Özünü itirən, amma seçkilərdə tapmaq istəyən var

"Reallıq hissinin itməsi çox pis olaydır, cənab Bəydəmirli..."

"Hamı anlamalıdır ki, millət vəkilliyi heç bir inzibati vəzifə deyil, namizədlərin yaşına və ya kiməsə yaxınlığına görə verilmiş lütf deyil, bu ada iddialı olanlar çalışmalıdırlar ki, xalqın etimadını qazana bilsin və hakimiyyətlə seçicilər arasında körpü rolunu oynaya bilsin, millət vəkili adını məsxərəyə qoya biləcək hərəkətlər etməsin, vacib dövlət orqanının fəlsəfəsini anlasın."

104 saylı Gədəbəy-Tovuz dairəsindən millət vəkilliyinə namizəd olan Nazim Məmmədov, yəni Nazim Bəydəmirli müsahibələrindən birində belə deyib.

Pis sözlər deyil. Hətta yaxşı sözlərdir.

Fəqət, sözlərlə əməllər arasında gərək fərq olmaya. Olsa belə, həmin fərq uçuruma çevrilməyə.

N.Bəydəmirlinin seçkiöncəsi təbliğat və təşviqat kampaniyasına nəzər salanda, birmənalı təəssürat yaranmır.

Çox bəsit diskurs və ya bilməyənlərin bilməsi üçün

"Siz necə deputat seçməlisiniz? Əgər təmsilçi seçirsinizsə, namizədlərin bugünkü vədlərinə baxmaqla qərar verməyin, onların səmimiyyətinə baxın, keçdiyi həyat yoluna baxın... Dünən "canavar qılığında" sizin hüquqlarınızı tapdalayanlar, heçə sayanlar bu gün "politoloq, ekspert qılığında" sizi müdafiə edəyəcəklərini vəd edirlər... "MTN cinayətləri" çox adamları oyatmalı idi. Görünür unutqanlığımızdan istifadə edənlər heç azalmayıb... Bütün dairələrdə keçərlidir..!"

Stilistika və orfoqrafiyasına əsla toxunmadığım bu açıqlama Nazim Bəydəmirliyə məxsusdur. İqtisadçı ekspert kimi özünü tanıtdıran, hazırda 104-cü seçki dairəsindən millət vəkilliyinə namizəd olan N.Bəydəmirli açıqlamasında ad çəkməsə də, "politoloq, ekspert qılığında" təhkiyəsinə vararaq səciyyələndirməyə çalışdığı adam seçkilərdəki rəqibi Arzu Nəsib oğlu Nağıyevdir.

A.Nağıyev 1980-ci ildə Tovuz rayonunda orta məktəbi qızıl medalla, 1985-ci ildə Moskva İdarəetmə İnstitutunu, 1991-ci ildə isə SSRİ DTK-nın Tbilisi Ali Kurslarını fərqlənmə diplomu ilə bitirib.

1985-1989-cu illərdə tikinti trestində və komsomol təşkilatında işləyib.

1989-2011-ci illərdə DTK-MTN orqanlarında əməliyyat müvəkkilindən nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub, Qarabağ müharibəsi veteranıdır. Arzu Nağıyev dünyanın bir sıra ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil edib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalaq SCAD, CARİCC, International Intellegence Academy, Virginia Tech-TISD-OSCE, UNODC Open analist proqramlarının iştirakçısı və eksperti olub.

Hal-hazırda Trend İnformasiya Agentliyində Baş direktorun müavini vəzifəsində çalışır. Regional geosiyasət üzrə ekspert icmalçı kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, üç bədii kitab, bir neçə fundamental araşdırma və çoxsaylı ekspert rəylərinin müəllifidir.

Bu, A.Nağıyev barədə çox qısa məlumatdır. Onun Qarabağ savaşında vuruşması, düşmənə qarşı hansı əməliyyatlara necə qatıldığı, hansı əməliyyatları isə hazırlayaraq gerçəkləşdirməsi barədə bilənlər bilir.

