İnqilablar beşiyi – Təbriz

Tədqiqatçılar qeyd edirlər ki, Osmanlı dövlətinin əsas məqsədi Rusiya ilə Türkiyə arasında tampon dövlət olaraq Bütöv Azərbaycan dövləti yaratmaq idi. Bu məqsədlə savaş əsnasında İttihad və Tərəqqi Komitəsinin Qafqaz məsələləri üzrə baş sözcüsü Ömər Naci Bəy Güney Azərbaycanda Qüzey Azərbaycanın birləşərək Birləşmiş Azərbaycan dövlətinin yaradılması fikrini irəli sürmüşdü.

Birinci Dünya müharibəsində məğlub olan Osmanlı ordusu 1918-ci ilin noyabr ayında Güney Azərbaycanı da tərk etdiyindən Xiyabani Azərbaycana geri dönmüş, Azərbaycanın Demokrat Partiyasını yenidən bərpa etmiş, partiyanın orqanı “Təcəddüd” yenidən nəşrə başlamışdı. Bu dövrdə partiya içində parçalanma olmuş, partiya Xiyabani və doktor Zeynəlabdin Xanın öndərliyində iki qrupa ayrılmışdı. “Təcəddüdçülər” qrupuna başçılıq edən Xiyabaniyə qarşı “Tənqidçilər” partiyanın sadəcə Azərbaycan partiyası olmasına və Osmanlı ordusu Azərbaycanda olduğu dövrdə “Azerbadeqan” qəzetini yayınlayan, ilk dəfə Güneydə “Güney Azərbaycan Türklüyü” məsələsi ilə bağlı məqalə yazan gənc şair Mirzə Tağı Rəfatın Türklərlə iş birliyində olduğu üçün partiyaya alınmamasına qarşı tələblər irəli sürmüş, lakin Xiyabani bu tələbləri qəbul etməmiş, Mirzə Tağı Rəfatı yenidən partiyanın orqanı olan Türkcə -Farsca “Təcəddüd” qəzetinin redaktoru təyin etmiş, partiyada yeini dəyişikliklər apararaq sonralar Rza şah dövründə panfarsizmin ideoloqlarından əslən Azərbaycan Türkü olan Əhməd Kəsrəvinin də daxil olduğu “Tənqidçilər” fraksiyasını partiyadan kənarlaşdırmışdı.

1919-cu ildə Güney Azərbaycanda gərgin vəziyyət yarandığı bir şəraitdə ADP çox fəal siyasi iş aparmış, ölkəni siyasi və iqtisadi cəhətdən İngiltərədən tam asılı vəziyyətə salan Vüsuquddövlə hökümətinə qarşı mübarizəni daha da şiddətləndirmiş, xalqı ayağa qaldıraraq silahlı üsyana hazırlamış, nəhayət 7 aprel 1920–ci ildə Güney Azərbaycanda silahlı üsyan başlamışdı. Silahlı üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) təşkil olunmuş, bu təşkilata Şeyx Məhəmməd Xiyabani başçılıq etmiş, üsyançılar bu təşkilatın rəhbərliyi altında iki gün müddətində yerli dövlət idarələrini demək olar ki, ələ keçirmiş, şəhər polisi və ingilis hərbi qüvvələrini əyaləti tərk etməyə məcbur etmiş, silahlı üsyançılar qan tökülmədən qələbə çalmış, Müstəqil Azərbaycan Höküməti yaranmış, Güney Azərbaycanın rəsmi dövlət adı kimi “Azadıstan məmləkəti” elan edilmiş və bu adın rəsmən tanınması mərkəzi hökümətdən tələb olunmuşdu.

