Laçın yolunun dəhliz məntiqi aradan qalxır, Azərbaycan həmlələrini davam etdirir Laçın yolunun dəhliz məntiqi aradan qalxır, Azərbaycan həmlələrini davam etdirir

Rusiya Ermənistana "yeni yol" göstərir?

Laçın yolunun dəhliz məntiqi aradan qalxır, Azərbaycan həmlələrini davam etdirir

Sərhəddəki insidentlər, yəni Ermənistanın Azərbaycan mövqelərini atəşə tutması ilə Qarabağ iqtisadi zonasındakı hadisələr arasında paralellik təşkil edən güclü bir əlaqə mövcuddur.

Azərbaycan sərhəddəki hərəkətliliyini Qarabağda sülhməramlıların nəzarət zolağında olan ərazilərə baxışla – “QİSAS”la tutuşdurur və Bakının davranışları bu iki nöqteyi-nəzərlə birlikdə inkişaf edir.
Ermənistanla Qarabağı birləşdirən Laçın yoluna (Gorus-Xankəndi yolu) alternativ marşrutun Azərbaycan hissəsindəki işlərin yekunlaşması ərəfəsində Laçın şəhərindəki ermənilər oranı tərk edir. Bununla da yaxın zamanlarda Azərbaycan Laçın şəhərinə də tam nəzarəti bərpa edəcək.
Proseslərin məcrası göstərir ki, alternativ yol Laçın dəhlizi məntiqini aradan qaldırır. Əgər həmin yol tam şəkildə istifadəyə verilsə, bunun dəhliz rejimində fəaliyyət göstərəcəyi inandırıcı fikir kimi səslənmir.

İrəvanın isə Zəngəzur dəhlizinin dəhliz parametrləri ilə istifadəyə verilməsinə qarşı çıxmaq üçün əlində imkanları yoxdur. Özünün resurslarının yoxluğunu bir kənara qoyaq, ona Zəngəzur koridorunun açılması üçün Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qərb də təzyiq edir, İran isə təzyiq xəttindən kənarda qalsa da, perspektiv dəhlizin iqtisadi faydalarını hesablamaqdadır.
Azərbaycanın cızdığı sərhədin hüdudları təkcə Şərqi Zəngəzur bölgəsi ilə məhdudlaşmır, dövlət Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Naxçıvan istiqamətlərində də özünün hərbi mövqelərini bərkidərək İrəvana güc nümayiş etdirir.

Rusiyanın regiondakı addım səslərinə gəlincə, bunu, Bakının maraqlarına ciddi təhdid yetişdirmək kimi qiymətləndirmək yanlışdır.

Kremlin ayaq səsləri Azərbaycanın maraqlarına tam da olmasa da cavab verir. Məsələni anlamaq üçün iki informasiyaya diqqət çəkmək lazımdır:

1. Rusiya ordusu Ermənistan-Azərbaycan sərhədinin Qazax istiqamətində, Əskipara kəndində ikinci blokpost tikir,

2. Rusiya sülhməramlı qüvvələri Zəngəzur-Ağarak yolunu nəzarətə götürüb.
Birinci məqam üzrə: Rusiya ötən ilin mayın əvvəlindən etibarən Ermənistandakı 102-ci bazasının bir neçə bölməsini Zəngəzura köçürmüşdü. Bundan sonra isə proseslər Azərbaycanın xeyrinə vüsət aldı və Bakı özünün gücünü sərhəddə nümayiş etdirərək əhəmiyyətli strateji yüksəkliklərdə möhkəmləndi.

Qazaxın işğal altında olan Əskipara kəndinə gəlincə, 2021-ci ilin avqustundan etibarən Rusiya qoşunları orada xidmət aparır. Bu dəfə isə Rusiya hərbçilərinin xidməti güclənir, məqsəd Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasında Rusiyanın vasitəçiliyini artırmaqdır, Ermənistanı qorumaq deyil.

İkinci məqam üzrə: Ermənistan mətbuatının iddiasına əsasən, Rusiya sülhməramlıları Zəngəzur-Ağarak yolundan keçən avtomobilləri yoxlayır. Bu da Azərbaycanla Rusiya arasında olan anlaşmanın bir hissəsi kimi şərh edilməlidir.

Azərbaycanla Ermənistan yeni danışıqlara hazırlaşır, Bakı isə növbəti təmaslara qədər sərhəddə və Qarabağ iqtisadi zonasında həmlələrini davam etdirəcək.

Aqşin Kərimov