"Hələ o vaxt Əli Kərimlinin SSRİ kəşfiyyat orqanı olan Dövlət Təhlükəsizlik Komitəsi ilə sıx əlaqələri olduğuna dair məlumatlar var idi". "Hələ o vaxt Əli Kərimlinin SSRİ kəşfiyyat orqanı olan Dövlət Təhlükəsizlik Komitəsi ilə sıx əlaqələri olduğuna dair məlumatlar var idi".

İqtidarla gizli danışıqlar, xarici kəşfiyyatla məxfi sövdələşmə və… – Kərimlinin bioqrafiyası

"Hələ o vaxt Əli Kərimlinin SSRİ kəşfiyyat orqanı olan Dövlət Təhlükəsizlik Komitəsi ilə sıx əlaqələri olduğuna dair məlumatlar var idi".

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsində AXCP sədri Əli Kərimli haqqında qeyd etdiyi “Əli Kərimli öz liderinə xəyanət edərək qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir” ifadəsi xüsusi diqqət çəkdi.

Söhbət, Əli Kərimlinin hansı “təcrübəsi”ndən gedir?

Yaxın tarix Ə. Kərimlinin həyat əlifbasında “xəyanət” kəlməsinin ilk sırada dayandığını təsdiqləyir və istər milli hərəkatı Bakıya ordu yeridən SSRİ-yə satması, istər AXC daxilində “Yurd” təşkilatı yaradaraq, Əbülfəz Elçibəyə zərbə endirməsi, istər sonrakı dövrdə hakimiyyətlə gizli əlaqələr qurması və s. haqqında faktlar kifayət qədərdir.

Ə. Kərimli 1990-cı ilin 20 yanvarında “qırmızı ordu” Bakıya qoşun yeridəndə yoxa çıxır. Onun tələbə yoldaşı, həm də “Yurd” təşkilatının üzvü olan dostlarından biri sonralar bu haqda belə yazır: “Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli “Şmit” zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər. Onlar 20 yanvarda SSRİ ordusunun Bakıya daxil olmasını qorumalı, şəhərin giriş-çıxışında qurulan barrikadalara bir növ nəzarət etməli idilər. 20 yanvarın səhəri gün biz tələbə yoldaşlarımızla maraqlanırdıq. Baxdıq ki, Əli Kərimli yoxdur. Yanvarın 21-də Əli Kərimli meydana çıxdı. Ona yataqxanada sual etdim ki, 20 yanvarda harada idin. Çünki həmin vaxt Kərimlinin Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqəsi “Krasnaya Zvezda” qəzetində çap olunmuşdu. Qəzetin Moskvada çap olunduğunu nəzərə alsaq, bu vəsiqənin surətinin sürətlə Moskvaya kim tərəfindən göndərilməsi maraqlı idi. Çünki qəzetdə əsaslandırılırdı ki, Bakıda orduya müqavimət olub, Müdafiə Komitəsi yaradılıb, Əli Kərimli də onun üzvlərindən biri olub. Həmin vaxt Əli Kərimlinin yaxını və qohumu olan Rahim Hacıyev avtomobillə köşkləri gəzib “Krasnaya Zvezda” qəzetini yığırdı ki, qəzet əhali arasında yayılmasın. Biz də Əli Kərimliyə sual etdik ki, sən axşam harada idin, necə oldu ki, vəsiqən sovet ordusunun mətbuat orqanında çap edilib. O da dedi ki, gecə onu rus əsgərləri tutub, indiki Nəqliyyat Nazirliyinin yanında bir yerdə saxlayıblar…”.

Hələ o vaxt Əli Kərimlinin SSRİ kəşfiyyat orqanı olan Dövlət Təhlükəsizlik Komitəsi ilə sıx əlaqələri olduğuna dair məlumatlar var idi.

Milli hərəkatın fəal üzvlərindən olan, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylinin Əli Kərimliyə xitabən yazdıqları onun keçmişinə dair aydın təsəvvürlər formalaşmasına imkan verir.

