İranda farş şovinizmi hakimiyyəti necə qəsb etdi?

Qacarlar dövlətini 1925-ci ildə devirib 1000 illik Türk hakimiyyətinə son qoymuş, mehtərbaşı Rzanı hakimiyyətə gətirmişdilər.

1925-1978-ci illər Güney Azərbaycan Türklərinin tarixində ən acınacaqlı, ən dəhşətli illər olmuş, Türk düşmənlərinin əli ilə “ İran” deyilən məmləkətdə 1000 illik Türk hakimiyyətinə son qoyulmuşdu. Belə ki, xarici imperialist qüvvələrin hərtərəfli yardımı ilə hələ əvvəllər çar kazak polkunda soldat, sonra mehtərbaşı və kazak briqada rəisi Rzanın başçılıq etdiyi kazak silahlı qüvvələri 21 fevral 1921-ci ildə gecə ikən Tehrana daxil omuş, onun Tehrana hərəkət etdiyini bilən hökumət nümayəndələri əvvəlcədən şəhəri tərk etdiyindən ingilislər öz köhnə əlaltıları olan Seyid Ziyaəddin Təbatəbainin başçılığı ilə yeni hökumət təşkil etməyi qərara almış, fevralın 22-də Seyid Ziyaəddin öz nümayəndəsini Əhməd Şah Qacarın yanına göndərərək özünün ona sədaqətlə xidmət edəcəyini vəd etmiş, hökumət təşkil etməsinə razılıq əldə etmişdi. Əhməd Şah hətta bilmədən ingilislərə öncədən sədaqətlə xidmət edəcəyini vəd edən kazak silahlı qüvvələrinin başçısı Rzaya “Sərdari - süpah” ləqəbi verərək Qacar ordusunun başçısı, daha sonra hərbi nazir vəzifəsinə təyin etmişdi.

1923–cü ildə ingilislərin İrandakı ağalığına qarşı etirazlar daha da genişləndiyindən xalqın təzyiqi ilə köhnə hökumət istefa verməyə məcbur olmuş, belə bir vəziyyətdə Əhməd Şah yeni hökuməti təşkil etməyi Rzaya tapşırmış, Rza da özündən əvvəlki hökumət başçıları kimi ikiüzlü siyasət yürüdərək demokratik vədlərlə işə başlayaraq hətta Süleyman Mirzə İsgəndəri və Hacı Əli Məmaliki kimi sol qüvvəllərin nümayəndələrini də hökumət üzvlüyünə daxil etmişdi. Beləliklə 1921-ci ildə hərbi nazir, 1923- cü ildə isə baş nazir olan və bununla da hərbi və mülki hakimiyyəti öz əlində cəmləşdirən Rza “ xan” titulu ilə ölkənin müxtəlif yerlərində davam edən milli- azadlıq hərəkatlarını kazak dəstələri vasitəsilə qəddarlıqla yatırmış, Güney Azərbaycanda Şahsevən, Xalxal, Talış və Maku xanlıqlarını da özünə tabe etdirmiş, hətta hökumət başçısı olandan bir ay sonra Əhməd Şahı məcbur etmişdi ki, İranı tərk edib Avropaya “müalicəyə” getsin. Əli Bəsiri “Xatiratı Rza şah” əsərində göstərir ki, Rza xan özü bu barədə yazmışdı: “Bəli, mən şahı (Əhməd Şah Qacar nəzərdə tutulur - A.M) məcbur etdim ki, İrandan Avropaya mühacirət etsin” (İqtibas Azəroğlunun “İstibdad dövrünün ədəbiyyatı” adlı məqaləsindən götürülmüşdür – A.M. Bax: XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar. 1900-1985–ci illər, Məqalələr məcmuəsi, Bakı 1990, səh.95).

