AXC-nin gerçək modeli: Konvensional sistem - II MƏQALƏ

27 may 1918-ci ildə Milli Şura yaranarkən və ondan bir gün sonra Azərbaycanın dövlət müstəqilliyi elan olunarkən parlamentin formalaşdırılması nəzərdə tutulmurdu. Cümhuriyyətin Tiflisdə olan əsas qurucu heyəti həm Milli Şuranın dayanıqlı bir təsisat olmayacağını, həm də milli müqəddəratımızla bağlı başlıca qərarların verilməsi üçün Müəssislər Məclisinin çağrılmasının zəruriliyini dərindən anlayırdılar. Müəssislər Məclisini toplamaq ən ümdə vəzifə idi. Ancaq cox təəssüf ki, Cümhuriyyət yaşadığı 23 ay ərzində çoxsaylı daxili və xarici problemlər üzündən bu məqsədinə nail ola bilmədi. Cümhuriyyətin yarandığı günlərdə Gəncədə yerləşən Osmanlı qüvvələri və dövrün “İlhaqçılar” adlanan Azərbaycanlı ictimai-siyasi xadimləri, ruhaniləri Milli Şuraya qarşı inamsız idilər. Bu inamsızlıq son nəticədə Milli Şuranın buraxılmasına səbəb olmuşdu. Milli Şura öz fəaliyyətini Bakıda- noyabrın 16-da bərpa etdi. Baş nazir Fətəli xan Xoyski iclasda müxtəsər, lakin dolğun bir nitq söylədi:

“Məclisi Müəssisan dəvəti üçün altı ay möhlət verilərək bütün ümuri-ixtiyarat hökumətə tapşırılmış olduğu halda, hökumət öhdəsinə verilmiş vəzifələri tamamilə ifa etmədən Şurayi Milliyi vəxtindən əvvəl çağırılmasının səbəbi budur ki, Şurai-Millidən ayrılan zaman mühüm bir zaman olub hökumət işləri maliyyət, əsgər və daxili intizam cəhətlərindən qayət zəif və fəna bir halda idi. ... Paytaxtımız əlimizdə olmadıqca Məclisi-Müəssisan dəvətinə hətta hazırlığı qeyri-mümkün idi. Bakı alınaraq hökumət idarələri qayidəyə salınar salınmaz Məclisi-Müəssisan hazırlığı üçün bir komissiya təşkil edildi. Bu komissiya hələ də işləməkdədir. Amma övzayi siyasiyyə böylədir ki, şimdiki nazik və mühüm bir zamanda hadisati təqib etmək belə qeyri-mümkün olmuşdur. Səhər qeyri-mümkün ədd olunan bir şey axşam əmri-vaqeyə kimi arayı çıxıyor. Böylə bir zamanda iki-üç ay gözləyib Məclisi Müəssisan dəvət etmək olmaz. Odur ki, hökumət bütün işlərdə yalnız özü məşğul olmamaq üçün altı ay gözləmədən Şurai-Millini dəvət etməyə məcbur oldu. ... Həzarat! Gəncədə tətil etdiyiniz əsnadə bütün səlahiyyət hökuməti bizə tövsiyə eləmişdiniz. Şimdiki kəndiniz gəlmişsiniz о ixtiyaratı təkrar biz əl-əl fövr sizə əda ediyoruz”.

Fətəli xanın təbirincə desək, Bakıda bütün ixtiyaratı özünə qaytarılan Milli Şura yaranarkən sırf etnik-dini təsisat idi, Azərbaycanın türk və müsəlman əhalisini təmsil edirdi. Bu, Azərbaycana nəzarəti ələ keçirmiş ingilisləri qane etmirdi. İngilis komandanları israrla bildirirdilər ki, Britaniyanın Azərbaycan hakimiyyətini legitim sayması üçün məclisdə digər etnik-dini qruplar da təmsil olunmalıdırlar. Bu tələb AXC hökuməti tərəfindən etirazla qarşılanmırdı. Çünki İstiqlal Bəynnaməsinin 4-cü bəndində də göstərilmişdi ki, Azərbaycan dövləti heç bir sinif, məzhəb, din, cins fərqinə məhəl qoymadan bütün vətəndaşların hüququnu tanıyır və qoruyur. Nətiəcdə noyabrın 29-da Milli Şura xalqa müraciət etdi:

“Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeini müdafiə edəcək”.

Təqdim olunan iqtibasdan da göründüyü kimi, Məclisi-Məbusanın öz sələfindən iki əsas fərqi var.

Birincisi, bu, dar etnik və dini anlamda Milli deyil, Dövlət Assambleyasıdır.
İkincisi, digər etnik-dini qrupların təmsilçilərini də öz sırasına cəlb etməklə genişlənmiş orqandır.

