2025-ci il qlobal iqtisadiyyatda dəyişkənlik və geosiyasi sarsıntılar ili kimi yadda qaldı. Dünyanın əksər ölkələrinin iqtisadiyyatına təsir göstərən bu proseslər nəticəsində beynəlxalq bazarlarda konyunktura mürəkkəb və qeyri-sabit oldu. İlin ikinci yarısında neft və qaz qiymətlərində əhəmiyyətli ucuzlaşma baş versə də, qızıl, gümüş və digər qiymətli metallar rekord həddə çatdı. Məsələn, qızılın qiyməti il ərzində 50 dəfədən çox rekord yeniləyərək bir troya unsiyası üçün 4,5 min ABŞ dollarına yüksəldi və ilin əvvəlindən təxminən 70 % bahalaşaraq 1979-cu ildən bəri ən yaxşı illik göstəricini nümayiş etdirdi. Gümüş isə ilk dəfə bir troya unsiyası üçün 82 ABŞ dollarını ötərək yüksək sənaye tələbatı və çatışmazlıq gözləntilərini əks etdirdi.
Belə mürəkkəb qlobal şəraitdə Azərbaycan hökuməti ölkədə makroiqtisadi sabitliyi qoruyub saxlamağa, investisiya cəlbediciliyinin artırılmasına və biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra islahatlar keçirməyi, inflyasiyanı proqnozlaşdırılan diapazonda saxlamağı, həmçinin əməkhaqlarının real artımı hesabına həyat səviyyəsinin yüksəlməsini təmin etməyi bacarıb.
Makroiqtisadi vəziyyət
Mürəkkəb xarici makroiqtisadi mühitə baxmayaraq, Azərbaycanın müvafiq dövlət qurumlarının çevik və strateji fəaliyyəti ölkədə ümumi sabitliyi təmin edib. Nəticədə 2025-ci ilin 11 ayı ərzində strateji valyuta ehtiyatları 17,7 % artaraq rekord səviyyə olan 83,6 milyard ABŞ dollarına çatıb. Bu göstərici ölkənin xarici borcunu 17 dəfə üstələyir və beynəlxalq reytinq agentliklərinin dili ilə desək, Azərbaycan iqtisadiyyatını hər cür xarici şoklardan qoruyan etibarlı "təhlükəsizlik yastığı" formalaşdırıb.
Buna baxmayaraq, iqtisadi artım templərində müəyyən dalğalanmalar müşahidə olunub. 2022 və 2024-cü illərdə yüksək artım tempi göstərən iqtisadiyyat, 2023 və 2025-ci illərdə müəyyən yavaşlama nümayiş etdirib. Bu əsasən dünya iqtisadiyyatındakı zəifləmiş artım tempindən qaynaqlanır. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, dünya iqtisadiyyatının artımı 2024-ci ildəki 3,3 %-dən 2025-ci ildə 3,2 %-ə qədər yavaşlaması gözlənilir. Eyni tendensiyanı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və "Fitch Ratings" də təsdiqləyir. "Fitch Ratings"in proqnozlarına görə, qlobal ÜDM-in artım tempi bir il öncəki 2,9 %-dən gələn il 2,5 %-ə qədər azalacağı gözlənilir.
Azərbaycanda 2025-ci ilin 11 ayında ÜDM artımı 1,6 % təşkil edib, 2024-cü ildə isə bu göstərici 4,1 % olub. Artımın yavaşlamasına həm xarici, həm də daxili amillər təsir edib. Xarici amillər arasında neft qiymətlərindəki düşüş diqqət çəkir: 2024-cü ildə "Azeri Light" markalı neftin orta ixrac qiyməti bir barel üçün 84 ABŞ dolları olduğu halda, 2025-ci ilin birinci yarımilində 73,8 dollara, 9 ayın nəticələrinə görə isə 70,2 dollara enib. Daxili amillər isə neft hasilatının azalması, qaz hasilatının cüzi artımı (2025-ci ilin 11 ayı ərzində neft-qaz ÜDM-sində 1,8 % azalma qeydə alınıb) və 2024-cü ilin yüksək ÜDM bazası ilə bağlıdır. Qeyri-neft-qaz sektorunda artım mülayim olaraq 3,2 % səviyyəsində olub.
Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatında artım templəri daha yüksək səviyyədə proqnozlaşdırılır. Hökumətin qiymətləndirmələrinə görə, 2026-2029-cu illərdə iqtisadiyyat orta hesabla ildə 3,5 %, qeyri-neft-qaz sektoru isə təxminən 5 % artacaq. Beynəlxalq maliyyə institutlarının proqnozlarına əsasən, dünya iqtisadiyyatının artımı qısamüddətli perspektivdə 2,8-3,2 % səviyyəsində saxlanılacaq. Beləliklə, ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatından daha yüksək templərlə böyüyəcək.
2025-ci ildə inflyasiya səviyyəsində müəyyən sürətlənmə müşahidə olunub. Əgər 2024-cü ildə orta illik inflyasiya 2,2 % səviyyəsində idisə, 2025-ci ildə təxminən 6 % olmuşdur. Bu həm xarici amillərlə – əsas tərəfdaş ölkələrdə yüksək inflyasiya nəticəsində idxalın bahalaşması, həm də daxili amillərlə – tələbatın artması və əhalinin pul gəlirlərinin yüksəlməsi ilə əlaqədardır. Bununla belə, inflyasiya hökumət və Mərkəzi Bank tərəfindən müəyyən edilmiş 4±2 % dəhlizində qalıb.
Əhalinin nominal pul gəlirləri 11 ay ərzində 8,1 % artaraq inflyasiyanı üstələyib və alıcılıq qabiliyyətini qoruyub saxlayıb. Bunun nəticəsi olaraq, pərakəndə əmtəə dövriyyəsi 11 ay ərzində 3,7 % artıb. Bu da həm iqtisadi sabitliyin, həm də əhalinin rifahının göstəricisidir.
Azərbaycanın enerji xəritəsində yeni koordinatlar
Neft-qaz sektoru ənənəvi olaraq Azərbaycan iqtisadiyyatının dayaqlarından biri olaraq qalır. 2025-ci il isə bu sahədə təkcə hasilat və ixrac göstəriciləri ilə deyil, həm də ölkənin beynəlxalq enerji məkanında mövqelərinin möhkəmlənməsi baxımından yadda qalan il oldu. Xarici investorların Azərbaycan yanacaq-enerji kompleksinə artan marağı və SOCAR-ın qlobal miqyasda aktivləşən strategiyası bu tendensiyanın əsas göstəriciləridir.
İlin ən diqqətçəkən hadisələrindən biri avqust ayında Azərbaycan qazının Suriyaya tədarükünə başlanılması oldu. Azərbaycan, Türkiyə və Suriya arasında imzalanmış üçtərəfli saziş çərçivəsində Kilis-Hələb qaz kəməri vasitəsilə həyata keçirilən bu tədarük Suriyaya ildə təxminən 2 milyard kubmetr qaz ixracı imkanı yaradır. Layihənin reallaşması ölkənin bu bölgəsində 5 milyona yaxın abunəçinin enerji təminatının əhəmiyyətli dərəcədə yaxşılaşacağına ümidlər yaradır. Beləliklə, Azərbaycan qaz idxal edən ölkələrin sayı 14-ə çatıb. Dekabr ayında isə SOCAR, Dəməşq beynəlxalq aeroportunun yanacaqla təmin edilməsi məqsədilə Qətərin "UCC Holding" şirkəti ilə birgə müəssisənin yaradılması barədə razılığa gəlindiyini açıqladı.
2025-ci ildə SOCAR-ın xaricdə, xüsusilə Yaxın Şərqdə əməliyyat fəaliyyətinin genişlənməsi də diqqətdən kənarda qalmadı. Yanvarın 31-də şirkət "Union Energy" ilə Aralıq dənizinin ən iri ofşor qaz yataqlarından biri olan "Tamar" layihəsində 10 % iştirak payının alınması barədə saziş imzaladı. Bu addım SOCAR üçün Aralıq dənizində kəşfiyyat və hasilat layihələrinə ilk iri həcmli investisiya kimi tarixə düşdü.
2009-cu ildə kəşf edilən və 2013-cü ildən istismara verilən "Tamar" yatağının təbii qaz ehtiyatları NSAI-nin müstəqil qiymətləndirməsinə əsasən təxminən 13,73 trilyon kubfut (389 milyard kubmetr) həcmində dəyərləndirilir. Bununla yanaşı, SOCAR və "Union Energy" İsrailin Eksklüziv İqtisadi Zonasında birgə kəşfiyyat işlərinə dair Anlaşma Memorandumu imzalayıb. SOCAR-ın "NewMed Energy" və BP ilə birlikdə daxil olduğu konsorsium isə Aralıq dənizində İsrailin "I-6" zonasında qaz kəşfiyyatı üçün lisenziyalar əldə edib.
Cari ildə SOCAR-ın imzaladığı digər mühüm razılaşmalar da şirkətin qlobal mövqelərinin gücləndiyini göstərir. Bunlara Almaniyanın SEFE şirkəti ilə 10 il müddətinə qaz alışı müqaviləsi (illik həcmin mərhələli şəkildə 1,5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur), Özbəkistanın Energetika Nazirliyi və "Özbəkneftqaz" ilə Ustyurt neft-qaz regionunda geoloji kəşfiyyat və hasilatı əhatə edən hasilatın pay bölgüsü sazişi (layihəyə yatırımlar təxminən 2 milyard ABŞ dolları həcmində qiymətləndirilir), eləcə də İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli"nin 99,82 %-lik səhmlərinin alınması barədə razılaşma daxildir. Sözügedən əməliyyatın 2026-cı ilin birinci rübündə tamamlanması gözlənilir.
Bu müqavilələr SOCAR-ın fəaliyyət coğrafiyasının genişlənməsinə, gəlir mənbələrinin diversifikasiyasına və şirkətin qlobal layihə portfelinə malik transmilli enerji oyunçusuna çevrilməsi strategiyasına xidmət edir.
Azərbaycan və onun tərəfdaşlarının səmərəli fəaliyyəti nəticəsində ölkədə qaz hasilatı illik 50 milyard kubmetrə çatdırılıb, nəql infrastrukturu isə mərhələli şəkildə təkmilləşdirilib. Mart ayında Azərbaycan və Türkiyə prezidentlərinin videobağlantı formatında iştirakı ilə Iğdır–Naxçıvan qaz boru kəməri istismara verildi. Bu xətt Naxçıvan Muxtar Respublikasının uzun illər davam edən qaz təchizatı problemini həll edən mühüm enerji arteriyasına çevrildi.
İyun ayında "Şahdəniz" layihəsinin səhmdarları "Shah Deniz Compression" (SDC) kompressor platformasının tikintisi üzrə yekun investisiya qərarını imzaladılar. Dəyəri 2,9 milyard ABŞ dolları olan bu layihə yatağın işlənməsinin əvvəlki mərhələlərinin məntiqi davamı kimi aşağı təzyiqli qaz ehtiyatlarının hasilata cəlb olunmasını nəzərdə tutur. Nəticədə "Şahdəniz"dən təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatı və ixracı mümkün olacaq.
Azərbaycan həmçinin ADNOC-un beynəlxalq investisiya qolu olan XRG ilə Cənub Qaz Dəhlizi çərçivəsində investisiyalar üzrə əsas şərtləri müəyyən edən saziş imzalayıb. Paralel olaraq, BP Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağı və "Əşrəfi–Dan Ulduzu–Aypara" perspektiv strukturlarında hər birində 35 % iştirak payı əldə edib. Hər iki layihənin operatoru BP olacaq, 65 % pay isə SOCAR-a məxsusdur.
Energetika sektorunda strateji istiqamətlərdən biri kimi bərpa olunan enerji mənbələri də 2025-ci ildə ön plana çıxıb. BP, "SOCAR Green" və Sahibkarlığın İnkişafı Fondunun Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisi üzrə yekun investisiya qərarı, eləcə də Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi bu sahədə atılan əsas addımlar sırasındadır. İyun ayında Mingəçevirdə "8 Noyabr" elektrik stansiyasının açılışı ilə ölkənin ümumi generasiya gücü 1880 MVt-a çatdırılıb.
Bununla yanaşı, Azərbaycan "yaşıl enerji" gündəliyini regional miqyasda genişləndirir. Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa İttifaqını birləşdirən yeni enerji dəhlizləri formalaşma mərhələsinə daxil olub. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış memorandum, eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistanın "Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi" üzrə "Yaşıl Dəhliz Birliyi" MMC-ni yaratması bu prosesin konturlarını daha da aydınlaşdırır.
Sakitlik fonunda güclənən mövqelər
Makroiqtisadi sabitlik və karbohidrogenlərin nisbətən münasib qiymətləri 2025-ci ildə ölkənin valyuta bazarında da tarazlığı qoruyub saxladı. İl ərzində bazarda təklifin tələbi üstələdiyi tendensiya davam etdi ki, bu da həm manatın məzənnəsinə, həm də ümumi gözləntilərə müsbət təsir göstərdi.
Bu şəraitdə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta bazarlarında iştirakı nəzərəçarpacaq dərəcədə azalıb. Fondun 2025-ci ilin doqquz ayında xarici valyuta satışı 24,3 % azalaraq 4,35 milyard ABŞ dolları təşkil edib. Rəqəmlərin dinamikası da bu azalmanın mərhələli xarakter daşıdığını göstərir: birinci rübdə 2,42 milyard dollar olan satışlar ikinci rübdə 1,3 milyard dollara, üçüncü rübdə isə cəmi 632,2 milyon dollara enib. Paralel olaraq, Mərkəzi Bankın məlumatına görə, ilin 11 ayı ərzində mübadilə məntəqələrində əhalidən alınan xarici valyutanın həcmi nağd satışları 393 milyon ABŞ dolları üstələyib.
Bu tendensiyalar valyuta ehtiyatlarının artımında da öz əksini tapıb. 11 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 4,3 % artaraq 11,4 milyard ABŞ dollarına çatıb, ARDNF-in aktivləri isə 9 ayda 16,9 % yüksələrək təxminən 70,2 milyard ABŞ dolları səviyyəsində formalaşıb.
Mövcud mənzərə onu göstərir ki, hökumət və maliyyə qurumları neft-qaz bazarındakı dəyişkənliyə uyğunlaşmağı bacarıb. Neft qiymətlərinin volatilliyi fonunda ARDNF və AMB valyuta ehtiyatlarını qoruyan çevik və ehtiyatlı siyasət həyata keçirir. Bu baxımdan, hazırkı mərhələdə manatın mümkün devalvasiyası ilə bağlı səslənən fikirlərin iqtisadi əsası yoxdur. Bunun üçün nə fundamental göstəricilər, nə də bazar siqnalları mövcuddur.
Əksinə, tədiyə balansının cari əməliyyatlar hesabı müsbət olaraq qalır: ilin doqquz ayında profisit 3 milyard ABŞ dolları təşkil edib. Xarici ticarətdə də müsbət saldo saxlanılıb - 11 ayda 2,2 milyard ABŞ dolları həcmində profisit qeydə alınıb. Doğrudur, karbohidrogenlərin daha ucuz qiymətləri və idxalın təxminən 13 % artması fonunda bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azalıb. Lakin ümumi mənzərə dəyişməz qalıb: 2025-ci ildə valyuta bazarında sabitlik təmin olunub. Bu proses əmanət bazarında da özünü göstərib - dedollarlaşma meyli güclənib və fiziki şəxslərin xarici valyutada əmanətlərinin payı noyabrın sonuna 29 %-ə qədər azalıb.
