Dünyanın harasında bir azərbaycanlı icması varsa, Tehran rejimi dərhal orada bir “şiə müsəlmanları” icmasını yaratmağa çalışır... Dünyanın harasında bir azərbaycanlı icması varsa, Tehran rejimi dərhal orada bir “şiə müsəlmanları” icmasını yaratmağa çalışır...

Tehran rejimi nə üçün azərbaycanlıları hədəfə alıb?

Dünyanın harasında bir azərbaycanlı icması varsa, Tehran rejimi dərhal orada bir “şiə müsəlmanları” icmasını yaratmağa çalışır...

Son illərdə beynəlxalq miqyasda İran dövlətinə qarşı tətbiq olunan embarqonun miqyasının artması, bu ölkənin sosial-iqtisadi həyat tərzinə sarsıdıcı zərbələr vurubdur.

Faktiki olaraq ötən illərdən fərqli olaraq ötən ildən bu yana ölkənin illik 600 milyard dollar gəliri 340 milyard dollar enibdir. Yaranmış böhrandan çıxış nöqtəsi olaraq İrandakı rejim azərbaycanlıları hədəfə alıb. Bunun üçün Tehran, İsfəhan, Yəzd, Şiraz, Rəşt və digər universitetlərdə yeni araşdırma mərkəzləri yaradılıb. Bununla yanaşı, Ermənistan və Rusiyadakı “erməni araşdırma mərkəzləri” ilə ortaq projelərə üz tutub. Məqsəd azərbaycanlıları mümkün qədər mövhumat bataqlığına sürükləməkdir.

İsmaili və xaşxaşilər hərəkatının fədailər ordusu

Tehran molla rejimi 40 ildir sınaqdan keçirdiyi oxlokratiya (güruhun hakimiyyəti) nizamı tətbiq etməyə çalışır. Xüsusilə “Soyuq Müharibə” başa çatandan sonra, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Ukrayna, Rusiya, Belorus, Moldova, Almaniya və digər ölkələrdə soydaşlarımız arasında “müsəlman şiələr” adlı qurumların inkişafına təkan verilməkdədir. Təməli XI-XII əsrlərdə İmam Qəzali tərəfindən qoyulmuş mövhumatçı “ilahiyyat” elminin gündəmə gətirilməsi, “Ələmut Qalası” Hərəkatının tətbiq edilməsi və Həsən Sabbah terror bağlı ideoloji sisteminin qurulması ən vacib şərtlərdən birinə çevrilməkdədir. Sirr deyil ki, 1991-ci ildə Tehranda çap olunan “Risalət” dərgisində o keçmiş xarici işlər naziri və bu gün “Dünya Müsəlaanlarının dini lideri” (Vilayəti fəqih) təşkilatının rəhbəri ayətullah Seyidəli Xameneyinin baş müşaviri olan Əliəkbər Vilayəti yazırdı: “Azərbaycan Respublikasının quruca adı İran dövləti üçün hər zaman təhlükə mənbəyi olacaqdır. Biz bu ölkəni dindarlar, ya da uyuşdurucu qaçaqmalçılar ölkəsinə çevirməliyik”.
Göründüyü kimi, bütün bunlar mövhumatçı siyasətə bağlı hədəflər əsasında idarə olunur. Tarixdə adları “ismaili” və ya “xaşxaşilər” ordusu adlandırılan bu yanaşma indi adını dəyişərək “bəsici” və “hezbollah” kimi gündəmə gətirilmişdir. Hər iki hədəfin tək adı: “Din pərdəsi altında paniranizmə qarşı gözlənilən təhlükələrin qarşısını almaq”dır. Bu gün 40 illik İran molla rejimi addım-addım çökməyə başlayıb. Azərbaycan dövlətinə qarşı ölkə içində və xaricində möhvumatçı “dini müxalifət” strukturlarını yaratmaqla bu prosesin qarşısının alınmasına çalışılır. Tehranda “paniranizm” strateji mərkəzləri çox yaxşı anlayırlar ki, iki yüz il öncədən fərqli olaraq bu gün azərbaycanlılar daha şüurludur, demokratik düşüncə tərzini yaxşı mənimsəyiblər. Ona görə də cəmiyyətin bilgisiz kəsimini öz tərəfinə çəkməklə demokratiya və “dindarlar” arasında uçurum yaratmaqla çalışılır.
Əsas silah mövhumatdır

