“Keşikçidağ” avantürası və siyasi müxalifətin hoqqası

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” Memarlıq Kompleksinin ətrafında son aylarda baş verən avantüralar tükənmək bilmir

Gürcüstan üzərindən bu qədim xristian abidəsinin çevrəsində yaradılan ajiotajı “siyasi rəng” çalarına da boyamağa çalışanlar vardır.

Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu Azərbaycanın ərazisində yerləşən mağaralar kompleksindən ibarət nadir sənət nümunəsidir. "Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. Kompleks Gürcüstanla sərhəd zolağı boyunca 25 km-dək uzanır. "Keşikçidağ" mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 km şimal-şərq istiqamətində dəniz səviyyəsindən 750–950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir. Qoruğun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın son tunc və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyası çağında sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş və 11 metr hündürlüyündə üçmərtəbəli qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən iki alban məbədi, “Keşikçidağ” mağaralar kompleksində yerləşən, yerli əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgah qədim tarixi mədəniyyəti və dini-etnik xüsusiyyətləri özündə əks etdirir. “Keşikçidağ” kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır. Keçmiş Sovet İttifaqı zamanında bu abidələri tədqiq etmək mümkün olmamışdır. Freskaların çəkildiyi mağara divarlarının dağıntıları nə təbiətin, nə də zamanın müdaxiləsi nəticəsində baş verib. 1948-1990-cı illərdə mağaraların çapıldığı qayaların yaxınlığında keçmiş SSRİ müdafiə nazirliyinin hərbi poliqonu yerləşib. Uzun illər orada artilleriya üzrə hərbi təlimlər keçirilib. Ona görə də bu memarlıq kompleksi ərazisində nəinki elmi araşdırmalar aparmaq, adi gəzintiyə çıxmaq yasaq olmuşdur. Tarixdə ilk dəfə 2007-ci il oktyabr ayının 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən mağaralar kompleksindəki tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazidə tarix-mədəniyyət qoruğu elan edilmişdir.



Siyasi müxalifətin savadsız avantürası

Ermənilər Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq və gürcülərin dini duyğularından faydalanaraq bölgədə yeni “dini-etnik” münaqişə yaratmağa cəhd edir. Çünki ermənilərin son 200 illik “Qafqaz siyasəti” tamamilə iflasa uğrayıb. 1991-ci ildə Çeçenistanda 30 min erməni yaşayırdısa, 1994-1996 və 1999-2001-ci illərdə çeçen xalqına qarşı etdikləri xəyanətlərə görə, indi bir nəfər də olsun erməni mənşəli vətəndaş Çeçenistanda yaşamır. Gürcüstanda 1990-cı ilə kimi 280 min nəfər erməni yaşayırdısa, bu gün onların sayı 130 mindir. Dağıstanda 1990-cı ildə 65 min erməni var idisə, 2018-ci ilin statistikasına görə onların sayı 5 min 702 nəfərə enib. Əslində ermənilər onlara qarşı etnik təmizləmə siyasətinə görə deyil, yerli xalqların əleyhinə etdikləri xəyanətlərin ucbatından köçüb getməyə məcbur qalıblar.
Son günlər Azərbaycan müxalifəti adından çıxış edən Rəhim Qazıyev, Əli Əliyev, Hafiz Hacıyev və başqaları “Keşikçidağ” kompleksi ilə bağlı çıxışlarında bir daha nə qədər savadsız olduqlarını nümayiş etdirirlər. Bununla yanaşı, adlarını “Kanal13”, “Reaksiya TV” və digər KİV-lər də sanki ermənilərin gündəmə gətirdikləri bu avantüranın ruporuna çevriliblər. Belə olmasaydı, onlar Azərbaycan dövlətinin maraqları çərçivəsində mütəxəssislərin fikir və görüşlərini işıqlandırardılar. Azərbaycan müxalifəti adına çıxış edən siyasi qruplar və KİV-lər ermənilərin bu gün “Ermənistanı qorumaq”, “Dağlıq Qarabağ” və “Qafqazda erməni siyasəti doktrinası” hədəflərinə xidmət etdiklərinin fərqində deyillər. Əgər bütün bunları məqsədli şəkildə ortaya qoyduqlarını etiraf edərlərsə, həmin partiyalar və onların liderləri, KİV-lər ya ermənilər kimi Azərbaycandan köçüb getməli, ya da xalqın qarşısında bu yanlış əməllərinə görə açıq şəkildə üzr istəməli olacaqlar.
“Anti Azərbaycan” düsturunda yer alan kimlərdir?
Keçmiş müdafiə naziri Rəhim Qazıyev Xalq Hərəkatının xaotik məcraya keçdiyi zaman irəli sürdüyü avantüralar sayəsində ölkənin ən strateji vəzifəsinə “yiyə”lənmişdi. O, hamını inandırmaq üçün “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” populist çıxışı ilə hər kəsi inandıra bilmişdi. Amma nazir kürsüsünü ələ keçirəndən az sonra, Qarabağın mirvarisi Şuşamız işğal olundu. Müdafiə naziri kimi Rəhim Qazıyev nə başına güllə çaxdı, nə də xalqdan üzr istədi. O, nazir olanda 48 yaşı var idi. Bu gün Şuşanın işğalından 27 il ötüb və 77 yaşını haqlayan Rəhim Qazıyev heç nə olmamış kimi davranmaqda davam edir. O, indi də “Keşikçidağ projesi”ndə yer alıb. Guya hərbi-strateji məsələləri onun kimi dərindən bilən yoxmuş.


