- İşin içi
- 2 İyul 09:06
- 1 300
Azərbaycan yaşıl enerji üzrə regional tərəfdaşlıqda yeni mərhələyə keçir - ŞƏRH

Azərbaycanın enerji siyasətində mühüm strateji addım kimi qiymətləndirilən “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması ölkənin regional və beynəlxalq enerji layihələrində mövqeyini daha da möhkəmləndirəcək. Bakı şəhərində təsis olunan bu Birgə Müəssisə Azərbaycanın “Azərenerji” ASC, Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti və Özbəkistan Milli Elektrik Şəbəkələri ASC-nin iştirakı ilə formalaşıb və artıq təşkilati strukturu təsdiqlənib.
Aznews.az şərh edir ki, “Yaşıl Dəhliz Birliyi”nin yaranması Azərbaycanın enerji diplomatiyasında yeni mərhələnin başlanğıcı hesab olunur. Bu layihənin əsas məqsədi yalnız enerji təhlükəsizliyinin təmin edilməsi deyil, həm də region ölkələrinin davamlı inkişaf məqsədlərinə və beynəlxalq ekoloji standartlara uyğun “yaşıl enerji” gündəliyinə nail olmaqdır. Bu baxımdan, layihənin strateji əhəmiyyəti yalnız enerji sektoru ilə məhdudlaşmır, eyni zamanda regional əməkdaşlığın genişləndirilməsi, enerji sahəsində yeni texnologiyaların tətbiqi və regionun beynəlxalq enerji bazarında mövqeyinin möhkəmlənməsi baxımından vacibdir.
Layihənin digər önəmli tərəfi regionun enerji potensialını vahid platformada birləşdirərək, enerji resurslarının səmərəli istifadəsinə şərait yaratmasıdır. Belə ki, üç ölkənin elektrik şəbəkələrinin inteqrasiyası regional elektrik təminatı infrastrukturunu gücləndirəcək və bu da öz növbəsində regionun enerji bazarına xarici investisiyaların cəlb edilməsinə imkan yaradacaq.
“Yaşıl Dəhliz Birliyi” çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistanın elektrik şəbəkələrinin əlaqələndirilməsi həm də Orta Asiya və Avropa enerji bazarları arasında körpü rolunu oynamağa imkan verəcək. Bu isə Azərbaycanın beynəlxalq enerji bazarında tranzit ölkə olaraq əhəmiyyətini artıracaq.
Bundan başqa, layihənin icrası Azərbaycanın enerji sektorunda diversifikasiyanın genişləndirilməsi, qeyri-neft enerji resurslarının payının artırılması və ölkənin enerji balansının uzunmüddətli dayanıqlılığının təmin edilməsi istiqamətində mühüm addım olacaq. Bu mənada “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətlərindən biri kimi qiymətləndirilir və yaxın perspektivdə ölkənin regional enerji siyasətində təsirini daha da gücləndirəcəyi gözlənilir.
Nuray,
Aznews.az