Üstəlik, A.Nağıyev publik fiqurdur, yəni yaşamı, fəaliyyəti, məramları və mövqeyi həmişə göz qabağında olub.

"MTN cinayətləri"nə işarə vuran N.Bəydəmirli, ümid edirəm, qismən də olsa - mediadan və ya sosial şəbəkələrdən - bilməmiş deyil ki, sabiq Milli Təhlükəsizlik Nazirliyindəki qanunazidd əməllər seriyasında kimlərin bilavasitə rolu olub, kimlər iştirakçı, kimlər rəhbər funksiyalarını yerinə yetirib.

Və ən əsası, sabiq MTN-də kimlər əsl peşəkar, son damla qanını belə, Vətəndən əsirgəməyən və əsirgəməyəcək adamlar olub.

Bunları bilməmək də olar - hamı ekspert səviyyəsində biliklərə malik olmaq məcburiyyətində deyil.

Lakin seçkilərdəki rəqibi güya "kompromat hədəsi" ilə təhdid etmək, özü də "təhdid"in belə diskursiv, primitiv üsulunu seçmək sadəcə, acı təəssüf hissi doğura bilər.

Cənab N.Bəydəmirlinin diqqətinə ərz etmək istərdim ki, dünyanın ən məşhur siyasi ekspertlərinin əksəriyyəti bu və digər formada ölkələrinin ya kəşfiyyat, ya da əks-kəşfiyyat strukturları ilə sıx bağlı olublar.

Rusiyanın ən məşhur siyasi ekspertləri və siyasi texnoloqları arasında Yevgeni Minçenko, Mixail Vinoqradov, Konstantin Kostin, Qleb Pavlovski, İqor Bunin, Aleksey Makarkin, Konstantin Qaaze, Aleksandr Pojalov və ya Abbas Qallyamovu "siz Rusiyanın xüsusi xidmət təşkilatları ilə bağlı olubsunuz" tipli "ittiham"lara tuş etmək rusiyalı siyasətçilərin, iş adamlarının ağlına belə, gəlməz.

Ukraynada da eyni vəziyyətdir. Ruslan Bortnik, Denis Kazanski, Aleksey Yakubin, Vitali Kulik, Vladimir Fesenko və ya Andrey Yermolayevi Ukraynanın Təhlükəsizlik Xidmətinə "bağlı adam" kimi suçlamaq absurd sayılır Kiyevdə.

ABŞ-da, Britaniyada, Türkiyədə, Sinqapurda, yaxud Cənubi Afrika Respublikasında da eyni vəziyyətdir.

Bu səbəbdən də N.Bəydəmirlinin üstüörtülü eyhamı guya rəqibinə yönənmiş olsa da, əslində parodiyaya çevrilir və açıqlama müəllifinin özünü məğlub duruma salır.

Nədən ki, 21-ci əsrdə siyasətə atılan, siyasətçi olduğunu iddia edən insanın elə həmin siyasətlə bağlı elementar məlumatsızlığı gerçəkdən də, acı durumdur.

Kimdir agent?

Sabiq deputat Nazim Bəydəmirli öz Facebook səhifəsində Ukraynada fəaliyyət göstərən Qarapapaq Türklərinin Milli Şurasının sədri Daşqın Gülməmmədovu "agent" adlandırmışdı.

D.Gülməmmədov isə bildirib ki, 2005-2010-cu illərdə Azərbaycan parlamantinin üzvü olan və deputat olduğu müddətdə "Məmmədov" soyadı daşımış Nazimin Rusiya Federasiyasının kəşfiyyat orqanları ilə əməkdaşlıq etməsi barədə onda ciddi şübhələr yaranıb: "Bu şübhələr yeni yaranmayıb. Bu barədə Azərbaycanın bütün müvafiq qurumlarına rəsmi müraciət etmiş, əlimdə olan faktları onlara təqdim etmişəm".

