“Vens’in səfəri iki prizmadan qiymətləndirilməlidir” - Azad Məsiyev

"44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Cənubi Qafqazda yeni siyasi reallıq formalaşıb. Azərbaycan Prezidentinin apardığı xarici və daxili siyasət regiondakı hadisələrə həm regional, həm də geosiyasi baxımdan təsir göstərir. 44 günlük müharibədən sonra Azərbaycan bölgədə elə bir reallıq yaradıb ki, bu həm region dövlətlərinin iqtisadi və siyasi maraqlarına, həm də qlobal güc mərkəzlərinin maraqlarının uzlaşdırıldığı bir vəziyyətə gətirib çıxarıb. Bu kontekstdə ABŞ vitse-prezidenti Ceyms Devid Vens’in Cənubi Qafqazda, həm Ermənistana, həm də Azərbaycana səfəri iki prizmadan qiymətləndirilməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri regionda geosiyasi vəziyyətin dəyişdiyi bir dönəmə təsadüf edib. Azərbaycan və Ermənistana edilən bu səfər, eləcə də Bakıda imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası”, Vaşinqtonun bölgədəki fəaliyyətini davam etdirmək niyyətini göstərir. 44 günlük müharibədən sonra yaranmış yeni siyasi və təhlükəsizlik mühiti fonunda ABŞ-nin proseslərdə aktiv rol oynaması regiondakı güc balansına təsir göstərə biləcək amil kimi qiymətləndirilir. ABŞ vitse-prezidenti Ceyms Devid Vens səfəri sosial şəbəkələrdə “Ermənistan və Azərbaycana sülh naminə tarixi səfər” kimi təqdim edib və bunun ABŞ prezidentinin xarici siyasət strategiyasının bir hissəsi olduğunu vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, Vens’in Ermənistana səfəri bir tərəfdən Paşinyanın hakimiyyətdə qalmasına siyasi dəstək vermək məqsədi daşıyır.

"ABŞ bu səfər vasitəsilə Paşinyanı 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində hakimiyyətdə saxlamaq niyyətindədir. Ermənistanda verilən bəyanatlar da bunu təsdiqləyir: Vens və Baş Nazir qarşılıqlı olaraq 9 milyard dollar həcmində sərmayənin Ermənistana yatırılacağını açıqlayıb. Bu, ölkə ictimaiyyətinə mesajdır ki, Paşinyan hakimiyyətdə qaldığı halda iqtisadi dəstək gələcək. Beləliklə, Vens’in səfəri həm mənəvi, həm də siyasi dəstək rolunu oynayır. Paşinyan ABŞ-nin bir proyektidir və onun siyasəti açıq şəkildə Vaşinqtonun maraqlarına xidmət edir. Bu isə Ermənistanda Rusiyaya yaxın qüvvələrlə qərb yönümlü qüvvələr arasında rəqabət və gərginlik yaradır. 2026-cı il seçkiləri nəticəsində Paşinyan qalarsa, Amerikanın siyasəti onun üzərində davam edəcək; əks halda, Rusiya yönümlü qüvvələr hakimiyyətə gəldikdə yeni siyasi reallıq formalaşa bilər. Vens’in Azərbaycana səfəri isə tamam başqa prizmdən qiymətləndirilməlidir. Azərbaycanın xarici siyasəti balanslaşdırıcı xarakter daşıyır: həm şimal, həm cənub, həm şərq, həm də qərb istiqamətlərində maraqları uzlaşdırır. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın qlobal güclərin maraqları ilə uzlaşdığı bir siyasi reallıq yaranıb. 2022-ci ildə Azərbaycan və Rusiya arasında 43 maddədən ibarət dostluq və əməkdaşlıq sənədi imzalanıb, Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq sənədi mövcuddur və ABŞ ilə bağlanmış sənədlər də qlobal maraqların uzlaşmasını təsdiqləyir. Dünya supergücləri ABŞ, Rusiya və Çin regionda həm iqtisadi, həm də siyasi baxımdan söz sahibidirlər. Azərbaycan bu dövlətlərin maraqlarını uzlaşdırmaq üçün strateji əməkdaşlıq layihələrini həyata keçirir. Vens’in Azərbaycana səfəri və imzalanan sənədlər göstərir ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər bölgədə maraqların uzlaşdırılmasına və stabilliyin təmin olunmasına xidmət edir. Ermənistanla müqayisədə, burada məqsəd gərginliyi artırmaq deyil, maraqları tarazlaşdırmaqdır. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış yeni situasiya Azərbaycanın iradəsi ilə formalaşıb və qlobal güclərin maraqları Azərbaycan üzərindən uzlaşır. Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsi də Azərbaycanın şərtlərinə bağlıdır; şərtlər qəbul edilmədən layihənin reallaşması mümkün deyil. Bu məkanda böyük beynəlxalq kommunikasiyalar Azərbaycan üzərindən həyata keçirilir və layihələrin həyata keçirilməsi üçün siyasi stabillik zəruridir. Prezident İlham Əliyevin apardığı balanslaşdırıcı siyasət nəticəsində qlobal güclərin maraqları uzlaşdırılır və stabillik təmin olunur. Bu, həm sərmayələrin axınına, həm də layihələrin icrasına imkan yaradır. Beləliklə, ABŞ vitse-prezidenti Ceyms Devid Vens’in Cənubi Qafqaza səfəri iki prizmadan təhlil olunmalıdır: Ermənistana səfər Paşinyana siyasi və mənəvi dəstək, Azərbaycana səfər isə strateji əməkdaşlıq və regionda stabilliyin təmin olunması məqsədi daşıyır".

Rəfiqə Namazəliyeva,

AzNews.az