Heydər Əliyev özünün timsalında xalqımızın 200 ildir çəkdiyi acılara qurtuluş ideologiyasının fəlsəfəsi ilə son qoyub Heydər Əliyev özünün timsalında xalqımızın 200 ildir çəkdiyi acılara qurtuluş ideologiyasının fəlsəfəsi ilə son qoyub

Milli Qurtuluşa gedən yol

Heydər Əliyev özünün timsalında xalqımızın 200 ildir çəkdiyi acılara qurtuluş ideologiyasının fəlsəfəsi ilə son qoyub

15 iyun Azərbaycan tarixinin şanlı səlnamələrindən biridir. Ona görə ki, milli dövlətçilik tariximizin keçdiyi şərəfli yolun təzadları, böhranları, acınacaqlı, param-parça olmuş vətən torpaqlarının bir daha bu dəhşətsaçan aqibəti yaşamasın deyə, Milli Qurtuluş Günü sadəcə Azərbaycan Respblikasının deyil, bütün Dünya Azərbaycanlılarının qürur mənbəyidir.

Şah Babamızla başlanılan qüdrət

Tarix 1501-ci il. Şah İsmayıl Xətai qüdrətli bir dövlət qurmaqla Azərbaycan xalqının daxili çəkişmələr və xarici müdaxilələrdən qurtulması üçün milli iradəni ortaya qoydu. Beləcə 1736-cı ilə kimi Səfəvilər dövləti təkcə Yaxın Şərqin, Qafqazın deyil, bütün dünyanın qəbul etdiyi ən güdrətli tarixi səlnaməsinə imza atdı. Bu, bəşəri mənada Azərbaycan xalqının milli qürur mənbəyi olaraq dəyərləndirilir.

Nadir Şah Əfşarın siyrilmiş qılıncı

Tarix 1736-cı il. 235 illik Səfəvilər dövlətinin süquta uğramasının acınacaqlı tablosu kimi tarixdə iz buraxdı. Bunun əsil səbəbi Şah İsmayıl Xətainin qurduğu qüdrətli Azərbaycan dövlətinin daxildən yerli feodalların milli dövlət siyasətinə qarşı olan xəyanəti başlıca amilə çevrilmişdi. Yenidən Azərbaycan dövlətinin qüdrətini milli iradəyə çevirən Nadir Şah Əfşar tarix səhnəsinə çıxdı. 11 illi hakimiyyəti dönəmində Səfəvilər dövlətinin tarixi coğrafiyasını bərpa edə bildi. Bir acı sui-qəsdin nəticəsində aradan götürülən bu dahi dövlət başçısı və sərkərdənin ölümü Azərbaycan tarixinin ən acı səhnələrindən birinə çevrildi. Azərbaycan torpaqlarında dərəbəyliklər baş alıb getdi. Faktiki olaraq ölkəmizin hər qarışında dəhşətsaçan dərəbəylik sadəcə dövlətimizin deyil, ən adi insanların belə acınacaqlı bir tale ilə üzüzə qoymuşdu.

Qacarların qürur iradəsi və dövlətçilik

Tarix 1796-cı il. 1747-ci ildə Nadir Şah Əfşara qarşı edilən sui-qəsdin nəticəsində düz 1796-cı ilə kimi Azərbaycan tarixinin acınacaqlı dövrü yaşanılmışdır. Bir yandan yerli bəylərin, xanların, ağaların hakimiyyət uğrunda bir-biri ilə apardıqları qanlı mübarizələr, digər yandan xarici müdaxilələr, başqa bir yandan isə, xalqımızın acınacaqlı və dəhşət saçan güzəranı Azərbaycanın bir dövlət kimi varlığına sanki son qoymuşdu. Bu dəfə də tarixin ən qaranlıq nöqtəsində bir işıq parladı. Ağa Məhəmməd Şah Qacarın liderliyində yenidən Azərbaycan dövlətçiliyinin bərpasına başlanıldı. Bu dəfə Avropada dünyanın ilk dəfə olaraq bölüşdürülməsi siyasəti yürüdülürdü. Qacarlar dövlətinin qarşısında isə, çox ağır öhdəliklər dayanmışdı. Bir yandan daxili çəkişmələrə son qoymaq, digər yandan isə xarici dövlətlərin orduları ilə döyüşmək kimi ağır və üzücü müharibələr Azərbaycanın milli varlığını təhdid altına almışdı.

