Şərablar Beynəlxalq Şərab Təşkilatının 20- dən artıq göstəricisi üzrə təhlil olunur Şərablar Beynəlxalq Şərab Təşkilatının 20- dən artıq göstəricisi üzrə təhlil olunur

Azərbaycan şərabları “BİPEA”nın nəticələrinə uyğundur

Şərablar Beynəlxalq Şərab Təşkilatının 20- dən artıq göstəricisi üzrə təhlil olunur

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli, 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası, eyni zamanda bu sahəyə göstərilən dəstək və qayğı nəticəsində, üzümçülük və şərabçılıq üzrə yeni nailiyyətlər əldə olunmaqdadır.

AzNews.az xəbər verir ki, ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaq məqsədi ilə əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Qeyd olunan sahədəki inkişaf ölkəmizin sürətlə artan ixrac potensialına da öz müsbət təsirini göstərib. Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, Kanada, İsveç, Hindistan, Vyetnam, Çin, Yaponiya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Baltikyanı ölkələrə ixrac edilir. İxrac edilən şərab məhsullarının qida təhlükəsizliyi təminatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilən təhlillərin nəticəsinə uyğun olaraq verilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional 1 Saylı Sınaq Laboratoriyası şərab məhsulları üzrə ölkənin ixtisaslaşmış və qabaqcıl laboratoriyasıdır. Laboratoriyanın şərab sektoru ən son standartlara uyğun şəkildə qurulub. Laboratoriya Yaponiya, Amerika, Fransa və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuş, həmçinin, şərab sektorunun mütəxəssisləri xarici və yerli təlimlərdə iştirak edərək bu sahə üzrə ixtisaslaşıblar.

Laboratoriyada şərab məhsullarının 20-dən çox göstəricisi Beynəlxalq Şərab Təşkilatının (OİV) üsulları əsasında təhlil edilir. 2016-cı ildə şərab məhsulları üzrə 15 üsul Latviyanın “Latak” Milli Akkreditasiya Bürosu tərəfindən akkreditə olunub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Fransanın “BİPEA” şirkəti ilə müqavilə bağlamış və əməkdaşlıq çərçivəsində hər ay 180-nə yaxın laboratoriya ilə müqayisəli sınaqlar aparılaraq, 20 göstərici üzrə müqayisəli təhlildən 17-si “BİPEA”nın nəticələrinə uyğun gəlib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriya işi keyfiyyətinin daha da artırılması və beynəlxalq akkreditasiyanın həyata keçirilməsi üçün “BİPEA” ilə müqayisəli təhlillərin davam etdirilməsi və sınaq üsullarının sayının artırılmasını nəzərdə tutur.

Səidə Nurməmmədli,

AzNews.az