Məzhəblər və təriqətlərə deyil, imana pənah gətirilməlidir Məzhəblər və təriqətlərə deyil, imana pənah gətirilməlidir

Şimali Osetiyada “məscid davası”

Məzhəblər və təriqətlərə deyil, imana pənah gətirilməlidir

Əhalisinin 30-40 faizi müsəlman olan Şimali Osetiyada 50-yə yaxın məscid var. 4 min 121 kv. km. ərazisi olan bu balaca respublikanın 700 min nəfərdən bir qədər artıq əhalisi vardır. Müsəlman əhalisinin tərkibi isə belədir: Kumıklar 12 min 659, Ahısqa Türkləri 2 min 835, tatarlar 2 min 108, azərbaycanlılar 2 min 429, çeçenlər 3 min 383, inquşlar 24 min 442 nəfərdirlər. 2019-cu il yanvar ayının statistik göstəricilərinə görə osetinlərin bir hissəsi də daxil olmaqla ümumi əhalinin 200 min nəfəri islama dininə etiqad edir. Faktiki olaraq bu gün ənənəvi şəkildə Şimali Osetiyada yaşayan müsəlman əhalisi daha çox icmalar əsasında formalaşıblar. Hər bir xalqın konkret şəkildə yaşadığı məkan var və yerli əhali məscid məsələsində heç bir problemlə üzləşmirlər. Ayrıca “Şimali Osetiya Müsəlmanları Dini Şurası” adlı qurum mövcuddur. 1990-cı illərin sonlarından başlayaraq, Şimali Qafqazın hər yerində olduğu kimi, Şimali Osetiyada da gözlənilmədən müsəlman əhalisi arasında yeni dini cərəyanlar peyda oldu. Halbuki, ənənəvi şəkildə bölgə əhalisi əsasən müxtəlif sufi təriqətləri, azərbaycanlılar və osetinlərin az hissəsi isə şiə idi. Nurçuluq, vəhhabilik, şiləyin xomeyniçi təfsiri bölgədə peyda olduqdan sonra, müsəlman icmaları arasında kəskin şəkildə anlaşılmazlıqlar da meydana gəldi. Rusiya dövləti üçün din pərdəsi adı altında ölkəni təhdid edən, xalqlararası münasibətlər məsələsində problemlərə səbəb olan, radikalizmin və terrorizmin yayılması ideyalarının qarşısını almaq çox baha başa gəldi. Bunun üçün azından 15 il çox gərgin keçən zaman tələb olundu.

Sovet İttifaqı dağıldıqdan sonra, İran postsovet məkanında mövqeyini gücləndirmək üçün ikili taktika ilə hərəkət etməyə başladı. Bu, “irandilli” xalqlar, bir də “müsəlman” faktoru əsasında uzaq hədəflərə hesablanmış strategiyadan ibarət idi. Şimali Osetiyaya nüfuz etmək üçün təbii olaraq, osetinlərin “irandilli xalq” statusundan faydalanmağı tərcih etdi. Osetinlər etnos kimi XVIII əsrdən etibarən formalaşma prosesinə qədəm qoyublar. Buna görə də, etnik kimlik məsələsində bölgənin hansı adı daşıması üzərində elə bu gün də mübahisələr davam edir. “İriston”, “Diqor” və “İroni” adı ilə tanınmanın tərəfdarlarının hər birinin iddiası mövcuddur. Tarixi zərurətdən doğan etnomədəni və etnosiyasi konsepsiyanın şərtlərini isə dünya dəyişmək istəmir. Beləcə bölgə Şimali Osetiya olaraq tanınmaqdadır. 2018-ci ilin feevralında Şimali Osetiyanın paytaxtı Vladiqafqazda “İran-İriston” Dostluq Cəmiyyəti təsis olundu. Mərasimə İranın Moskvadakı səfiriliyinin məıdəniyyət üzrə attaşesi Rza Maliki də qatılmışdı. Beləliklə Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan, Mahaçqala şəhərlərindən sonra Vladiqafqazda da “İran Mədəniyyət Mərkəzi” rəsmi status qazandı. Bu qurum Şimali Osetiyada İranla bağlı ikinci təşkilat sayılır. Daha əvvəllər “Şimali Osetiya İran Diasporu” fəaliyyət göstərirdi və rəhbəri Rəşid Rzazadədir. Vladiqafqazdakı Kosta Xetaqurov adına Dövlət Universitetində fars dili fakültəsi fəaliyyət göstərir. Buna görə də Tehran universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.


C:\Users\User\Documents\xulase cari\cap\vladiqaf-.jpg

Vladiqafqazda nə baş verir?