Gülməmmədov bildirib ki, Azərbaycanda Rusiyaya bağlı "beşinci kolon" fəaliyyət göstərir, Nazim Bəydəmirli də həmin agentura şəbəkəsinin bir nümayəndəsidir:

"1980-ci illərin sonlarında o tələbə olarkən saxta diplom satan bir şəbəkəyə qoşulub. Bu işlə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Voronej şəhər şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Ona Cinayət Məcəlləsinin saxta sənədlərin hazırlanması ilə bağlı maddəsi ilə iş açılıb. Bu iş, təbii olaraq, prokurorluğun və DTK-nın da diqqətini cəlb edib. O, SSRİ DTK-nın Voronej Vilayət Dövlət Təhlükəsizliyi İdarəsinin Əks-Kəşfiyyat şöbəsinin rəisi, polkovnik Vladimir Kulakov tərəfindən "informator" kimi əməkdaşlığa cəlb edilib. Məhz bu əməkdaşlıq sayəsində həbsdən qurtarır, şəbəkənin digər üzvlərini isə satır. Həmin şəbəkənin digər üzvləri isə digər cinayət əməlləri də açılaraq xeyli müddət həbsdə yatırlar. Onlardan bir neçəsi həbsdən çıxdıqdan sonra Nazim Məmmədovu tapıb saunaya aparırlar və orada, belə deyək, tənbeh edərək Voroneji tərk etməsini tapşırırlar. Nazim Məmmədov məhz bu "mərasim"dən sonra Azərbaycana qayıtmalı olub".

Daşqın Gülməmmədov onu da bildirib ki, Nazim Bəydəmirlinin "informatorluq" mərəzindən və hədsiz tamahından zaman-zaman onun doğmaları da əziyyət çəkir: "Məsələn, o, öz qayınatası - Bakı Dövlət Universitetinin professoru Rüfət Rüstəmovdan bir dəfə polisə şikayət etmişdi. Həmin şikayətində Nazim Bəydəmirli qayınatasını ona külli miqdarda pul atmaqda ittiham edirdi. Sonradan şikayətini geri götürdü, ancaq bu şikayəti araşdırmış hüquq-mühafizə orqanlarının, məhkəmə institutunun əməkdaşları sağdır. Həmin şikayətin bir nüsxəsi də onlarda qalmaqdadır".

Məhkəmələr "qəhrəman"ı

Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuş 56 yaşlı Nazim Hüseyn oğlu Bəydəmirli 2000-ci ildən Bakı şəhərində "Qlobal Kaspian LTD" şirkətinin prezidenti, 2003-2005-ci illərdə "Binapmetal" MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən millət vəkili seçilib. Daha sonra "Majid Medical Health-Tourism" MMC-i, bir müddət keçəndə isə "Baydamirli Holding" MMC-i təsis edib. Holdinqin hüquqi ünvanı Bakı şəhəri, Heydər Əliyev prospoektində yerləşən "Çinar Plaza"dır.

Hazırda İran İslam Respublikasında kiçik bizneslə məşğul olan Nazim Bəydəmirli ilə "Baku Steel Company" şirkətinin Müşahidə Şurasının sədri Rasim Məmmədov arasında məhkəmə çəkişməsi də var.

Bəydəmirli 2018-ci ildə "Baku Steel Company" şirkəti və onun rəhbəri Rasim Məmmədov barədə həqiqətə uyğun olmayan qərəzli məlumatlar yaymışdı.

Sözügedən şirkət və onun rəhbəri KİV-də də yayımlanmış həmin statusu öz işgüzar nüfuzlarına qəsdən zərər vurulması cəhdi kimi qiymətləndirmiş və Bakı şəhəri, Nizami rayon məhkəməsinə müraciət etmişdi. Nizami rayon Məhkəməsi iddianı qismən təmin edərək belə nəticəyə gəlmişdi ki, Nazim Bəydəmirli yazdığı statusla həm şirkətin, həm Rasim Məmmədovun işgüzar nüfuzuna xələl gətirib. Buna görə cavabdeh "Facebook" səhifəsində təkzib verməli, şirkətə və onun rəhbərinə də ayrı-ayrılıqda 5 min manat təzminat ödəməlidir.

