Muxtar Auezov: Qazax xalqının mənəvi zirvələrindən biri

Qardaş qazax ədəbiyyatından söz düşəndə ilk ağla gələn imzalar, əlbəttə ki, Abay Kunanbayev, Muxtar Auezov və Oljas Süleymenov olur.

Abay Kunanbayev qazax yazılı ədəbiyyatının möhkəm bünovrəsini yaratdısa, M.Auezov və O.Süleymenov böyük Abayın təbii axara saldığı milli söz sənətinin hüdudlarını dha da genişləndirib dünya arenasına çıxardılar, bütövlükdə qazax ədəbiyyatının inkişafına misilsiz təsir göstərdilər.
Bu üç söz ustasının hər biri qazax xalqının mənəviyyat tarixinin bütöv bir dövrünü ləyaqətlə təmsil edir.
Böyük qazax yazıçısı, dramaturqu, filoloq-alimi, ictimai xadimi Muxtar Auezov çox zəngin və mürəkkəb yaradıcılıq yolu keçib, sanballı ədəbi-bədii və elmi-nəzəri irsi ilə öz imzasını xalqının ədəbiyyat və elm tarixinə qızıl hərflərlə həkk edib. Bənzərsiz düha sahibinin ilhamlı yaradıcılıq axtarışları, qələmə aldığı elmi əsərləri, müxtəlif növ və janrlarda bədii əsərləri mükəmməllik, əhatəlilik, dövrün nəzəri və bədi-iestetik nailiyyətlərinə uyğunluq cəhətdən daim diqqəti çəkir.
M.Auezov XX əsr qazax ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi, bütün varlığını və istedadını xalqının ədəbiyyatını, elmini, ictimai-milli azadlıq ideyalarını inkişafı etdirməyə sərf edib, bu yolda heç bir fədakarlıqdan çəkinməyib. O, hələ formalaşma mərhələsində olan qazax milli ədəbiyyatını daha yüksəklərə qaldırmaq üçün qələmini müxtəlif ədəbi növlərdə və janrlarda sınayıb, pedaqoji sahədə fəaliyyət göstərib, bədii tərcümə ilə məşğul olub, sanballı elmi araşdırmalar aparıb, ölkənin ictimai-siyasi və elmi-mədəni həyatında fəal iştirak edib, üstəlik, qazax dramaturgiyasının bünövrəsini qoyub, akademik kimi filologiya elminin tərəqqisinə dəyərli töhfələr verib, hekayə, povest və romanları ilə milli nəsrin ideya-məzmun və sənətkarlıq baxımından yetkin səviyyəyə çatmasında əvəzsiz rol oynayıb.
M.Auezov pyesləri("Enlik və Kebek", "El ağası", "Baybişə və tokal", "Ayman-Şolpan", "Sərhəddə", "Xan Kene", "Ağ ağcaqayın", "Oktyabr uğrunda", "Abay" - L.Sobolevlə birgə və s.),hekayə və povestləri("Fırtına", "Yetim nəsibi", "Oxumuş vətəndaş", "Çöl hekayələri", "Evlənmə", "Yaslı gözəl", "Qanlı gecə", "Karaş-karaşda olay" - Aşırımda atəş", "Barımta", "Gənc nəsil" və s.)ilə qazax ədəbiyyatının formalaşmasına və zənginləşməsinə böyük töhfələr verib. Amma onun yaradıcılığında və bütövlükdə qazax yazılı söz sənətində "Abay" epopeyası müstəsna yerə malikdir. Yazıçı həyatı boyunca ən çox təsirləndiyi söz ustasının bu, tədqiqatçıların haqlı olaraq"qazax xalqının həyatının ensiklopediyası"adlandırdıqları dördcildlik dastan-romanında özünü türk xalqları həyatının və ədəbiyyatının mahir bilicisi kimi göstərib.
M.Auezov hələ yaradıcılığının ilk dövrlərindən Azərbaycanla, ədəbiyyat və mədəniyyət xadimlərimizlə sıx təmasda olub. Onun görkəmli söz ustalarımız Səməd Vurğun Vurğun, Mehdi Hüseyn və Mirzə İbrahimovla dostluğu, şübhəsiz ki, qarşılıqlı ədəbi-mədəni əlaqələrimizin daha da genişlənməsinə təsir göstərib. Təsadüfi deyil ki, hələ 1954-cü ildə böyük ədibin yenicə tamamladığı "Abay" romanı dilimizə çevrilib və nəşr edilib, Y.Məmmədov və İ.Gözəlov az sonra ""Abay" romanının tərcüməsi haqqında" adlı məqalə ilə əsərə və tərcüməyə rəy veriblər. 1977-ci ildə isə M.Auezovun anadan olmasının 80 illiyi Azərbaycanda da geniş qeyd edilib, ədibin "Yas içində" hekayəsi, yaradıcılığı haqqında R.Xəlilin("Bədii söz nəhəngi"),R.Canquzinin("Qazax xalqının böyük oğlu"),Q.Əliyevin("Qazax xalqının iftixarı"),H.Razinin("Görkəmli yazıçı və alim")məqalələri dərc olunub.