Şimali Osetiyanın paytaxtında iki məscidi nəzarətə almaq üçün müsəlman əhalisi arasında qarşıdurmalar hətta rəsmi Moskvanı belə, narahat edir. Çünki, əvvəllər bütün Şimali Qafqazda tüğyan edən sələfi-nurçu cərəyanlarının terrorizminin qarşısını almaq olduqca baha başa gəlmişdi. İndi də gündəmə gələn barışmaz digər cərəyanlar təbii olaraq yeni problemlərə səbəb ola biləcək faktorlardan biridir. Vladiqafqazda ilk məscid 1867-ci ildə tatar, noqay və qaraqalpaqların təşəbbüsü ilə inşa olunub. İkinci məscid isə 1900-cü ildə tikilibdir. Bu vaxt Şimali Osetiya müsəlmanları “Terk (Türk) Müsəlman İcması” statusu ilə fəaliyyət göstərirdi. Tatarəsilli mühəndis-memar Sadiq Radimqulovun təşəbbüsü ilə İstanbduldakı “Aya Sofiya Məscid”inin bənzəri olan layihə irəli sürüldü. Bu məscidin layihəsi həm də bütün Şimali Qafqazda memarlıq incisi idi. Külli miqdarda pul tələb edən bu təşəbbüsə azərbaycanlı kapitalist Murtuza Muxtarov qoşuldu. Beləcə məscid məşhur milyonerin osetin mənşəli xanımı Liza Tuqanovadan dünyaya gələn qızı Fatma Tuqanovanın şərəfinə adlandırıldı. Bunun əsas səbəbi dominantlıq təşkil edən yerli tatar icmasının mövqeyi idi. Beləliklə, məscid sünni və şiələrin ortaq ibadət məkanına çevrildi.

Bu barədə 1908-ci il 14 oktyabr tarixində “Kaspi” qəzetində geniş bir məqalə də dərc olundu: “Orucluq Bayramı münasibətilə Vladiqafqazın mərkəzində, Terek çayının sağ sahilində türk-islam mədəniyyətinin sintezi olan məscidin açılışında şiələri təmsil edən axund və sünnilərin nümayəndəsi imam birlikdə bayram namazı qıldılar”. Bu səpkili informasiya Rostovda dərc olunan “Terskie vedomosti” qəzetində də getmişdir. Bakıda isə həmin məscid “Murtuza Muxtarov adına Cümə Məscidi” olaraq tanındı. 1934-cü ildə “Allahsızlar cəmiyyəti” yaranan zaman Vladiqafqaz şəhər icraiyyə komitəsinin qərarı ilə Şimali Qafqazın bu nadir memarlıq incisi dağıdılmalı idi. 84 saylı kavaler alayının 25 saylı hərbi birləşməsinin komandiri, milliyyətcə tatar olan Y. İ. Betkenovun təşəbbüsü ilə məscid tarix-memarlıq abidəsi statusunu aldı. Sonradan məscid “Nadejda Krupskaya adına Uşaq Baxçası”na çevrildi. Bu gün Kotsoeva küçəsi, bina 62 ünvanı ilə tanınan məscidlə bağlı yeni problemlər üzə çıxıb.

110 illik tarixi olan məsciddəki problemlər

Şimali Osetiyada Borçalı (Gürcüstan), Azərbaycan və Dərbənddən (Dağıstan) gələn soydaşlarımız “Murtuza Nağıyev adına Cümə Məscidi”ndə dini ayinləri icra etməklə yanaşı, burada xüsusi status əldə etməyə çalışırlar. Vladiqafqaz, Mozdok, Alagir, Beslan, Ardon, Sunja, Elxotovo rayonlarında yaşayan soydaşlarımıza məxsus dini icmalar bu məscidlə bağlı problemlərin yaranmasının əsil səbəbi isə, İranın bölgədə “Mədəniyyət Mərkəzi” açmasından sonra gündəmə gəlib. Bu mərkəzin təhriki ilə bizim soydaşlarımız ümumiyyətlə məscidi inhisara almağa çalışırlar. Halbuki, Vladiqafqazda yaşayan və hər gün minlərcə insanın Şimali Qafqazın digər bölgələrindən buraya alış-veriş üçün gəlmələri səbəbindən sünni çoxluğu da nəzərə almaq lazımdır. “Şimali Qafqaz Müsəlmanları Müftilər Şurası” bu məqsədlə 26 yanvar 2019-cu il tarixdə “Qafqaz Müsəlmanları Ruhani İdarəsi”nin sədri şeyxülislam Allahşükür Paşazadəni Vladiqafqaza dəvət edib. “Şimali Qafqaz Müsəlmanları Müftilər Şurası” və “Qafqaz Müsəlmanları Ruhani İdarəsi” birlikdə bütün dini icmaların rəhbərlərinin iştirakı ilə konfrans keçirərək

Musa Nağıyevin vaxtilə atdığı addımları davam etdirməyə səsləndiriblər.

