“Azərbaycan lideri sınaqdan üzüağ çıxdı”

Siyasilər dövlət başçısının toxunduğu tezislərdən danışdılar

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev mayın 19-da 3 saylı DOST mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibəsində çox vacib məqamlara toxunub. Prezidentin geniş müsahibəsində xüsusi önəm ayırdığı bu və ya digər məsələlərlə bağlı dəyərləndirmələr aldıq.

Deputat Razi Nurullayev prezidentin toxunduğu məsələlərdən söz açdı: “Öncəliklə deyim ki, cənab Prezidentin yerli mətbuata müsahibə verməsini yüksək qiymətləndirirəm. Bu da aparılan islahatların tərkib hissəsidir. Bunun daha da yüksələcəyini, inkişaf edəcəyini düşünürəm. Ölkə rəhbərinin gənclərlə bağlı dediyi hissə diqqətimi daha çox cəlb etdi. Mənə belə gəlir ki, artıq gənclərlə bağlı dövlət siyasəti özünü büruzə verməyə başlayıb. Çünki gənc kadrlar müəyyən dövlət vəzifələrinə irəli çəkilir. Onlara etimad göstərilir. Gənclər ciddi şəkildə düşünərək, təhsillərini, bacarıqlarını artırmalıdırlar. Azərbaycanın gənc kadrlara çox böyük ehtiyacı var. Belə kadrların yüksək intellekti, savadı və təcrübəsi olmalıdır. Cənab Prezident hər zaman müsahibələrində bunları tövsiyə edir. Koronavirusla bağlı hissəyə gəldikdə isə, qeyd edim ki, bu virusla bağlı Azərbaycanın nümunəsi var.

Razi Nurullayev

Şükürlər olsun ki, Prezidentin atdığı qəti addımlar nəticəsində koronavirus ölkəmizdə ciddi vüsət almadı. Prezidentin bu istiqamətdə gördüyü işlər yüksək dəyərləndirilməlidir. Azərbaycanda ən çox narazı qalınan sahələrdən biri sosial müdafiə ilə bağlıdır. Əhalinin hər zaman bu sahədə ciddi narazılıqları olub. Məhz DOST mərkəzlərinin yaradılmasından, cənab nazir Sahil Babayevin təyinatından sonra bu sahədə kifayət qədər şəffaflaşma baş verir. DOST mərkəzlərində 130-a yaxın xidmətlərin göstərilməsi bu sahədə ciddi şəffaflıq yaradıb. Cənab Prezident bunu da ifadə etdi ki, DOST mərkəzləri ilə bağlı əhalinin məmnuniyyət faizi 96%-dir. ”ASAN Xidmət"də bu rəqəm 99-dur. Bütün bunlar ölkəni bütövlükdə əhatə edəndən sonra neqativ hallar tamam aradan qaldırılacaq, əhalinin dövlətçiliyə inamı daha da artacaq".

