- Araşdırma
- 13 Oktyabr 2025 12:12
- 2 308
Laçının Sadınlar kəndində Şeşə bulaq - ARAŞDIRMA
Laçın təbiəti bəzən dağların, bəzən də bulaqların dili ilə danışır. Rayonun hər kəndi və yaylağı bulaqlarla zəngindir. Buradakı bulaqlar təkcə kəndlərin içməli su tələbatını ödəmək üçün deyil, həm də insan həyatının mərkəzi, kənd mədəniyyətinin və təbiət yaddaşının ayrılmaz hissəsi kimi önəmlidir. Qarıqışlaq kəndinin mərkəzində yerləşən Qızlar bulağı kənd əhalisinin gündəlik ehtiyaclarını təmin edən əsas bulaqdır. Bununla yanaşı, kəndin aşağı tərəfində Sağmal bulağı, yolun altında Qurbanların bulağı, Qarıqışlaqla Soyuqbulaq kəndi arasında Əli bulağı və Xəzəlli bulaq, Kiçik Qaranlıq dərəsində Turşsu bulağı kimi bulaqlar mövcuddur. Hər bir bulaq öz adı, tarixi və yerli əhali üçün xüsusi əhəmiyyət daşıyır.

Sadınlar kəndində yerləşən Şeşə bulaq (el arasında Avazın bulağı olaraq da tanınır) bu regionun ən diqqətəlayiq bulaqlarından biridir. Kənd sakini Nizami İsmayılov bildirir ki, Azərbaycan–Ermənistan sərhədindən hava xətti ilə təxminən bir kilometr yarım məsafədə, dərədə yerləşən bu bulaq kəndi içməli su ilə təmin edən əsas mənbədir. Suyu şüşə kimi şəffaf və safdır. Bulaq düzəldilməzdən əvvəl qayadan çıxan yerdə buynuz şəklində təbii çalada toplanırdı və adını da buradan almışdı. 1951-ci ildə Sadınlar kəndinin xeyirxah sakinlərindən olan Avaz adlı kişi bulağın üstünü tağbənd formasında düzəltdirmişdir. Hündür qayanın dibindən axan bu bulaq torpaqaltı təzyiqlə qidalanır və digər yerli bulaqlardan- məsələn, Şor bulaq və Şükürün bulağı - daha təmiz və içməlidir. Sakinlərin sözlərinə görə, bu su uzun müddət saxlanılsa belə bulanmaz, dadı dəyişməz və paltarları sabunsuz yuyanda belə ağardır.
Qarıqışlaq kəndi ilə bağlı digər mənbələr göstərir ki, Qara göl yaylağı da çoxsaylı bulaqlara ev sahibliyi edir: Çınqıllı bulaq, Sona bulağı, Novlu bulaq, Bayramın bulağı və İyli bulaq. Buradan Quşçu kəndinə aid Göybulaq da axır. Sovet dövrünə qədər gəloxçu tayfasına aid olan bu yaylaq, 1927-ci ildən Telman adına kolxoza verilib. Qara göl və bu bulaqların suları təbii süzülmə yolu ilə əldə olunur, buna görə də həm dadı, həm də keyfiyyəti unikal hesab edilir.
Sadınlar kənd sakini Nizami İsmayılov qeyd edir:
“Qara göl möcüzədir. Gündüz gölə nə qədər tullantı atırdınsa, səhər görürdün ki, hamısını çıxarıb sahilə vurub. Su həmişə təmiz idi. Gur bulaq da həmin sistemin davamıdır. Bu su təkcə içmək üçün deyil, həm də həyatın simvoludur.”
Bulaqların əhəmiyyəti təkcə içməli su ilə məhdudlaşmır. Onlar kəndin sosial həyatının, görüş və söhbət yerinin mərkəzindədir. Ətrafda toplanmaq, xəbərləşmək, kənd icmasının gündəlik həyatını paylaşmaq bulaqlarla bağlıdır. Mərhum şair Şahmar Əkbərzadə isə bu misralarla Laçın bulaqlarının əhəmiyyətini ifadə edib:
“Susasan, dənizdən imdad gözləmə,
Yüz dəniz bir sısqa bulağa dəyməz.”
Bu sözlər Laçının bulaqlarının xalqın həyatında, təbiətlə olan əlaqədə nə qədər dərin rol oynadığını göstərir.
Hazırda Laçının azad olunmuş ərazilərində bulaqların qorunması və bərpası prioritet məsələdir. Onların həm fiziki, həm də mənəvi əhəmiyyətini nəzərə alaraq, bölgədə “Bulaq yolu” və ya “Qara göl irmaqları" kimi ekoturizm marşrutlarının yaradılması təklif olunur. Bu layihələr həm yerli əhali üçün iqtisadi imkanlar açacaq, həm də Laçının təbiətini, mədəni irsini dünyaya tanıdacaq.
Beləliklə, Laçının bulaqları yalnız içməli su mənbəyi deyil, həm də insan və təbiət arasında qurulmuş sarsılmaz bağın, tarixi və mədəniyyətin canlı təzahürüdür. Onların qorunması və tanıdılması gələcək nəsillər üçün həm ekoloji, həm də mənəvi mirasın qorunması deməkdir.

Məqalə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində hazırlanıb. Fikir və mülahizələr müəllifə aiddir, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.