Mirtağı Əsədov hansı statusla din xadimi, ruhani, hətta şeyx cildinə girib? Mirtağı Əsədov hansı statusla din xadimi, ruhani, hətta şeyx cildinə girib?

Saxta “şeyx”in antimilli sərgüzəştləri

Mirtağı Əsədov hansı statusla din xadimi, ruhani, hətta şeyx cildinə girib?

Azərbaycan Respublikasının keçmiş vətəndaşı Mirtağı Əsədov adlı bir dindar bir zamanlar Gürcüstanın paytaxtı Tiflisdə “Qafqaz Müsəlmanları Ruhani İdarəsi”nin səlahiyyətli nümayəndəsi sifəti ilə Meydan məhəlləsindəki “Cümə” məscidinin axundu olub. 2003-cü ildən sonra, ölkədə hakimiyyətə gələn Mixail Saakaşvili bir çox sahələrdə olduğu kimi, dini məsələlərdə dövlətə bağlı təsisatların yaradılmasına başladı. Beləliklə də ilk dəfə olaraq, ayrıca “Gürcüstan Müsəlmanları Dini İdarəsi” adlı qurum yaradıldı. Bu quruma qarşı təkcə öz etirazını bildirən “Qafqaz Müsəlmanları Ali Dini Ruhani İdarəsi” oldu.

Mirtağı Əsədov bu zaman tənbəllik etməyərək, Tiflisdə “şiə müsəlmanları”nın rəhbəri statusunu əlində saxlamaq üçün Azərbaycan vətəndaşlığından belə, imtina etməli oldu. Gürcüstan vətəndaşı kimi “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi” adlı qurum da yaratdı. Qurum faktiki olaraq, ölkə müsəlmanları arasında məzhəb təxribatları yaratmaq üçün fəaliyyətə başladı. Belə ki, İranın 40 ildir “Dünya Müsəlmanlarının Vilayəti Fəqih” kimi qondarma mərkəziyyətçi siyasətinin yanında yer aldı. Borçalıda yaşayan soydaşlarımızı da “İran islamı” adlı proseslərə sürükləmək kimi dərin siyasətlərə dəstəkçi oldu.



Mənəvi terrorçu insan haqlarından “gap” edir

Qazaxda noyabr ayının 7-də Mirtağı Əsədovun Azərbaycan polisi tərəfindən nədən və niyə tutuqlandığını bilmirik. Amma ötən 10 gün ərzində Tiflisdəki 15 insan haqları təşkilatı dərhal mənbəyi bəlli olmayan qaynaqlardan maliyyə dəstəyi alaraq Mirtağı Əsədovun hüquqlarının müdafiəsinə qalxıblar. Normal dini təhsili olmayan birisinin hansı statusla din xadimi olması, hətta özünü “şeyx” rütbəsində görməsi çox ilgincdir. Bu gün insan haqları adı altında onun hüquqlarının qorunması təbliğatlarını aparan KİV-lərin içində bir azərbaycanlı olaraq, mənəvi vicdanları buna necə yol verir? Adam illərdir Tiflisdə saxtakar yolla dini rəhbər statusu ilə məscidlərimizdə və soydaşlarımız arasında İran molla rejiminin xurafat təbliğatını aparır. Buna görə kimsə ona “dur” demir. Onun Tiflis və ya Marneulidə “İmam Əli adına Elm Şəhəri Universiteti”nin yaradılması təşəbbüsü Borçalı ilə yanaşı, Azərbaycanın Quzey bölgələrində (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy) İranın dini təsirinin genişləndirilməsinə xidmət edəcəkdir. Borçalını başdan başa mənəvi terrora məruz qoymaqla, xurafatçı bir qurum adı altında din siyasətinin yürüdülməsinə rəhbərlik edən Mirtağı Əsədovun müdafiə olunması anlaşılan deyil.

