300-dən çox şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib - Dövlət Miqrasiya Xidməti

17 nəfərin vətəndaşlığı bərpa edilib

Azərbaycan Prezidenti İlham Əliyevin 355 nəfərin Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında 27 sentyabrda imzaladığı sərəncamının icrası olaraq Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

DMX-dan verilən məlumata görə, sərəncama əsasən 338 nəfər vətəndaşlığa qəbul olunub, 17 nəfərin isə vətəndaşlığı bərpa edilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaşlıq alan şəxslərin hər birinin Azərbaycanla sıx bağlı olan, bu torpağı sevən insanlar olduğunu bildirib.

Xidmət rəisi qeyd edib ki, bundan sonra vətəndaşlıq hüququ əldə edənlərin hər biri dövlətin bütün imkanlarından yararlana, seçkili orqanlarda iştirak edə biləcək, onların iş imkanları daha da genişlənəcək: “Prezident İlham Əliyevin sərəncamlarına əsasən, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişaf vətəndaşların həyatında özünü aydın büruzə verir”.

Sonra vətəndaşlığa qəbul olunan 355 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.