra İstanbula köçürlər. Atatürk onlar üçün ev tutur, amma özü onlarla yaşamır, oteldə nömrə tutub daimi orda qalırmış. Onun işinə kiminsə qarışmağını sevmirdi. Evlilik təşəbbüsü Lətifə xanımdan gəlib. Atatürk də bu evliliyə razılaşıb. Lakin xanım müasir dünyagörüşlü savadlı qadın idi, dövlət işlərinə qarışırmış, sonuncu belə hadisədən sonra Atatürk bu evliliyə son verir.

- Uşaqları da olmayıb?

- Olmayıb. Amma Atatürkün yeddi-səkkiz mənəvi övladı olub, Ülkü Adatepe, Sebiha Gökçen və başqaları.

- Atatürk haqqında xeyli əfsanə, əhvalat da dolaşır. Onların hamısı həqiqəti əks etdirir, yoxsa aralarında uydurma olanları da var?

- Tarixi şəxsiyyətlər haqıqnda bəzən həqiqəti əks etdirməyən əfsanələr də dolaşır. Atatürk də çox böyük tarixi şəxsiyyətdir. Bəzən düşmənləri də onu gözdən salmaq üçün belə əfsanələr uydurublar.

- Masson olduğunu deyənlər də var.

- Atatürk bəzi şəkilləri var ki, o, əlini pencəyə, ya platoya keçirib sinəsinə qoyub. Deyirlər, bu pozada adətən massonlar dayanırlar. Buna görə də Atatürkün massonlarla bağlı olduğunu deyirlər. Amma başqa mənbələri oxuyanda görürsən ki, massonlara qarşı vuruşub. Atatürk haqqında başqa bir əfsanə də var. O, İsmet İnönü ilə yaxın dost, silahdaş idi. Günlərini bir yerində keçirirdilər. Süfrə başında mübahisələri düşür, İsmət Paşa qayıdıb deyir ki, bu boyda ölkəni bir sərxoş idarə edir. Bu söz Atatürkün acığına gəlir və deyir ki, yadından çıxartma, bu sərxoş səni baş nazir qoyub və hirslə süfrəni dağıdır. Səhəri günü isə İsmət İnönünü vəzifədən azad edir, Cala Bəyarı baş nazir qoyur. İsmət Paşa da prezident olandan sonra düz hakimiyyətdən gedənə qədər Anıtqəbiri tikməyə qoymur. Pulların üzərində Atatürkün şəkillərini yığışdırır, heykəllərini qadağan edir. 1953-cü ildə Cəlal Bayar prezident olur və Anıtqəbirin tikintisi sürətlə davam etdirilir.

- Atatürk düşmənlərinə qarşı münasibətdə necə imiş? Bildiyim qədəri ilə alicənablığını heç zaman itirməzmiş.

- Sizə bir hadisəni danışım. İzmirdən yunanları çıxaran zaman Atatürkün ayağının altına yunan bayrağı atırlar. Ayaq saxlayıb soruşur ki, bu, nədir? Ona deyirlər, yunan kral İzmirə girəndə türk bayrağını tapdalayıb keçdi. Atatürk etiraz edir ki, bu, bir xalqın, bir dövlətin rəmzidir, o bayrağı yerdən götürün. Bundan başqa, “Meydan savaşı”nda əsri götürdüyü generalları qərargaha gətizdirir, onlara qəhvə ikram edir. Generallar heyrətlənirlər ki, sizi belə cavan bilməzdik. Atatürk də onlara təskinlik verir ki, siz də çox qəmlənməyin, müharibə elədir ki, orda mahir sərkərdə də məğlub ola bilər. Generllar ondan soruşurlar ki, döyüşü hardan idarə edirdiniz? Atatürk cavab verir: “Döyüşü at belində, müharibə meydanının içindən idarə edirdim”. Generallar bildirirlər ki, indi onun qalib gəlməyinin səbəbini başa düşüblər. Onlar döyüşü 60 km aralıdan telefonla idarə edirmişlər.

- Atatürkün qələm adamlarına, ədəbiyyata münasibəti necə idi?

- Atatürk həmişə çantasında Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanını və Tofik Fikrətin şeirlər kitabını gəzdirərmiş. Xüsusən Tofiq Fikrətin “Millət şərqisi” şeirini sevirmiş.

- Atatürk haqqında yazdığınız əsərlərə Türkiyədə münasibət necədir?

- Atatürk haqqında mənim “Böyük türk” adlı kitabım çıxıb. Orda hekayələr yazmışam. Daha sonra “Atatürk” adlı pyes və “Samsundan başlayan yol” adlı roman yazdım. “Atatürk” pyesim Ankarada çap olunub. Bu pyes əsasında Babək Abbaszadə libretto yazıb, Oktay Rəcəbov isə opera bəstələyib. Biz bu opera haqqında Türkiyədə bir neçə təşkilatlara, Mədəniyyət Nazirliyinə müraciət eləsək də nəticə olmayıb. “Atatürk” operası hələ də səhnələşdirilməyib.

Mirmehdi

AzNews.az