- İşin içi
- 14:18
- 1 146
Şəkidə suvarma və müasir aqrotexnologiyalar əsas hədəfdir - ŞƏRH
Şəkinin kənd təsərrüfatında taxılçılıq geniş inkişaf edən sahədir. Rayonda il ərzində 60-65 min hektar həcmində taxıl əkilir, məhsuldarlıq isə 29-30 sentner təşkil edir. Sözsüz ki, bu məhsuldarlıq bizi qane etmir. Çünki ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramının hədəflərindən biri də 2030-cu ilədək ölkədə taxılın məhsuldarlığının 50 sentnerə çatdırılmasından ibarətdir.
Aznews.az xəbər verir ki, bunu Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Qaxda regional müşavirədə deyib.
İcra başçısı deyib ki, rayonda taxılın məhsuldarlığının 50 sentnerə çatdırılması üçün, əkinlərdə yüksək reproduksiyalı, məhsuldar toxumlardan istifadə edilməsi, sahələrə ən müasir aqrotexniki qulluq göstərilməsi, xırda əkin sahələrinin konsolidasiyası, suvarılan torpaqların artırılması və mütərəqqi suvarma metodlarından istifadənin genişləndirilməsi qarşımızda duran vacib vəzifələrdən biridir:
"Respublikada suvarma məsələlərini daim nəzarətdə saxlayan Prezident cənab İlham Əliyevin dəstəyi ilə hazırda rayonumuzda iki böyük layihə həyata keçirilir. Əlicançay su anbarının tikintisi istiqamətində hazırda sürətli iş gedir. Əlicançay su anbarının istismara verilməsi nəticəsində əvvəl 12 kəndin, daha sonra ətraf yaşayış məntəqələrinin içməli su problemlərinin tam aradan qaldırılması mümkün olacaq və 34 min hektar dəmyə ərazidə yerləşən əkin torpaqlarının suvarılması təmin ediləcək.
“Əyriçay su anbarının tikintisinin tamamlanması” istiqamətində də müvafiq işlər görülür. Hər ki layihənin istifadəyə verilməsi nəticəsində rayonda suvarılan torpaqların sahəsi əhəmiyyətli dərəcədə artacaqdır. Əsasən taxıl əkinlərini əhatə edəcək yeni suvarılan torpaqlarda məhsuldarlığın iki qat artırılması və qarşıya qoyulan hədəfə nail olunması üçün real imkanlar yaranacaq".
O da qeyd olunub ki, Şəki tütün əkininə, quru tütün istehsalına və eləcədə hər hektardan orta məhsuldarlığa görə respublikamızda birinci yeri tutur. Ötən il 1805 hektar tütün əkinindən 5,4 min ton quru tütün istehsal olunub, bu il isə 1850 hektar sahədə tütün əkilib. Bu il rayonda quru tütün istehsalının 6 min tona çatdırılması proqnozlaşdırılır.
İH başçısı onu da bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədən sonra rayonun iri təsərrüfat subyektlərinin və fermerlərin iştirakı ilə şəhər icra hakimiyyətində işgüzar mühitdə geniş toplantı keçirilib. Bu toplantıda Şəki rayonunun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişafı məqsədilə ümumilikdə 15 milyon manat, o cümlədən xarici investisiyaların da cəlb edilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.
Şəki rayonunda taxılçılığın inkişafı üçün qarşıya qoyulan əsas məqsəd məhsuldarlığın yüksəldilməsi və mövcud torpaq resurslarından daha səmərəli istifadə olunmasıdır. Hazırda rayonda 60-65 min hektar sahədə taxıl əkilsə də, 29-30 sentnerlik məhsuldarlıq göstəricisi qarşıya qoyulan 2030-cu il hədəfləri ilə müqayisədə artırılmalı səviyyədədir.
Məhsuldarlığın 50 sentnerə çatdırılması üçün yüksək məhsuldar toxumlardan istifadə, müasir aqrotexniki tədbirlərin tətbiqi, xırda əkin sahələrinin konsolidasiyası və suvarma imkanlarının genişləndirilməsi mühüm amillər hesab olunur. Xüsusilə Əlicançay və Əyriçay su anbarları ilə bağlı layihələrin həyata keçirilməsi rayonun kənd təsərrüfatı potensialının artırılmasına ciddi təsir göstərə bilər.
Suvarılan torpaqların genişlənməsi taxıl istehsalında risklərin azalmasına, məhsuldarlığın sabit artmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə şərait yaradacaq. Müasir suvarma metodlarının tətbiqi isə su ehtiyatlarından daha qənaətli istifadə baxımından vacibdir.
Şəkinin tütünçülük sahəsində əldə etdiyi nəticələr də rayonun aqrar potensialını göstərir. Tütün istehsalında yüksək göstəricilərin qorunması və digər sahələrdə məhsuldarlığın artırılması regionun kənd təsərrüfatında ixtisaslaşma imkanlarını genişləndirir.
Ümumilikdə, qarşıdakı illərdə nəzərdə tutulan investisiya layihələri, infrastrukturun inkişafı və aqrar texnologiyaların tətbiqi Şəkidə kənd təsərrüfatının daha məhsuldar və rəqabətqabiliyyətli sahəyə çevrilməsinə imkan yarada bilər.
Nuray, Aznews.az