Fərəc Quliyev həbs oluna bilər - "Dünya" informasiya agentliyi

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev müsahibənin hesabat xarakterli olduğunu söylədi: “Prezidentin bu müsahibəsində çox ciddi məsələlərə toxunuldu. Bu, həm gələcəyə baxış proqramının təqdimatı idi, həm də bir hesabat xarakteri daşıyırdı. Yeni texnologiyalar, informasiya, gənclər siyasəti ilə bağlı dedikləri çox önəmli idi. Pandemiya dönəmində sosial paketlər haqqında qoyduğu məsələlər də mühüm xarakter daşıyır. Prezident gənclərə verdiyi önəmi xüsusi olaraq qabardırdı. Bu çox doğru yanaşma idi. DOST mərkəzlərinin fəaliyyəti və bu mərkəzlərin hər birində 130-a yaxın gəncin çalışacağını işarə etməsi, o cümlədən yeni texnologiyalarla bağlı olaraq, ”biz texnoloji məhsulları kənardan idxal edirik, amma bunun üçün özümüzün intellektual məhsulumuz gənclərdir" çağırışı gəncliyin sənaye inqilabında iştirakına yönəlik çağırış idi. Vətənpərvər gənclik siyasəti ilə bağlı dedikləri də diqqətdən yayına bilməz. Gəncliyimizin başqasının alətinə çevrilməməsi ilə bağlı olaraq məsələni ortalığa qoydu. Sosial paketlərin dörd milyondan çox əhaliyə şamil olunması, təqaüdlərin, müavinətlərin, minimum əməkhaqqının artırılması və bunun davam etdirilməsi haqqında dedikləri çox önəmli idi. Bir daha o xətt özünü göstərdi ki, insan amili əsas götürülür. Cənab Prezident daim çıxışlarında bunları önə çəkir. Pandemiya dövründəki çağırışında qeyd etmişdi ki, ya iqtisadiyyatımızı qorumalı idik, ya da əhalimizi. Mümkün qədər əhalini seçdiyini də ifadə etmişdi. Bu siyasət doğrudur. Nə olursa-olsun, sosial siyasətin dəyişməyəcəyini bəyan etməsi çox mühüm idi. Şəhid ailələri barədə dediklərini rəğbətlə qarşılayıram. Ərzaq təhlükəsizliyi ilə bağlı ifadə etdiyi fikirlər də diqqətdən qaçmamalıdır. Sülh siyasəti barədə də danışdı. 1998-ci ildə sülh siyasəti ilə bağlı bir yazı yazmışdım. O vaxt məsələlərə qeyri-ciddi baxdılar. Amma artıq bu siyasət əsas prioritet məsələlərdən birinə çevrilib. Cənab Prezidentin toxunduğu məsələlərlə bağlı siyahını daha da uzatmaq mümkündür. Çağırışlar, göstərilən istiqamətlər, hesabatın detallarla verilməsi ilə bəzi məsələlərə bir daha aydınlıq gətirildi. Hesab edirəm ki, müsahibənin əhəmiyyəti olduqca böyükdür. Qarayaxanlar, ölkəmizə böhtan atmaq istəyənlər, dövlətlərin buradakı maşaları bəzi arqumentlərdən istifadə edirlər. Amma arqumentlərin ortaya qoyulması, olunan və olunacaq məsələlərin deyilməsi cəmiyyət üçün çox vacibdir".

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu müsahibəni bir neçə istiqamətdən dəyərləndirdi: “Birincisi, Prezident bu cür mərkəzlərin sayını artırmaqla sosial məsələlərin həllinə önəm verdiyini göstərir. Əgər artan ASAN mərkəzləri vətəndaşların sənədləşmə işlərini yüngülləşdirirsə, DOST mərkəzləri sosial problemlərin həllində, işsizliyin azalmasında rol oynamalıdır. Azərbaycanda 30-dan çox DOST mərkəzi fəaliyyət göstərəcək. Bu mərkəzlərdə yeni iş yerləri təklif edilir ki, bu da iş axtaran gənclər üçün vacibdir. Hər DOST mərkəzində ən azı 100 nəfər çalışacaqsa, 30 mərkəzdə bu, 3 min gəncin çalışması deməkdir. Buna baxmayaraq, DOST mərkəzlərinin vətəndaşlar üçün iş yerlərinin açılması istiqamətində daha fəal siyasət yürütməsinə ehtiyac var. Çünki bəzən vətəndaşa elə iş yerləri təklif edilir ki, bu onun peşəsinə uyğun deyil. Ona görə də bu kimi mərkəzlər hər bir vətəndaşa gərək individual yanaşsın. Elə olmasın ki, ”biz vətəndaşa təklif etdik, o razılaşmadı" deyib bununla iş bitmiş hesab edilsin. Prezidentin də dediyi kimi, Azərbaycanın sosial dövlət olaraq inkişafını istəyiriksə, daha çox iş yerlərinin açılmasına ehtiyac var. İkincisi, koronavirus epidemiyası göstərdi ki, əhalinin aztəminatlı hissəsinin sayı hələ də çoxdur. Əgər 600 min nəfər 190 manat üçün müraciət edibsə, bu mövcud vəziyyətdən xəbər verir. Əlbəttə, müraciət edənlər içərisində orta təbəqənin nümayəndələrinin olduğunu da inkar etmirəm. Bu da anlaşılandır. Orta təbəqənin nümayəndəsi iki ay işsiz qalıbsa, onun da yardıma ehtiyacı yaranıb. Prezident müsahibəsində vurğulayıb ki, keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur, minimum əmək haqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox qaldırılıb. Ancaq bu il üçün onu da nəzərə almalıyıq ki, epidemiya və neftin qiymətlərinin azalması səbəbindən ölkənin gəlirləri azalacaq. Doğrudur, Prezident heç bir sosial layihənin dayandırılmayacağını qətiyyətlə vurğulayır. Ancaq ölkənin bu il gəlirləri az olacaqsa, kəmərləri daha çox sıxmalı olacağıq. Üçüncüsü, Prezident müsahibəsində ödənişli ictimai iş yerlərinin - 90 min iş yerinin açılmasının nəzərdə tutulduğunu bildirib. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Bu proqramın bir hissəsi Dünya Bankı ilə birlikdə icra edilir.

