Ana dilim ölən deyil – Güneyin harayı

Daxili irtica və onların xarici himayədarlarının təcavüzü nəticəsində süqut edən Milli hökumətdən (1945-1946) sonra Azərbaycan dilinə təzyiq və qadağalar daha geniş miqyasda, üsul və vasitələrlə davam etmişdi. Bundan əvvəlki dövrdə olduğu kimi Azərbaycan dilinin hüququnu siyasi sferada sol siyasi təşkilatlar ümumi formada müdafiə edirdilər. Hakim dairələr isə, Azərbaycan dilinin sıxışdırılması siyasətini həyata keçirirdilər. Yalnız şəhər orta təbəqələrinin az saylı nümayəndələri, bir sıra milli ruhlu ziyalılar Azərbaycan dilinin mədəni hüquqlarını, yazılı funksiyalarını əməldə qoruyub saxlamağa səy göstərirdilər. XX əsrin 50-70-ci illərində milli məsələ, milli kimlik və ana dili məsələsinə maraq obyektiv olaraq genişlənsə də leqal siyasi formada onun hüquqlarını müdafiə edən sosial qrup formalaşmamışdı. Məhz bunun nəticəsində İranda yeni inqilabi hərəkat başlayanda azərbaycanlıların milli maraqları, o cümlədən ana dili məsələsi siyasi fəaliyyət obyektinə çevrilmədi. Yalnız inqilabın qələbəsindən sonra azərbaycanlıların müxtəlif siyasi, ictimai-mədəni, mədəni təşkilat və qurumları Azərbaycan dilinin hüquqlarının tanınması və funksional dairəsinin genişləndirilməsi uğrunda çıxış etməyə başladılar. Azərbaycanlıların milli hüquqlar və Ana dili uğrunda mübarizəsinin qeyri-mütəşəkkilliyi formalaşmaqda olan rejimə etnik birliklərin varlığını, dillərini və onların hüquqlarını ümumi şəkildə və son dərəcə məhdud miqyasda tanımağa və əsas qanunda təsbit etməyə imkan verdi. Bununla belə bu fakt milli hüquqlar və ana dili uğrunda mübarizədə mühüm bir nailiyyət və gələcək mübarizə üçün vacib hüquqi baza sayıla bilər.

İran Konstitusiyasında cəmiyyətin polietnik xarakteri hüquqi formada təsdiq edilir, etnik dillərin qanuni hüquqları: kitab çapı, kütləvi informasiya vasitələrində istifadə azadlığı və milli ədəbiyyatın ana dilində tədrisi müəyyən olunur. Qeyd edildiyi kimi bu hadisə milli hüquqlar uğrunda mübarizə tarixində, milli məsələnin həlli istiqamətində irəliyə doğru atılmış addım hesab oluna bilər. Teokratik rejim əsas qanunun tələbinə məhəl qoymayaraq etnik dillərin tədris sisteminə daxil olması üçün heç bir tədbir görmədi.

1980-88-ci il İran-İraq müharibəsindən sonra hakim dini ideologiyanın strukturunda əsaslı dəyişiklik baş verdi və hakim fars millətçiliyi dövlət siyasətinin ideoloji bazasına çevrildi, hakim rejim mövcud şəraitdə yeni üsul və vasitələrlə assimilyasiya siyasətini daha geniş miqyasda davam etdirməyə başladı. Yeni rejimin assimilyasiya siyasətinin ən incə məqamı bir-biri ilə bağlı olan iki cəhətlə seçilirdi: bir tərəfdən etnik dillərin, o cümlədən Azərbaycan dilinin tədris sahəsinə daxil olmasına mane olmaqla azərbaycanlı gənclərin ədəbi dil normalarına yiyələnmələrinə mane olur, bununla fars dilinin təsirini daha da gücləndirirdilər. Digər tərəfdən isə dövlətin nəzarəti altında olan kütləvi informasiya vasitələrində (radio və televiziya) yerli dillərə məhdud vaxt ayrılsa da həmin dillərdə, xüsusən Azərbaycan dilində verilişlərə təkcə məzmun və forma baxımından deyil, həm də leksik-qrammatik baxımdan müdaxilə edilir, zahirən Azərbaycan dilindən, əslində isə fars ifadələri, söz birləşmələri, sözləri və qrammatik vasitələrindən istifadə olunan süni bir dildən istifadə olunurdu. Başqa sözlə, yalnız azərbaycanlıların deyil, bilavasitə Azərbaycan dilinin də assimilyasiya olunması, tədricən fars dilinə çevrilməsi məqsədi həyata keçirilirdi. Bu, fərdlərin assimilyasiya olunmasından daha təhlükəlidir. Lakin bu “incə” siyasətin də gələcəyi yoxdur. Çünki XX əsrin 90-cı illərindən beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, soyuq müharibənin başa çatması, şimali Azərbaycanın öz müstəqilliyini bərpa etməsi və s. azərbaycanlıların milli hüquqlar və ana dili uğrunda mübarizəni davam etdirməsi üçün yeni imkanlar yaradıb.
Qlobal və regional dəyişikliyin ən mühüm nəticələrindən biri sosial-siyasi mübarizənin arxa plana keçməsidir. XX əsr ərzində sosial-siyasi mübarizə sahəsində daha fəal olan azərbaycanlılar tədricən əsas diqqəti milli-siyasi, milli-mədəni sferalara yönəltməyə başladılar. Bunun nəticəsində milli hüquqlar və ana dili məsələsi siyasi, mədəni fəaliyyətin əsas obyektinə çevrilmişdir. Artıq Azərbaycan xalqının milli hüquqları və onun tərkib hissəsi olan ana dilinin hüquqlarının reallaşdırılması, statusunun genişləndirilməsi uğrunda milli cəbhənin yarandığını qeyd etmək olar. Milli hüquqlar və ana dili məsələsi əvvəllər olduğu kimi yalnız sol yönümlü təşkilatların və orta təbəqələrin ayrı-ayrı qruplarının qayğı obyektindən çıxaraq müxtəlif təbəqələrin, sosial qrupların, fərqli siyasi yönümlü qüvvələrin müştərək mübarizə obyektinə çevrilmişdi. Artıq istər siyasi təşkilatlar, istər ictimai-mədəni, istər mədəni təşkilatlar, cəmiyyətlər, qurumlar, istərsə də ayrı-ayrı ziyalı qrupları o cümlədən azərbaycanlı tələbələr milli və milli-mədəni hüquqlar uğrunda müxtəlif vasitələrlə geniş mübarizə aparırlar. Həmin mübarizənin təsiri altında hakim strukturlarda təmsil olunan ayrı-ayrı azərbaycanlılar milli hüquqların təmin edilməsini müdafiə etməyə başlamış və hətta ən mühafizəkar sosial qrup olan ruhanilərin bəzi azərbaycanlı nümayəndələri də milli hüquqların, xüsusən Azərbaycan dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda çıxış edirlər. Bütün bunlar Azərbaycan dilinin hüquqları uğrunda mübarizənin genişləndiyini və dərinləşdiyini göstərir.