1868-ci il və bu gün İranın hoqqası


C:\Users\User\Documents\xulase cari\cap\vladiqaf.jpg

XIX əsrin ikinci yarısında kapitalizmin inkişafı ilə əlaqədar Qafqazda bir sıra sənaye və inzibati mərkəzlər yaranmağa başladı. Vladiqafqaz şəhəri beləcə sürətlə inkişaf edirdi. Cənubi Qafqazdan və eləcə də İrandan əsasən azərbaycanlı mütəxəssislərin, işçilərin, tacirlərin axını təbii xarakter daşıyırdı. Qısa zaman içində Vladiqafqazdakı azərbaycanlı icma müasir tipli imarətlər, mağazalar, istehsal vasitələri ilə yanaşı, müsəlman icması olaraq məscid tikdilər. Gəncə, Tiflis, İrəvan, Təbriz, Bakı, Naxçıvan, Ordubad və digər bölgələrdən gələnlər üçün burada münbit şərait var idi. Məşhur din xadimi Hacı İsmayıl Həsənoğlu isə bu məscidin uzun illər mollası vəzifəsində çalışıb. 1963 və 1992-ci illərdə Vladiqafqazda yaşayan soydaşlarımız tərəfindən yaradılmış “Azəri” Cəmiyyəti mərhum prezident Əsgərbəy Qalazova müraciət edərək həmin məscidə sahib çıxmaq istəmişlər. Məscidin soydaşlarımızın istifadəsinə verilməsi proseduru bir neçə il sürmüş və heç bir nəticə verməmişdir. Tamamilə xarabalığa çevrilmiş məscidi bərpa etmək üçün vəsaiti toplamaq mümkün olmadı. Şimali Osetiya Müsəlmanları Ruhani İdarəsi 2000-ci illərdə Rusiya prezidentinə müraciət edərək məscidin statusu və bərpasına nail olmağa çalışdı. Məqsəd burada “İslam Mədəniyyəti Mərkəzi”ni yaratmaq idi. Bu gün Şimali Osetiyada fəaliyyət göstərən “İran-İriston Cəmiyyəti”, “Şimali Osetiya Şiə Müsəlmanları Cəmiyyəti” (sədri Ruslan Kusov), “Azəri” Cəmiyyəti və digər icmalar bir araya gələrək bölgədə şiə icmaları statusunu gücləndirməyə çalışırlar. Xüsusilə İranın Qum, Tehran, Rey, İsfəhan, Şiraz, Yəzd və digər şəhərlərində dini təhsil almış, əslən Borçalıdan və Azərbaycandan olan dindarların Vladiqafqazda çəkisini artırması son illərdə daha çox müşahidə olunur.

Aparılan müşahidələrə görə İran molla rejiminin əsas məqsədi Dağıstan, Şimali Osetiya və Şimali Qafqazın digər regionlarını altında nəzarətə almaqdır. Tehrandakı “Qafqaz Araşdırmalar Mərkəzi” bu strategiyanı tərtibləmək üçün 150-dən çox alimi bu prosesə cəlb edibdir. Mərkəzin “qafqaz.ir” internet resursunda mütəmadi olaraq bu barədə strateji təhlillər də yayınlanır. Faktiki olaraq, 2015-ci ildən bu yana Şimali Osetiyada sünni və şiə icmaları arasında yaşanılan soyuqluğun İran tərəfindən körükləndiyini bu gün çoxları başa düşür. Halbuki belə bir durumun yaranması burada yaşayan osetin, avar, çeçen, inquş, kabardalı, ləzgi, adıgey, tacik, kürd və digər müsəlman xalqlarının azərbaycanlılara ədavətinə səbəb olurdu. Təbii olaraq bütün bunlardan ən çox yararlanan tərəf isə, bölgədə yaşayan 27 minlik erməni cəmiyyəti idi. Ermənilərin “Erebuni”, “Nairi”, “Berd”, “Vardanank” və “Ararat” cəmiyyətləri bu istiqamətdə xristian osetinləri provakasiyalara cəlb edərək məqsədlərinə nail ola bilirlər. 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyi münasibətilə demək olar ki, Şimali Osetiyanın əksər kilsələrində mərasimlər keçirildi.

Ə. Yusifoğlu