Ədəbiyyat adı altında publisistika ortaya qoyanlar ədəbi cığallıq prosesinin iştirakçısına çevrilir Ədəbiyyat adı altında publisistika ortaya qoyanlar ədəbi cığallıq prosesinin iştirakçısına çevrilir

Simfoniya, kakofoniya, şizofreniya...

Ədəbiyyat adı altında publisistika ortaya qoyanlar ədəbi cığallıq prosesinin iştirakçısına çevrilir

Dünyanın inkişaf etmiş xalqları çağdaş ədəbi-mədəni prosesdə çoxçalarlı baxışların, estetik zövqlərin azad ifadə edilməsinin cəmiyyətin dinamik düşüncə tərzinə yeni məzmunlar gətirəcəyinə skeptik yanaşırlar. Bu gün Yaponiya, Cənubi Amerika, Kanada, Almaniya, Avstriya, Fransa, Çin, Türkiyə və digər ölkələrdə ədəbi-mədəni proseslərin dinamizminin sirri də bundadır. Təəssüf olsun ki, çağdaş Azərbaycan ədəbi-mədəni prosesinə gələn yeni nəsil özünü sənətdə ifadədən daha çox, ədəbi cığallıq düsturu ilə hərəkət edirlər. Onlar özlərindən qabaqkı ədəbi nəsli inkar yolunu tutmaqla guya istedadlarını nümayiş etdirirlər. Hər yeni nəslin özündən əvvəlkini inkar etməsi bəzən təbii qarşılansa da, bunun öz ədəbi əsərləri ilə göstərməsi çox vacibdir. Zaman inkişaf etdikcə baxışların və zövqlərin də dəyərinin artması olduqca normal olan haldır. Azərbaycanın yeni ədəbi nəsli bir yandan özündən əvvəlkiləri, digər yandan mənsub olduğu xalqı və dövləti inkar etməsi dəhşət saçır. Çünki, onların azacıq istedadları varsa da, kimsənin haqqı yoxdur ki, dövlətimizə qarşı çamur atmaq, inkaretmə və hətta təhqirlərə məruz qoyması doğru deyildir.

“Proje ədəbiyyatı”nın içində yuyulmuş beyinlər

Avropa üzərindən “AZLOGOS.EU” adlı yeni ədəbi səhifə yaradılıb. Burada faktiki olaraq, yazarların hər birinin baxışlarında Azərbaycan dövlətinə qarşı həqarət, kin və küdurət öndə gedən mövzuların ana xəttinə çevrilibdir. Guya bu tribuna çağdaş Azərbaycan modern ədəbiyyatı və mədəniyyətinin daşıyıcılarının fikir məkanıdır. Orada gedən yazıların əksəriyyəti dövlətimizi inkar və onu hər cümlədə aşağılamaq strateji hədəflərdən birinə çevrilibdir. Seymur Baycan (Gürcüstan), Elmir Mirzəyev (Almaniya), Gündüz Ağayev (Fransa), Məsud Aşina (Danimarka), Ələkbər Əliyev (İsveçrə), Zamiq Məmmədli (Çexiya), Abbas Atilay (İsveçrə), Hacı Hacıyev (Norveç), Vüqar Bəhmənzadə (ABŞ), Günel Mövlud (Norveç), Rəna Əfəndi (Türkiyə), Babi Bədəlov (Fransa), Azər Ağalarov (İspaniya) və Azərbaycanda yazıb yaradan Elnur Astanbəyli, Aygün Aslanlı, Cavid Ramazanlı, Firudin Allahverdi, Toğrul Maşallı, Rafiq Hunaltay, Əli Novruzov, Tural Şahtaxtinskinin yaradıcılığını uzun illərdir izləyirəm. Onların istedadlı olduqlarını kimsə inkar edə bilməz. Ancaq mənsub olduqları xalqa qarşı qərəzli baxışlarla yanaşılması əsla qəbul edilməzdir. Dünya ədəbiyyatı və mədəniyyəti tarixində bizim indiki yazarların səviyyəsində çox hadisələr yaşanılıb. Ancaq istedadlı sənətkarların yaradıcılığı onların hansı ölkədə yaşamalarından asılı olmayaraq, mənsub olduqları xalqın canlı əfsanəsinə çevriliblər.

Görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakov ömrünün çox hissəsini ABŞ-da yaşasa da, onun bəstələdiyi 11 simfoniyası, 15 operası, 79 romansı, piano üçün yazdığı çoxsaylı əsərləri rus xalqının ruhunun bəşəri mənada möhtəşəmliyinə həsr olunub. Rusiyada zadəgan ədəbiyyatının ən ünlü simalarından biri kimi tanınan şair Aleksandr Blok fransız ədəbiyyatından nə qədər təsirlənsə də, hər zaman Rusiyanın ədəbi prosesinin inkişafına təkan verən məşhur simalardan biri kimi yaşadı. Müasir dünya ədəbiyyatının bütün zamanlar üçün əfsanəsi Nazim Hikmət modern ədəbi düşüncənin poetik tablolalarının misilsiz müəllifi olaraq tanınır. O, ictimai və siyasi baxışlarına görə həyatının çoxunu mühacirətdə yaşamaq məcburiyyətində qalsa da, heç bir zaman mənsub olduğu türk kimliyinə qarşı çıxmadı. Dünya onu Türkiyə və türk ədəbiyyatının klassiki olaraq qəbul etdi. Dahi Salvador dali və Pablo Pikasso rəssamlıqda demək olar ki, bütün üslub və cərəyanlarda bütün zamanların ən möhtəşəm tablolarını yaradıblar. Ancaq, ispan kimliyini danmadılar. Qatı diktator Françesko Frankonun onların ikisini də ispan vətəndaşlığından məhrum etməsi belə, bu dahi rəssamları bəşəriyyət İspaniya rəssamı kimi dəyərləndirir. Bu növ örnəklərə istinad edib çox şeyləri sadalamaq olar.
Azərbaycanda isə bizlər bunun əksini görürük. Əlinə qələm götürən dərhal “dahilik eşqi“ ilə özünə ədəbi pyedestal qurmağa çalışır. Əsil pyedestal istedadla yazılmış əsərlərin özüdür. Yuxarıda adları çəkilən yazarlarımızın əsərləri, xüsusilə publisistkada yazıları demək olar ki, “proje ədəbiyyatı”nın standartlarından irəli gələn nümunələrdir.

Ədəbi proses savaş meydanına çevrilməsə..

“AZLOGOS.EU” saytında Seymur Baycanın “Azərbaycansayağı faşizm” adlı məqaləsini diqqətlə oxudum. Ernest Seton-Tompsonun “Mənim həyatım” adlı əsəri haqqında fikir və düşüncələrini ifadə edən adi publisist yazıdır. Bu yazıda ümumiyyətlə Azərbaycanla bağlıi hər hansı bir fakt da yoxdur. Bu bəsit yazıya başlıq qoymaqla oxucunu cəlb etmək həvəsi isə, tamamilə müəllifin zəifliyini isbat edir. Həmin məqalə müəllifin nə vaxtsa bədii əsərlər yazması istedadına şübhə yaradır. Bədii dillə və onun müxtəlif ifadə formaları ilə əsərlər yazmaq, alleqorik baxışları sərgiləmək, kin-küdurətlə nələrəsə ehyamlar vurmaq ədəbi uğur sayıla bilməz. İnsan beynindəki zehin və iradə elektrokimyəvi düsturla sıx bağlı olduğu üçün, hüceyrələrin axışı da bu iki qavramın arasında dolaşır. Onların hər hansı birində fəsad yaranırsa, deməli, həmin insanın beynində də problemlər addım-addım özünü biruzə verir. Seymur Baycan plakat və şou tipli baxışları ilə ədəbi əsərlər yazmaq istəyirsə, yanlışlığa yol verir. Çünki son məqaləsinin başlığı ilə, yazının içindəki ingilis-fransızsayağı əsnədici ibarələrlə dolu mövzu arasında heç bir əlaqə yoxdur. İstənilən mövzuda yazılan əsərin adı həm də onun leytmotivinin simvolu deməkdir. Müəllif adicə bu həqiqəti dərk etmirsə, o zaman yazdığı əsərinin də mənası olmur.

Əli Novruzovun bu saytda yer alan “Ac əllərə isti çörək” yazısı dolayı yolla Azərbaycana qarşı nifrət notlar üzərində köklənib. Müəllifə sual vermək gərəkdir ki, hansı ölkənin problemləri yoxdur? Bəşəriyyət hər zaman problemlərlə dolu olub və bu proses beləcə davam edəcək. Əlinin dolayı yolla təriflədiyi Tiflisdə mütəmadi olaraq keçirilən ədəbiyyat festivallarından danışır. Mən də uzun illərdir Azərbaycan Yazıçılar Birliyini sərt şəkildə tənqid edənlərdən biriyəm. Hətta bu birliyi “yaşı ötmüş təqaüdçülər” cəmiyyəti olduğunu demişəm. Ölkəmizin ədəbi prosesin bu mərkəzdə ədəbi tənqid tərəfindən açıq şəkildə müzakirələrə çıxarılmasını dəfələrlə təklif etmişəm. Bu mərkəzdə “ədəbi tənqid”in deyil, “ədəbi məddahlığın hökm sürdüyü”nü təhlil etmişəm. Bununla yanaşı Azərbaycanımızı, mövcud problemləri qabartmaqla dövlətimizi aşağılayan fikirlərdən uzaq olmuşam.