Müəyyən mənada komplimentə layiq görülərək “parlament” adlandırılan qurumun Milli Şura ilə bir çox bənzərliyi də var.

Bunlardan ilki Məclisi-Məbusanın birbaşa seçkilərlə formalaşdırılmamasıdır.

Üstəlik, eynilə Milli Şura kimi parlament də Məclisi-Müəssisan səlahiyyətinə malik deyil.

Nəhayət, Milli Şura kimi Məbuslar Məclisi də Milli Komitələrin xələfidir. Bu barədə "Müvəqqəti Azərbaycan parlamanı (Məclisi Məbusan) təşkili haqqında” qanunda da bəhs olunur:

“1917 sənəsi aprel ayında toplanan Ümum Qafqaziya müsəlmanları qurultayı Cənubi Qafqaziya islamları ümumi milliyyə və mədəniyyətlərini idarə və mənafei-siyasiyyələrini müdafiə etmək üzrə bir Mərkəzi Komitə təşkili tərhini cızaraq müvəqqətən Mərkəzi Komitə İcraatını Bakıda inqilab təriqilə təşəkkül edən Bakı komitəsinə tərk etmişdi. Bakı komitəsi bir zaman Mərkəzi Komitə vəzifəsini idarə edərək mətruh bulunan Mərkəzi Komitəni təsis və vəzifəyi müvəqqətəsini məzkur Komitəyə todi eyləmişdi. Mərkəzi komitə keçən sənə noyabr ayında dəvət edilən milli komitələr konfransının qərarına görə, Azərbaycan Məclisi-Müəssisanını bir ay sonraya qədər toplamalıydı. Fəqət əhvali-siyasiyyə və ovzuözi daxiliyyə, zühur edən həvadisi fövqəladə buna imkan verməyərək Cənubi Qafqaziyadan Rusiyə Məclisi-Müəssisaninə gedəcək əza Rusiya Məclisi-Müəssisani dağıldığından dolayı Tiflisdə cəm olaraq firqə siyahıların təbiri məxsus ilə dərinləşdirmək təriqilə Cənubi Qafqaziya "Seymini təşkil etdilər”.

Azərbaycan parlamentinin açılışı dekabr ayının 3-ə planlaşdırılmışdı. Həm əlamətdar günə hazırlığı, həm də irəli sürdüyü müxtəlif şərtlərlə parlamentin toplanmasına faktiki olaraq maneçilik törədən ingilis generalı Tomsonla aparılan danışıqları müzakirə etmək üçün dekabrın 1-də Milli Şuranın qapalı toplantısı keçirildi. Toplantıda məruzə edən Baş nazir Fətəli xan Xoyski bildirdi ki, parlamentə seçilmiş nümayəndələr iki gün ərzində Bakıda yığışa bilərlər, lakin həmin gün İslam peyğəmbərinin hüzur günü olduğundan, ilk iclası dekabrın 7-də keçirmək daha münasibdir.

7 dekabr 1918-ci ildə toplanan və 28 aprel 1920-ci ilə qədər fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti dövlətçilik tariximizə verdiyi böyük töhfələrə rəğmən, yeni doğulmuş Azərbaycan Cümhuriyyətini “parlamentli respublikaya” çevirəcək bir institut deyildi. Bunun səbəbini Sultan Məcid Qənizadənin parlamentdəki çıxışlarının birində etdiyi bu çıxışdan aydın görmək olar:
“Sonra Məclisi-Müəssisana (söhbət Rusiyada təşkil olunması planlaşdırılan Təsisçilər Məclisindən gedir- T.Ş) seçilmiş əza 3 qat artırılıb 42 nəfər olmaq üzrə Seymə getdilər və orada bir fraksiya təşkil etdilər. Bu fraksiya Bakıda olan Mərkəzi Müsəlman Milli Komitəsinin vəzifəsini ifa edirdi. İndi deyirlər Mərkəzi Milli Komitə yoxdur. Hazırda ancaq "Müsavat" firqəsi var. Lakin mən deyirəm xeyr, haman 42 nəfər ki, əvvəl binası 14 nəfər idi. Milli Komitə o özüdür, hansı ki, indi o özü 120 nəfərə çevrilib parlament adı almışdır”.

