NKVD-nin mirasçısının böhtanları

F.Abbasovun jurnalist statusu ilə “ZVEZDA TV” kanalında ermənilərlə apardığı depbatlarda yaranmış gərginliyə görə təqsikar olduğunu A. Məmmədov dolayı dillə etiraf edir

Çeçenistanın mərhum prezidenti Cövhər Dudaevlə vitse-prezident mərhum Zəlimxan Yandarbiyevlə olan bir dialoqu heç zaman yadımdan çıxmayacaq. Yandarbiyev israrla təkid edirdi ki, filankəsi filan vəzifəyə təyin etmək lazımdır. O, ziyalı, olduqca bilikli və kübar bir şəxsiyyətdir. Dudayev uzun dartışmadan sonra belə bir cavab verdi: “İsrar etdiyin şəxsin babası Çar Rusiyasının ən etibarlı gizli agentlərindən biri olub. Atası NKVD-nin gizli zabiti kimi Stalinin dəyər verdiyi bir şəxs idi. Onun özü isə, FSB-nin agentidir”. Yandarbiyev şair olduğu üçün hər şeyə emosional tərzdə yanaşdığına görə bu söhbətdən sonra, səhvini dərk edərək bir daha Dudayevlə mübahisə etmədi.

Siyasi dolanbaclarının xüsusi sifarişləri

Yaşadığımız XXI əsr əslində daha çox “informasiya” dövrü kimi qəbul edilir. Siyasi, iqtisadi və digər sahələr informasiya məkanının nə qədər xüsusi çəkisi olduğunun fərqindədirlər. Ona görə də indi kimsəni aldatmaq qeyri-mümkündür. Bizim cəmiyyətdə təəssüf ki, hələ də saxtakarlara inananlarımız var. Belə bir düşüncə içində olanları aldatmaq və cəmiyyətin qəhrəmanına çevrilmək çox asan başa gəlir. Belələrindən biri də Avropada mühacir statusu ilə yaşayan keçmiş diplomat Arif Məmmədovdur.

Açıq bioqrafik məlumatlara görə, o Gəncədə orta məktəbi bitirdikdən sonra, 1983-1988-ci illərdə Moskvada SSRİ müdafiə nazirliyinin “Baş Hərbi Kəşfiyyatı İdarəsi”nə bağlı olan “Moskva Hərbi İnstitutu”nda təhsil alıb. O zaman hər yoldan ötən belə bir sanballı təhsil ocağına düşə bilməzdi. Bunun üçün “QRU”-nun (Qlavnıy Razveditelnıy Upravlenie, Baş Hərbi Kəşfiyyat İdarəsi) xüsusi arayışları olmalı idi. Gəncədəki hərbi hissə xalq arasında deyildiyi kimi “Vtoroy çast” (İkinci hissə) ermənilərin sıx yaşadığı məhəlləyə bağlı idi. “Vtoroy çast”da Moskvadan gəlmiş yüksək rütbəli zabitlər çoxluq təşkil etsələr də, yerli əhali qismində erməni xəfiyyəçilərinin xüsusi çəkisi var idi. Məhz ermənilərin hazırladıqları “xüsusi arayış” nəticəsində yerli azərbaycanlı kadrlar “QRU”-ya cəlb oluna bilərdilər. Bu işin təməli Stalinin dövründə qoyulmuşdu. Çünki Stalin Bakı, Gəncə, Şuşa, Naxçıvan, Tiflis və İrəvanın nə demək olduğunu çox yaxşı bilirdi. Hərbi kəşfiyyat üzrə mütəxəssislər də etiraf edirlər ki, Gəncədə Stalin dövründən miras qalmış “NKVD” (sonradan bu qurum QRU və KQB-yə bölündü) idarəetmə sistemi SSRİ dövləti dağılana qədər mövcud idi. Yəni, keçmiş NKVD əməkdaşlarının və ya xəfiyyəçilərin övladlarına hər zaman “yaşıl işıq” açıq idi. Arif Məmmədov da bu prinsiplər və “arayış” sayəsində Moskvada təhsil aldı. İstənilən siyasətçinin bioqrafiyasının bütün yönləri cəmiyyətə açıq olmalıdır.

