“Meydan TV” çalxalanır: pul didişməsi böyüyür - TƏFƏRRÜAT

Emin Milli kimi tanınan 39 yaşlı Emin Abdullayev “Meydan TV” rəhbərliyindən istefa verərək daimi yaşayış üçün ABŞ-a yollanacağını demişdi.

Ötən ilin oktyabrında səslənən bu açıqlama “Meydan TV”də maliyyə uğrunda mübarizədən xəbər verirdi.

Dolaşan iddialara görə, “Meydan TV”nin yeni rəhbəri postuna ən iddialı namizədlər iki nəfərdir: NİDA hərəkatının sabiq funksioneri Adnan Hacızadə və İstanbulda yaşayan, ermənilərin “Aqos” qəzeti ilə sıx əməkdaşlıq edən Arzu Qeybulla.

Emin Milli ABŞ-a yollanmaq istəyinin Prinston Universitetində təhsil almaq, habelə öz biznesini yaratmaq niyyəti ilə izah edib.

Fəqət, məsələ qələmə verildiyi kimi primitiv məcrada deyil.

Ötən ilin ortalarından etibarən Emin Milli internet telekanalının “ciddi maliyyə problemləri” ilə üzləşdiyini deyərək, sosial şəbəkələrdə “Meydan TV”yə yardım et” kampaniyasına başlamış, ianələr istəmişdi. 5 ABŞ dollarından başlayaraq 200 dollara çatan bu ianələrin hara, hansı hesaba yatırıldığı hələ də bəlli deyil.

Digər tərəfdən, “Meydan TV”nin əməkdaşları arasında 2018-ci ilin avqust ayından bəri maaş və qonorarlarla bağlı ciddi narazılıqlar var. Xüsusilə Azərbaycanda yaşayıb “Meydan TV” üçün çalışanlar qonorar məbləğlərinin sürəkli azalmasından şikayətlənirdilər.

Emin Millinin bu şikayətlərə standart cavabı var: “İnanın mənə, maliyyə vəziyyətimiz ürəkaçan deyil”.

Yəni “Meydan TV”nin pulu kəsilib, yoxsa bu telekanala artıq “qrant” adı ilə maliyyə verilmir?

Ötən ilin may ayında Helsinki komissiyası tərəfindən keçirilən dinləmələrdə iştirak edən “Meydan TV”nin rəhbəri Emin Milli buradakı çıxışında nəyinki Əli Kərimli və radikal müxalifət haqqında müsbət şey söyləməyib. Hətta onların fəaliyyətini tənqid edib.

Bu isə radikallar tərəfindən Emin Millinin qrantları təkbaşına yemək cəhdi kimi qiymətləndirilmişdi. AXCP-nin mətbuat katibi, hazırda Fransada yaşayan Natiq Ədilovun Facebook-da yazdığına görə, söhbət təxminən bir milyon dollar kimi məbləğdən gedir.

ABŞ-da yaşayan “müstəqil jurnalist və bloqer” Sevinc Osmanqızının “Meydan TV”dən aldığı qrantlarla bağlı açıqlama tələb etməsi “müstəqil jurnalist” Xədicə İsmayılın qəzəbinə səbəb olmuşdu.

Sevinc Osmanqızını Rəsul Quliyevin pullarını yeməkdə ittiham edən Xədicə onun küskünlüyünün səbəbinin “Meydan TV”yə rəhbər təyin edilməməsi olduğunu bildirib. Sonra tərəflər bir-birini qeyri-peşəkarlıqda ittiham edib və və ruhi xəstə adlandırıblar.

“Meydan TV” və radikalların savaşına “Milli Şura” adlı maronet qurumun sədri, siyasətə parodiya olan Cəmil Həsənli də qoşulmuşdu.

Cəmil Həsənlinin dediyinə görə, ona və Əli Kərimliyə “Meydan TV”də qadağa qoyulubmuş: “Onlar yedikləri qrantları doğrultmur”.

Cavabında “Meydan TV” əməkdaşı Orxan Məmməd isə əvvəllər “ağsaqqal” olaraq qəbul etdikləri şəxsi təhqir etməkdən belə çəkinməyib. Bu azmış kimi bir sıra saxtakarlıqları da ifşa edib. Sən demə, Cəmil Həsənli özü özündən müsahibə alıb “Meydan TV”yə göndərirmiş.

İndisə yeni faktlar üzə çıxır.

“Meydan TV”nin idarə heyətinin yanvar ayında keçirilmiş toplantısında direktor müavini Zarona İsmaylova və aparıcı əməkdaşlarından Stefan Pfeyfer kanaldan uzaqlaşdırılıblar.

