Nazir müavini: "İngilis dilinin tədrisində keyfiyyətin artırılması əsas hədəflərdən biridir"

Azərbaycanda ingilis dilinin tədrisində miqyas problemi həll olunsa da, keyfiyyətin artırılması hələ də əsas hədəflərdən biridir.

Aznews.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə BP və tərəfdaşlarının ingilis dili üzrə "Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi" layihəsinin təqdimatında bildirib.

Nazir müavininin sözlərinə görə, ixtisaslı kadrların hazırlanması, təhsil məzmununun və texnologiyalarının yenilənməsi, rəqəmsal platformaların tətbiqi və ölkələrarası təhsil mübadilələrinin genişləndirilməsi bu istiqamətdə prioritet məsələlərdir".

O bildirib ki, Azərbaycanda ingilis dili gənclər üçün strateji vasitəyə çevrilib: "Bu gün dünyada 1,5–2 milyard insanın ingilis dilində danışması Azərbaycan gəncləri və mütəxəssisləri üçün geniş imkanlar açır: "İngilis dili gənclərimiz, peşəkar təhsil mütəxəssisləri, iqtisadçılarımız və biznes nümayəndələri üçün qlobal əlaqələr qurmaq baxımından mühüm strateji alətdir. Artıq ümumi təhsil məktəblərinin 98–99 %-ində ingilis dili əsas xarici dil kimi tədris olunur".

K. Kərimzadə xatırladıb ki, illər əvvəl xaricdə təhsil almaq istəyən, yüksək potensiallı gənclər ünsiyyət və danışıq bacarıqlarının zəif olması səbəbindən çətinlik çəkirdilər. Bu problem isə bu gün demək olar ki, aradan qalxıb.

O qeyd edib ki, son illərdə elektron dərsliklər, video dərsliklər və rəqəmsal məktəb platforması hazırlanıb, ingilis dilində on minlərlə məzmun formalaşdırılıb.