Nazir: "2018-2025-ci illərdə özəl sektorda əmək haqqı fondu 3,6 dəfə artıb"

2018-2025-ci illərdə Azərbaycanda özəl sektorda əmək haqqı fondu 3,6 dəfə artıb.

Aznews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsində bildirib.

"Bizim üçün ən əhəmiyyətli və önəmli olan sosial göstəricilərdən biri ölkədə əmək haqqı fondudur. Burada da bizim xeyli müsbət nəticələrimiz var. Yəni, bu illər ərzində ölkədə əmək haqqı fondu 3,2 dəfə artıb. Təxminən, aylıq 500 milyon manatdan 1 milyard 600 milyon manata qədər bu artımı biz müşahidə edirik. Yəni, bu o deməkdir ki, bizim çalışan əhalimizin gəlirlərində 3,2 dəfə artım olub və burada yenə də sevindirici məsələ ondan ibarətdir ki, bu artımların böyük əhəmiyyətli bir hissəsi, yəni, özəl sektorla bağlıdır, özəl sektorda da əmək haqqı fondu 3,6 dəfə artıb", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, əmək münasibətləri, əhalinin gəlirlərini təmin edilməsi sahəsində bir sıra mexanizmlər var və onlardan olduqca məharətlə istifadə edilir: "Bu, minimum normalarla bağlı olan məsələlərdir. Yəni, biz minimum əmək haqqının mütəmadə artırılmasını təmin edirik. Ötən müddətdə bunun 3,1 dəfə artırılmasına - 400 manata çatmasına nail olmuşuq. Biz bu islahata başlayanda ölkədə minimum əmək haqqı 130 manat idi. Digər tərəfdən, əmək haqqı fonduna müsbət təsir edən məsələlərdən biri dövlət sektorunda əmək haqlarının artırılmasıdır. Biz bu artımları tətbiq etdikdə, əlbəttə ki, özəl sektorla rəqabət yaradır və paralel maaş artımlarına təsir göstərir. Biz minimum əmək haqqını 400 manata çatdıranda, müşahidə elədik ki, median əmək haqqı da 50 manata yaxın, yəni 10 %-ə yaxın artıb".