Parçalanmış Azərbaycanın 100 illik acı taleyi

Tarix 1813 və 1828-ci il. Avropada manufaktura sənayesinin sürətli inkişafı sayəsində digər iqtisadi sektorlar da sürətlə inkişaf etməyə başlamışdı. Ona görə də daha çox zəngin olmaq və dünyanın bir sıra coğrafi ərazilərini işğal etmək, ticarət yollarına nəzarət etmək kimi hədəflər irəli sürülmüşdü. Bunun üçün daha da silahlanaraq, xalqların tarixi yaşam tərzini özlərinin iqtisadi maraqları və imperiya iddialarına qurban verilməsi üçün işğal siyasəti yürüdülürdü. Beləliklə də İngiltərə, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya və digər Avropa dövətləri bir araya gələrək genişmiqyaslı ekspansionit siyasətə üz tutdular. Belə bir məqamda Çarlıq Rusiyasının coğrafiyasını genişləndirmək planları da irəli sürülmüşdü. Qacarlar dövləti bu məqsədlə 1813-cü ildə Gülüstan və 1828-ci ildə isə Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın dövlətçilik tarixinə son qoyuldu. Bütün bunlar azmış kimi, Cənubi Qafqazda Azərbaycan xalqına məxsus olan ərazilər idarəetmə baxımından fərqli “quberniyalar”a bölündü. Çarlıq Rusiyasının sayəsində 100 il davam edən işğalçılıq siyasəti I Dünya Müharibəsinin nəticəsində darmadağın oldu.

Şərqin ilk Cümhuriyyət dönəmi və Azərbaycan

Tarix 1918-ci il. Azərbaycan xalqının milli genetik kodları dünyanın heç bir xalqında olduğu kimi deyil. Dövlət olmaq, öz kimliyini qorumaq və inkişaf etdirmək xalqımızın ən şanlı və şərəfli dəyərlərindən biridir. XIX əsrdə başlanılan maarifçilik hərəkatının nəticəsi olaraq, 1917-ci ildə tamamilə çökən Çar Rusiyasının xarabalıqları üzərindən yenidən özündə güc tapan Azərbaycan xalqı Şərq tarixində ilk dəfə olaraq konstitusiyalı və heç bir monarxiyaya xidmət etməyən Demokratik Dövlət modelini irəli sürdü. Beləliklə də ilk dəfə olaraq Xalq Cümhuriyyətini qura bildi.

XIX əsrin başlanğıcında olduğu kimi, XX əsrin ilk çağında da Qərbin güclü dövlətləri dünyanın bölüşdürülməsi, zəngin və nəhəng coğrafi ərazilərə nəzarət uğrunda I Dünya Müharibəsi dönəmində yaşanılan dəhşətlər bəşəriyyəti öz ağuşuna almışdı. Azərbaycan xalqı daxildə Çar Rusiyasının Yaxın Şərqdən Qafqaza köçürülən ermənilərlə, digər yandan isə xarici müdaxilənin qarşısını almaq, bununla yanaşı elan edilən Cümhuriyyəti qurmaq kimi böyük vəzifələri həyata keçirmək üçün mübarizə apardı. 23 ay ömrü olan bu dövləti dönəmin imperiya siyasəti yürüdən iri dövlətləri tanımamaq iradəsini ortaya atmışdılar.

28 aprel işğalın davamı idi

Tarix 1920-ci il. Çar Rusiyasının ərazisində imperiya siyasəti bu dəfə “kommunizm qururuq” deyə yenidən Azərbaycanın işğalına səbəb oldu. 1991-ci ilə qədər görkəmli rus yazıçısı Fyodor Dostoyevskinin dediyi kimi “xalqlar həbsxanası”nın hakimiyyəti davam etdi. 71 il ərzində vəd olunan “kommunizm cənnəti” nə Rusiyanın özündə, nə də keçmiş Sovetlər Birliyində həyata keçmədi. Çar Rusiyası ilə Sovetlər Birliyinin təkcə bir fərqi var idi. Azərbaycanın dövlət statsunun vassal şəklində olsa da varlığı inkar edilməmişdi.
Azərbaycan faktiki olaraq öz milli kadrları tərəfindən idarə olunurdu. 1969-cu ilə qədər respublikamızda ictimai, sosial, mədəni, iqtisadi və digər sahələrdə inkişaf orta templə irəli gedirdisə, bu dönəmə qədər ölkə rəhbərləri sadəcə ümumi axarla həyat şəraitini təmin etməklə yetinirdilərsə, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan faktiki olaraq əsrin süərtlə inkişaf edən bir məkanına çevrildi. Milli bürokratiyanın güclənməsi kimi uzaq hədəflərə hesablanmış kadr siyasətini ilk öncə irəli sürdü. Çünki iqtisadi və digər sahələrdə baş verəcək prosesləri idarə etmək üçün, ilk öncə yerli və milli kadrlar məsələsi həll edilməli idi. Bu kadrlar ordusunu sürətlə inkişaf etdirmək siyasəti gələcək müstəqil Azərbaycan dövlətini idarə etmək üçün bu hədəflər çox vacib idi. Çünki, Xalq Cümhuriyyətinin süquta uğramasının bir səbəbi də ölkəni idarə edə biləcək kadrların yoxluğu idi.

