Abşeronun “daş yolları”: ehtimallar və tarixi reallıq

Abşeron yarımadasının özünəməxsus təbii şəraiti və burada yaşayan insanların bu şəraitdən irəli gələn həyat tərzi əsrlər ərzində formalaşmışdır

Müvafiq olaraq ərazinin tarixi-arxeoloji abidələri də lokal xüsusiyyətləri ilə seçilirlər. Sahəsi çox da böyük olmayan bu yarımadada e.ə. III minillikdən, yəni İlk Tunc dövründən başlayaraq Orta əsrlər də daxil olmaqla bütün tarixi dövrlərə aid abidələr – yaşayış yerləri, kurqan tipli qəbir abidələri, qayaüstü təsvirlər, qalalar, dini-memarlıq kompleksləri və s. abidələrin mövcuddur. Bütün bunlar Abşeronda bu tarixi mərhələlərdə intensiv həyatın olduğunu göstərir.

Orta əsrlər dövrünün yadigarlarından biri də “daş yollar”, “araba yolları” adlandırılan, cığırı, yolu xatırladan kanal şəkilli izlərdir. Görkəmli tarixçi alim Sara Aşurbəyli öz kitabında bu izləri iki təkərli araba yolları adlandırır. Onun yazdığına görə “1830-cu ildə Bakıda olan akademik E.Lens Böyük Zirə, Şıxov kəndləri yaxınlığında zamanın təsiri ilə bir qədər silinmiş bu izləri aşkar etmişdir. Sahil istiqamətinə uzanan bu yolların sonluğu dəniz sularının altında qalır ki, bu da öz növbəsində zamanla dənizin səviyyəsinin qalxdığını göstərir” (История города Баку. Период средневековья. Баку - 2002, с. 34-35).

Abşeronun “Daş yollar”ı barədə A.Bakıxanov yazırdı ki, “Bakı qəzasının Bilgəh, Zirə, Bibi Heybət və başqa kəndlərində, o cümlədən bəzi adalarda qayalar üstündə dənizə doğru gedən təkər izləri görünür” (Аббас-Кули-ага Бакиханов. Гюлистан-и Ирам. Баку-1991, с. 34-35).

Beləliklə, Abşeronun “daş yolları” barədə hələ XIXəsrə aid tarixi mənbələrdə məlumatlar var idi. XXIəsrin əvvəllərindən başlayaraq bu abidələrə maraq dahada artmışdır. Bu ilk növbədə onunla bağlı idi ki, belə “yolların” dünyanın başqa yerlərində – Aralıq dənizi hövzəsində, cənubi Avropada (Malta, Yunanıstan, İtaliya, Fransa) və s. yerlərdə də mövcudluğu, onların Abşeronun “daş yolları”na bənzərliyi barədə informasiyalar yayılmışdır. Əlbəttə, bu tarixi yadigarlara, onların qorunmasına və tədqiqinə diqqətin cəlb edilməsi (F.Nəsibov, A.İslamov) təqdirəlayiq haldır.

Abşeronun “daş yolları” hazırda Türkan, Hövsan,Nardaran, Dübəndi, Qala, Suraxanı və s. kəndlərin ətrafında, demək olar ki, yarımadanın məskunlaşmayan bir çox yerlərində qalmaqdadır. Belə izlərə Qız qalası yaxınlığında da rast gəlinməsi barədə məlumat var. Bu “yollar” barədə müxtəlif fikirlər irəli sürülmüşdür. Bu fikirlərin ümumi nəticəsi ondan ibarətdir ki, bu izlər yoldur, lakin araba yolu deyil. Doğrudan da nəşr olunmuş yazılarda bu izlərin araba yolu olmaması, indi məlum olan arabaların qayalar üzərində belə izlər sala bilməsinin qeyri-mümkünlüyü kifayət qədər əsaslandırılmışdır. Eyni zamanda Abşeronun və Aralıq dənizi hövzəsinin “daş yolları”nın tarixi sinxronluğu və ümumi mədəniyyətə mənsubluğu barədə müstəqil araşdırıcılar tərəfindən ehtimallar irəli sürülmüşdür (Аббас Исламов, Фаик Насибов. Загадки каменных дорог.https://www.window2baku.com/Ancient/cartruts.htm).

