Qarabağ erməniləri ilə təmas Qarabağ erməniləri ilə təmas

Sərsəng gəlişməsi - ŞƏRH

Qarabağ erməniləri ilə təmas

Rus sülhməramlıların - sepratçıların nəzarətində qalan Sərsəng su anbarına baxışın keçirilməsi və su bölgüsünün aparılmasının müzakirə edilməsi Bakının Qarabağ iqtisadi rayonuna nəzarəti gücləndirməsi baxımından əhəmiyyətli hadisə hesab edilə bilər.

Su anbarının suyundan istifadə Azərbaycanın suvarma sistemi üçün əhəmiyyətlidir və istisna deyil ki, antiterror əməliyyatı ilə Sərsəngə nəzarətin bərpa edilməsi planı olub. “Qisas” əməliyyatında Sərsəng ətrafındakı erməni kazarmaların vurulması da bu ehtimalı gücləndirən məqamdır. Lakin Bakının məsələni niyə əməliyyatla yox, su bölgüsü ilə həll etmək istəyi maraqlıdır.

Bunun iki mümkün səbəbi ola bilər:

Birincisi, Rusiya sülhməramlıları ilə konfliktin dərinləşdirilməməsi, bunun indi sərfəli olmamasıdır;

İkincisi, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin həyat mənbəyini kəsmək istəməməsidir: sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilərin qaz, elektrik, internet xətləri üzərində Bakının nəzarəti güclənib, Laçın yolunun alternativ marşruta keçməsi ilə bu kommunikasiyalardan böyük ölçüdə məhrum olacaqlar; Sərsəng su anbarından istifadə etdikləri suyun da kəsilməsi erməni əhalini tamamilə çıxılmaz vəziyyətə sala bilər;

- bu, Azərbaycanın Qarabağdakı etnik ermənilərin öz vətəndaşı kimi qəbul etmək siyasətinə uyğun deyil;

- bunu etmək erməni əhali arasında “Azərbaycan “soyqırım” törədir” rəyinin yaradılması baxımından İrəvana da, Moskvaya da, Qarabağda qalan separatçılara da sərf edir;

- belə addım Bakıya qarşı kənar təzyiqlərin – Qərbdən də, Rusiyadan da – güclənməsinə şərait yarada bilər.

Azərbaycan “erməni vətəndaşlarının” suyunu kəsmir, əvəzində su bölgüsü ilə Sərsəng anbarından istifadəyə nail olur. Sərsəngə nəzarət əməliyyatla bərpa edilsəydi belə, ruslar ermənilərin suyunun kəsilməməsi üçün hər şeyə əl atacaqdılar. Azərbycan məsələni müzakirə yolu ilə həll edir və mümkündür ki, bu, “Qisas” əməliyyatından sonra razılaşdırılıb.

Və ən əsas məqam görüş haqda məlumatda sülhməramlıların iştirakına dair heç bir qeydin olmamasıdır. Bu, separatçıların “tərəf” kimi qəbul edilməsi yox, Əliyevin dediyi kimi, Qarabağdakı ermənilərlə birbaşa təmasın qurulması deməkdir, İrəvansız və Moskvasız. Bakı daxili məsələsini vasitəçisiz həll etməlidir.

Asif Nərimanlı