Bu istiqamətdə beynəlxalq təcrübə nədən ibarətdir? Bu istiqamətdə beynəlxalq təcrübə nədən ibarətdir?

“Reket jurnalistika” - Azərbaycan mediasının qara ləkəsi - RƏYLƏR

Bu istiqamətdə beynəlxalq təcrübə nədən ibarətdir?

Son illər Azərbaycanda "reket" jurnalistika ilə mübarizə nəticəsində bir neçə mətbuat orqanının fəaliyyəti yasaqlanıb və onların rəhbərləri cinayət məsuliyyətinə cəlb olunub. Amma buna baxmayaraq, Azərbaycanda "reket" jurnalistika ilə məşğul olanların sayı durmadan artır. Bu da ölkədə medianın azad olmasından sui-istifadə edən dələduzların fəaliyyətinin genişlənməsinə səbəb olur. Belə fəaliyyətin qarşısının alınması üçün Mətbuat Şurası (MŞ) və hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Bununla yanaşı, bəzi müxalif dairələr Azərbaycanda "reket" jurnalistika ilə mübarizəni azad medianın sıxışdırılması kimi qiymətləndirir. Bəs, görəsən, ümumiyyətlə, "reket" medianın məsuliyyətə cəlb olunması üçün hansı zəruri tədbirlər görülməlidir? Bu istiqamətdə beynəlxalq təcrübə nədən ibarətdir?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət açıqlamasında bildirib ki, “reket” jurnalistika cinayət əməlidir: “Şərti olaraq “reket” dediyimiz media və onu işlədənlərin jurnalistika ilə məşğul olan insanlar deyil. “Reket”çilik ümumiyyətlə, jurnalistika deyil və bu, tamam başqa sahədir. Bu, bir cinayət əməlidir. Ona görə də bu işlə məşğul olanlara cəza kəsilməlidir. Sadəcə olaraq, Azərbaycandakı mətbuat azadlığından sui-istifadə edən, xüsusən də dələduzluqla məşğul olmağı özlərinin həyat tərzlərinə çevirən bir sıra şəxslər mətbuata soxularaq iyrənc fəaliyyət göstərirlər. MŞ-da bu məsələlər mütəmadi olaraq müzakirə olunur. Çünki Şuraya edilən şikayətlərin əksəriyyətini “reket” medianın fəaliyyətindən zərərçəkənlər ediblər. Sonra həmin medianın məsul şəxsləri Şuraya dəvət olunan zaman onların təhsillərindən əlavə, dünyagörüşülərinin olmadığı məlum olur. Hətta onu deyim ki, biz onları anlamaqda çətinlik çəkirik. Təbii olaraq, onlar da bizi anlamaqda çətinlik çəkirlər. Çünki onlar mediadan xəbərsiz dələduzlardır”.

“Jurnalistikadan sui-istifadə edənlərə müəyyən müddətə media fəaliyyəti ilə məşğul olmaq yasaqlanmalıdır”

A.Həsrət “reket”çiliyi özlərinə məşğulluq bilənlərin fəaliyyətlərinin qarşısının alınması üçün uzun müddətdir təkliflər irəli sürdüyünü qeyd edib. Onun sözlərinə görə, bununla bağlı dövlət qurumlarına müraciətlər edilir: “Azərbaycanda qanunvericiliyin dəyişdirilməsinə çox ciddi zərurət var. Məsələn, ölümlə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsini törədən sürücü müəyyən müddətə avtomobil idarə etmək hüququndan məhrum edilir. Hesab edirəm ki, jurnalistikadan sui-istifadə edən, mütəmadi olaraq peşə-davranış qaydalarını pozan şəxslərə müəyyən müddətə media fəaliyyəti ilə məşğul olmaq yasaqlanmalıdır. Düşünürəm ki, bu cəza Azərbaycanda “reket” jurnalistikanın fəaliyyətini məhdudlaşdıracaq. Bununla da onlar dələduz əməllərini jurnastikanın adına sırımayacaqlar”.