VİP (Vətəndaş və İnkişaf Partiyası) sədri Əli Əliyev ixtisasca bioloq olduğuna görə, siyasi proseslərin mahiyyətindən tamamilə xəbərsizdir. Onun siyasi karyerası da elə bu məntiqsizliklə bağlıdır. Əvvəllər AXC-nin, sonradan AMİP-in üzvü olub və indi də VİP sədridir. Orta hesabla hər on ildən üzvü olduğu təşkilatı dəyişmək görünür Əli Əliyevin şakəridir. O, həkim- bioloq kimi ola bilər ki, müəyyən ideyaların müəllifi olsun. Ancaq Azərbaycan dövlətçiliyi və keçdiyi tarixi proseslərin ən adi nöqtələrindən xəbəri yoxdur. Belə olmasaydı, ermənilər tərəfindən ortaya atılan çoxgedişli labirintlərin dolanbaclarında nələrin hədəfə alındığını dərk edər və dövlətçiliyimizə qarşı tuşlanmış hədəflərin yanında yer almazdı.
“Balıq Hafiz” ayaması ilə tanınan və üzvü olduğu AXC-yə xəyanət edərək “Müasir Müsavat Partiyası”nı elan edərək cəmiyyətin ironik siyasi lideri kimi qəbul edilən Hafiz Hacıyev son günlər “Keşikçidağ” adlı projenin yan-yörəsində görünməkdədir. Balıqçılıq təsərrüfatında olduğu kimi “ixtioloq” hədəfi ilə “Keşikçidağı” projesindən nəsə “qoparmaq” avantürasına qoşularaq “tilovuma nəsə düşər bilər” məntiqini sərgiləyir.
Yarımleqal KİV-lərin “Keşikçidağ” projesində həvəsli görünmələrinin ardında duran əsas hədəf isə Tiflis üzərindən ermənilərə məxsus bank hesablarından ayrılan “qrant” layihələrinin krantından axacaq südün cənnət vədidir. Bu tipli KİV-lərin heç zaman eyninə olmayıb ki, Azərbaycan dövlətinə tuşlanmış siyasi avantüraların sonu nə ilə bitəcək. Təki “hadisə” olsun və maraqlı tərəf statusu ilə çıxış edənlərdən bir “molodes” (tulapayı) alsınlar.
Son olaraq, bunu da qeyd etməyi vacib bilirik ki, “Keşikçidağ” kompleksi ətrafında baş verən hadisələrlə bağlı müxalifətin diletantcasına cəmiyyətə aşılamaq istədiyi bu yalanların üzərindən çox sular axacaq. Bu “proje” də digər strateji hədəflər kimi iflasa uğrayacaq. Ermənilərin sərgilədiyi “etnik separatizm”, “məhəlli konfliktlər”, yüz illərin sınağından çıxmış birgəyaşayış nizamını pozaraq “xalqlararası ədavət”in qızışdırılması proseslərində iştirak etmək Azərbaycan dövlətçiliyinə qarşı ən böyük xəyanətdir. Bu rəzalətin içində təkcə ermənilər deyil, özlərini “demokrat” və “ədalət” carçısı kimi qələmə verən müxalifətin və KİV-lərin aqibəti acınacaqlı olacaq. Azərbaycan xalqı müdrikcəsinə müxalifətin neçə illərdir yanlışlarını görür və məhz buna görə onlara heç bir seçkidə dəstək vermir.

Ə. Yusifoğlu