Çox təəssüf ki, Orta Şərq ölkələrində müstəmləkəçilik siyasəti din və dindarlıq adı ilə aparılır. Adicə Platonun Qərbdə minillər boyu tətbiq etdiyi ilahiyyat anlayışı 11-ci əsrdən bütün Şərqə din pərdəsi altında ifrat fars şovinisti “İmam Qazali” tətbiq edib. Ona qədər yunan və ərəb tarixi mövcud idi. Farsların kütləvi şəkildə Orta Şərqə köçü sayəsində hind fəlsəfəsi və ilahiyyat düşüncə sistemi ortaya çıxdı. Beləliklə, islam dini xurafat kultuna çevrildi. Din pərdəsi altında qədim fars-hind fəlsəfi sistemi beləcə yaranmışdır. Dinə tapınma bəhanəsi ilə rasional azadlığın qarışısı alınmışdır. Hədis adı altında hər şeyin din adamları tərəfindən qarşılığı olmadan qəbul edilməsi düşüncə sistemi yaranıb. Elm və texnoloji inkişafı dindən kənarda arayanları dinsiz olduqları konsepsiyasını irəli sürmüşdür. Buna görə də fars ideoloji sisteminin mənbəyi kimi bilinən İmam Qəzalinin “İhyau-ülumi-d -din”, “Kimyayi-səadət”, “Cəvahir-ül-Quran”, “Qəvaid-ül-əqaid”, “Kitab-ül-iqtisad fil İtiqad”, “İlcam-ül-əvam ən ilmil-kəlam”, “Mizan-ül-əməl”, “Dürrət-ül-fahirə”, “Əyyuhəl-vələd”, “Qistəs=ül-müstəqim”, “Təhafətül-fəlasifə”, “Məqasid-ül-fəlasifə”, “Əl-münkizü əni-d-dəlal”, “Əl-fətəva”, “Xülasatü-t təsnif fit-təsəvvüf”, “İlcamül-əvam” traktatları “paniranizm”in din pərdəsi altında yer alan konsepsiyaları sayılır.

Mövhumat pərdəsi milli fəlakətin təməlidir

Din siyasəti ilə İran molla rejiminin azərbaycanlıları hədəfə almasının sirri budur. İndi dünyanın harasında bir azərbaycanlı icması varsa, Tehran rejiminin yandaşı olan din xadimləri dərhal orada bir “şiə müsəlmanları” icmasını yaratmağa çalışır. Heç bir şeydən bilgisi olmayan soydaşlarımızın qafasını dərhal gerizəkalı mövhumatla doldurmağa çalışırlar. Bu proses demək olar ki, Rusiyada dərin köklərə qədər işlənilib. Azərbaycan Respublikasında da bir sıra təsisatlar yaradılıbdır. Cəmiyyəti mövhumatçılığa yönəltmək bu strategiyanın ana xəttidir.

Bu gün Azərbaycanda qəzet və jurnalların, TV və radio kanallarının, internet saytlarının sayı 3 minə yaxındır. KİV-lərin azından 500-ü peşəkar səviyyədə fəaliyyət göstərir. Lakin bəzi KİV-lərə İran molla rejimi nüfuz edə bilmişdir. Görünür, mediada, xüsusən sosial mediada maarifçilik prosesi gücləndirilərsə, ölkəmizə qarşı mənəvi təxribatlara asanlıqla son qoymaq olar. Bu məsələdə dindarlarımızın, din xadimlərimizin üzərinə xüsusi məsuliyyət düşür. Yəni cəmiyyətdə kim olursansa ol, Azərbaycan dövlətinə, azərbaycançılığa xidmət etmək gərəkdir.

İran rejimi faktiki olaraq, bu gün Ukrayna, Rusiya Federasiyası, Belorus, Moldova, Qazaxstan, Gürcüstan və Özbəkistanda yaşayan soydaşlarımızı və fəaliyyət göstərən diaspor təşkilatlarımızı din pərdəsi altında nəzarətə almaq üçün, çoxsaylı bir sıra sosial zümrələr yaradıbdır. Hətta onlara maliyyə dəstəyini verir. Savadsız insanları din pərdəsi altında öz tərəfinə çəkərək onlara sadəcə mövhumatçılıq öyrədilir. Beləliklə çalışılır ki, soydaşlarımız yalnız İran siyasətinin nəzarətinə keçsinlər. Çox acı da olsa bu bir gerçəklikdir. Soydaşlarımızın Azərbaycan dövlətinə olan inamı, azərbaycançılıq ideyasının çətiri altında bütünləşməsinin qarşısı məhz dini fanatizm və mövhutaçılıqla əvəz olunur.

Həmid Məmmədli
AzNews.az