BƏƏ bu yolla gəmilərini Hörmüz boğazından keçirdi

Birləşmiş Ərəb Əmirlikləri İran, ABŞ və İsrail arasında davam edən münaqişə fonunda ixracı davam etdirmək üçün neft tankerlərini Hörmüz boğazı üzərindən izləmə sistemlərini söndürərək keçirdib.

Bu barədə Reuters sənaye mənbələri və gəmiçilik məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, ən azı 4 tanker apreldə artan risklərə baxmayaraq terminaldan çıxıb və təxminən 6 milyon barrel “Upper Zakum” və “Das” markalı xam neft daşıyıb.

Bildirilir ki, gəmilər İran qüvvələri tərəfindən aşkarlanma riskini azaltmaq üçün avtomatik identifikasiya sistemlərini (AIS) söndürərək hərəkət ediblər.

Bəzi yüklərin boğazdan kənarda digər gəmilərə ötürüldüyü və daha sonra Malayziya və Cənubi Koreyadakı emal zavodlarına göndərildiyi, digər hissəsinin isə Omandakı anbarlara boşaldıldığı qeyd olunub.

ADNOC məsələyə şərh verməkdən imtina edib.

Hesabatda bu daşımaların BƏƏ-nin normal ixrac həcmi ilə müqayisədə az hissə olduğu, lakin Körfəz ölkələrinin münaqişəyə baxmayaraq neft axınını davam etdirmək cəhdlərini göstərdiyi vurğulanıb.

Mövsüm,

AzNews.az