​“Bakı Dövlət Universitetində Qarabağla bağlı keçirilməsi nəzərdə tutulan mitinqə qarşı etiraz etdiyin günləri xatırla… Xatırladın, Mirabbasın tapşırıqlarını icra etdiyin vaxtları deyirəm. Milli Azadlıq Hərəkatının fəal iştirakçıları çox yaxşı bilir ki, sən heç vaxt qaynar nöqtələrdə, ön sıralarda olmamısan. Həmişə gizlənmisən, qaçmısan… Ya da gizlədiblər, səni hərəkata dürtənlər xəbərdarlıq edərək “qaç” deyiblər. 1989-cu ilin dekabrında, sovet əsgərləri ilk dəfə insanlara divan tutanda harada idin? Bəs dekabrın 5-də həbs olunan tələbə yoldaşlarının azadlığa çıxması üçün mübarizə aparan insanlara niyə qoşulmadın? Tülkü kimi kola çəkildin. Təhlükə sovuşandan sonra yenidən çıxdın, yaxud çıxarıldın ortalığa. Yanvarın 19-da axşam saatlarında, təxminən saat 19:00-da dabanına tüpürüb qaçdığını necə, unutmamısan? Sonra Müdafiə Komitəsinin üzvü olduğun barədə vəsiqən “qırmızı ordunun” “Krasnaya Zvezda” qəzetində dərc olundu… Biz bir qrup tələbə bu hadisədən xeyli öncə Müdafiə Komitəsində olan bütün sənədləri məhv etmişdik ki, ələ keçməsin. Amma nədənsə yalnız sənin vəsiqən ələ keçdi”, – deyə o qeyd edir.

SSRİ dağılandan sonra Ə.Kərimli liderim dediyi Əbülfəz Elçibəyin yaxın “silahdaşı” olaraq fəaliyyətini davam etdirir, eyni zamanda, Ayaz Mütəllibov iqtidarı ilə gizli əlaqələr qurur. O dövrdə iqtidarın məqsədi müxalifətdə olan Əbülfəz Elçibəyin hakimiyyətə gəlişinə mane törətmək idi və bu işdə Ə.Kərimlinin verdiyi məlumatlar əsas rol oynayırdı. Onun Əbülfəz Elçibəyin kabinetinə yerləşdirdiyi dinləmə cihazının məqsədi də məhz məlumat əldə etmək idi.

​E.Mirzəbəyli qeyd edir ki, Ə. Kərimli Xalq Cəbhəsinin qərargahında səsyazma cihazı da yerləşdiribmiş: “Mikrofon tərəfi Əbülfəz Elçibəyin otağında, dinləmə tərəfi isə sənin otağında olan cihazın sonu necə oldu? Bəs Xalq Cəbhəsinin qərargahındakı otağında, çay dəstgahı üçün nəzərdə tutulmuş kiçik masanın üzərindəki səsyazma cihazı indi hardadı? Hər dəfə otağına kimsə gələndə “matros” Faiqin çay süzmək bəhanəsi ilə düyməsini basdığı diktofonu deyirəm, xatırladın?”.

AXC iqtidara gəldikdən sonra da Əli Kərimli fəaliyyətini davam etdirdi. Elçibəyin hökumətində dövlət katibi postunu tutan Kərimli iki istiqamətdə zərbə endirirdi: birincisi, dövlətin strateji müttəfiq kimi seçdiyi Türkiyənin təsirinin qarşısı alınması, ikincisi vaxtilə AXC-nin içində yaratdığı “Yurd” təşkilatı;

Dövlətin strategiyasına zərbə: Əbülfəz Elçibəy prezidentliyi dövründə ən yaxın münasibətləri Türkiyə ilə saxlayırdı və bu proses Ankaranın Bakı üzərindən bütün regionda təsir imkanlarının genişlənməsinə doğru gedirdi. Lakin region ölkələri, xüsusilə İran və Rusiya bu strategiyanı qəbul etmirdi və onlara bu işdə dövlət katibi postunda əyləşən Əli Kərimli yardım edirdi.

Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev illər sonra Əli Kərimlinin İran kəşfiyyatı ilə “Əli” kod adı altında əməkdaşlığına dair sənəd yaydı.

Sənəddə deyilirdi: “Əli” adında agent İranın Bakıdakı səfiri Nəhavəndianın səfirliyin diplomatları ilə keçirdiyi müşavirədə Azərbaycan dövlət nümayəndə heyətinin İrana rəsmi səfərinin nəticələrini yüksək qiymətləndirir. Qeyd edir ki, Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək üzünü ona tərəf çevirir, Türkiyə siyasəti Azərbaycanda puça çıxır, İranın nüfuzu isə artır.