YAP-dan qovulmuş Nazim Bəydəmirlinin müvafiq qətnamədən şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Nazim Bəydəmirlinin vəkilinin prosesi qəsdən uzatmaq üçün verdiyi vəsatət iclasda rədd ediləndən sonra hakim Nizami rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.

N.Bəydəmirli, səhv etmirəmsə, hələ də məhkəmə çəkişmələrindədir. Sürəkli olaraq haqq və hüquqlarının pozulduğunu iddia edən, onların bərpasını istəyən "məhkəmələr qəhrəmanı" nədənsə sosial şəbəkələrdəki açıqlamalarında qanun pozuntuları həddində barraj edir.

Kimdir daha populyar?

104-cü dairədəki namizədlər arasında, təbii, autsayderlər və favoritlər var. Yerli sakinlər, yəni seçicilər arasında daha populyar olan namizədin kimliyini bəlirləmək binomial tənlik çətinliyindəki məsələ deyil.

Səthi müşahidələrdən tutmuş, reprezentativ sorğuların nəticələrinədək bütün sosial rəy araşdırmaları Arzu Nağıyevin favorit olduğunu göstərir.

Belə durumda parlament seçkilərində A.Nağıyevə rəqib olan, ekspert və siyasətçi, habelə uğurlu iş adamı olduğunu vurğulayan N.Bəydəmirli nə etməlidir?

Təbliğat və təşviqat kampaniyasını daha da aktivləşdirməli, seçicilərlə görüşlərini intensivləşdirməli, mediada və sosial şəbəkələrdə səbatlı, məntiqli və uğurlu proses aparmalıdır.

Amma N.Bəydəmirli deyəsən, tam tərsini edir. Onun sosial şəbəkələrdəki paylaşımlarında səthi və absurd ironiya, bəlağətli vədlər, "açaram sandığı" tipli hədələr, irreal tənqid və özünəvurğunluq az qala pik həddə çatıb.

Seçki texnologiyalarından və ümumiyyətlə, siyasi mübarizənin adekvat və səbatlı mexanizmlərindən bixəbər olan N.Bəydəmirli çıxış yolunu hətta traybalizm ünsürlərində görür.

Məsələn, o, Facebook profilindəki paylaşımlarından birində "Dostumuz, eloğlumuz, qohum Tariyel Pənahov ilə elmi və biznes yaradıcılığından xeyli söhbət etdik" sözləri ilə T.Pənahovla birgə fotosunu yayıb.

"Biznes yaradıcılığı" dedikdə nəyi nəzərdə tutduğu naməlum qalan N.Bəydəmirli olduqca primitiv üsuldan istifadə edir, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova yarınmağa çalışır.

Halbuki MSK sədrinin mövqeyi, prinsipiallığı və belə yarıtmaz, hətta yaramaz "fənd"lərə olduqca sərt, barışmaz mövqeyi hamıya, o cümlədən N.Bəydəmirlinin özünə əla məlumdur.

Mənsub olduğu Yeni Azərbaycan Partiyası sıralarından kollaborasionizminə, mövqelərini flüger təki dəyişməyinə, az qala Yalıncıq davranışını təkrarlamaq cəhdlərinə görə xaric edilmiş N.Bəydəmirli indi haqq carçısı, ədalət mübarizi, vətəndaş hüquqlarının təminatçısı və ölkənin iqtisadi-sosial inkişafının moderatoru kimi görünməyə çalışır.

Olsun, hər kəs bir cür təsir bağışlamağa can atır.

Lakin bu atılan can unutmamalı ki, qohumları belə, onu necə səciyyələndirir, doğulduğu rayonun sakinləri onun barədə nə düşünür və ümumiyyətlə, indi kənardan necə təsir bağışlayır.

Reallıq hissinin itməsi çox pis olaydır, cənab Bəydəmirli... (milli.az)

Elçin Alıoğlu