Müstəqillik illərində, dövlətlərimiz və xalqalarımız arasındakı mənəvi bağların daha da möhkəmləndiyi dövrdə M.Auezovun yaradıcılığına diqqət daha da artdı, ayrı-ayrı əsərləri dilimizə çevrildi, "Abay" romanında sənətkarlıq məsələləri haqqında monoqrafiya(Turan Teymur, 2020)işıq üzü gördü.
Şübhəsiz, bu yönümdə aparıcı rol görkəmli alim, zəhmətkeş tədqiqatçı, filologiya üzrə elmlər doktoru, professor, Bakı Slavyan Universiteti "Azərbaycan ədəbiyyatı" kafedrasının müəllimi və AMEA Nizami adına Ədəbiyyat İnstitutu Türk xalqları ədəbiyyatı şöbəsinin elmi işçisi Nizami Tağısoya(Məmmədov)məxsusdur. Elmi-pedaqoji fəaliyyətlə birgə folklorşünaslıq, türkologiya, ədəbiyyatşünaslıq və müasir ədəbi tənqidin aktual problemləri ilə məşğul olan aliminqaraqalpaq (T.Kaipbergenov, İ.Yusupov),qaraçay(İ.Xubiyev, H.Bayramukova),qırğız(Ç.Aytmatov),tatar(Q.Tukay),qaqauz(M.Çakır, Q.Qaydarji)və başqalarının yaradıcılığı ilə bağlı araşdırmaları ədəbi cameəmizin diqqətindən yayınmayıb. Onun "Qazax ədəbiyyatı"(1993),Koblandı-Batır(qazax xalq qəhrəmanlıq dastanı, 2017),"Alaş-Orda: Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti"(2018)monoqrafiyaları qazax xalqının tarixini və ədəbiyyatını Azərbaycanda tanıtmaq baxımından xüsusi əhəmiyyətə malikdir.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu Türk xalqları ədəbiyyatı şöbəsinin "Sənətkarın elmi pasportu" seriyasından 2020-ci ildə nəşrə hazırladığı "Muxtar Auezov həyatı və yaradıcılığı" kitabında akademik İsa Həbibbəylinin "Böyük vətəndaş yazıçı və görkəmli ictimai xadim" ön sözü, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin "Muxtar Auezov və böyük çöl mədəniyyəti" adlı giriş hissəsi ilə yanaşı, Xuraman Hümmətovanın("Muxtar Auezov: Həyatı, ədəbi və ictimai mühiti),Nizami Tağısoyun("Muxtar Auezovun hekayə və povestlərində qazax milli düşüncəsi", "Muxtar Auezovun dramaturgiyası"),Turan Teymurun("Muxtar Auezovun roman yaradıcılığı)araşdırmaları da yer alıb.
Professor N.Tağısoyun böyük qazax ədibinin misilsiz irsinə həsr etdiiyi ən sanballı araşdırma isə AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı, akademik İ.Həbibbəylinin elmi redaktorluğu ilə işq üzü görmüş "Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa"(2019)monoqrafiyasıdır. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə nəşr edilən monoqrafiya(rəyçilər AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, akademik Muxtar Kazımoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev, Bakı Slavyan Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Fərrux Məmmədov)geniş ictimaiyyətə təqdim olunsa, ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilsə də, böyük ədibin yaradıcılığının Azərbaycanda təbliğunə verdiyi töhfə kimi bundan sonra da araşdırılacaq.
N.Tağısoyun fikrincə, "Muxtar Auezov qazaxların mənəvi həyatının simvolu, elmi və bədii fikrinin orijinal ifadəçisi, üç müxtəlif ictimai-mədəni formasiyanın əzablarını öz içində daşıyan milli mücahid, xalq ideallarının və mübarizəsinin tərcümanı idi".O, monoqrafik araşdırmada böyük ədibin belletristikasını – tarixi-ictimai, sosial-mədəni mühiti özündə əks etdirən hekayə, povest və romanlarını, dramatuirji yaradıcılığını çağdaş ədəbi təfəkkür nöqteyi-nəzərindən araşdırmaya cəlb edir. Akademik İ.Həbibbəylinin ön sözdə yazdığı kimi, müəllif N.Auezovun nəsrini, dramaturgiyasını, ədəbi-tənqidi əsərlərini sistemli şəkildə tədqiq edərək, onun geniş və əhatəli portretini yaradıb, "Abay yolu" romanını qazax ədəbiyyatının ən mühüm nailiyyəti adlandırıb, "Qəddar illər" romanında Türküstan ellərində baş vermiş faciəli hadisələrin canlı təqdimatını yazıçının yaradıcılıq məharətitək dəyərləndirib.