​“Bu imkanı əldən verməmək üçün Azərbaycana humanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməli, Azərbaycan rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək İran-Azərbaycan vətəndaşlarının vizasız bu dövlətə gediş-gəlişini təmin edilməli, Naxçıvan və Lənkəranda İranın baş konsulluqları açılmalıdır. İran televiziya proqramı birbaşa Azərbaycan televiziya kanallarının birində göstərilməli, bəzi rayonlarda İranın dini məktəbləri və mədrəsələri açılmalıdır. Azərbaycanın ali və orta təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlər tezliklə həllini tapmalıdır”, – deyən “Əli” adlı casus bu istiqamətdə çalışacağına söz verir

İki vərəqdən ibarət sənəddə Azərbaycan-İran münasibətlərində siyasi gərginlik yaranarsa, “Naxçıvan” məsələsinin ortaya atılması variantı çıxış yolu kimi göstərilir. Analoji əməkdaşlıq Rusiya ilə də aparılırdı.

Elçibəyə zərbə: Hakimiyyətdə dövlət katibi postunda təmsil olunan, lakin gizli “Yurd” təşkilatının əsas lideri kimi fəaliyyət göstərən Ə.Kərimli prezident Elçibəyin zəiflədilməsi və hakimiyyətin ələ keçirilməsi istiqamətində işləyirdi.

“Azadlıq” qəzeti 1994-cü ilin 22 yanvar sayında yazırdı: “Unutmaq lazım deyil ki, “Yurd” təşkilati cəhətdən ölkədə mövcud olan başqa təşkilatlardan fərqlənirdi. Bütün mahiyyəti ilə mason bir təşkilat olan bu birliyi konkret olaraq hakimiyyətdə kimin olması qətiyyən maraqlandırmır. Təki bu hakimiyyət onların mənafelərinə xidmət etsin”. (Sonradan bu qəzeti “yurdçular” ələ keçirdi).

“Yurd”un fəallarından olan Mahir Səmədovun mətbuata açıqlamasından: “Əli Kərimov Elçibəyin başının altına yastıq, ayağının altına qumbara qoyanlardandır… Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla 100-lərlə məqalələr yazdırıb. Əgər onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında saxladığı “Azadlıq” qəzetində AXCP sədrinin əleyhinə gedən yazıların qarşısını niyə saxlamırdı və indi də niyə saxlamır?”.

Elçibəyin mətbuat xidmətinin rəhbəri Ədalət Tahirzadə: “Cəbhədə iki qüvvə var. Biri “yurd”çular, biri cəbhəçilər. Mən “Yurd”u Cəbhə saymıram… Bu, özünün geniş təbliğat şəbəkəsi olan müstəqil partiyadır. Cəbhə o partiyanın yerləşdiyi geniş qurumdur. Onun rəhbəri Elçibəy idi. Heç kəsə gizli deyildi ki, “Yurd” Elçibəyi qəbul etmirdi… Elçibəy dünyasını dəyişdiyi günə qədər onu təhqir edənlər məhz “Yurd”un təsir dairəsində olan qəzetlər idi. Ən ağrılı nöqtələrinə məhz “Yurd”un təsir dairəsindəki qəzetlər sancırdılar”.

Hətta Elçibəyin xəstə yatağında olduğu vaxtlar “onun qadınla münasibətdə olduğu üçün prostat xərçənginə yoluxduğu” iddiasını da Kərimlinin mirzələri ortaya atmışdı. Və bu qəbildən olan təhqiramiz iddiaların sayı-hesabı yox idi.

AXC hakimiyyətdən gedəndən sonra Ə.Kərimli partiyanı ələ keçirmək üçün “yurdçu” fəaliyyətini genişləndirdi. Elçibəy Kələkidə olarkən o, bir tərəfdən AXC sədrinə qarşı sifarişli yazılar yazdırır, digər tərəfdən, sədrinin birinci müavini olaraq “de-fakto” partiyaya rəhbərlik edirdi. Elçibəy Bakıya qayıdandan və AXC-yə real sədrliyə başlayandan sonra Kərimlinin planları təxirə salındı. Lakin o, bütün cəhdlərlə müxalifətdaxili birləşməni pozur və “liderlik” ehtiraslarını asudə yaşamaq üçün Elçibəyin ölümünü gözləyirdi. Ona görə gözləyir deyirik ki, Elçibəyin ölümündə Əli Kərimlinin barmağının olduğuna dair yetərincə iddialar var. Əsas iddia isə Elçibəyin məhz Əli Kərimli tərəfindən zəhərlənərək öldürülməsidir. “Yurdçu”lar bu iddialara cavab olaraq, Elçibəyin öz əcəli ilə öldüyünü deyirlər, lakin sui-qəsd nəzəriyyəsinin araşdırmaçılarından hesab olunan yazar Həmid Herisçi bunun əksini düşünür.