Başqa alternativ yoxdur. Dövlət başçısının da qeyd etdiyi kimi, pandemiyadan bütün dünya əziyyət çəkir, bütün ölkələr böyük çətinliklərlə üzləşiblər, inkişaf etmiş ölkələrin bəzilərində iqtisadi tənəzzül 7-10 faiz səviyyəsindədir. Ona görə də elə layihələr var ki, onların icrası beynəlxalq təşkilatlardan alınan kreditlər hesabına reallaşdırılmalıdır. Dördüncüsü, Prezident müsahibəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və innovasiyanın tətbiqinə xüsusi diqqət ayırdığını bildirib. Prezident bu əsnada Azərbaycanda kosmik sənayenin yaradılmasını misal çəkib. Azərbaycanda kosmik sənaye formalaşıb, 3 peyk orbitə buraxılıb. Bəziləri kiçik dövlət olan Azərbaycanın kosmik sənayesinin və peyklərinin nəyə lazım olduğu sualını səsləndirir. Əlbəttə, bu peyklər qısa müddətdə gəlir gətirmir, ancaq artıq bizim peyklərin imkanlarından istifadə etmək istəyən beynəlxalq şirkətlərin sayı artır, yeni sazişlər imzalanır. Digər tərəfdən, torpaqlarımız işğal altındadır. Biz peyklərimiz vasitəsilə işğalçı ordunun hərəkət trayektoriyası barədə gərəkli məlumatlar əldə edə bilərik. Beşincisi, Prezident müsahibəsində şəhid ailələrinə və Qarabağ qazilərinə qayğıdan danışdı.

Azərbaycanda şəhid ailələrinə və qazilərə maşınlar və evlər verilir. Bu proses ildən-ilə genişlənir. Bu yaxşı nümunədir. Prezidentin ritorik sualı da yerindədir: “Ermənistanda müharibədə ölənlərin ailələrinə mənzil və maşın verilirmi?” Mən də eşitməmişəm ki, Ermənistanda bu, kateqoriyadan olan insanlar xüsusi imtiyazlara malik olsunlar. Ermənistanda bu səsləndirilməsə də, Azərbaycanda şəhid ailələrinə və qazilərə verilən dəstək onları qıcıqlandırmaya bilməz. Ermənistanın maliyyə resursları yoxdur ki, vətəndaşlara əl tutsun. Prezidentin müsahibəsində o da diqqətimi çəkdi ki, dövlət başçısı koronavirusla mübarizədə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirib. Göründüyü kimi, Prezident Səhiyyə Nazirliyinin adını çəkməyib. Çünki bu nazirlikdən və nazirin özündən cəmiyyətdə böyük narazılıq var. Mümkündür ki, ümumiyyətlə, bu nazirliyin səlahiyyətləri tamamən TƏBİB-ə verilsin. Bəzən belə suallar da səslənir ki, bu ağır dövrdə Azərbaycan başqa ölkələrə niyə kömək edir? Biz kasıb Ermənistan deyilik ki, yalnız özümüzə qapılaq və kömək çağırışlarına səssiz qalaq. Qardaş Türkiyə də müxtəlif dövlətlərə yardım əli uzadır. Epidemiya dövlətlər üçün bir sınaqdır. Bu sınaqdan üzüağ çıxan ölkələrin dəstək siyasəti unudulmayacaq. İlham Əliyev də deyir ki, çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. “Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır” deyən İlham Əliyevlə razıyam. Azərbaycan bu günə qədər 13 ölkəyə yardım göstərib. Prezidentin də söylədiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”