XX əsrin 90-cı illərindən etibarən milli hüquqlar və ana dili uğrunda mübarizənin mühüm bir cəhəti yüz ildən çox tarixi olan Cənubi Azərbaycan diasporunun Azərbaycan (buna qədər İran) adı ilə özünü təqdim etməsi, müxtəlif səviyyəli və yönümlü təşkilatlar yaratması, onların fəaliyyətini əlaqələndirməsi və ümummilli təşkilatda birləşməyə meyl göstərməsidir. Diaspor təşkilatlarının fəaliyyətinin ən mühüm, çox zaman isə mərkəzi ünsürünü milli hüquqlar, Azərbaycan dilinin Cənubi Azərbaycanda hüquqlarının reallaşdırılması, genişləndirilməsi, statusunun yüksəldilməsi təşkil edir. Diaspor təşkilatları Azərbaycan dilinin və mədəniyyətinin varlığı, qorunması, fəaliyyət göstərməsi və digər xalqlara tanıdılması sahəsində geniş fəaliyyət göstərir. Yüksək səviyyəli mütəxəssisləri, nüfuzlu elm və mədəniyyət xadimlərini, imkanlı şəxsləri özündə birləşdirən diaspor təşkilatları Cənubi Azərbaycan məsələsinin beynəlmiləlləşməsində mühüm rola malikdir. Həm Cənubi Azərbaycan, həm də diaspor təşkilatlarının səyi ilə artıq Cənubi Azərbaycan məsələsi BMT, Amnesty İnternasional və digər beynəlxalq və regional təşkilatların daim diqqət yetirməyə başladıqları məsələyə çevrilməkdədir. Bu milli hüquqlar və ana dili uğrunda mübarizədə mühüm uğur hesab oluna bilər.
Azərbaycanlı müxalif siyasi qüvvələr milli məsələnin həlli uğrunda davamlı mübarizə aparırlar. Milli məsələnin bu və ya digər formada həlli ana dili probleminin də həlli deməkdir. Belə yanaşmanı və həll yolunu perspektiv həll adlandırmaq olar.

Milli-mədəni cəmiyyət, qurum, təşkilatlar, hakim elitada təmsil olunmuş ayrı-ayrı azərbaycanlılar Azərbaycan dilinin hüquqlarının təmin olunması, funksiyalarının genişlənməsi və statusunun yüksəldilməsi uğrunda çıxış edir və onlar həmin məsələnin tezliklə həll olunmasını tələb edirlər. Belə yanaşmanı qısa müddətli, praqmatik yanaşma hesab etmək olar.

İran rejimi milli hüquqlar, ana dili uğrunda mübarizə aparan siyasi və mədəni qüvvələr arasındakı ziddiyyətdən öz maraqları istiqamətində istifadə edərək müxtəlif qrupları bir-birinə qarşı qoyaraq hərəkatı zəiflətməyə çalışır. Buna baxmayaraq xaricdə və daxildə fəaliyyət göstərən müxtəlif səviyyəli təşkilatların Azərbaycan dilinin hüquqlarının bərpa olunması, statusunun genişləndirilməsi məsələsində eyni mövqeyə malik olması ana dili məsələsinin yaxın gələcəkdə öz həllini tapacağına ümid bəsləməyə əsas verir.

Hazırladı: Aysel Turan

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Güney azərbaycanlıların ana dili və azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində media platformalarında iş” layihəsi çərçivəsində dərc olunur