Abşeron abidələrinin tədqiqatçısı arxeoloq İdris Əliyev də Fikrət Abdullayevlə birlikdə bu izlərinqədim yollar olduğunu iddia edir (İdris Əliyev, Fikrət Abdullayev. Naməlum Abşeron. Bakı – 2011, s. 99).

Abşeron. Yola bənzər izlər

Lakin bu günədək hər hansı bir araşdırıcı bütün səylərə baxmayaraq Abşeronun bu “daş yolları”nın doğrudan da yol olduğunu heç bir tutarlı faktlarla əsaslandıra bilməmişdir. Bu “yollar”ın ərazidəki Tunc dövrü kurqanları ilə heç bir bağlılığı yoxdur – onların arasında bir neçə min il zaman məsafəsi var. Eyni zamanda, bu “yolların” əvvəlinin və sonunun hansı məntəqələr olduğu da məlum deyildir. Bu “yollar”ınyadplanetlilərə aid olması və ya bu kimi aspektlərdə şərhinə cəhdlər isə elmdən çox uzaq olub ümumiyyətlə müzakirə mövzusu deyil.

Bütün bu ehtimallar nə qədər cazibədar görünsə də reallığa uyğun deyildir. Tarixi abidələrin təyinatının şərhi zamanı ilk növbədə bu abidələrin yaradıcıları, müasiri olmuş insanların həyat tərzi, maddi tələbatları, təsərrüfatı, sənətkarlığı, digər məşğuliyyətləri, bir sözlə tarixi reallıqlar nəzərə alınmalı və məhz bu kontekstdə təhlillər aparılmalıdır. Bu, qədim və Orta əsrlər dövrlərinin tədqiqatlarını həyata keçirən arxeologiya elminin başlıca qanunudur.

Belə abidələrin aşkar edilməsi səbəbindən Abşeronu və cənubi Avropanı vahid qədim mədəniyyətdə birləşdirmək barədə təkliflər də düzgün deyil. Biri-birindən çox uzaq məsafədə yerləşmələrindən əlavə, bu regionlardakı “daş yollar” adlandırılan bu abidələr müxtəlif tarixi dövrlərdə, biri-biri ilə heç bir əlaqəsi olmadan meydana çıxmışdır.

Beləliklə, Abşeron çöllərində rast gəlinən, “daş yollar” əslində yoldurmu? “Daş yollar” adlandırılan bu kanalvari izlər əslində yol deyil və onları yol anlayışı ilə heç nə bağlamır. Bunlar fikrimcə sadəcə Orta əsrlərə aid daş karxanalarının izləridir. Abşeronun Orta əsr inşaatçıları bu yerlərdə tikinti üçün daş bloklar kəsib çıxarmış, bu iş səliqəli olaraq eyni istiqamətdə və paralel xətlər üzrə aparılmış, nəticədə yolları, araba izlərini xatırladan kanal şəkilli izlər, yarıqlar əmələ gəlmişdir. Daşları kəsib onları iri parçalar-bloklar halında çıxarmaq üçün şübhəsiz dəmir alətlərdən istifadə edilirdi. İçərişəhərdə aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlərdə ağır işlərdə istifadə edilən balta, çəkic, çapacaq və s. alətlər aşkar edilmişdir (Fərhad İbrahimov. Bakıda metalişləmə tarixi. Bakı-1995). Həmin alətlərdən burada da istifadə edilə bilərdi. Daş bloklar bu sahələrdən hasil edildikdən sonra ya orada, ya da arabalarla inşaat yerlərinə daşındıqdan sonra orada yonulur, hamarlanır və hörgüdə istifadə edilirdi. Əlbəttə, qayalarda qalmış həmin izlər bu qeyd etdiyimiz arabaların izləri deyildir. Bu izlərin bəzilərinə diqqət yetirsək onların cəmi bir neçə metrlik qayalığın üzərində də olduğunu görərik.