Elmir Mirzəyevin bu saytda Milli Qurtuluş gününə həsr etdiyi “Qrutuluş, yoxsa, faciə?” adlı məqaləsi gerçəkdən çox üzücüdür. Bu yazıda sətiraltı ironik baxışlar müxtəlif ladlarla dilə gətirilir. Yazını oxuduqca peşəkar oxucu hiss edir ki, müəllif musiqiçidir. Elmir bəstəkarlıq kursunda təhsil aldığı üçün bəlkə də normal simfonik əsərlər yaza bilərdi. Musiqiçi baxışları ilə siyasi improvizələri heç də bir-birini tamamlamır. Ona görə ki, fikirlərinin polifoniyası tamamilə qatmaqarışıqdır.

Azərbaycanda ədəbi prosesə “Mənim anam fahişədir” adlı məzmunsuz romanla gələn və bunun ardından İsveçrədə sığınacaq alan Ələkbər Əliyevin demək olar ki, bu saytda gedən yazılarında dolayı yolla Azərbaycanı aşağılamaq simptomları silsilə xarakter daşıyır. Ona tək tövsiyəmiz: Azərbaycanın adından çıxış etməsin. Əgər kimliyini inkar edirsə,o zaman yolu açıqdır. Nihilizmin qurbanı olanlar tarixən bu addımı atıblar.

Ədəbiyyat publisistikanın əsirinə çevriləndə

Norveçdə sığınacaq almış və komfort şəraitdə yaşayan Günel Mövlud son yazılarında mümkün qədər özünü tolerant göstərməklə yazılarının üslubunu dəyişməyə başlayıbdır. Onun son yazısının “Azərbaycanı niyə pisləyirik?” adlanması və burada ölkədəki bəzi problemləri qabartması zahiri baxımdan xoşagələn olsa da, cəmiyyətin problemlərini guya qabartmaqla teatrşünaslar demişkən elə öz “ampula”sında ilişib qalıbdır. Çünki Günel Mövlud artıq ədəbi əsərlər yaza bilmir. Ona görə də dostları ilə birlikdə əlahəzrət publisistikaya üz tutublar.

Müasir dünyanın sürətli inkişaf prosesində təbii olaraq, ədəbi proses də XIX-XX əsrlərdə olduğu kimi deyil, daha yeyin dillə, dinamik yanaşım tərzi ilə və bütün bunların bədii dillə ifadəsi olduqca çətindir. Çünki tətbiqi riyazi təfəkkür bu günün ritminin simvolu sayılır. Mümkün qədər riyazi düstura hesablanmış düşüncə tərzinin ifadəsi həyat normamızın bir parçasına çevrilibdir. Artıq dedektiv, sevgi romanları, fantastika, mistika, avantüra, macəra, coterie, dickensian, saxta memuarlar, uyumlu dedektiv (cozy mystery), elf-pank (elfpunk), eko-horror (ecological horror), mainstream, avanqardizm, epiqramma, climate fiction və digər onlarca janrlarda yazılmış əsərlər oxunaqlı sayılmır. Çünki bədii yaradıcılıq bəşəri humanizmdən texnogen inqilabın əsirinə çevrilib. Ona görə bəzi yazarlar ədəbiyyat içində publisistika yolunu tutublar. Publisistika isə, cari qayğıların ardınca sürünmək deməkdir. Kim gerçək ədəbi əsərlər yaratmaqla yazıçı-şair kimi özünü təsdiq etmək istəyirsə, o zaman əsil ədəbi prosesin içində olmalı və orada şedevrlərə imza ata bilər. Ədəbiyyat adı altında publisistika ortaya qoyanlar isə ədəbi cığallıq prosesinin iştirakçısına çevrilirlər. Hətta bir qədər irəli gedərək mənsub olduğu xalqa və dövlətə hikkəli tərzdə nifrinlər yağdırmaqdan belə usanmırlar. Onlar unudurlar ki, ədəbi proses publisistikanın əsirinə çevriləndə orada real ədəbiyyata deyil, demaqogiyanın ünsürlərinə yol açılır.

Ə. Yusifoğlu