A. Məmmədovun Moskvada ali təhsilini bitirdikdən sonra, yəni 1988-ci ildən 1993-cü ilə qədər bioqrafiyası wikipediyada qeyd olunduğu kimi tamamilə qaranlıqdır. O, gözlənilmədən 1993-cü ildə Hollandiyanın “Klingendael Beynəlxalq Əlaqələr İnstitu”nda diplomatik sahə üzrə təhsil alıb. 1994-cü ildə İngiltərə xarici işlər nazirliyinin təşkil etdiyi kurslarda təlim keçib. Moskvada oxuduğu “QRU” üçün Yaxın Şərq üzrə xüsusi agent kimi hazırlanması bioqrafiyasının tərkib hissəsidir. Burada onun həbəş, ingilis və fransız dilləri üzrə xüsusi kurs keçməsi bu faktı sübut edir. 1995-ci ildən 2000-ci ilə kimi A. Məmmədovun bioqrafiyası qaranlıqdır. Sanki, peşəkar xəfiyyəçi kimi gizlində qalmağı üstün tutub. 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin təmsilçisi statusu ilə Belçikanın paytaxtı Brüsseldə ölkəmiizn Avropa İttifaqının yanındakı nümayəndəliyində 2006-cı ilədək işləyib. 2007-2012-ci illərdə Strasburqda (Fransa) Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi olub. 2013-cü ildən Brüsseldəki “İslam Əməkdaşlıq Təşkilatı”nın Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri kimi çalışıb. Onun bioqrafiyasının qaranlıq qalan sirlərindən biri də nə üçün bu qədər tutduğu mühüm vəzifələrdən sonra istefaya göndərilməsidir.

Arif Məmmədovun “böhtan kampaniyası”nın ardında nələr dururdu?

Belçikada siyasi sığınacaq alan kimi, Azərbaycan hakimiyyətinə böhtan kampaniyasını başlatmasının gizli səbəbləri uzun müddət qaranlıq qaldı. Ona görə ki, A. Məmmədov meydanda yalnız idi. Avropanın müxtəlif dövlətlərində mühacir statusu ilə yaşayan bəzi soydaşlarımızı ələ almaq birinci vəzifəsi idi. Bunun üçün insan haqları və demokratik vətəndaşlıq mərkəzi yaratmaqla özünə siyasi reytinq qazandırmaq tələb olunurdu. Bu taktikadan məharətlə istifadə edərək “AND” (Azərbaycan Naminə Demokratiya) adlı bir hərəkatın yarandığını elan etdi. Çünki Azərbaycanda bəzi xarici dövlətlərin proyekti olan və müxalifətin adından çıxış edərək “Milli Şura”nın xaricdəki dəstəkçilərinə ehtiyac var idi. AND-nin uzun müddətdir apardığı təbliğatlardan biri Azərbaycan Respublikasının Konstitusiyasını dəyişdirərək “şəriət dövləti” yaratmaq istəyən, bunun üçün hətta silahlı qiyam tərəfdarı olanların müdafiəsinin təşkili də A. Məmmədovun strateji hədəflərindən biri olub. Bu, elə bir zaman idi ki, İraq, Liviya, Tunis, Əlcəzair, Yəmən, Oman, Misir və Suriyada siyasi böhranlarla yanaşı, vətəndaş müharibəsi alovlarının ilğımı digər Yaxın Şərq ölkələrində təkrar olunması təhlükəsi an məsələsi idi. Yaxın Şərqdə konfliktlərin gündəmə gətirilməsi üzrə Moskvada təhsil almış A. Məmmədovun demokrat cildinə girməklə Azərbaycanın da bu bataqlığa sürüklənməsi hədəfləri baş tutmadı. Çünki Azərbaycan hakimiyyəti və xalq “şəriət dövləti” ideyasının tərəfdarlarının əsil yerinin harada olmasını onlara vaxtında göstərə bilmişdi.

