- Araşdırma
- 10 İyul 19:14
- 1 262
Ermənilərin “Gorus” toponimini öz mənşəylərinə uyğunlaşdırmaq istəyi tam mənasız bir təbliğatdır – Araşdırma

Gorus şəhəri Qərbi Azərbaycanın Zəngəzur regionu ərazisində inzibati yaşayış məntəqəsi və rayon mərkəzidir. Gorus Qafandan 70, İrəvan şəhərindən 240, Bakıdan isə 500 kilometrlik məsafədə yerləşir. Şəhər İrəvan-Laçın-Xankəndi-Bakı avtomobil yolunun üzərində tikilib.
“Gorus” və ya “Goruslar” sözlərinin bir çox mənbələrdə qədim türk tayfalarından birinin adı olduğu göstərilib. “Alban tarixi” əsərində Qafqaz Albaniyası ərazisində Qoroz qalasının adı çəkilir. Bu qalanın adı indiyədək Gorus kimi qalıb. “Qoroz” toponimi “Koros” adının yazılış forması kimi göstərilir. Tədqiqatlar göstərir ki, “Qoroz” toponimi təhrifə uğradılaraq “Xurs” və “Xoruz” kimi də işlədilir. Naxçıvandakı Xurs və Tərtər rayonundakı Xoruzlu kəndlərinin adları ilə “Gorus” toponimi eynimənşəli olduğu bildirilir. VII əsr Albaniyasının şimal-şərqində “Xors qayası” toponimi qeyd olunur. Ərəb mənbələrində isə həmin yer Xursan qalası adlandırılır. Bu qala Dəvəçi rayonundakı məşhur Çıraqqaladır. Həmin Xursan toponimi də mənşəcə yuxarıda göstərdiyimiz Qoroz, Xurs və Xoruz adları ilə eynimənşəlidir.
Bu fikirlər Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun Gorusla bağlı araşdırma məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Moisey Kalankatuklunun “Alban tarixi” əsərində bu yaşayış məntəqəsinin adı Qoroz qalası kimi çəkilir. Cənubi Qafqazda Qroznı toponimi mənşəcə eyni olub, Türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır. Gorus toponimini tədqiq edən əslən Gorusun Şurnuxu kəndindən olan Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, Qarabağdakı Kirs dağının, Türkiyədəki Qars şəhərinin adlarının Gorus toponimi ilə eynimənşəli olduğunu qeyd edir. Gorus toponimini “Qor” sözü ilə əlaqələndirən fikir də maraqlıdır. “Alban tarixi” əsərində göstərilir: “Babiki müşayiət edən Qor və Qazan adlı iki doğma qardaş öz dinlərini atıb xaçpərəst oldular. Babik püşk atdı və Qorun bəxtinə Hot kəndi, Qazanın bəxtinə isə Şalat kəndi çıxdı”. Hot və Şalat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu gümanı daha da qüvvətləndirir.
Məhəmmədhəsən Baharlı Gorus toponiminin İranın Həmədan şəhəri yaxınlığındakı Gorus mahalından olan tayfaların adı ilə bağlılığını göstərir. Lakin bu adın Azərbaycanın Cavad, Şamaxı və Göyçay qəzalarında məskunlaşdığını da qeyd edir.
Gorus tayfası türkmənşəli olmaqla, XV-XVI əsrlərdə Qızılbaşların tərkibində Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynayıb. Ola bilər ki, Gorus tayfası XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin Zəngəzura yürüşü zamanı Zəngəzura gələrək burada məskunlaşıb. Gorus ərazi etibarilə Qafqazda ən qədim yaşayış məskənlərindən biridir. Əhalisi XIX əsrin sonu və XX əsrin əvvəllərinədək Azərbaycan türklərindən ibarət olub.
Eyni zamanda, ermənilərin bir çox tarixi məqamlarda adı hallanan “Gorus” toponiminin erməni mənşəyinə uyğunlaşdırmaq istəyi diqqət çəkir. Erməni tədqiqatçıları Gorus (Qoris) sözünü rus dilindəki “qora” – “dağ” sözü ilə əlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir təbliğatdır. Ən azı ona görə ki, ruslar Zəngəzuru XIX əsrdə işğal ediblər, Gorus adı isə bundan ən azı 400 il öncədən mövcud idi.
Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu indiki Gorus rayonu ərazisindəki Yayıcı karvansarasından istifadə etməklə keçib gedirdi. Qarabağ xanları Zəngəzur regionunun erməni əhalisinə qarşı həmişə xoş münasibət bəsləyiblər. Pənahəli xan Qarabağ məliyi Şahnəzərin təqdimatı ilə Gorus ermənisi Ohana məlik rütbəsi verib və bu bölgənin idarəçiliyini ona tapşırıb.