Azərbaycanın dövlət müstəqilliyinin əbədi yolu

Tarix 1991-ci il. Keçmiş Sovet İttifaqı da bəşər tarixinin bütün imperiyaları kimi tarixin arxivinə köçdü. Azərbaycanın o dönəmdəki Ali Sovetində (indiki Milli Məclis) Heydər Əliyevin rəhbərliyi altında 400 nəfərdən çox deputatdan 47 nəfər özündə iradə taparaq Demokratik Blok yaratdılar. Məhz bu blokun sayəsində Azərbaycan dövlət müstəqilliyini elan edə bildi. Ermənistanın 1918-1920-ci illərdə olduğ kimi xarici dövlətlərin dəstəyi ilə Azərbaycanın ərazilərinin işğal və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində aparılan ekspansionist siyasətin qarşısını almaq üçün dərin dövlət təcrübəsi olan Heydər Əliyev uzaqörənliklə bir sıra hədəfləri addım-addım ortaya qoydu. Bu, ilk növbədə Naxçıvan Muxtar Respublikasının ərazi təhlükəsizliyini təmin etməklə başladı. Daha sonra isə onun uğurlu siyasətini müdafiə edən, respublikamızın hər qarşısında Heydər Əliyevə böyük ümidlərlə baxan ziyalılar və əhali onu yenidən dövlətimizin rəhbəri olması təbliğatını aparmağa başladılar. Çünki qoca tarixin özü də bu sınaqlarla çox qarşı-qarşıya qalmışdı. Dərəbəylik dövrünə NÖQTƏ qoymaq üçün xalq öz xilaskarını artıq tapmışdı.

1993-cü ilin sınağı və Azərbaycan

Tarix 1993-cü il. Azərbaycan Səfəvilər dövlətinin son illərində, Nadir Şah Əfşarın sui-qəsd nəticəsində ölümündən sonra, Qacarlar dövlətinin yarısının işğalından sonrakı dönəmlər sanki yenidən təkrar olunurdu. Qarabağ uğrunda döyüşən xalqımız, digər yandan daxili çəkişmələrlə, hakimiyyətdə olan naşı kadrların səbatsızlığı ilə üz-üzə qalmışdı. Quldur dəstələri yaradaraq özlərini xalqın “xilaskarı” rolunda görənlər isə daha qəddar bir siyasət yürütməkdə idilər. Azərbaycan xalqı isə müdrik və uzaqgörən dövlət başçısı obrazına möhtac idi. Bəli, bu görkəmli dövlət xadimi, həyatı boyu Azərbaycan sevdalısı olan Heydər Əliyevə olan ümidlərin coşqusu sayəsində o yenidən hakimiyyətə gəldi. Nəticədə Azərnbaycan bir dövlət olaraq xilas oldu. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə Azərbaycanda son 200 ildə ilk dəfə olaraq əsil dövlət quruculuğu prosesləri baş verdi. Onun irəli sürdüyü konsepsiyalar Azərbaycanın dünəni, bu günü və sabahı doktrinası deməkdir.

Güclü Azərbaycan əbədi dövlət deməkdir

Tarix 2019-cu il. 15 iyun 1993-cü ildə görkəmli dövlət xadimi, mərhm prezident Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ötən 26 il ərzində respublikamızda “Milli Qurtuluş Günü” kimi qeyd olunmaqdadır. Bunun əsil səbəbi isə, Azərbaycanın bir daha tarixdə param-parça olunmaması deməkdir. Bu coğrafiyada yaşayan xalqın öz dövlətinə sahib çıxması deməkdir. Varlığını qoruması fəlsəfəsini milli genetikamızın təməl prinsiplərinə söykənməsi deməkdir. Bir xalqın dövlətçilik ənənələrinə sahib çıxması deməkdir. Milli istiqlalımızın simvolu deməkdir. Heydər Əliyev uzaqgörənliklə sadəcə Azərbaycanın əsil xilaskarı olmadı. O, həm də bütün dünya azərbaycanlılarının milli iradəsinin simvoluna çevrildi. Qurtuluşumuzun simgəsi olan bu şərəfli tarix 26 ildir yaşayır və gələcək nəsillər üçün əsil örnəyə çevrilibdir. Heydər Əliyev özünün timsalında xalqımızın 200 ildir çəkdiyi acılara qurtuluş ideologiyasının fəlsəfəsi ilə son qoyub. Bu, o deməkdir ki, əgər bir xalqın dövlətçilik şüuru inkişaf edirsə, deməli həmin xalqı və dövləti artıq kimsə işğal edə bilməz. Güclü dövlət və xalq həm də dövlətin ədəbi yolu deməkdir. Görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı dedikdə Heydər Əliyev bu keyfiyyətləri ilə Azərbaycan tarixində adını qızıl hərfrlə yazmağı bacaran ən qüdrətli dövlət xadimidir.
Milli Qurtuluşumuzun sirri də bundadır. Bu irsə sahib çıxmaq, Azərbaycanın varlığına və onun ədəbi dövlət olmasına sədaqət deməkdir.

Ə. Yusifoğlu