Sahibkarlığa mane olan məmurlar həbs oluna bilər - Prezidentdən xəbərdarlıq

Problem kifayət qədər ciddidir və artıq buna qarşı sərt mübarizə aparmağın vaxtı çatıb

Yaxın günlərdə xüsusilə bölgələrdə bu istiqamətdə prosesə start veriləcək. Cəzalandırma yalnız işdən çıxarılmaqla məhdudlaşmayacaq. Bəzi məmurlar hətta həbs oluna bilər.

Ölkə başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu məslənin üzərində xüsusi dayanması da deyilənlərin təsdiqi sayıla bilər.

"Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun", -deyə İlham Əliyev bildirib.

Prezident daha sonra vurğulayıb ki, sahibkarlara yönəlmiş o çirkin əllər kəsilməlidir: "Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir.

Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz".

Göründüyü kimi ölkə başçısı sahibkarlıq fəaliyyətinə müdaxilə edən, maneə törədən məmurların cəzalandırılacağını açıq mətnlə bəyan edir. Deməli, problem kifayət qədər ciddidir və artıq buna qarşı sərt mübarizə aparmağın vaxtı çatıb. Prezident artıq bununla bağlı hüquq-mühafizə orqanlarına tapşırıq verdiyini deyib. Bu isə prosesin həbslərlə müşaiyət olunacağını deməyə əsas verir.