Faiq İsmayılov: Qarakilsə abidəsinin geniş şəkildə tədqiqinə böyük ehtiyac var

Qərbi Zəngəzur regionunun Qarakilsə şəhəri, indiki Ermənistan Respublikasının ərazisində şəhər mərkəzidir. Qarakilsə rayonu inzibati yaşayış məntəqəsi kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-dən etibarən Qarakilsənin adı dəyişdirilərək Sisyan adlandırılıb. Qarakilsə şəhərinin adı ərazidə yerləşən alban dövrü memarlıq abidəsinin adından götürülüb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

F.İsmayılov zəngin tarixə malik Qarakilsə rayonunda alban mədəniyyətinə məxsus çoxsaylı memarlıq abidələrinin, antik qalaların, süjet xarakterli oymaların, bədii daş nümunələrinin, at, qoç heykəllərinin, qayaüstü təsvirlərin mövcud olduğunu diqqətə çatdırıb.

“Təəssüf ki, ərazidə olan tarix və mədəniyyət abidələrinin demək olar hamısı ermənilər tərəfindən mənimsənilərək onların mədəni-irs nümunələri kimi təbliğ edilir”, - deyə İnstitutun əməkdaşı vurğulayıb.

O deyib ki, alban dövrünün möhtəşəm abidələrindən olan Qarakilsə Bazilikası Qərbi Zəngəzur regionunun Qarakilsə şəhərinin şimal-qərbində yerləşir. Abidənin dəqiq tikilmə tarixi ilə bağlı rəsmi məlumat yoxdur. Kompleksin öyrənilən memarlıq quruluşuna və litoqrafiyalarına əsaslanaraq onun VII əsrə aid olduğunu güman etmək mümkündür. Qeyri-rəsmi məlumata görə, abidənin üzərində inşa tarixini əks etdirən divar yazısı giriş qapısının üstündə olub. Lakin bu yazı ermənilər tərəfindən silinərək yox edilib.

F.İsmayılov bildirib ki, erməni tarixçiləri abidəni XIII əsrə aid etsələr də, onun üzərində qalan bəzi ornamental bəzək nümunələri, abidə ətrafında sındırılaraq yararsız hala salınan bədii daş nümunələrinin qalıqlarından abidənin VII əsrdə tikildiyini deməyə əsas verir.

Kompleksin quruluşundan danışan əməkdaş bildirib: “Qarakilsə Monastır kompleksində mərkəzi bazilika üçnefli divarları taxçalı, xaç formalı, mərkəzi günbəzli, dörd küncündə dördbucaqlı tağları olan kompozisiyaya malikdir. Günbəzin on ikinci novu tağlarla, xüsusi işlənmiş karnizlərlə bəzədilib, günbəz daşıyan tağlar əyri dayaqlar üzərində dayanır. Məbədin cənub və qərb tərəfə açılan iki giriş qapısı var.

Plan həllinə görə abidə Vağüdü və Tatev monastırlarının əsas xüsusiyyətlərini təkrarlayır. Oxşar məbədlərdən fərqli olaraq, burada günbəzin altındakı boşluq tam kvadrat formadadır, bütün apsislər bir-birinə bərabərdir. Bina üç böyük pəncərəyə malikdir”.

F.İsmayılov bildirib ki, xarici fasadlar strukturun məkan inkişafının diqqətəlayiq elementləri olan enli, üçbucaqlı kəsikli və nazik taxçalarla işlənib. Quruluşun bütün dekorativ elementləri VII əsrin ikinci yarısında ümumiləşdirilmiş ornamentasiya formalarına uyğunlaşdırılıb.

Qarakilsə monastır kompleksinin divarlarına yerləşdirilən insan heykəlləri ilə digər monastırlardan seçildiyini vurğulayan AMEA-nın əməkdaşı məbədin daxili interyerindəki, günbəz yarımkürəsinin aşağı hissəsinin nəfis bəzədildiyini bildirib, burada 39 oyma işarəsinin indiyədək qorunub saxlanıldığını qeyd edib.

“Orta əsrlərin yadigarı olan Qarakilsə Alban monastırı ərazinin inzibati yaşayış məntəqələrinə uzaq olduğundan boş qalmış, heç bir tarixi dönəmdə burada heç vaxt ermənilər dini ibadətlə məşğul olmayıblar.

Ermənilər 1990-cı illərdə müstəqillik qazandıqdan sonra abidəni bərpa edərək öz orijinal görkəminə uyğun olmayan başqa formaya salıblar. Belə ki, abidənin ümumi görkəminə və landşaftına əlavələr edilib, divar yazıları ornamental bəzəklər, bədii daş nümunələri sındırılaraq abidədən kənarlaşdırılıb, onu erməni monastırı adlandırıblar.

Lakin bəzi pəncərələrin üstündəki, eləcə də abidənin günbəzinin ətrafındakı haşiyələrin bir neçəsi dövrümüzə qədər gəlib çıxıb. Ermənistan hökuməti monastıra turistlərin diqqətini çəkmək üçün onun ətrafında monumental xaç qurğuları, yonulmuş daşlardan pilləkənlər və böyük xaç daşları inşa edərək, abidələrin bərpası qaydalarını pozublar. Ermənilər Azərbaycanın mədəni irsinə aid tarixi və mədəniyyət abidələrinə qarşı bütün vandallığa yol versələr də, hazırda abidə ətrafında türk totemlərindən sayılan at və qoç fiqurlarının bəzi nümunələri qalmaqdadır”, - deyə o diqqətə çatdırıb.

Məbədin Qarakilsə adlandırılmasına da aydınlıq gətirən Faiq İsmayılov deyib: “Albanların yaratdığı dini abidələrdən sayılan bu məbəd qara, yonulmuş bazalt daşdan tikildiyinə görə Qarakilsə adlandırılıb”.

O bildirib ki, tarixi mənbələrə görə, Qarakilsə məbədi xristianlıqdan əvvəlki dönəmdə mövcud olub, bütpərəst məbədinin yerində tikilib. Bəlkə də Qarakilsə məbədinin memarlığında xristianlıqdan əvvəlki memarlıq elementlərindən istifadə edilməsi bununla izah olunur. Bu, digər alban məbədlərində çox nadir rast gəlinən haldır.

“Qarakilsə abidəsinin geniş şəkildə tədqiqinə böyük ehtiyac var”, - deyə o vurğulayıb.