“Bəzi müxaliflərin Azərbaycanda “reket” media ilə mübarizəni azad mətbuatın sıxışdırılması kimi qələmə verməsi gülünc doğurur”

A.Həsrət vurğulayıb ki, Azərbaycanda çap və onlayn medianın əməkdaşları üçün vahid vəsiqə verilməsi prosesi davam etdirilsə “reket” jurnalistikanın qarşısı alınacaq: “Çünki təsadüfi şəxslər o vəsiqəyə sahib ola bilməyəcəklər. Azərbaycanda senzura ləğv olunub. Bəzi müxaliflərin Azərbaycanda “reket” media ilə mübarizəni azad mətbuatın sıxışdırılması kimi qələmə verməsi gülünc doğurur. Jurnalistikanın təmiz olması siyasi baxışından asılı olmayaraq hamıya lazımdır. Çünki hər kəs istəyər ki, normal media olsun”.

“Reket”çiliklə məşğul olanlar ölkədə sözü hörmətdən salmaqla yanaşı, cinayətkarlıqla məşğuldurlar”

“Reket” jurnalistikasından danışan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Report”a deyib ki, “reket”çiliklə məşğul olanların fəaliyyəti bütövlükdə jurnalistikaya böyük zərbə vurur: “Mən bu fəaliyyətə “reket” də olsa belə, jurnalistika deməyi uyğun saymıram. Bu fəaliyyət “reket” cinayətkarlıqdır. Çünki onlar medianı özlərinə qazanc mənbəyi kimi görürlər və pul qazanmaq naminə bu sahəyə axışmağa başlayırlar. Hesab edirəm ki, onlara qarşı sərt tədbirlər görülməlidir. Görünür, Azərbaycanda sözə hörmətin və sözün yaratdığı qorxunun olması səbəbindən onlar mediaya axın edirlər. Amma onlar ölkədə sözü hörmətdən salmaqla yanaşı, cinayətkarlıqla məşğuldurlar. Diqqətlə fikir versəniz, onların daha çox qazanc məqsədi ilə kimlərisə şantaj etdiyini və kimlərinsə haqqında yalan məlumatlar yaydığının şahidi olarsınız. Bu da təbii ki, cinayət xarakterli əməldir və bunu törədən şəxs kimliyindən asılı olmyaraq məsuliyyətə cəlb olunmalıdır.

“Başdan-başa internetləşən Azərbaycanda medianı və ifadə azadlığını sıxışdırmaq qeyri-mümkündür”

R.Arifoğlu hesab edir ki, Azərbaycanda medianı və ifadə azadlığını sıxışdırmaq qeyri-mümkündür: “Çünki Azərbaycan başdan-başa internetləşib. Sosial şəbəkələr mövcuddur. Hər kəs bloq, yotube və digər sosial şəbəkə hesabı yaradıb istədiyi fəaliyyətlə məşğul ola bilir. Ona görə də düşünürəm ki, Azərbaycanda azad medianın sıxışdırılması iddiası artıq demoqojidir. Çünki, hətta hökumət istəsə belə, Azərbaycanda azad medianı sıxışdıra bilməz. Hazırda belə bir fakt ölkədə mümkün deyil. Bu iddianın sahibləri həm daxildəki müxalifətin, həm də xaricdə xüsusi xidmət orqanlarının müdaxiləsi ilə təşkilatlandırılan xarici müxalifətin ən zəif iddialarından biridir. “Reket” jurnalistika ilə mübarizədə Mətbuat Şurası gecə-gündüz araşdırmalar aparır. Araşdırmalardan sonra sənədlər toplanaraq hüquq-mühafizə orqanlarına təqdim edilir. Burada Azərbaycanın hüquq-mühafizə orqanları çəkinir. Hesab edirəm ki, bununla bağlı ciddə tədbirlər görülməlidir. Eyni zamanda, “reketçi”liklə mübarizədə hüquq-mühafizə orqanlarının sürətli fəaliyyət göstərməsinin tərəfindəyəm. Amma təəssüflər olsun ki, bunu müşahidə edə bilmirik”.(report.az)

AzNews.az