Abşeron. Yola bənzər izlər

Halbuki ətraf sahələr qayasız olub arabaların hərəkəti üçün əlverişlidir. Belə olan halda həmin kiçik qaya üzərində böyük əziyyətlə hansısa yol salmaq nəyə lazım idi? Digər tərəfdən, səhvən yol kimi qeyd edilən bu izlər ikidən daha çox paralel xətlərdən ibarətdir və bəzən onlar kəsişirlər. Bu da özlüyündə hər hansı yol anlayışını istisna edir. Kanal şəkilli izlər bəzən qövsvaridir. Çox güman ki, belə yerlərdən əldə edilən daş bloklar tikililərin dairəvi hissəsində, məsələn bürclərin inşasında istifadə edilirdi.

Qız qalası

Məlum olduğu kimi Abşeronun, o cümlədən Bakı-İçərişəhərin bütün tikililəri daş memarlığından ibarətdir. Burada təbii sual yaranır: bəs bütün bu tikililərin inşası üçün xammal mənbəyi haradadır? Əlbəttə, bu xammalın əsas mənbələrindən biri məhz haqqında bəhs etdiyimiz, Abşeron çöllərində rast gəlinən, qayalarda açılmış kanal şəkilli izlərdir. Bu zaman Bakı-Abşeronun tarixi memarlıq abidələrinə də müqayisə üçün nəzər salmaq zəruridir.

Abşeronun kəndindən bir görüntü

Yollara bənzəyən bu izlər Orta əsrlər dövrünün daş karxanalarıdır və Bakı-Abşeronda bu sahədə sənaye üsulunun tətbiqindən sonra tədricən unudulmuşdur. Heç də təsadüfi deyildir ki, müasir daş karxanaları da indi həmin bu yollara bənzər izlərin bilavasitə yaxınlığındadır. Abşeronda belə, yollara bənzəyən Orta əsr daş karxanaları yəqin ki, çox olmuşdur. Lakin ərazi məskunlaşdıqca bu izlər də itib-batmış, məhv olmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, bu tip abidələr Aralıq dənizi hövzəsindəki bir sıra ölkələrin ərazilərində də mövcuddur. Xüsusilə Malta adasındakı bu qədim “yollar” daha məşhurdur. Avropanın beləabidələri də tədqiqatçılar tərəfindən hansısa qədim yollar kimi təqdim edilməkdədir. Fikrimizcə Aralıq dənizi hövzəsinin bu abidələri də qədim daş karxanalarıdır. Bu regionun da qədim memarlığının, xüsusilə məbədlərin daş tikililərdən ibarət olduğu məlumdur.

Biz burada başqa bir suala da cavab tapmalıyıq: Abşeronun haqqında bəhs etdiyimiz bu qədim daş karxanaları tarixi abidədirmi? Sualın cavabı birmənalıdır – əlbəttə abidədir. Hətta bunlar başqa mülahizələrə görə yol olsa belə yenə də abidədir və bunların qorunması müvafiq dövlət qurumlarının və bütövlükdə ictimaiyyətin borcudur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən insanın fəaliyyəti ilə bağlı olan qədim mədən istismar izləri, qədim yollar arxeoloji abidələr sırasına daxildir. Deməli, haqqında bəhs etdiyimiz obyektlər istənilən halda tarixi-arxeoloji abidələrdir və bunların mühafizə edilməsi üçün qanuni əsaslar mövcuddur.

Abşeronun bu abidələri bu vaxtadək əsaslı şəkildə tədqiq edilməmişdir. Bu abidələrə diqqət yetirilməsi və onların multidissiplinar aspektdə – arxeoloqların, etnoloqların, tarixçilərin, memarların, geoloqların birgə iştirakı ilə tədqiq edilməsi vacibdir. Məhz belə araşdırma nəticəsində Orta əsrlərə aid daş karxanalar hesab etdiyimiz bu abidələr haqqında daha ətraflı məlumatlar əldə etmək mümkün olacaqdır.

Nəcəf Müseyibli

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun

şöbə müdiri, tarix elmləri doktoru, professor