İstefa və çamurlar

22 may 2019-cu il tarixdə A.Məmmədov gözlənilmədən AND rəhbərliyindən istefa verib. Daha sonra açıqlamasında qeyd edib ki, bundan sonra müstəqil siyasətçi kimi fəaliyyət göstərəcək. Yenə də onun istefası qaranlıq mətləblərlə dolu olaraq qaldı. Az sonra A. Məmmədov qollarını çırmalayaraq Moskvada həbs olunan jurnalist Fuad Abbasova qarşı təbliğata start verib. Rusiyada yaşayan soydaşlarımızın bəzi problemlərini nəzərə alaraq, Fuad Abbasovun üzərindən Azərbaycan hakimiyyətinə qarşı yeni “gizli sifarişi”ni gündəmə gətirməyə başlayıb. F. Abbasovun həbsi ilə bağlı motivləri alovlandırmaqla yaranmış problemin dolayı yolla əsil səbəbkarı Azərbaycan hakimiyyətinin olmasını iddia edir. Utanmadan bəzi mətləbləri də etiraf edib. O, qeyd edir ki, Fuad Abbasov dəfələrlə müxalifyönlü KİV-lərdə çıxış etməsi üçün dəvətlər alsa da, bu təkliflərin heç birinə yaxın durmayıb. F.Abbasovun jurnalist statusu ilə “ZVEZDA TV” kanalında ermənilərlə apardığı depbatlarda yaranmış gərginliyə görə təqsikar olduğunu A. Məmmədov dolayı dillə etiraf edir. A. Məmmədovun böhtan və yalanlarından biri də Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin Çexiyada yaşaması faktını irəli sürməsidir. Halbuki Səfər Əbiyev təqaüdə çıxdıqdan sonra, paytaxt Bakıdan kənarda olmayıb. O ki qaldı Fuad Abbasova orden verilməsi, bu təşəbbüs “Azərbaycan Dünyası” və “Dədə Qorqud” Milli Fondu təşkilatı tərəfindən irəli sürülən addımdır. Hər iki qurumun rəhbəri Eldar İsmayılov tərəfindən Fuad Abbasova “Vətən övladı” ordeni verilib. Apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, bu mükafat Fuad Abbasova Moskvada deyil, Bakıda təqdim olunub. Həmin tədbirdə respublikamızın bir çox tanınmış ziyalıları iştirak ediblər.

F. Abbasovun Rusiya Federasiyası prezidenti Vladimir Putin tərəfindən dəvət alması və onun şəxsi avtomobili “Niva” markalı maşınını sürməsi kimi irəli sürülən yalanlar da A.Məmmədovun avantüra menyüsündə yer alıb. Sonuncu dəfə Fuad Abbasovla ötən ilin sentyabr ayında Türkiyənin Antalya və Alanya şəhərlərində 11 gün bir yerdə olduq. “Rusiya və Türkiyə münasibətlərində Azərbaycan və azərbaycanlıların rolu” ilə bağlı konfranslar masalar keçirdik. Ankara, İzmir, İstanbul, Antalya, Alanya, Bursa, eləcə də Mosksvada fəaliyyət göstərən diaspor təşkilatlarımızın nümayəndələri tədbirdə iştirak edərək bir sıra təkliflərini irəli sürdülər. Fuad Abbasovun Rusiyadakı fəaliyyətlərini incələdikdə bəlli olur ki, barışdırıcı mövqeyi ilə tanınan bir jurnalistdir. Keçmiş “NKVD” idarəsindən “xüsusin arayış” da almayıb.

Ə. Yusifoğlu