Məclisi-Məbusanın real statusuna daha bir obyektiv qiyməti 26 dekabr 1918-ci ildə keçirilən iclasda “Əhrar” partiyasının nümayəndəsi Abdulla bəy Əfəndiyev verir:

“Bina bizim şimdiki parlamentimizə, biz fəqət vaxtın təqazası mocibincə və inqilab sotilə təşkil olunmuş parlamentin önü deyə biləriz. Belə parlamentin ümdə vəzifələri müvəqqəti və motəbər, möhkəm bir hökumət təşkil etməkdir. Cümhuriyyətin həqiqi sahibi olanlar məclisi müəssisanı intixab üçün ədalətli bir seçki qanunu tərtib etməkdir və həmin qanun üzrə məclisi-müəssisan toplanıb vətənə sahib oluncaya qədər davam edib durmaqdadır”

Bəli, Azərbaycan Cümhuriyyətinin parlamenti Milli Şuranın genişlənmiş formatı olduğundan hakimiyyət bölgüsü prinsipi əsasında yaranmamışdı. Parlamentin hökuməti təşkil etmək vəzifəsi barədə həm Milli Şuranın xalqa müraciətində, həm də Əfəndiyevin çıxışında deyilənlər isə, daha çox ingilis qoşunlarının komandanına verilən mesaj idi. Belə ki, general Tomsonun parlamentdən kənar hökumət formalaşdırmaq niyyəti vardı və bu məqsədlə bir neçə namizəd də gözdən keçirmişdi. Fətəli xan Xoyski generalla danışıqlar apararaq ingilislərin diktəsi ilə parlamentdən kənarda formalaşan hakimiyyətin xalq tərəfindən qəbul olunmayacağını bəyan etmiş, onu bu niyyətindən çəkindirmişdi. Xoyskinin bu mövqeyi, eyni zamanda, ali hakimiyyətin tamamilə parlamentdə cəmlənməsi reallığından qaynaqlanırdı. Parlamentin sayca 5-ci iclasında yeni kabinet formalaşdırmağa mükəlləf olan Fətəli Xanın torpaq islahatları ilə bağlı dediyi sözlər buna əyani sübutdur: “Möhtərəm məbuslar! O hökumət ki, sizin rəyinizlə işləyir üzərinə başqa yol götürmür və götürə də bilməz. (soldan: qoymarıq)”.

16 yanvar 1919-cu ildə Cümhuriyyət parlamentində “Ədəmi-ictima” qanunu müzakirə olunur. Bu qanunla Məclisi-Məbusan əzalarının hökumət məmuriyyətində olması yasaqlanır. Qanunun ən maraqlı cəhəti hakimiyyət bölgüsü prinsipinə istinad etməsidir. Odur ki, bu faktı kifayət qədər diqqətlə incələməyə gərək var.

Hər şeydən öncə yada salmaq lazımdır ki, qüvvələr ayrılığının predmeti ali hakimiyyətdir. Əgər hakimiyyət bölgüsündən danışılırsa, parlamentin, icra hakimiyyətinin və məhkəmələrin səlahiyyətləri dəqiqləşməlidir. Ancaq parlamentin fəaliyyətini tənzimləyən aktlarda Məclisi-Məbusanın “yalnızca qanunverici orqan” olması təsbit edilmədiyi kimi, hökumətin müstəqil statusa malik olmasını təsdiqləyən bir sənəd də yoxdur. Parlament üzvü Əhməd Cövdət məhz bunu nəzərdə tutaraq iclaslarda deyirdi:

“Bizim “nakaz”ımızda hökumət təşkili barəsində heç bir maddə yoxdur ki, məsələn hökumət kimdən, nasıl, nə cür təşkil olunacaqdır. Bu barədə heç bir şey yoxdur. Çünkü “nakaz” Rus qosudarstvenni dumasının nakazından götürülübdür...”

Belə olan halda sənədin müəllifinə- Məhəmməd Əmin Rəsulzadəyə daha bir dəfə qulaq vermək lazım gəlir. Rəsulzadə deyir:

“Məsələnin əsası cəhətinə gəlincə deyə bilərəm ki, Azərbaycanda qanuni-əsasi (yəni Konstitusiya- T.Ş) hələ tərtib verilməmişdir. Biz parlamentarizmi qəbul etmişik və qanun əsasiyimizin baş xəttini parlamentarizm təşkil edəcəkdir. Madam ki, belədir biz bu üsulun məntiqi tərəflərinə əməl etməliyiz”.

M.Ə. Rəsulzadənin bu bəyanatından çıxan nəticə odur ki, istinad konkret şəraitlə bilavasitə əlaqəsi olmadığı halda hakimiyyət bölgüsünə edilsə belə, əsas götürülən ideya daha çox gələcəyə hesablanıb. Məhz elə bu səbəbdən də parlamentdə ən böyük fraksiyanın rəhbəri Konstitusiyanın hələ qəbul olunmadığını xatırladaraq hakimiyyət bölgüsünün cari vəziyyətdə reallaşmasına deyil, “məntiqi tərəfləri”nə toxunur.

