Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” barədə iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC barədə iş qaldırıb.

AzNews.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, quruma səhmdar cəmiyyətinin infrastrukturu vasitəsilə fəaliyyət göstərən bir neçə ekspeditor (özəl nəqliyyat) şirkətlərindən müraciətlər daxil olub. Müraciətlərdə “Azərbaycan Dəmir Yolları”nın həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verdiyi, bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina etdiyi bildirilib.

Daxil olan məlumatlar əsasında Dövlət Xidməti bu istiqamətdə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırma aparıb. Araşdırma nəticəsində “Azərbaycan Dəmir Yolları” barədə bazarda rəqabətin məhdudlaşdırılması, rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması və dayandırılması, kontragentə sərfəli olmayan və yaxud müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən iş qaldırılıb.