Mirtağı Əsədovun Gürcüstanda işləkləri

İranın “Borçalı masası”nda yer alan siyasətlərdən biri də bölgəni tamamilə mövhumatçı bir zümrəyə çevirməkdir. “Gürcüstan Əhli Beyt Cəmiyyəti”, “Əhli Beyt Aşiqləri Forumu”, “Hüseyniyyə” Cəmiyyəti, “İmam Əli Xeyriyyə Fondu”, “Zeynəb Qadınlar Birliyi”, İranın “Şəms” qrupu və “Əl Mustafa Beynəlxalq Universiteti”, digər qurumlar gecə-gündüz Borçalıda mövhumat rəzalətini tətbiq edirlər. Mirtağı Əsədovun dolayı yolla tabe olduğu, İranda aşırı dini radikalizm ideoloqlarından biri kimi tanınan höccətülislam , Beynəlxalq Əl-Mustafa Universitetinin nümayəndəsi Hacı Davud Zarenin Borçalıda son aylarda tez-tez peyda olması bu iki şəxsin strateji niyyətlərinin mənasını pzündə ehtiva edir. Əslən Masallı rayonunun Boradigah kəndindən olan və tez-tez İranın sifarişi ilə Borçalıya “qastrol”a gələn Seyid Taleh adlı birisi rövzəxanlıq edərək burada camaatı soymaqla məşğuldur və sonunda əldə etdiyi qazancın yarısı da Mirtağı Əsədovun cibişdanına axır. Hər gün İran molla rejiminin hansısa dini mərasimi adı altında tədbirlər keçirən M. Əsədovun düzənlədiyi məclislərdə əldə etdiyi gəliri, yəni savadsız xalqı soymaqla sanki çağımızın “Şeyx Nəsrullahı”na çevrilib.
Onun digər işləklərindən biri də İran molla rejiminin harada nə kimi maraqları varsa, dərhal gündəmə gələn mövzu ilə bağlı dəstək xarakterli bəyanatlar verməsidir. Bütün bunlar Tehranda İran molla rejiminə “beynəlxalq dəstək” adı ilə cəmiyyətə təlqin edilir. Əzadarlıq adı altında imkansız ailələrin azyaşlı övladlarını İran molla rejiminin siyasətinə alət etmək də Mirtağının işləklərindən biridir.

Tasua mərasimi adı altında güc nümayiş etdirmək hədəfləri

İran molla rejiminin təqvimində yer alan “aşura-tasua” mərasimi adı altında Borçalının mərkəzi Maneulidə bu il 19 sentyabr tarixində bütün küçələr boyu Mirtağı Əsədovun rəhbərliyi altında Tehrandan gəlmiş “dindoşlar” idarəçiliyi altında yürüşlər təşkil olundu. Beləliklə də İran molla rejimi və M. Əsədov “Gürcüstan Müsəlmanları Dini İdarəsi” adlı qurumuin birgə fəaliyyətlərini bütün dünyaya nümayiş etdirildi. Tehranda fəaliyyət göstərən, daim Azərbaycan Respublikasına qarşı hədyanlar çamurunu yağdıran bir çox informasiya mərkəzləri, özəlliklə də “arrannews” bütün bunları böyük təntənə ilə reklam etdi.
Bütün bunlardan bilgisiz olan vəkil Elçin Sadıqov dərhal Mirinin hüquqlarının müdafiəsinə qalxıb. Təbii ki, biz də vətəndaşların qanunsuz yerə cəzalandırılmasına qarşıyıq. M.Əsədovun həyat yoldaşı Şahanə Hacıyevanın da həyəcanını başa düşmək lazımdır. Ancaq mövhumatçı bir siyasi nizamın təbliğinin başında duran Mirinin antimilli siyasətini də qəbul etmirik. Gürcüstanın insan haqları təşkilatlarının da riyakarlıq edərək M. Əsədovun hüquqlarının qorunması çərçivəsində ən azından öz ölkələrinin ədliyyə və dini qurumlarına sorğu göndərsəydilər, daha yaxşı olardı. M.Əsədov hansı statusla din xadimi, ruhani, hətta şeyx cildinə girib? Onun teoloji təhsili varmı? Biz şəxsən buna inanmırıq. Ona görə ki, əsil dindar, mömin və ruhani xadim heç bir zaman mövhumatçı siyasətin yanında durmaz.

Həmid Məmmədli
AzNews.az