Digər tərəfdən, bir ölkədə parlamentin olması hələ həmin ölkənin “parlament tipli respublika” olması anlamına gəlmir! Parlamentar sistem barədə geniş tədqiqatlar aparmış amerikan siyasət nəzəriyyəçisi Leon David Epsteyn (1919-2006) hesab edirdi ki, hökumətin qanunverici orqanda doğulması və ona qarşı məsul olması sözügedən modelin iki əsas özəlliyidir. Ancaq üçüncü şərt də var! Bu şərt icra hakimiyyətinin ikibaşlı olmasıdır. Türkiyə tədqiqatçısı Zəhra Caner bu barədə yazır:

“Ədəbiyyatda “dualizm” adlanan bu quruluşda yürütmənin hesabatsız qanadını dövlət başçısı, hesabatlı qanadını isə, Baş nazirin də içərisində olduğu Nazirlər Kabnineti təmsil edir. Dövlət başçısı məqamını monarxiya quruluşlarında kral, cümhuriyyət tipli dövlətlərdə isə, prezident tutar. Dövlət başçısı qanunverici orqana qarşı məsul deyildir. Hökumətin siyasətinin təməl prinsipləri Baş nazir tərəfindən müəyyən olunur. Yürütmənin icra xassəli səlahiyyətləri Baş nazir və Kabinetinə aiddir. Hesabatsız dövlət başçısının icra səlahiyyətləri yoxdur, sadəcə, əlində bəzi simvolik yetkilər cəmləşdirir”.

Məsələni sadələşdirsək, parlamentar sistem ona deyilir ki, bu sistemin mövcud olduğu dövlətlərdə DÖVLƏT BAŞÇISI postu (monarxiyalarda kral, respublikalarda prezident) mövcud olsun. Bu post, yəni dualist icra hakimiyyətinin ikinci qanadı olmasa, parlament və hökumət arasında tarazlıq qoruna bilməz.

Beləliklə, siyasi və hüquqi nəzəriyyələrin gəldiyi nəticə konkretdir: Rəmzi səlahiyyət daşımasına, bir institut kimi zəif və passiv olmasına rəğmən, bilavasitə xalqın və dövlətin suverenliyini təmsil edən DÖVLƏT BAŞÇISI POSTU yoxdursa, həmin respublika parlament tipli hesab olunmamalıdır.

Belədə sual yaranır: əgər AXC nə prezident, nə parlament tipli respublika deyildisə, bəs nə idi?

Parlamentar sistemə bənzəyən, ancaq dövlət başçısı postunun olmaması ilə ondan fərqlənən (yeganə fərq bu deyil) rejimlər siyasi və hüquqi ədəbiyyatda “Məclis-Hökumət sistemi” adlanır.

“Məclis-Hökumət” sistemi, başqa deyişlə, konvensional rejimlərdə məclis bütün siyasi güclərin mərkəzidir. Məclisdən ayrı dövlətin və xalqın birliyini təmsil edən hər hansı məqam, o cümlədən dövlət başçısı vəzifəsi yoxdur. Bu sistemdə məclisin sədri və icra heyətinin başçısı kimi postlar mövcuddur. Sözügedən sistemdə icra heyəti məclisin əmr və direktivlərini həyata keçirən bir orqandır.

Türkiyə hüquqşünası və araşdırmaçısı Fatih Özkul haqlı olaraq yazır ki, bu sistem qüvvələr birliyindən doğur. Qüvvələrin birliyi həm icra hakimiyyətinin, həm də qanunverici hakimiyyətin lehinə ola bilər. Gücün icrada birləşməsi mütləqiyyət və diktatura ortalığa çıxardığı halda, qanunvericilərin əlində cəmləşməsi konventləri meydana gətirir.

Konvensional rejimlərin ən bariz örnəklərindən biri Mustafa Kamal Atatürkün liderliyi ilə qurulan TBMM hökumətidir. Türkiyənin 1921-ci ildə qəbul olunan “Təşkilati-Əsasiyyə Qanunu”nun maddələri sözügedən rejimin ana xüsusiyyətlərini ehtiva edir. Suverenliyin qeydsiz-şərtsiz millətə məxsus olduğunu bildirən qanunda icra və qanunvericilik səlahiyyətlərinin millətin tək və gerçək təmsilçisi olan BMM-də toplandığı vurğulanır.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin də eyni mahiyyətə və səlahiyyətlərə malik olduğunu M.Ə.Rəsulzadənin bu sözlərindən bir daha yəqin edirik:

“Millət məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə- vəzifə də yox idi. Parlament hakimi-mütləq idi”.

Parlamenti “hakimi-mütləq” olan respublikaların idarəçilik sistemi isə məhz konvensionaldır!!!

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru