Mikayıl Cabbarov: Azərbaycan və Mərkəzi Asiya vahid iqtisadi məkan formalaşdırır

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir tərəfdən Türkiyə vasitəsilə Avropaya, digər tərəfdən isə Asiyaya bağlanan vahid iqtisadi məkan formalaşdırır.

Aznews.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və bu mexanizmlər ayrı-ayrı orta ölçülü bazarları vahid investisiya imkanında birləşdirir.

“Bu yolla Azərbaycan və Mərkəzi Asiya bir tərəfdən Türkiyə vasitəsilə Avropaya, digər tərəfdən isə Asiyaya bağlanan vahid iqtisadi məkan formalaşdırır”, – M. Cabbarov bildirib.

Onun sözlərinə görə, regional inteqrasiyanın növbəti mərhələsi yalnız malların sərhədlərdən daşınması ilə məhdudlaşmamalıdır.

“Biz iqtisadiyyatlarımızın bir-birini tamamlayan üstünlüklərə malik olduğu sahələrdə regional dəyər zəncirləri yaradaraq getdikcə daha çox birgə istehsal etməliyik”, – nazir vurğulayıb.

M. Cabbarov həmçinin bildirib ki, qarşıya regional ticarətin həcmini 20 milyard ABŞ dollarına çatdırmaq və “Made in Central Asia” brendi altında birgə istehsal yaratmaq məqsədi qoyulub.