​“Elçibəyin hansı yolla zəhərləndiyini dəqiq demək olmasa da, o dövrdə, mərhumun xəstə olduğu ilə bağlı söhbətlər yayılanda mənə məşhur bir xarici qonaq dedi ki, Elçibəy zəhərlənib və o, tezliklə öləcək. Lakin həmin adamın kimliyi ilə bağlı məlumat verə bilmərəm”, – deyə Herisçi qeyd edir.

Və bütün diqqətlər Əli Kərimlinin üzərinə yönəlir, çünki Elçibəyə qarşı mübarizəni məhz o aparırdı və məqsədi partiyanın liderliyini ələ almaq idi. Hətta 2000-ci illərdə hakimiyyətlə gizli əlaqələr qurmuşdu. Bu faktı 2016-cı ildə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov “Trend”ə müsahibəsində açıqlamışdı.

​S. Novruzov Kərimlinin hakimiyyətlə əlaqələr qurması haqqında deyirdi: “Əli Kərimli 2000-ci illərdə dəfələrlə yüksək vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib. Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa o vaxt Əli Kərimli ilə hakimiyyət arasında danışıqları Eldar Novruzovun apardığını bildirir: “Eldar Namazov danışıqların ilkin mərhələsində əsas bağlayıcı şəxs idi”.

​Əli Kərimlinin adının açıqlanmasını istəməyən keçmiş silahdaşlarından biri isə gizli danışıqların təfərrüatlarını açır: “Danışıqlar təkcə “Xankəndi” restoranında deyil, “Qurd qapısı” restoranında da aparılırdı. O danışıqlarda Əli Kərimli və “Yurd”dan olan yaxın ətrafı iştirak edirdi. Onun yanındakılardan biri də Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimli idi. Sonradan Əli Kərimli öz missiyasını yerinə yetirdiyi üçün müəyyən biznes da qurdu. Hətta balıq vətəgələrində də müəyyən paya sahib idi. Biznes işlərini də İnqilab Kərimli idarə edirdi. Əli Kərimliyə tapşırıqlar bir mərkəz tərəfindən ötürülürdü. Həmin mərkəzin adı “Proqnoz” idi. Onun rəhbəri rəhmətə gedib. Mərkəz də dağılıb. Amma o vaxt təlimatlar bu mərkəzdən göndərilirdi. “Azadlıq” qəzetində işləyən həmin adam isə Əli Kərimliyə çatdırırdı”.

Onun son məqsədi hakimiyyətə gəlmək idi və bunun üçün “ikili agent” oyunu oynamaqla yanaşı, istənilən dairələrlə danışıqlara gedirdi. Elçibəy vəfat etdi, Əli Kərimli illərdir qurduğu “lider” xəyalına çatdı və AXCP-nin sədri olaraq “ana müxalifət” iddiasını sərgiləməyə başladı. O, bu iddiasını təsdiqləmək üçün müxalifət daxilində bütün birlikləri, əməkdaşlıq formatlarını zaman-zaman dağıtdı, hətta sonda tək qalsa belə öz iddiasından əl çəkmədi.

Hərçənd, Ə.Kərimli siyasi ambisiyaları uğrunda təkcə müxalifətdaxili oyunlar qurmadı, həm də Azərbaycan dövlətinə qarşı xarici ölkələrlə əməkdaşlığa getdi.

– 2005-ci ildən sonra İranla yaxınlığı bərpa etmək üçün dini hissləri istismarına başladı və bu gün də Tale Bağırzadənin timsalında bu xətti müdafiə edir. (Hürrü Əliyevin açıqladığı sənəd onun bu tapşırığı İranda Azərbaycana qarşı fəaliyyət göstərən dairələrindən də ala biləcəyi fikrini gücləndirir).

​- 2013-ci ildə hakimiyyətə gəlmək üçün Rusiyaya üz tutdu və bu ölkədə Azərbaycana qarşı olan qüvvələrin qurduğu “Milyarderlər ittifaqı”nın layihəsində yer aldı.

​- Bütün bunlara paralel olaraq Qərbdə anti-Azərbaycan qüvvələrlə də təmasları davam etdirdi. Oğlu Türkel Kərimlinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin “rəhbəri” Bako Saakyanın oğlu Armen Saakyanla Azərbaycana qarşı təşkil olunmuş dinləmələrdə birlikdə iştirakı Əli Kərimlinin hakimiyyət sevdası uğrunda hətta ermənilər və erməni lobbisi ilə də əməkdaşlıq etdiyini təsdiqlədi.

Və bu gün o, eyni yollarda yürüməyə davam edir…

Asif Nərimanlı

AzNews.az