Qarabağ xanını Pənahəli xanın göstərişi və maddi dəstəyi ilə 1765-ci ildə etimad göstərərək Gorusda məskunlaşan azsaylı ermənilərin dini ibadətləri üçün kilsə tikdirib. Lakin sonrakı dövrlərdə bu kilsənin divar yazısı erməni millətçiləri tərəfindən dəyişdirilib. Onlar həmin yazını erməni dilində yazılan başqa bir daşla əvəz edib, kilsənin xarici interyerini dəyişdiriblər. Erməni mənbələrində Gorus şəhərindəki kilsənin kim tərəfindən tikilməsi barədə məlumat gizli saxlanılır.
1826-cı ilin iyulunda İran qoşunlarının Qarabağ və Talış xanlıqları ərazisindəki Rusiya postlarına hücumu ilə Rusiya-İran müharibəsi başladı. Müharibənin başlanmasına səbəb Azərbaycanın bölüşdürülməsi uğrunda münaqişə idi. Müharibə 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanması ilə sona çatdı. 1826-cı ilin iyul ayında Rusiya-İran müharibəsi zamanı rus ordusunun 42-ci polkunun üç alayı və iki topu Gorusda yerləşdirildi.
1868-ci ildə Gorus qəsəbəsi Zəngəzur qəzasının tərkibinə daxil edildi və qəzanın mərkəzi, Şuşa şəhəri müəyyənləşdirildi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, qəzanın mərkəzi Şuşa şəhərindən Gorus şəhərinə köçürüldü. Mərkəzi Gorus şəhəri olan Zəngəzur Qəzasının sahəsi 3212,5 kvadratkilometrə malik idi. 1921-ci il avqustun 31-də Moskvanın göstərişi ilə Zəngəzur qəzasının bir hissəsi Qafan, Meğri, Qarakilsə (Sisian) əraziləri Gorus şəhəri və ətraf əraziləri də daxil olmaqla Azərbaycan ərazilərində Rusiyanın dəstəyi ilə yenicə yaradılan Ermənistan SSR-ə birləşdirildi.
Sovet Rusiyasının Zəngəzur Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Ocaqqulu Musayev 1922-ci ildə Gorus şəhərində iş başında olarkən ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi.
Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-1831-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən Gorus rayonunun ərazisində yerləşdirilib, gəlmə ermənilərin hesabına şəhərin əhalisi artıb. Gorus şəhəri Zəngəzurun qəza mərkəzinə çevrildikdən sonra ardıcıl aparılan erməniləşdirmə siyasəti nəticəsində buradan azərbaycanlılar tədriclə sıxışdırılıb çıxarıldılar.
1988-ci ildə Ermənistanda baş qaldıran separatizm və terror hadisələri zamanı Gorus rayonunun kənd və qəsəbələrində yaşayan bütün azərbaycanlılar son nəfərinədək yaşadıqları yerlərdən zorla qovuldular.
Şəhərin mərkəzində yerləşən Yeddibulaq adlı monumental abidə, Gorus yaşayış məntəqəsindən qovulan azərbaycanlıların xatirəsində indi də yaşayır. Bu möhtəşəm monumental bulaq kompleksi məhəllədə yaşayan əhalinin içməli su təminatını ödəyirdi. Bulağın divarları üzərində erməni dilində yazıların yerləşdirilməsi erməni saxtakarlığının növbəti nümunəsidir.
Gorus rayonu kəskin parçalanmış vulkanik dağlar, dağətəyi düzənliklər, sıldırım qayalar və dərin dərələr diyarıdır. Rayonun şimalında bazalt süxurlardan ibarət, dəniz səviyyəsindən 3548 metr yüksəklikdə olan İşıqlı dağ silsiləsi uzanır. Üçtəpə yaylası Gorus və Sisyan rayonlarının hüdudlarında yerləşən gözəl subalp çəmənliyidir. Bu rayonun landşaftının özəlliklərindən biri də “Gorus piramidaları” adlandırılan daş sütunlardır. Bu sütunlar Gorus şəhərinin Şərq və Cənub-Qərbində qərar tutan, küləklərin təsiri altında torpağın qum qatının aşınması nəticəsində yaranmış konusvari daş sütunlardır. Vulkanikmənşəli piramidaların hündürlüyü 10-20 metr, bəzən daha çoxdur. Xinzirək və Xənəzək, Bayandur çaylarının hövzələrində də belə piramidalara rast gəlinir.