Professor N.Tağısoy monoqrafiyada görkəmli qələm ustasının yaradıcılığını qazax milli düşüncəsi, məişəti və xarakteri ilə vəhdətdə araşdırıb. "Muxtar Auezovun belletristikasında qazax milli düşüncəsinin təsviri" fəslində o, ədibin yaradıcı təfəkkürünün, sosial-fəlsəfi, nəzəri-praktik, ədəbi-estetik konsepsiyalarınınformalaşmasını, bədii konfliktlərdən, psixologizmlərdən istifadə, təhkiyə üsullarını, poetik sistemini, ənənə və novatorluğa münasibətini oxuculara təqdim edir, XX əsr qazax ədəbiyyatında yetişmiş ardıcılları barədə məlumat verir. Tədqiqatçının fikrincə, Ə.Nurpeisov, X.Esencanov, M.Cumaqulov, Ş.Murtaza, K.Sarsekeyev məhz böyük sələflərinin yaradıcılıq ənənələrini davam etdirməklə sanballı əsərlər yaratmağa nail olublar, həm də bu proses müstəqillik illərində də davam edir.
Böyük qırğız yazıçısı Çingiz Aytmatovun çox dəqiq şəkildə ifadə etdiyi kimi,"Muxtar Auezovun müasir Orta Asiya bədii fikrinə, qonşu xalqların bütün mənəvi həyatına təsiri vaxtilə Puşkinin rus mədəniyyətinə göstərdiyi təsir səviyyəsindədir".Professor N.Tağısoy yazıçının "Abay" tetralogiyası ilə bağlı fikirlərini qələmə alsa da, haqlı olaraq, monoqrafiyanın bütöv bir fəslini ədibin yeni tpili mövzulara müraciətinin orijinal cəhətlərinə, konkret olaraq "Qəddar illər" romanına həsr edib. O, əsərin mövzu, süjet, problematika və obrazlar aləminin digər milli ədəbiyyatlarla səsləşməsini, tarixi faktlara müraciətin, millilik konsepsiyasının xüsusiyyətlərini, tarixiliklə gerçəklik kontekstində özəlliklərini, psixologizmlər və konfliktlər müstəvisində xronotoplarıni, 1916-cı il Türküstan üsyanının romanda əks etdirilməsini araşdırır. Onun fikrincə, bu əsər də müəllifin digər şedevrləritək bənzərsiz koloritə və özünəməxsus quruluşa malik nümunə kimi diqqəti çəkir.
Professor N.Tağısoy monoqrafiyada M.Auezov yaradıcılığının sanballı bir qolu olan dramaturgiyasının yığcam mənzərəsini də yaradıb, ziddiyətli dəyərləndirmələlərin ənənəviliyi və tənqidi fikirlərim mübahisəlliliyi ilə bağlı mülahizələrini elmi cəhətdən ifadə edib. Onun "Gecə gurultusu" pyesində Türküstan milli hərəkatının təcəssümü, "Xan Kene" tarixi dramının mövzusu, müəllif ideyası, süjet xətti, obrazlar sistemi, əsərlə bağlı mübahisələr, "Ayman-Şolpan" komediyasında patriarxal həyatın tarixi hadisələr fonunda əksi, "Beket" dramında folklorla tarixiliyin vəhdəti, "Abay" faciəsinin variantları, poetik sistemi əsərdə tarixi şəxsiyyətlər problemi ilə bağlı fikirləri böyük ədibin yaradıcılığına dərindən bələdliyini üzə çıxarır.
Xüsusən, "Abay" faciəsi ilə böyük şairimiz S.Vurğunun "Vaqif" tarixi dramı arasında oxşar və fərqli cəhətlərin araşdırılması müqayisəli tədqiqat cəhətdən diqqətəlayiqdir. Onun fikrincə, Abay M.Auezovun düşüncəsində, qazax xalqının taleyində mühüm yer tutduğu kimi, M.P.Vaqif də S.Vurğunun yaradıcı düşüncəsində uca mövqedə dayanırdı. Şübhəsiz, hər iki ədibin əsərindəki bu səsləşmələr gələcəkdə ayrıca bir araşdırma mövzusuna çevriləcək, ədəbi əlaqələrimizin daha bir maraqlı səhifəsi vərəqlənəcək.
Professor N.Tağısoy monoqrafiyaya böyük ədibin yaradıcılığından nümunə kimi, öz tərcüməsində "Yasa bürünmüş gözəl" hekayəsini də daxil edib. Qazax milli çöl mədəniyyətinin təkrarsız elementləri ilə zəngin olan hekayə öz yaddaşında M.Auezovun koloritli portretini tamamlamaqda oxucuya yardım edir.
Bu günlərdə anadan olmasının 125 illiyi geniş miqyasda qeyd edilən böyük ədibin zəngin irsi, şübhəsiz, bundan sonra da tədqiqatçılarımızın və tərcüməçilərimizin diqqətini çəkəcək.

Qeyd: Yazı araşdırmaçı yazar Nəriman Əbdülrəhmanlının fikirləri əsısnda hazırlanmışdır.

Hazırladı: Pərvanə Dadaşzadə

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb