- İşin içi
- 14:09
- 1 113
Naxçıvanda istifadəsiz torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək - ŞƏRH
Bu gün qarşıda duran əsas vəzifələrdən biri istifadəsiz və ya natamam istifadə olunan torpaq sahələrinin dövriyyəyə cəlb olunması, əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılmasıdır.
Aznews.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən regional müşavirədə bildirib.
Onun sözlərinə görə, əkin sahələrinin artırılması həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də kənd yerlərində əhalinin gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək: "Məhz bu məqsədlə cari ildə muxtar respublika üzrə 20 min hektar sahədə payızlıq taxıl əkini aparılması hədəf kimi müəyyənləşdirilib. Bu göstəriciyə nail olunması daxili tələbatın ödənilməsi, taxıl istehsalının artırılması və strateji ərzaq ehtiyatlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda növbəti ilin məhsulu üçün yazlıq əkin sahələrinin 6 min hektara çatdırılması nəzərdə tutulur. Bu istiqamətdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin və aidiyyəti qurumların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır".
Kənd təsərrüfatında əsas prioritetlərdən biri kimi istifadəsiz və ya səmərəsiz istifadə olunan torpaqların yenidən dövriyyəyə qaytarılması aqrar istehsalın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma həm əkin sahələrinin artırılmasına, həm də mövcud torpaq resurslarından daha effektiv istifadəyə imkan yaradır.
Naxçıvanda taxıl və digər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, yerli istehsalın gücləndirilməsi və kənd yerlərində məşğulluğun artırılması məqsədlərinə xidmət edir. 20 min hektar payızlıq taxıl sahəsinin planlaşdırılması daxili tələbatın ödənilməsi və strateji ehtiyatların formalaşdırılması baxımından mühüm addım hesab olunur.
Bununla yanaşı, əkin sahələrinin genişləndirilməsi yalnız torpaq ehtiyatlarının artırılması ilə məhdudlaşmır. Suvarma imkanlarının yaxşılaşdırılması, müasir aqrotexnologiyaların tətbiqi, fermerlərə dəstək mexanizmlərinin gücləndirilməsi və torpaqlardan səmərəli istifadə məhsuldarlığın yüksəldilməsi üçün əsas şərtlərdir.
Dövlət qurumları, bələdiyyələr və fermerlər arasında koordinasiyanın gücləndirilməsi isə nəzərdə tutulan hədəflərə çatmaq və kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək baxımından vacib rol oynayacaq.
Nuray, Aznews.az