Həqiqətən də Əhməd Şah Qacar ölkəni tərk edərək Avropaya getmiş, ölkədən gedərkən qardaşını öz yerinə təyin etmiş və Rza “xan”a belə bir göstəriş vermişdi ki: “Dövlət işlərinə qarışmasın”. Lakin Əhməd Şah gedəndən sonra Rza “xan” V Məclisin toplanması barədə göstəriş vermiş və öz “Proqramını” Məclisə təqdim etmişdi. Rza 130 il “İran” deyilən məmləkətə şahlıq etmiş Qacar sülaləsinə son qoymaq üçün ictimai rəyi nəzərə alaraq “Respublika” şüarını irəli sürmüş və o zamankı qəzetlərdə Əhməd Şahın əleyhinə məqalələr dərc etmiş, şahın karikaturasını çəkdirtmiş və: “Əhməd Şah heç zaman ölkəyə şahlıq etməmiş”, “Ondan bizə şah olmaz”, “Məhv olsun Əhməd Şah” kimi şüarları gündəmə gətirmişdi. Məclisdə “Respublika” tərəfdarları ilə əleyhidarları arasında mübarizə getmiş, Rza öz əleyhidarlarını susdurmaq üçün Qum şəhərinə din başçılarının yanına məsləhətə getmiş və qayıtdıqdan sonra: “Hazırkı şəraitdə İranın Respublikalı dövlətlə idarə etməyin mümkün olmadığını” elan etmiş və bununla da “ Respublika” şüarı gündəlikdən çıxarılmış, lakin “Məhv olsun Əhməd Şah” şüarı qüvvədə qalmışdı. Rza tərəfdarları ölkədəki ağır vəziyyətdən istifadə edərək Məclis deputatlarına təzyiq göstərmiş, Rzanın hakimiyyət başına keçməsi üçün: “Məclis xalqın rifahı üçün Qacar sülaləsinin hakimiyyətdən düşdüyünü elan edir və ölkəni Qanuni -əsasinin (Kontitusiyanın) verdiyi imkan dairəsində müvəqqəti idarə etməyi Cənab Rza xan Pəhləviyə tapşırır” kimi bir təklifi deputatların müzakirəsinə çıxarmışdılar. Məclisin sədri Müdərris bu təklifə heç bir rəy bildirmədən Məclisi tərk etmiş, vəziyyətdən istifadə edən deputat Tağızadə bu layihəyə baxmaq üçün komissiya yaratmaq təklifini irəli sürmüşüdü. Tağızadənin ardınca kürsüyə çıxan doktor Müsəddiq Rzanın şah seçilməsinin əleyhinə çıxış etmiş, lakin Məclisin əksəriyyətini təşkil edən Rza tərəfdarları bu layihənin müzakirəsinə səs vermiş, nəhayət 12 dekabr 1925-ci ildə Müəssislər Məclisinin 257 üzvü lehinə, 3 üzvü bitərəf qalmaqla Rzanı İranın şahı seçmiş, İran Konstitusiyasında da dəyişiklik edərək “Qacar” kəlməsini “Pəhləvi” kəlməsi ilə əvəz etmişdilər. Beləliklə, 31 oktyabr 1925-ci ildə 130 illik Qacar sülaləsinə və 1000 illik Türk hakimiyyətinə son qoyaraq 12 dekabr 1925–ci ildə məharətlə hazırlanmış ssenari əsasında Rza “Rza Şah Pəhləvi” soy adı ilə “İran” deyilən məmləkətin irsi şahı elan edilməsinə nail olmuşdu.

Bu qeyri-qanuni olaya qarşı etiraz səsini ucaldan, yeni yaranmış müstəbid üsul – idarəni tənqid edənlər şiddətlə təqib və həbs olunaraq dar ağacından asılmış, zindanlara salınmış, sürgün edilmişdilər. Lakin bu terror və təqiblər xalqın ruhunu öldürə bilməmiş, inqilabi hərəkatı tam məhv edə bilməmişdi. Bu illərdə məşhur inqilabçı, alim və filosof olan Azərbaycan xalqının böyük oğlu Tağı Ərani “Dünya” adlı jurnal nəşr etməyə başlamış və bu jurnal inqilabi ideyalar yaymaqda böyük rol oynamışdı. Bu dövrdə Seyid Cəfər Cavadzadə Pişəvəri də publisist yazıları ilə mətbuatda çıxış etmiş, buna görə də hər iki inqilabçı lider və onların məsləkdaşlarını Rza şah istibdad məhkəməsi uzun müddətli həbs cəzasına məhkum etmiş, hətta Tağı Ərani tezliklə zindanda xaincəsinə öldürtdürülmüşdü.

O dövrdə öz əsərləri ilə demokratik ideyaları tərənnüm edən Fərruxi–Yəzdi də həbs edilmiş, Qəsri–Qacar zindanında Rza şaha həcv yazdığına görə dodaqları tikilmiş və sonra öldürülmüşdü. Ümumiyyətlə, Rza şahın diktatorluq dövrü bütün “ İran” deyilən məmləkətdə, xüsusilə Güney Azərbaycanda irticanın demokratik qüvvələrə, o cümlədən də ədəbiyyat və mədəniyyət xadimlərinə qarşı total hücuma keçdiyi bir dövr olmuşdur. Bütün bunlara baxmayaraq gizli şəkildə olsa da Azərbaycan şair və yazıçılarından Mirzə Əli Möcüz, Mirzə Rəhim Behişti, Cəfər Xamneyi və s. Rza şahın Azərbaycanda yeritdiyi milli ayrı-seçkilik siyasətini, milli zülmü, məhrumiyyətləri xalqın başa düşəcəyi sadə dillə anlatmışdılar.

