- İşin içi
- 10:34
- 1 676
Neftin qiyməti 150 dolları keçə bilər- ING-nin hesabatı
.jpg)
Niderlandın ING bank qrupu Hörmüz boğazının bağlanması riskləri fonunda “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozlarını qaldırıb.
Bu barədə Trend ING-nin son hesabatına istinadən xəbər verir.
“Biz Hörmüz boğazının tam bağlanması ehtimalının çox aşağı olmasını hesab etsək də, geosiyasi risklərin əhəmiyyətli dərəcədə artdığı açıq-aydındır. İsrailin İrana qarşı davam edən hücumlarını nəzərə alsaq, İran neftinin tədarükünə real risklər mövcuddur. Bu səbəbdən biz cari ilin qalan dövrü üzrə neft proqnozumuzu yenidən nəzərdən keçirdik. Əvvəllər üçüncü rüb üçün Brent markalı neftin orta qiymətinin bir barel üçün 62 dollar olacağını gözləyirdik, indi bu proqnozu 70 dollara qaldırmışıq. Dördüncü rüb üzrə proqnozu da 59 dollardan 64 dollara yüksəltmişik”, – deyə ING-nin son hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, tədarüklərdə yarana biləcək istənilən pozuntular qiymətlərə yenidən baxılmasını tələb edə bilər.
ING analitikləri Hörmüz boğazının qlobal neft və mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükləri baxımından əsas nöqtə olduğunu və onun vasitəsilə ümumi dənizlə neft daşımalarının dördə bir hissəsinin həyata keçirildiyini xatırladıblar.
Eyni zamanda, qlobal MTQ tədarükünün 20 faizə yaxını məhz bu marşrutdan keçir.
“Neft axınlarının müəyyən qədər yönünü dəyişmək mümkündür. Səudiyyə Ərəbistanının Qırmızı dənizdən neft daşımağa imkan verən, sutkada 5 milyon barel gücündə “East-West” neft kəməri mövcuddur. Birləşmiş Ərəb Əmirliklərinin də Hörmüzü keçmədən Oman körfəzinə çıxan, gündəlik 1,8 milyon barel ötürücülük qabiliyyəti olan kəməri var. İran isə həmin körfəzə doğru gündəlik təqribən 300 min barel ötürücülük qabiliyyəti olan neft kəmərinə malikdir. Lakin nəzərə alsaq ki, Hörmüz boğazından gündəlik 20 milyon bareldən artıq neft keçir, bu tədarükün mühüm hissəsi risk altında qalır.
Həmçinin, İranın öz proksi qüvvələri vasitəsilə digər strateji nöqtələrdə də tədarükə zərbə vurma cəhdlərini də görə bilərik. Son vaxtlar biz Bab-əl-Məndəb boğazından keçən gəmilərə husilərin hücumlarının şahidi olmuşuq”, – hesabatda deyilir.
ING-yə görə, Hörmüz boğazının bağlanması neft bazarında vəziyyətin kəskin dəyişməsinə və təklifin azalmasına səbəb olacaq.
“OPEK-in ehtiyat hasilat gücləri bu vəziyyətdə fayda verməyəcək – çünki onların böyük hissəsi İran körfəzində yerləşir, yəni tədarüklər yenə də Hörmüzdən keçməli olacaq. Nəticədə, ölkələr strateji neft ehtiyatlarının buraxılmasını əlaqələndirməli olacaqlar. Aydındır ki, bu, yalnız müvəqqəti həll ola bilər. Qiymətlərin artması ABŞ-də neft hasilatı fəallığını artıracaq, lakin yeni hasilatın bazara çıxması üçün vaxt lazım olacaq. Üstəlik, bu həcmdə hasilat Hörmüzdən keçən neftin yerini tam doldura bilməz”, – deyə ING ekspertləri bildirirlər.
Onların hesablamalarına görə, əgər Hörmüz boğazının bağlanması uğurla həyata keçirilərsə, “Brent” neftinin qiyməti qısa müddətdə bir barel üçün 120 dollara çata bilər, əgər bu pozuntu 2025-ci ilin sonuna qədər davam etsə, qiymət 150 dolları keçərək, yeni tarixi rekordlara yol aça bilər.
Bununla belə, hesabatda vurğulanır ki, İranın ABŞ-nin hücumlarına cavab vermək istəyi olsa da, Hörmüzü tam bağlamaq ifrat addım ola bilər.
“Neft axınları və qiymətlərə təsiri nəzərə alaraq, bu cür hərəkətlər ABŞ və digər ölkələrdən dərhal reaksiya doğura bilər. Bundan əlavə, Hörmüzdən keçən neftin 80 faizdən çoxu Asiya ölkələrinə yönəlir və bu region, ABŞ-dən daha çox zərər görəcək. Buna görə də İran, məsələn, Çinlə əlaqələri pozmamaq üçün ehtiyatlı davranmalı və tədarükləri pozmamalıdır. Üstəlik, İranın öz nefti də məhz Hörmüzdən keçir və blokada onun öz ixracatına da zərbə vuracaq”,
– deyə vurğulanır.
ING analitikləri əlavə edirlər ki, busəhərki qiymət hərəkətləri bazarın hələlik Hörmüzün bağlanmasını real ehtimal kimi qiymətləndirmədiyini göstərir – “Brent” markalı neftin qiyməti ticarət sessiyasının əvvəlində qısamüddətli artımdan sonra yenidən 80 dollar/bareldən aşağı düşüb.
AzNews.az