Türkiyə əsilli Mərt adlı şəxs “Meydan TV”də layihə əlaqələndiricisi vəzifəsində işə başlayıb. E.Milli “European Stability İnitiative” analitik araşdırmalar mərkəzinin rəhbəri, Azərbaycanın lobbiçilik fəaliyyətini erməni lobbisinin sifarişilə “kürü diplomatiyası” adı altında təqdim edən Gerald Knausun cari ilin mart ayında kanalın idarə heyətinə üzv qəbul olunacağını da anons edib. G.Knausun, həmçinin Türkiyənin hakim siyasi dairələri ilə yaxın əlaqələrə malik olduğunu iddia olunur.

Ümumiyyətlə, tacik əsilli Z.lsmailovanın “Meydan TV”dən uzaqlaşması müəmmalıdır.

1974-cü ildə Tacikistanda anadan olmuş Z.İsmailova “Meydan TV”nin Almaniya və Gürcüstandakı ofislərinin maliyyə məsələlərinə nəzarət edib, kadrlar siyasətini həyata keçirib, qurumla beynəlxalq və yerli təşkilatlar arasında əlaqələndirici funksiyasını yerinə yetirib.

Z.İsmaliova “Muskie” proqramı üzrə ABŞ-da təhsil alıb, “Soros Fondu” Açıq Cəmiyyət İnstitutundan qrant əldə edib, müxtəlif illərdə “Amerika Hüquqşünaslar Assosiasiyası”nın (“American Bar Association”) və “Mərkəzi Asiyadakı Avrasiya Fondu”nun (“Eurasia Foundation in Central Asia”) Tacikistandakı ofisində mühüm postlar tutub.

Z.İsmailova Almaniya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu ehtimal edilən Uolker Yakobi (Volker Jacoby) adlı şəxslə qeyri-rəsmi nikahda yaşayır. U.Yakobinin tərcümeyi-halına diqqət yetirdikdə onun bir sıra bölgələrdə, o cümlədən Mərkəzi Asiyada “qaynar” nöqtələrdə fəaliyyət göstərməsi diqqəti cəlb edir. U.Yakobi müxtəlif illərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin səhra köməkçisi qismində, ATƏT-in Tbilisidə və Bişkekdəki missiyasında, BMT-nin Tacikistandakı sülhməramlı quruculuğa dəstək nümayəndəliyində, Almaniyanın “Haynrix Böll Fondu”nda, eləcə də “Texniki Əməkdaşlıq Cəmiyyəti”nin Əfqanıstandakı ofisində çalışıb.

U.Yakobi Əfqanıstanda olduğu dövrdə Z.İsmailova da həmin ölkədə fəaliyyət göstərib və onların arasında tanışlıq, ilkin münasibətlər də elə həmin ölkədə yaranıb.

U.Yakobi öz Twitter-dəki profilində həmişə “Meydan TV”nin məqalələrini, habelə Almaniya mediasında Azərbaycan hökuməti əleyhinə dərc olunmuş materialları paylaşır. U.Yakobi 1998-1999-cu illərdə bir müddət Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində yaşayıb.

Toplantıda “fırtına”

Bəhs etdiyimiz tonlantı əsnasında “Meydan TV”nin 2018-ci il üzrə maliyyə hesabatı müzakirə olunub.

Göstərilən dövrdə kanala ayrılmış qrantların ümumi həcminin təxminən 950.000 avro təşkil etdiyi məlum olub.

Belə ki, “Meydan TV” 2018-ci ildə Norveçin “Fritt Ord” təşkilatından 200.000 Norveç kronu məbləğində qrant alıb.

Kanalın ənənəvi donorları sırasında, həmçinin “Haynrix Böll”, “Fridrix Nauman”, “Fridrix Ebert” (Almaniya), “Demokratiyaya dəstək” (ABŞ) fondları, “Free Press Unlimited”, “Sərhədsiz Reportyorlar”, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi” (“OCCRP”), “People in Need”, habelə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Mərkəzi və Şərqi Avropada Şəffaflıq üçün Texnologiya” (“Technology for Transparency in Central and Eastern Europe”) təşkilatlarının adı çəkilir. Lakin E.Milli fərdi söhbətlərində qrant ayrılan təşkilatların ona işləməyə imkan vermədiklərini deyib və bu səbəblərdən əməkdaşlara verilən maaşların azaldığını xüsusilə vurğulayıb.

O, hətta öz maaşının məbləğinin də aşağı düşdüyünü deyib, vergilər ödədikdən sonra ona təqribən 2500 avro qalmasından şikayətlənib.

E.Milli Mehman Hüseynovun ətrafında yaranmış vəziyyətlə bağlı “əslində təqsirin M.Hüseynovun özündə olduğunu”, onun da “qardaşı Emin Hüseynov kimi qeyri-adekvat xarakterə malik olduğunu” vurğulayıb.