İctimai İdarə Heyəti mərkəzdən təyin edilmiş dövlət məmurları və hərbi qulluqçuları Təbrizdən qovmuş, yerlərinə ADP-nin tanınmış üzvlərini təyin etmişdi. Təbrizdə başlanmış üsyan tədricən Güney Azərbaycanın digər mahal və şəhərlərini də əhatə etmiş, İran Konstitusiyasına uyğun olaraq Demokratik islahat, torpaq reformu, mərkəzdə Milli Məclisin yenidən seçilməsi və Əyalət Əncümənlərinin yaradılması haqqında müraciətə cavab verilmədiyindən İctimai İdarə Heyəti Milli Höküməti yaratmış, Şeyx Məhəmməd Xiyabani Milli Hökümətin rəhbəri seçilmişdi. Mərkəzi Hökümətin tərkibinə ADP-nin 20 nəfər üzvü daxil edilmiş, Milli Hökümətin mərkəzi orqanı olan “Təcəddüd” qəzetinin redaksiyası vəliəhdin iqamətgahı olan Ala Qapıya köçürülmüş, beləliklə Təbrizdə mərkəzdən təyin edilmiş heç bir məmur qalmamışdı.

İlk əvvəllər hərəkat rəhbərləri Azərbaycana muxtariyyət verilməsi, Konstitusiyasının təkmilləşdirilməsi və konstitusiyalı monarxiya tərəfdarı kimi çıxış edirdilərsə, Milli Hökümət yaradıldıqdan sonra artıq İranda monarxiya rejiminin ləğvi və Respublika yaradılması fikrini irəli sürməyə başlamışdılar. Cəmi 5 ay yaşamasına baxmayaraq Milli Hökümət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə islahatlar həyata keçirməyə başlamış, bu sahələr üzrə müvafiq idarə və nazirliklər yaratmışdı. Çox təəssüflər olsun ki, mərkəzi hökümət İngiltərə nümayəndələri ilə birgə hazırladıqları silahlı hücum nəticəsində 11 sentyabr 1920-ci ildə Təbriz üzərinə qəfil hücuma keçmiş, sentyabrın 14-də Xiyabanini şəhid etmiş, üsyançılara amansız divan tutmuş, onların evlərini yandırmış, yüzlərlə üsyançı edam edilmiş, Azərbaycan Milli Hökümətinə son qoymuşdular.

1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Güney Azərbaycan Türklərinin yaratdığı bu Mili Hökümət Azərbaycan xalqının milli- azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmış, Xiyabaninin şah əsəri olan “Azərbaycan və Azərbaycan demokratiyası ” adlı məqalə - essesi bu gün də Azərbaycan Türklərinə milli qürur, vətənpərvərlik, dəyanət, öz qüvvəsinə inam aşılayır, hazırkı Milli Hərəkatçılarda Güney Azərbaycanın müstəqilliyinə bir inam yaradır. Çünki Xiyabani ilk dəfə olaraq Güney Azərbaycanda Azərbaycanlılığı ön plana çıxarmış və Azərbaycançılıqdan bir hökümət ideologiyası oluşdurmuşdu.
Şeyx Məhəmməd Xiyabaninin : “Ey əziz Azərbaycan! Sən bir iti gözsən ki, İran səninlə çağdaş mədəniyyətə baxır”, “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur”, “Ey Azərbaycan! Ey Azərbaycan demokratiyası! Sən təcəddüd və təkamülün geniş meydanının tənha yolçususan! Sən təcrübə keçmisən, imtahandan çıxmısan və indi Sənin qarşında yeni bir dövr açılır. İstibdad əleyhinə üsyan, əcnəbi istilasına qarşı müqavimət, pozucu ünsürlərlə mübarizə, şücaət, qeyrət və mətanət tələb edir. Bunların hamısı pak övladların ruhunda vardır. Keçmişin xarabaları üzərində gələcəyin sarayları yüksəlməlidir. Ey ölməz Azərbaycan! Bu ümidləri doğrult, başını uca tut, yaşa, həmişə yaşa!” və s. kimi söyləmləri bu gün belə Güney Azərbaycan Türklərinin Milli Hərəkatına yön verməkdə, onu yeni – yeni qələbələrə ruhlandırmaqdadır.

Hazırladı: Aysel Turan

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Güney azərbaycanlıların ana dili və azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində media platformalarında iş” layihəsi çərçivəsində dərc olunur