Profisitlə idarə olunan büdcə
Neftin nisbətən münasib qiymətləri və qeyri-neft-qaz sektorundan daxilolmaların stabil artımı 2025-ci ildə dövlət maliyyəsində rahatlıq yaradıb. Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar–noyabr aylarında dövlət büdcəsinin gəlirləri 35,6 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur. Xərclər 31,4 milyard manat (+1,2 %) səviyyəsində icra olunub, nəticədə büdcə profisiti 39,5 % artaraq 4,2 milyard manata çatıb.
Yaranmış profisit 2025-ci il ərzində büdcə öhdəliklərinin vaxtında və tam həcmdə icrasına imkan verib. Eyni zamanda, əlavə gəlirlərin mövcudluğu fiskal idarəetmədə yeni alətlərin tətbiqini stimullaşdırıb. Belə ki, Maliyyə Nazirliyi cari ildə depozit hərracları mexanizmini işə salıb. Bu mexanizm çərçivəsində xəzinə hesabının sərbəst vəsaitləri qısamüddətli dövr üçün ölkənin sistem əhəmiyyətli banklarında yerləşdirilib və dövlət büdcəsinə əlavə 98,6 milyon manat daxilolma təmin olunub. Təcrübə göstərir ki, bu alət effektivdir və 2026-cı ildə də tətbiqinin davam etdirilməsi gözlənilir.
Yumşalma fonunda dayanıqlılıq
Pul-kredit siyasəti baxımından 2025-ci il Azərbaycan Mərkəzi Bankı üçün ehtiyatlı yumşalma ili kimi yadda qaldı. İnflyasiya dinamikası və daxili tələb-təklif balansı nəzərə alınmaqla AMB uçot dərəcəsinə dair 8 iclas keçirib. Bu iclasların altısında faiz dərəcəsi dəyişməz saxlanılıb, iki halda isə 25 baza bəndi azaldılıb. Nəticədə uçot dərəcəsi 6,75 %-ə enərək son dörd ilin minimum səviyyəsinə və neytral faiz dərəcəsinə yaxınlaşıb.
Maliyyə sektoru isə il ərzində ciddi təlatümlərdən kənar qalıb. Bank sektorunun aktivləri 17,1 % artaraq dekabrın 1-nə 58,7 milyard manata çatıb. Kredit portfeli 8,4 % genişlənərək 27,9 milyard manat, əhalinin bank əmanətləri isə 14,3 % artaraq 15,8 milyard manat təşkil edib.
Sığorta bazarında da müsbət dinamika davam edib. Yanvar-noyabr aylarında sığorta haqları 1,4 milyard manata yaxınlaşaraq 11,7 % artıb, sığorta ödənişləri isə daha sürətli templə - 21,7 % artaraq 844,8 milyon manat olub. Maliyyə bazarının digər seqmentlərində də oxşar sabitlik müşahidə olunur.
Başa çatmaqda olan ilin makroiqtisadi nəticələri 2026-cı il üçün əlverişli zəmin formalaşdırır. Gələn il "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası yekunlaşır. Strategiya çərçivəsində rəqəmsal iqtisadiyyatın və "yaşıl enerji" sektorunun inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətliliyin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib. Bu yanaşma Azərbaycanın postpandemiya mərhələsindən 2027-2030-cu illərdə daha sürətli və dayanıqlı iqtisadi inkişafa keçidini təmin etməyə hesablanıb. Hökumət artıq növbəti ortamüddətli dövr üçün yeni strateji sənədin hazırlanmasına start verib.