2018-ci ildə “Fritt Ord” təşkilatı tərəfindən eyni məbləğdə qrantın, həmçinin Emin Hüseynovun rəhbərlik etdiyi “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”na ayırması da Milli ilə Hüseynov arasında əlavə gərginlik mənbəyinə çevrilib.

“Deyirlər, Emin dəlidir…”

Emin Milli ilə Xədicə İsmayıl arasındakı çəkişməyə gəldikdə isə, o, hələ də davam edir.

X.İsmayıl müxalif təşkilatların və onların rəhbərlərinin, o cümlədən Qənimət Zahid, Arif Məmmədov və Leyla Yunusun fəaliyyətini qeyri-effektiv hesab edir, sosial medianın gündəmində saxlanılan məsələlərin əksər hallarda qrant naminə, süni şəkildə qabardıIdığını deyir.

Onun bloqer Mehman Hüseynovun qardaşı, “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu” adlı idefiks qurumun rəhbəri Emin Hüseynova olan kəskin antipatiyası isə bəlli məsələdir.

Xatırladaq ki, 2016-cı ildə E.Hüseynov Facebook səhifəsində yazmışdı: “Əgər sənin vicdanın təmizdirsə, onda zəhmət çək, barəmdə telefonla səsləndirdiyin fikrə ictimaiyyət qarşısında aydınlıq gətir və məndən üzr istə”.

X.İsmayılın cavabı çox sərt olmuşdu: “”Mən danışmaq istəmədim, sən israr etdin. Dedim ki, xaricdə oturub, burda əziyyət çəkənlərin hesabına pul qazanmaq istəyinə yardımçı olmaq istəmirəm. Xüsusilə də bu qazancı əldə etmək üçün bütün təşkilatlara yerli hüquq müdafiəçiləri, ölkədə qalıb, əziyyətlərə qatlaşanlar haqqında böhtan donosları yazmağından sonra. Sizin orda nə davanız var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bundan artıq deyib, özümün də, camaatın da ürəyini bulandırmaq istəmirəm. Sənə dedim, məni rahat burax. Nə qədər ki, ölkədəydin, əziyyətlərə qatlaşırdın, sənin bütün əyər-əskiyinə dözürdük. İndi daha nə qədər çalışsan da dissidentə oxşamırsan. Zənglərinə cavab verməyəndə bir şeyi yaddan çıxarmışdım. Onu da indi edim, səhifəni blok edim ki, daha belə postlarla məni narahat etməyəsən”.

Bundan sinirlənən E.Hüseynov buyurmuşdu: “Xədicə, əyər-əskiklərimizi tərəziyə çıxarası olsaq, səninkilər mənimkindən 10 qat pis olar”.

E.Hüseynov, eyni zamanda, E.Millinin çirkli təklifləri, ürəkbulandırıcı “iş birlikləri” barədə də məlumatlı olduğunu deyib. O, Avropada yaşayan bəzi mühacirlər barədə isə ad çəkmədən deyib ki, “siz strauslarsız, başınızı quma soxub, Emin Hüseynov barədə gic-gic danışırsız, intriqalar yayırsız”. E.Hüseynovu qəzəbləndirən əsas nüans isə onun guya ki, qardaşı Mehmanla yola getməməsi barədə söz-söhbət yayılması olub. O bildirib ki, qardaşı ilə çox yaxın dost olub və bu, hər zaman da belə olacaq.

İctimai sektordakı bəzi şəxslər barədə faktları canlı yayım vasitəsilə açıqlayacağını anons edən E.Hüseynov daha sonra aşağıdakıları bildirib: “Xədicə İsmaylın xəyanətkar olduğunu Emin Milliyə demişəm. Son görüşdə Emini kobud şəkildə pisləmişəm. Emin Milli Mehman Qələndərov barədə pis sözlər deyib. Bu qətli ört-basdır etməyə çalışan Xədicə İsmayılı gözümün işığı kimi təqdim edib. Xədicə İsmayıl, Emin Milli, gəlin, canlı yayıma çıxaq. Kimin nə xəyanət etdiyini deyəcəm. Emin və Xədicə, siz Vaşinqtona, Londiona yazırsız ki, Emin qeyri-adekbatdır, qrant yeyəndir. Sonra yazırsız ki, Eminin psixoloji problemləri var. Sözünüz hamısı boş çıxıb. Dediklərimi faktlarla təkzib edə bilmirlər, deyirlər, Emin dəlidir, başqaları ilə yola getmirlər” .

Emin Milli, deyəsən, üç il əvvəl başlayan və hələ də səngiməyən qarşıdurmada ünvanına səslənmiş ittihamları unutmadığından yeni “cavab” hazırlayır.

“Müstəqil”lərin Marlezon baleti davam edir…

Elçin Alıoğlu