Rza şah mərkəzləşmiş dövlət yaratmaq adı altında əslində ölkədə hərbi diktatura rejimi yaratmış, “İran” deyilən məmləkətin siyasi, iqtisadi, sosyal və mədəni inkişafında aparıcı mövqe tutan Azərbaycanı və qarşılıqlı olaraq Azərbaycan Türklərini hər cəhətdən mümkün qədər zəiflətməklə bu vaxta qədər müəyyən dərəcədə kölgədə qalmış farsları hakim mövqeyə çıxarmış, onları yenicə hakimiyyəti hərbi və siyasi hiylə yolu ilə mənimsəmiş Pəhləvi sülaləsinin milli – sosyal dayağına çevirmiş, digər xalqları tədricən hakim farslar içərisində əritməklə “Vahid İran milləti” yaratmaq və panfarsist planını dövlət siyasəti səviyyəsinə qaldırmağa çalışmışdı. Şah kürsüsündə öz yerini möhkəmlədən Rzanın əmri ilə 1928- ci ildə Azərbaycan Türkcəsində dövrü mətbuat, kitab nəşri, teatrlarda tamaşa göstərilməsi, məktəblərdə, ictimai yerlərdə danışmaq rəsmən qadağan olunmuş, Türkcə kitablar və əlyazmalar yığışdırılıb yandırılmış, Türkcə tarixi və coğrafi adlar farslaşdırılmış, Güney Azərbaycan kiçik ərazi vahidlərinə - ostanlara və şəhristanlara bölünmüşdü.

Azərbaycan Türkünün rəsmi dövlət idarəçiliyində iştirakına da qadağa qoymaq məqsədilə Rza şah bütün dövlət idarələrinə “ Soyu Türk olan və Türkcə danışan şəxsləri dövlət müəssisələrində məsul vəzifələrə təyin etməmək və mövcud olanları da bəhanə tapıb xaric etmək” məzmunlu gizli bir sərəncam göndərmişdi. Bu sərəncamı Möhsini və Zövqi kimi maarif nazirləri, Abdulla Mustafa kimi Şərqi Azərbaycan valisi yerlərdə həyata keçirmiş, “Paniranist”idealogiyanın təbliğatçıları Rzazadə Şəfəq və Əhməd Kəsrəvi kimi “sapı özümüzdən olan baltalar” da fars dilinin zorla yayılması, “Vahid İran milləti” ideyasının əhaliyə təlqin edilməsi, Quzey Azərbaycan və Güney Azərbaycanda yaşayan eyni dilli, eyni adlı, eyni tarixli, eyni mədəniyyətli Türklərin müxtəlif xalqlar olduğunu xüsusi canfəşanlıqla sübut etməyə çalışmışdılar. Belə ki, Möhsininin “Türkcə danışanların boynuna noxta keçirib axıra bağlayın” kimi göstərişi, Zövqinin Azərbaycan məktəblərində tənəffüs zamanı belə Türkcə danışan şagirdləri cəzalandırmaq üçün “cərimə sandıqları” qoydurması və digər sərəncamları, Abdulla Mustofinin “Azərbaycanlılar Türkdürlər. Onlar yonca yeyib “Məşrutə” alıblar, indi də ot yeyib İranı abad edərlər” deməsi, Rzazadə Şəfəq və Əhməd Kəsrəvinin anti-Azərbaycan konsepsiyalarını nəzəri cəhətdən “əsaslandırmağa” çalışmaları bunlara bariz nümunədir. Doğrudur, bu uğursuz nəzəriyyədən (Azərbaycanlılar guya Türk deyil, hələ qədimdən farsmənşəli və farsdilli olmaları – A.M.) onun əsas yaradıcısı Əhməd Kəsrəvi sonradan rəsmən imtina etmişdi, lakin vaxtaşırı M.Mortəzəvi, Ə.Karəng, İnayətulla və s. kimi paniranist ideoloqlar bu konsepsiyanın dirçəldilməsinə təşəbbüs göstərmiş, fəqət onlar da heç bir əsaslı sonuc əldə etməmişdilər.

Hazırladı: Aysel Turan

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Güney azərbaycanlıların ana dili və azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində media platformalarında iş” layihəsi çərçivəsində dərc olunur