Ölkəmiz haqqında film nümayiş edilib Ölkəmiz haqqında film nümayiş edilib

31-ci Beynəlxalq İnformatika Olimpiadasına yekun vuruldu - YENİLƏNİB

Ölkəmiz haqqında film nümayiş edilib

Avqustun 10-da Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) bağlanış mərasimi keçirilib.

Əvvəlcə cari ilin fevral ayında məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin Bakıya gəlişinə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.

Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor "Acer" şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib.

İKT bilik və bacarıqlarına yiyələnmənin vacibliyini diqqətə çatdıran Təhsil naziri ölkəmizin təhsil sahəsində innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən söz açıb. Qeyd edib ki, hər bir gənc dünyanı dəyişmək və daha yaxşı etmək imkanına malikdir, innovasiyalar da həmçinin. Azərbaycanın multikultural ölkə olduğunu deyən Təhsil naziri olimpiada iştirakçılarının bir həftə ərzində ölkəmizin mədəniyyəti, musiqisi və mətbəxi ilə tanış olduqlarına əminliyini bildirib. Ceyhun Bayramov Təhsil Nazirliyinin informasiya texnologiyalarının tədrisinə önəm verdiyini deyib. “IOI 2019” olimpiadasının Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına töhfə verəcəyini qeyd edən Ceyhun Bayramov çıxışının sonunda olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb. Olimpiada iştirakçılarının 28-i qızıl, 54-ü gümüş, 81-i bürünc medala layiq görülüb. Ən yüksək nəticə göstərmiş iştirakçı, ABŞ komandasının üzvü Benjamin Qiyə qızıl medalla yanaşı, Təhsil naziri Ceyhun Bayramov tərəfindən xüsusi mükafat da təqdim edilib.

“IOI” prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırıb.

Mərasimdə yarışın növbəti il iyulun 19-26-da Sinqapurda keçiriləcəyi elan edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov və "IOI 2019"un fəxri həmsədri, ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim olunub.

Daha sonra ölkəmiz haqqında film nümayiş edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak ediblər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verib.

Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır.